Alatoran_header  
Jurnal > 2004/№1 > Латын qrafikası ilə kütləvi nəşrlər haqqında

Yeri gələrsə,bu kitabların şamil edildiyi hər bir
vətəndaşın iradları axıradək dinlənilməlidir

12 yanvar 2004 tarixdə Azərbaycan ədəbiyyatı tarixində qeyri-adi hadisə baş verdi – prezident İlham Əliyev latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqında sərəncam imzaladı. Çap olunacaq əsərlərin siyahısı qəzetlərdə dərc olundu. Şübhəsiz, dövlət başçısının bu addımı hər cür tərifə və alqışa layiqdir. Lakin bizim ölkəmizdə hər zaman hər yerdə olduğu kimi, hər gözəl işin və niyyətin içərisindən bir çapanoğlu çıxmalıdır.
Sərəncəmda, ağı-qarasına, belə bir ifadə öz əksini tapıb: «…Bununla yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır». Göründüyü kimi, həmin sərəncamda vaxtilə kiril əlifbasında çap olunmuş qiymətli (!) nümunələrdən söhbət gedir.
Sərəncama əlavə edilən siyahıda, əsərlərinin latın qrafikası ilə yenidən nəşri nəzərdə tutulan yazıçıların adlarını oxuyarkən qeyd edilmiş həmin müddəaya əməl olunmadığı ilk baxışdaca diqqəti cəlb edir. Əksinə, öz əsərləri ilə birlikdə qiymətini çoxdan itirmiş müəlliflərin adları bu siyahıda özünə yer tapıb.
Əlbəttə, deyə bilərsiniz, zövqlər müxtəlifdir, biri üçün qiymətli olan, o biri üçün qiymətli olmaya bilər və s. Lakin, bir lakin var. Zövqlər o zaman dartışılmaz olur ki, biz öz şəxsimizə aid bir məsələ haqqında qərar veririk. Burada isə son dərəcə əhəmiyyətli ictimai bir məsələ haqqında söhbət gedir, hətta, yeri gələrsə, bu kitabların şamil edildiyi hər bir vətəndaşın iradları axıradək dinlənilməlidir.
Şəxsən mənim bir oxucu və bir vətəndaş kimi qənaətim belədir; əsərlərinin latın qrafikası ilə yenidən nəşr olunması nəzərdə tutulan müəlliflərin bir çoxu hal-hazırda müasir Azərbaycan oxucusu üçün heç bir qiymət kəsb etmir. Siyahı tərtib edilərkən hər hansı konkret bir prinsipə və strategiyaya əsaslanılmayıb, həmin siyahını tərtib edən bir neçə adamın şəxsi düşüncələri və simpatiyalarının əsas götürüldüyü, kollegiallıq prinsiplərinə əməl edilmədiyi göz qabağındadır. Siyahını tərtib edənlərdən biri AYB sədri Anar «Ədəbiyyat Qəzeti»nə verdiyi müsahibədə (23 yan. 2004) «Azərbaycanda kəmsavad nəsillər yetişməsi təhlükəsi vardı» deyirsə də, yenidən nəşri nəzərdə tutulan bir çox əsərlərin bu kəmsavadlığı nə dərəcədə aradan götürəcəyi çox böyük şübhələr doğurur. Siz deyin, bu gün internet bumunu yaşayan, müasir dünya yazıçılarını birbaşa ingiliscədən oxuyan, kürəsəl dünya vətəndaşı gənc azərbaycanlının «kəmsavadlığını» aradan götürmək üçün (əlifba sırası ilə) Anarın, Azəroğlu Balaşın, Cabbarzadə Zeynalın, Cabir Novruzun, Dilbazi Mirvaridin, Elçinin, Əfəndiyev İlyasın, Əylisli Əkrəmin, Əlibəyli Ənvərin, Fikrət Qocanın, Həsənzadə Nərimanın, Nökumə Billurinin, Hüseyn Arifin, Hüseyn Mehdinin (özü də, 3 cilddə), İbrahimov Mirzənin (3 cilddə (?)), Qabilin, Qasımzadə Qasımın, Mədinə Gülgünün, Məmmədxanlı Ənvərin, Nəbi Xəzrinin, Osman Sarıvəllinin, Rəfibəyli Nigarın, Rəfiq Zəkanın, Rəsul Rzanın (5 cilddə (?!)), Rüstəmxanlı Sabirin, Sabit Rəhmanın, Səfərli İslamın, Səmədoğlu Vaqifin, Səmədoğlu Yusifin, Söhrab Tahirin, Süleyman Rüstəmin (5 cilddə (?!!?!!)), Tofiq Bayramın, Vahabzadə Bəxtiyarın, Zeynal Xəlilin əsərlərinin hansı faydası və ya rolu ola bilər. Əksinə, onların əsərlərini oxumaq kəmsavadlığın özünə dəlalət etməzmi? Adlarını çəkdiyim bu müəlliflərin əsərləri SSRİ-nin dağılması ilə bərabər öz tarixi əhəmiyyətini itirmişlərdəndir. Sosializm realizmi üslubunda yazıb-yaratmış həmin yazıçı və şairlərin əsərlərini, ən yaxşı halda, yeni nəsildə sovet yazıçıları haqında təsəvvür yaratmaqdan ötrü, bir və ya iki cilddə, «Azərbaycan Sovet Ədəbiyyatından seçmələr» adı altında nəşr etmək daha doğru addım olardı. Onların əsərlərini nəşr etməmək sayəsində əldə edilən gəlirisə, məsələn, Nobel mükafatı almış yazıçıların əsərlərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsinə yönəltmək daha məqsədəuyğun təsiri bağışlayardı. Bu məsələdə biz bir təhlükəli məqamı gözdən qaçırmamalıyıq: yeni nəsil vətəndaşlarımızın əsas etibarilə adlarını belə bilmədiyi sovet «yazıçılar»ının yenidən latın əlifbası ilə nəşr olunması onlarda kitaba qarşı sevgi hissinin əbədi itməsinə səbəb ola bilər. Yəni, «kəmsavadlığı aradan götürək» deyib irəli düşmək istərkən, geri düşərik. Digər bir məqama diqətinizi cəlb etmək istərdim; adlarını çəkdiyim müəlliflərin potensial oxucuları əsas etibarilə yaşlı nəsildən olan insanlardır ki, onların cənab kiril əlifbası ilə hər hansı bir problemləri yoxdur və vaxtilə yüz min tirajlarla dərc olunmuş həmin kitabları indi çox ucuz qiymətə istənilən bukinistdən əldə edə bilərlər. Əksinə, yaşlı nəsil oxucuların problemi daha çox latın əlifbası ilədir.
Yuxarıda adı çəkilən müsahibəsində hörmətli millət vəkilimiz Anar bir qədər hissə qapılaraq yazır: «Siyahıya tamamilə haqlı olaraq xalq şairləri Mirvarid Dilbazi, Hökumə Billuri, habelə Mədinə Gülgün düşüb. Nigar Rəfibəyli niyə düşməsin? Ancaq Anarın anası olduğuna görə onun nəşr olunmaq hüququ əlindən alınıb? Anar da, Elçin də vəzifədə oldular, ya olmadılar, heç bir kəmfürsət Rəsul Rzanı, Nigar Rəfibəylini, İlyas Əfəndiyevi ədəbiyyat tarixindən silə bilməyəcək.»
Anar müəllimin bu qədər israrı üzərinə həmin adlar şübhəsiz «ədəbiyyat tarixinə» düşəcək, lakin, bir məsələ var ki, həmin ədəbiyyat tarixi heç kimə lazım olmayacaq. Nədəni şudur ki, zaman həqiqətən də dəyişib, vıyıldayıb bizim üzərimizdən keçib, söz sənəti özünün yeni tələbləri ilə köhnə ədəbiyyatı süpürüb atıb.
Sərəncamın icrası ilə bağlı məsələlər subyektiv mülahizələrdən arındırılmalı və ədalətli bir şəkildə həllini tapmalıdır.

R.Q.