Alatoran_header  
Jurnal > 2004/№1 > “Natsionalnıy Bestseller” fondu

Ədəbi tənqid lazımdırmı? Bizim ədəbiyyatbazlar hələ də bu əbləhcə sualın qaramatından çıxa bilməyiblər, «ədəbi tənqid» anlayışını özlərinəməxsus biçimdə budayaraq, «dünyanın heç yerində tənqid yoxdur» deyirlər, ya da «yaxşı bədii əsər olmadığına görə tənqid yoxdur»da israr edirlər.
Əlbəttə ki, könül istərdi, ana dilində yazılan bütün ədəbi məhsullar professional ədəbi-tənqid süzgəcindən keçsin. Ancaq, 20 ildir «ədəbi-tənqid lazım deyil» deyə-deyə biz onu süngə çıxartmışıq. Oxucular, az-çox, yazılan bədii əsərlərlə təkbə-tək qalıb, nəticədə ədəbi tələb-təklif bazarında dəngələr pozulub. Aşağı oxucu zövqü meyara çevrilib, zövqsüzlükdən zövqsüzlük doğulub.
Görün, Rusiyada bu məsələni nə cür həll ediblər. Bir qrup peşəkar tənqidçi-ədəbiyyatşünas birləşərək, «Natsionalnıy bestseller» adı altında bir fond yaradıblar və eyni adda mükafat təsis ediblər. Məqsəd rus dilində yaranan bütün ədəbi məhsulları peşəkar ədəbi-tənqid süzgəcindən keçirib ən parlaq əsərləri qiymətləndirməkdir. Dünyarın hər yerində, o cümlədən Azərbaycanda olduğu kimi, Rusiyada da ədəbi mükafatlar verilərkən, adətən, dəstəbazlıq mərəzi özünü göstərir, belə mükafatların hər biri dəyərləndirməyə «özününkülər»i alır, başqa dünyagörüşə və metoda malik müəlliflərlə heç yoxmuş kimi davranırdılar. Hər dəfə mükafat mərasimləri bitib-tükəyənməyən incikliklərlə, mətbuatda zəhərli publikasiyalarla müşayət olunurdu. Oxucuların rəyini soruşmaq isə heç yada düşmürdü.
Nəhayət, «Natsionalnıy Bestseller» fondu bu günə qədər Rusiya ədəbi mühitində hökm sürən qeyri-obyektiv dəyərləndirməyə son qoymaq niyyətindədir. Bu məqsədlə bu gün rus ədəbiyyatında mövcud olan bütün cərəyanları tədqiqata cəlb etmək qərara alınıb. Elə nominantların siyahısı tərtib olunarkən mübahisələr başlayıb, bəziləri «düşmən» imzaları görər-görməz adının siyahıdan çıxarılmasını tələb edib. Lakin belələri çox az olub.
«Natsionalnıy Bestseller» fondu qeyri-hökumət sektorundan maliyyə qaynaqları taparaq, öz ətrafında professional tənqidçilər şəbəkəsi yarada bilib. Böyük münsiflər və kiçik münsiflər mərhələli qiymətləndirmə strukturu formalaşdırılıb. Böyük münsiflərdən keçən əsərlər ən sonda kiçik münsiflərdə qiymətləndirilir. 10 min dollar həcmində əsas mükafatı qazanan müəllifin kitabı 50 min tirajla dərc olunur, əsərin və müəllifin reklamı geniş surətdə həyata keçirilir.
Ruslar özlərinin «böyük ana dili okeanusu» yaratmaq işindən bir an belə olsun geri durmurlar. Əksinə, rus mədəniyyətinin daha geniş ərazidə inkişafı naminə öz fəaliyyətini bütün əski imperiya məkanına tətbiq etməkdədirlər.