Alatoran_header  
Jurnal > 2004/№1 > Arxadan zərbə

Yanvarın 23-də yazıçı Anar Rzayevin «Ədəbiyyat Qzeti»ndə, iki həftə sonrasa Elçin Əfəndiyevin «525-ci qəzet»də öz-özlərilə müsahibələri dərc olunmuşdu. «Öz-özləri ilə müsahibə» deməyə əsasımız var, çünki birincinin müsahibəsində jurnalistin adı ümumiyyətlə yazılmamışdı, ikinci müsahibədəsə 525-də işləyən gənc jurnalistlərin qonorarına bais olmuş qondarma bir imzadan istifadə edilib. Əhəmiyyətsiz hadisə olsa da, bu nüans müsahibə vermək təşəbbüsünün qəzetlərdən deyil, yazıçıların özlərindən gəldiyini göstərməkdədir. Maraqlıdır, çoxdan bəri susqunluğa qapılmş bu iki ədəbiyyat topunun meydana atılmasının gerçək motivləri nələrdir?
Bu sualın cavabı şübhəsiz, müsahibələrdə öz ifadəsini tapıb. Gəlin baxaq.
Əvvələn, hər iki müsahibə üçün xarakterik olan bir məqam göz qabağındadır : bir atıma hamının cavabını vermək, diş göstərib rəqibləri yerinə oturtmaq. Məsələn, prezident seçkilərinə qədər, yəni müxalifətin hakimiyyətə gəlmək ehtimalının olduğu vaxtlarda Anar heç vaxt cəsarət edib Kamil Vəli Nərimanoğlu haqqında «Düz deyiblər ki, Allahın kiməsə qəzəbi keçəndə əvvəl-əvvəl onun ağlını alır. Yaxşı olar ki, Kamil Vəli son dövrlərdə mənə qarşı püsgürən patoloji nifrətini ifadə etmək üçün daha ağıllı və daha məntiqli arqumentlər tapsın, bu cür boş iradlarla aləmi özünə güldürməsin» kimi sözlər söyləməzdi. Halbuki, hələ prezident seçkilərinə bir-neçə gün qalmış «Avropa» qəzetinə verdiyi bir müsahibəsində Kamil Vəli Anarı nəzərdə tutaraq yazırdı: «…Çox sağ olsun ki, indi İlhamı dəstəkləmir. Bu onun millət qarşısında məsulliyyətini dərk etməsiylə bağlıdır». Yəni yox yerdən Anarın prestiji qayğısına qalmışdı, guya. Bir el məsəlində deyildiyi kimi, toyuqdan qabaq özünü turşuya atmışdı.
Artıq istər ədəbiyyatda və istərsə siyasətdə kartı yanmış Kamil Vəliyə son dərəcə çəkingən təbiətli Elçin belə, mədəni şəkildə bir təkmə atmaqdan özünü saxlaya bilməyib : «…Qarabağın gözəl bir guşəsi olan Cəbrayılda doğulmuş, böyüyüb boya-başa çatmış hörmətli Kamil Vəli Nərimanoğlu isə bu gün İlyas Əfəndiyevin əsərlərinin təkrarən nəşr olunacağına görə əməlli-başlı narahatlıq keçirir və bir professor kimi etirazını bildirir». Müsahibəsinin başqa hissələrində Elçin adlar çəkməsə də «antiədəbiyyat» adlandırdığı qüvvələrə özünün «sərt» məsajını göndərib, hətta 3 nömrə ard-arda dərc elətdirdiyi, Anarla müqayisədə daha iri həcimli müsahibəsi ilə sətiraltı olaraq Anara və ətrafına sanbal nümayiş etdirib. Qurultay ərəfəsində AYB sədrinə potensial təhlükə təşkil edən yazıçıların adını çəkməklə onları bəri başdan özünə qarşı zərərsizləşdirmək qayğısına qalıb: «…Aydın Xan məruzə edir, bu çox yaxşıdır və dediyim kimi, bu təmayülü davam etdirmək lazımdır. Qoy,… Rafiq Tağı da, Adil Mirseyid,… Əkrəm Əylisli, yaxud Ramiz Rövşən də… söz desinlər.» (Əslən Naxçıvanlı olan Əkrəm Əylisli ilə Anar da ehtiyatla davranır, məsələn Sabir Əhmədlidən fərqli olanaq, onun adını latın əlifbası ilə yenidən dərc olunacaq əsərlər siyahısına salmağı unutmur).
Lakin bu qeyri-ənənəvi adçəkmədə, Elçinin tük qatlarda oynaşan sol bir məqsədi də var; AYB sədrinə qarşı nisbətən radikal mövqeləri ilə fərqlənən bu yazıçılara bəri başdan qapı açıb, dövlət yanındakı mötəbərlik dərəcəsinə görə hal-hazırda onu üstələmiş olan Anara arxadan bir zərbə vurmaq (Elçinin «Arxadan zərbə» əsərini xatırlayın).
Bu misallardan da göründüyü kimi, Anar-Elçin seçkilərdən sonrakı qarışıqlığı, 40 günlük matəm mərasimini yola verdikdən sonra özlərini göstərməyə bir ehtiyac duyublar, məqamıdır «mıxımızı çalaq» deyiblər, qurultayın vot-votunda ədəbi ictimaiyyətə bir xəbrdarlıq məsajı məqsədilə sözünü etdiyimiz müsahibəni yazıblar.
Bu günə qədər istər yaradıcılıqda, istərsə ictimai fəaliyyətində Anarı qaraba-qara izləyən Elçin, biri qəlyan çəkəndə o biri damağına müştük qoyan bu iki zorən dost yazıçı öz müsahibələrində İlham Əliyevin adını çəkərkən bol-bol kərə yağı işlədiblər. (Gərçi İ. Əliyev «Ədəbiyyat Qəzeti»ni və «525-ci qəzet»i ümumiyyətlə oxumur). Elçinin dilindən «Bu onu göstərir ki, Prezident İlham Əliyev də Heydər Əliyevin ədəbiyyata, xalqın mənəvi sərvətinə ehtiramını və qayğısını eyni şövqlə davam etdirmək əzmindədir» cümləsində «prezident» kəlməsinin illah böyük hərflə yazılması və çeynənmiş «şövqlə», «əzmindədir» kəlmələrini işlətməsinin, özünün bəhs etdiyi «yeni nəfəsə» hənuz yiyələnmədiyini göstərməsi bir yana dursun, Elçinin həmin cümləsində yeni prezidentdən mərhəmət umması da ağa evinin bu dar aralığında öz əksini tapıb, yəni, çoxdan bəri «ədəbiyyat» deyəndə yalnız özünü, «xalqın mənəvi sərvəti» deyəndəsə «Mahmud və Məryəm» romanını nəzərdə tutan Elçin müəllimin, İlham Əliyevi özünə qarşı ehtirama və qayğıya səsləməsi müsahibənin alt qatına qeyri-ustalıqla pərçimlənib. Həmin bu sətiraltı əndişə notları, başqalarını (birinci növbədə Kamil Vəlini) «vəzifə umsuğu» adlandıran Elçinin özünün vəzifəyə nə qədər möhtac olduğunu süngər kimi büsbütün canına hopdurub.
Dolayısıyla, istər Anarın, istərsə Elçinin qurultayqabağı təlaşı göz qabağındadır. Yeni prezidertin komandasında özlərini naqolay hiss edən, onun perspektivinə inanmayan (!)Anar-Elçin cütü tez-bazar AYB-nin qurultayını keçirib, nisbətən neytral sayılan bu idarədə möhkəmlənmək arzusundadırlar. Baş nazirin müavini kimi indiki hakimiyyət şəraitində son dərəcə sürüşkən bir vəzifəsi olan Elçin AYB sədri olmaqdan ötrü gizli ümidlər bəsləməkdədir. Elçin qurultayqabağı müşavirələrin Anarın kabinetində, dolayısı ilə nəzarət altında keçirilməsinə də yüngülcə öz etirazını bildirir, «belə yaradıcılıq müşavirələrinin auditoriyasını genişlətmək lazımdır deyir», guya, mövzuların əhəmiyyəti və miqyası müqabilində belə bir auditoriya məhdudluğu ilə kifayətlənmək olmazmış və s. Sual doğa bilər, əcəba, bu cürə əhəmiyyətli mövzuların müzakirəsinə Elçin müəllimin özü nə üçün dəvət olunmayıb? Məsələ aydındır, müşavirələrin qapalı keçirilməsi, orada yalnız etiraz damarı olmayan ədəbi qüvvələrin iştirakı, Elçinin, Əkrəm Əylislinin, Ramiz Rövşənin, Rafiq Tağının, Adil Mirseyidin… dəvət olunmaması çox mətləblərin üstünü açır, həmin müşavirələrin ədəbiyyat məramlarından uzaqlığını, indi yazıçılıq dərəcəsi yalnız vəzifəsinin böyüklüyü ilə ölçülən Anar müəllimin öz potensial rəqiblərinin başına corab hörmə vasitəsi olduğunu nümayiş etdirir.

Rasim Qaraca