Alatoran_header  
Jurnal > 2004/№1 > Çingiz bəyan edir

«Ədəbiyyat Qəzeti»nin 20 fevral 2004 sayında yazıçı Çingiz Abdullayevin bir bəyanatı dərc olunmuşdu. Dünya ədəbiyyatı tarixində analoqu olmayan bu bəyanat məni çox heyrətə gətirdi və düşüncələrimi sizinlə bölüşmək qərarına gəldim.

Çingiz Abdullayev bəyan edir: «…Mən bir neçə qəzetdə oxudum ki, məni Yazıçılar Birliyinə sədr seçmək istəyirlər». Şəxsən mən gündəlik qəzetləri ardıcıl olaraq oxuyuram və ədəbiyyata aid xəbərləri xüsusilə heç vaxt gözdən qaçırmıram. Çingiz Abdullayevin bəyanatının bu hissəsi həqiqətə uyğun deyil və onun sədr seçiləcəyi barədə hər hansı bir qəzet məqaləsini tapıb göstərməsi mümkün deyil. Görünür bununla yazıçı öz bəyanatına bir az da mötəbərlik qazandırmaq istəyib.
Daha sonra Çingiz Abdullayev yenə bəyan edir: «Ancaq dəqiq bilirəm ki, Yazıçılar Birliyinin sədri ölkədə mədəni və ədəbi siyasətlə yanaşı mənəvi-əxlaqi siyasəti də müəyyənləşdirən şəxs olmalıdır. Mənim fikrimcə, belə bir namizəd ancaq Anardır.» Heç cür başa düşmək olmur. Mənim çox hörmət etdiyim, əsərlərini sevə-sevə oxuduğum, iki gündən bir Avropaya gedib gələn, Avropa qaydalarını və düşüncəsini bizdən yaxşı bilən Çingiz Abdullayev doğrudanmı belə düşünür? Doğrudanmı o, «mədəni-ədəbi-mənəvi-əxlaqi» diktaturanın tərəfdarıdır, SSRİ vaxtlarında olduğu kimi, bir adamın bu qədər məsələyə cavabdeh olmalı olduğuna inanır və AYB-nin seçkili bir orqan olduğunu unudur?
Bir az sonra Çingiz Abdullayev daha sarsıdıcı bir bəyanda bulunur: «Qeyd etməliyəm ki, Yazıçılar Birliyinə onun (Anarın – red.) dəvəti ilə gəlmişəm və aramızda iyirmi ildən çox yaş fərqinin olmasına baxmayaraq, uzun illərdir ki, biz əsl dostuq. Mən isə dostlarıma heç vaxt xəyanət etməmişəm və bundan sonra da etmək fikrim yoxdur».
Çox yüksəklərdə bildiyim bir yazıçının bu qədər dar düşündüyünü təsəvvürümə də gətirməzdim. Demək Yazıçılar Birliyi adlı bu təşkilatda, Çingizin öz əsərlərində geniş bəhs etdiyi mafiya strukturlarında olduğu kimi, hər şey qarşılıqlı sədaqət prinsipləri əsasında qurulubmuş. Humanitar bir təşkilatın qurultayı ərəfəsində onun rəhbərlərindən biri vur-tut yeni sədrin seçilməsindən söhbət gedərkən «mən heç vaxt dostlarıma xəyanət etməmişəm» kimi kriminaloji tərkiblərə müraciət edir, sanki Çingiz müəllim bu bəyanatı yazarkən, üzərində işlədiyi yeni cinayət romanının təəssüratı altındaymış.
Və ən sonunda Çingiz bəyan edir: «Əgər Anar öz namizədliyini geri götürsə və ya seçilməsə, Yazıçılar Birliyinə ancaq istefa ərizəsi yazmaq üçün gələrəm.»
Məncə Çingiz həmin istefa ərizəsini indidən yazsa daha yaxşı olar. Ona görə yox ki, onun dostu Anar sədr seçilməyəcək, ona görə ki, Çingiz Abdullayev, bu bəyanatından da göründüyü kimi, ictimai düşüncədən məhrumdur, yalnız özü və dostları haqqında düşünür, Azərbaycan ədəbiyyatı və ədəbi prosesi, onun «xəyanət etməmək» dərəcəsində bağlanmış olduğu bir şəxsin adı ilə bağlıdır və s.
Gələcək nəsillərə son 10–15 ildə ədəbi prosesimizin nə üçün depressiya içərisində olduğunu əyani şəkildə göstərməkdən ötrü Çingiz Abdullayevin bu bəyanatı qiymətli bir sənəd olacaq.

P.S. Bəyanatının bir yerində Ç.Abdullayev yazır: «Dünyada on yeddi dilə tərcümə olunmuş 20 milyon kitabım nəşr edilib.»
Yazıçı bu kitablardan nə qədər gəlir əldə etdiyini heç bir zaman açıqlamayıb. Əlbəttə, bu onun özünün şəxsi işidir, istəsə açıqlayar, istəsə açıqlamaz. Lakin, 20 milyon kitabı nəşr olunan bir yazıçının kifayət qədər maddi imkana sahib olduğunu təsəvvürə gətirmək çətin deyil. Ç. Abdullayev öz leqal pullarından Azərbaycan ədəbiyyatının inkişafı üçün nə zaman xərcləyib, hansı bir gənc yazıçının kitabını buraxdırıb, hansı fondu təsis edib və o fonddan kimlərəsə mükafatlar verib? Bunları görən olmayıb. Yalnız özünü və dostlarını düşünən bir insan ictimai bir təşkilatın rəhbərliyində təmsil oluna bilərmi? Bu sualın da üzərində düşünməyə dəyər.

Təhminə Rzayeva Bakı