Alatoran_header  
Jurnal > 2004/№1 > Mətbuatdan dərləmələr

«HÜRRİYYƏT», «POLİTİKA», «MÜXALİFƏT», «YENİ AZƏRBAYCAN», «ŞƏRQ», «BAKI XƏBƏR», «REYTİNQ», «XURAL».


«Əlbəttə, bundan sonra da ədəbiyyata yeni nəsillər gələcək, AYB-dən narazılar çoxalacaq. Bunu anlamaq lazımdır. Lap mənafe baxımından götürək ki, bunları inkar etməklə nə qazanacaqlar. Sən özünün şöhrətli bir yazıçı olduğunu sübut etmək üçün cavanları inkar etməlisən? Qabiliyyətli cavanları vurmalısan? O, sənin fikrinlə razı deyilsə, gərək yaşamasın? Belə şey olarmı? Dünya elə onda kasıblaşır ki, bir fikir olur… »

Sabir Əhmədli
xalq yazıçısı
«Hürriyyət» qəz. 23-24 noy.2003


«Bir vaxt təkpartiyalı totalitar sistemə loyal yanaşan Anarımız 90-cı illər Azərbaycan dövlət quruculuğunda da saxtakarlıqlara yaxşı-yaxşı göz yumdu və hətta saxta sənədlərin kollektiv icadında iştirak etdi. Həyatının başlanğıcından üzü bəri saxtalıqlar onda maddi rifah təminatçısı olub. Onun çörəyi təmiz əməkdən çıxmayıb… Həmişə də dövlət səviyyəli canilərlə bir cərgədə oturub və onlarla dostluqda bulunub… Haçanacan suyu üfürə üfürə içər, özünə bəraət nöqtələri qoya-qoya yaşayarlar? İnsanda ayıb hissi olmazmola? İnsan da addımbaşı özünü təmizə çıxararmı?… Mən Anarımızda yalana «yox» demək qabiliyyəti görmədim. Həmişə pıçıltıyla danışdı, azad sözü ancaq «mətbəx»də söylədi. Ezop dili onun yaxşı bildiyi dillər sırasındadır… Anar müəllim Yazıçılar Birliyi sədrliyinə bu dəfə də saxta yolla sahib çıxarsa, artıq o, xalq dilinin vacib komponenti olan yağlı söyüşlərə layiq bilinəcək. Söyüş bütün etik imkanlar tükənəndə yaranır və tərbiyəli insan da onsuz keçinə bilmir.»

Rafiq Tağı,
AYB-nin üzvü
«Politika» qəzeti, 16-22 avq. 2003-cü il.


«…Mən cavan şairləndən Salama, Nisəbəyimə, Əlizadə Nuriyə, Qulu Ağsəsə, İlqar Fəhmiyə, Aqşına, nasirlərdən Elçin Hüseynbəyliyə, Yaşara, Samirə, tənqidçilərdən, publisistlərdən Azər Turana, Rüstəm Kamala, Əsəd Cahangirə, Sərvaza, Bəsti Əlibəyliyə, Nərgiz Cabbarovaya, Xan Rəsuloğluna, Dayandura ümidlər bəsləyirəm… »

Anar,
AYB-nin sədri, deputat
«Müxalifət» qəz. 22 fevr. 2003


«AYB-də gənclərlə bağlı bir neçə problem var ki, onların da ən qabarığı Birliyin strukturlarında və ədəbi orqanlarında gənclərin təmsil olunmamasıdır. Məncə digər başqa problemlər də buradan qaynaqlanır – AYB-nin cəmiyyətdəki ədəbi və digər proseslərə passiv müdaxiləsi də, beynəlxalq ədəbi əlaqələrin zəifliyi də, gənc yazıçıların həyat şəraitinin ağırlığı da…»

Salam Sarvan,
AYB-nin üzvü.
«Yeni Azərbaycan» qəz. 03. 08. 2003


«…Onsuz da son illər ədəbiyyatımız məhz Yazıçılar Birliyi üzvü olmayanların hesabına inkişaf edir, AYB artıq ədəbiyyatı əhatə etmək iqtidarında deyil. …İndi AYB ədəbiyyatın qapısının ağzında dayanan əjdəhaya bənzəyir. Ədəbiyyatın inkişafına ayrılan suyu (vəsaiti) mənimsəyir…»

Oqtay Ağayev,
«Xural» qəz. 22-28 fevr. 2004.


«Gənclərə münasibətdə perspektiv görmürəm. AYB öz içində batıb qalıb. 70-ci illərdən bu tərəfi görmür…»

Fikrət Əsəd,
AYB-nin üzvü.
«Yeni Azərbaycan» qəz. 03. 08. 2003


«AYB-nin gənc yazıçılara münasibəti pisdir. Nəsillərarası estafet pozulub. AYB gəncləşməlidir. Gənclər gedib siyasi qəzetlərin meydanında can çürütməməli, YB-nin bədii məkanında öz istedadlarını ortaya qoymalıdırlar… Əminəm ki, nəsillərarası estafeti təbii şəkildə davam etməyə qoysaydılar, ədəbiyyatımız daha zəngin və rəngarəng olardı və antiədəbiyyat belə meydan sulaya bilməzdi.»

Kəramət,
AYB-nin üzvü.
«Yeni Azərbaycan» qəz. 03. 08. 2003


«…Anarın növbəti 5 il üçün yenidən sədr qalmağı artıq faciədir. Buna YB-nin kifayət qədər tanınan nfuzlu üzvləri etiraz etməlidir. Məsələn Davud Nəsib rəhmətə gedəndə biz təklif etdik ki, onun «Ədəbiyyat Qəzeti»ndəki yeri gənclərdən birinə verilsin. Çünki orada ümumiyyətlə ədəbiyyata dəxli olmayan adamlar əyləşib. Anar razılaşmadı. İmişlidən Sərvaz Hüseynoğlu adlı bir nəfəri gətirdilər.»

Elnur Astanbəyli,
şair
«Şərq» qəz. 18 fevral, 2004.


«… Gizli deyil ki, yaşlı ədəbi nəsli ancaq öz problemləri maraqlandırır, gənclər isə həmişə olduğu kimi yaddan çıxır. İstərdim ki, Birliyin strukturlarında təmsil olunan işçilər arasında gəncliyin də yeri olsun.»

İlham Qəhrəman,
şair
AYB-nin üzvü.
«Yeni Azərbaycan» qəz. 03. 08. 2003


«… Zəbt eləyiblər hər yeri. Bütün sistem gəncləşdirilməlidir. Rəhbərliyi də gənclər etməlidir… AYB yeni layihələrlə çıxış etməli, çevik olmalıdır. Buna isə gənc və enerjili insanlar lazımdır… ümumiyyətlə AYB-nin fəaliyyəti şəffaflaşmalıdır. AYB illik hesabat verib maliyyə əməliyyatlarının nəticələri mətbuatda çap edilməlidir.»

İlqar İlkin,
Şair,
AYB-nin üzvü.
«Yeni Azərbaycan», 03. 08. 2003.


«AYB bilməlidir ki, gəncliyə öz qapılarını açmağın vaxtı çoxdan çatıb…
AYB-nin ayrı-ayrı yaşlı nəslindən yetərincə zərbələr görmüşük. Bu zərbələri dəf və məhv etmək üçün abrımıza qısılmağımız acizlikdir. »

Həyat Şəmi,
şair
«Yeni Azərbaycan», 03. 08. 2003


«60-cılar özlərindən əvvəlki nəslin başını, özlərindən sonrakı nəslin çörəyini yeyiblər»

Seymur Baycan,
«Reytinq» qəz. 17 avq. 2003


«XX əsrin dahilərindən olan Sartr 1964-cü ildə Nobel mükafatına layiq görüləndə məktub yazaraq «özünün ictimai instituta çevrilməyinin əleyhinə olduğuna» görə bu mükafatdan imtina etdiyini açıqlayırdı. Azərbaycan yazarı isə ictimai institutsuz öz dəyərinin nə olduğunu dərk edə bilmir. Həmin ictimai institut Yazıçılar Birliyidir, deputatlıqdır, xalq yazıçılığıdır, Şöhrət ordenidir. Yazıçılar Birliyi sözün üzərində senzura birliyi olub, sanatoriya, kitab buraxmaq müəssisəsi, intriqa mühiti olub, ancaq ədəbiyyat mühiti olmayıb, ictimai fikir mühiti olmayıb…»

Fazil Qəzənfəroğlu,
Böyük Quruluş Partiyasının sədri.
«Bakı Xəbər» 28 fevr. 2004