Alatoran_header  
Jurnal > 2004/№1 > «Tarixi Qurultay Qarşısında»

Azərbaycan Yazıçılar Birliyi özünün növbəti 11-ci qurultayını keçirməyə hazırlaşarkən tarixdə görünməmiş qeyri-adi bir yöntəmdən istifadə etməyi qərara alıb. Rus istilasının 14-cü ilinə təsadüf edən 11-ci qurultayda həmin rus istilasına qatılmağımızın 14-cü ilinə təsadüf edən özünün 1-ci qurultayındakı məsələləri AYB təzədəndən gündəmə gətirmək istəyib. Bu məqsədlə 1934-cü ildə dərc olunmuş «İnqilab və Mədəniyyət» jurnalının 3-4-cü sayındakı «Tarixi Qurultay Qarşısında» adlı məqaləyə istinad edərək AYB-də islahatlar aparılması nəzərdə tutulub.
Məsələn, həmin məqalədəki – «Qurultay qabağı Azərbaycan şura yazıçıları ittifaqı sıralarının yoxlanılması prosesi bu vaxta qədər sıralarımızın çox da sağlam olmadığını göstərdi. Təsadüfi olaraq şura yazıçılığı adını daşıyanlar meydana çıxarıldı; hələ ittifaqa daxil olacaq dərəcədə yazıçılıq qüvvəsinə malik olmayanlara öz yerləri göstərilib çalışmaları tevsiyə edildi. Biz indi qurultaya həqiqi yazıçılardan ibarət bir kütlə ilə gəliriz...» – bu cümlədən əsinlənərək AYB öz sıralarını 1027 nəfərdən 127 nəfərə endirməyi qərara alıb. Çünki gerçəkdən, 70 il bundan əvvəl söyləndiyi kimi, bu gün AYB sıraları «sağlam» deyil, «təsadüfi olaraq yazıçı adını daşıyanlar» bu təşkilatda çoxluq təşkil edir. AYB öz «sıralarına daxil olacaq dərəcədə yazıçılıq qüvvəsinə malik olmayanlara öz yerini göstərməyi» qarşısına məqsəd qoyub. Hər şeydən göründüyü kimi 11-ci qurultay «həqiqi yazıçılardan ibarət bir kütlə ilə» dar bir məkanda, məsələn Natəvan klubunda keçirilə bilər.
Daha sonra məqalədə oxuyuruq: «Azərbaycan K(b) Firqə Mərkəzi Qomitəsi qərarında şura yazıçıları arasında olan quruculuq əleyhinə şiddətli və amansız bir mübarizənin davam etdirilməsi, tezliklə dəstəbazlığın kökünü kəsmək tələb edilmişdir. Bolşevik şəxsi tənqidini Lenin Firqəsi rəhbərligi altında genişləndirib möhkəmləndirməklə Mərkəzi Qomitənin tələbini yerinə yetirmək hər bir yazıçının borcudur.» Bu cümlə redaktə edilərək AYB-nin növbəti qurultayının qətnaməsinə salınmaqdan ötrü nəzərdə tutulub, dolayısıyla ədəbiyyatda «altmışıncılar» dəstəbazlığına son qoyulacağına ümidlər artıb.
Məqalədə çox daha belə məziyyətlər öz əksini tapıb və YB yaxşı iş görüb ki, keçmiş təcrübdən faydalanıb. Gözləyək görək axırı nə olur.

«İnqilab və Mədəniyyət» jurnalı, 1934, № 3-4.