Alatoran_header  
Jurnal > 2004/№1 > Hər zaman bir Aqil Abbas…

İndi artıq müstəqil mətbuat orqanı olaraq yayınlanmağa başlayan «Alatoran» dərgisi, bilməyənlərin nəzərinə çatdırırıq, 2002-ci ilin avqust ayından başlayaraq tam 8 ay boyunca «Ədalət» qəzetinin əlavəsi şəklində, hər həftənin cümə günləri, cəmi 31 kərə dərc olunmuşdu. Böyük ədəbiyyat dostu Aqil Abbasın diqqət və himayəsi sayəsində, bir neçə aylığına olsa da ədəbiyyatımızda alatoran rüzgarları əsmişdi.

Heç vaxt «Azərbaycan axırı itmiş bir məmləkətdir» deməyin, öz mübarizənizi davam etdirin və inanın ki, bu ölkədə hər zaman bir Aqil Abbas tapılıb sizə tərəfdar çıxacaqdır.
Üstündən çox zaman keçməsə də o günlər haqqında bir təsəvvür yaratmaqdan ötrü Aqqil Abbasın «525-ci qəzet»də dərc olunmuş müsahibəsindən bəzi məqamları burada xatırlatmaq maraqlı olardı.
Bəsti Əlibəylinin sualı:
«… Siz yazıçı kimi də, jurnalist kimi də həmişə dəyərləri müdafiə etmisiniz. Amma buradakı mövqeyiniz ziddiyətlidir. Keçmiş ədəbi-estetik dəyərlərə hücumu himayə etməniz bunu düşünməyə əsas verir.»
Cavab:
«… Xahiş edirəm, keçmişlə ədəbi-estetik dəyərləri qarışdırmayasız. Bunlar ayrı-ayrı şeylərdir. Bəlkə keçmiş zibilin içərisindədir, onu çiynimə alıb gəzdirməliyəm? Elə keçmişimiz var ki, onu kəsib atmalıyıq. Millət bilməməlidir ləyaqətsiz keçmişi, bilər, cılızlaşar…»
«AYB katibliyi» imzası ilə bir neçə gün əvvəl «Ədəbiyyat Qəzeti»ndə dərc olunmuş bir məqalədə «Alatoran»ı dərc etməklə guya Aqil Abbasın xalqa ermənidən betər zərbə vurduğu haqqında yazılanlara elə həmin müsahibəsinində cavab verərək davam edir:
«… bu qədər dözümsüzlük yersizdir. Əvvəl-axır hər kəsin yeri bilinir. Bax məni YB küçə söyüşləri ilə təhqir edib dedi ki, Aqil Abbas xalqa ermənidən betər zərbə vurur. Amma mən onlara cavab vermədim. Çünki Azərbaycan xalqı bilir ki, YB səhv edir. Əgər Ermənistan-Azərbaycan müharibəsindən söhbət gedirsə, mən xalqa YB-dən çox xeyir vermişəm.»
Bu misallarla «Alatoran»ın necə dramatik təzahüratlara səbəb olduğunu göstərmək istəyirik. Daha bir misal və son:
«… Sual: Nəyə görəsə hər şeyin üzərindən xətt çəkilməsi həqiqətən insafsızlıqdır. Amma hamıya, o cümlədən, bu gün əsas hədəfə götürülən 60-cı illər nəslinə də insaf və ədalət meyarı ilə yanaşılmalıdır. Gəlin, etiraf edək ki, bu nəsil ən azından, havanı təmizləyib, normal iqlim yaradıb.
Cavab: Bəli gözəl əsərlər yaradıblar, özlərindən sonrakı nəsil üçün örnək olublar, Allah canlarını sağ eləsin. Amma daha 60-cılar nəsli inqilab etməyib. Günəşi gətirib yerə qoymayıb. 60-cılar nəsli içində nə Nobel mükafatı alan, nə dünyada tanınan yazıçımız da yoxdur. Yevlaxdan o tərəfə onları tanımırlar…»
Aqil Abbas «Alatoran»a meydan açıb, yeri gələndə onu müdafiə edib, dostluq əlaqələrinə görə həqiqətə arxa çevirməyib.
Oğuldan qonşulu, qızdan obalı olsun!

«Alatoran»