Alatoran_header  
Jurnal > 2004/№1 > "On bir dəqiqə" - Paulo Koelonun son kitabı

«Bir zamanlar Maria adında bir küçə qadını varmış. Lakin «bir zamanlar»la başlayan nağılvari hekayətlər uşaqlar üçündür, bir küçə qadını üçün deyildir. Ancaq, həyatlarımız nə qədər pəri nağılları kimi başlasa da bu nağıllar ən nəhayət bir nöqtədə sona çatar. Ona görə də başlanğıca o qədər də aludə olmayıb hekayətimizə davam edək…»
Bu cümlələr Paulo Koelonun son kitabının ilk paraqrafından götürülüb. Koelo müxtəlif mövzularda yazan son dövrlərin ən müvəffəqiyyətli yazıçılarından biridir. Bir çox romanlarıyla dünyada «ən çox satılanlar» listəsində yer tutan yazıçının bu son əsəri də yaratmış olduğu rezonans etibarilə əvvəlki əsərləri kimi iddialı görünməkdədir.
Maria brazilyalı gənc bir qızdır. Bütün gənc qızlar kimi məsumdur. Xəyalları və idealları vardır. Yaşadığı qəsəbədən çıxıb getmək arzusundadır. Həyatda «böyük oyunlar oynamaq» lazım olduğuna inanır. Məktəbə getdiyi illərdə bir oğlana aşiq olur. Hər ikisinin həyatda eyni məqsədləri var. Maria oğlanın nə qədər yaraşıqlı olduğu və onu bu qəsəbədən çıxaracaq bir prens olduğu haqqında xəyallar bəsləyər. Dərs ilinin son günü oğlan Mariadan qələmini istəyirr. Lakin Maria həyəcandan heç bir söz deyə bilmir, onun istəyini cavabsız buraxır. Bəlkə də həyatındakı bütün uğursuzluqlar elə ilk eşqini itirdiyi bu hadisə ilə başlayır.
Sonrakı illərdə Maria özünü cinsi həzzlərin ağuşuna atır. Ailəsində və ətrafında bir tabu olarak yaşanan cinsi həyat Marianın ən böyük əyləncəsinə çevrilir. Evdə tək başına qaldığı vaxtlarda çıxdığı cinsi oyunları sinif yoldaşlarına danışması özünü əhəmiyyətli birisi kimi hiss etməsinə səbəb olur. Maria artıq hər kəsin diqqət mərkəzindədir. Ərgənlik çağını yaşamaqdadır. Televiziondakı serialların və kitabların köməyi ilə özünü bir qadın kimi yetişdirməyə çalışır. İlk öpüşəcəyi kişinin də necə bir adam olacağını artıq özü üçün müəyyənləşdirib.
On doqquz yaşı tamam olanda Maria iş həyatına başlayır. Özündən yaşca böyük olan patronuyla flirtə girişir. Patronu Mariaya evlənmək təklif edir, lakin Maria bu adamın, yolunu gözlədiyi həmin prens olmadığı düşüncəsindədir. Ürəyindən evlənmək keçir, ancaq yolunu gözlədiyi həmin prenslə…
Rio de Janerio Marianın ən çox arzuladığı yerdir. Günlərin bir günü aldığı maaşlarını toplayır, patronu ilə vidalaşaraq üz tutur Rio de Janerioya tərəf. Plyaj kostyumu alıb dənizə gedir, əyləncələrlə baş qatır. Bir gün dilini bilmədiyi bir xarici ona yaxınlaşır. Həmin adam Mariaya vurulub, ancaq istədiklərini başa salmaqda çətinlik çəkir. Axşamüstü qızcığaz Mailson adlı bir cavan oğlanla tanış olur, Mailson həmin yadelli haqqında söhbət açır, onun Maria ilə vaxt keçirmək istədiyini bildirir. Mailson qıza təklif edir ki, əgər bir gecəliyinə həmin xarici ilə birlikdə olsa 350 dollar qazanmaq imkanı olacaq. Maria bu təklifi müsbət qarşılayır və həyatının axarı o gecədən etibarən dəyişir.
Koelonun bu son romanında sıravi bir braziliyalı qızın həyatı rəngli boyalarla təsvir olunub. Yazıçının axıcı dili bu səfər də müvəffəqiyyət qazanmasına səbəb olub.

Hər zaman yeni qalmanın yolu

Təsadüfən, günün hər hansı bir saatında sadəcə günəşə və ya ulduzlara baxaraq ayın tarixini, həftənin gününü, saatın da neçə olduğunu söyləyə bilən, çinar ağacında qalan yarpaqların sayına görə evlər idarəsinin qış problemlərini proqnozlaşdırmağı bacaran qeyri-adi bir insanla tanış olduğunuzu təsəvvürünüzdə canlandırın. Üstəlik həmin adam üzünüzü görmədən, sadəcə kölgənizə baxaraq və ya barmağınızın ucuna bağlanmış ipin titrəməsinə görə qara ciyərinizdəki biluribinin miqdarını, neçə uşağınızın olacağını və nə qədər ömür sürəcəyinizi də yanılmadan söyləyə bilərsə, hələ yaşının 80-i keçməsinə baxmayaraq özünün qeyri-adi yaddaşı ilə də sizi heyrətləndirərsə, o zaman həmin adam haqqında qənaətiniz, şübhəsiz, fövqəladə yüksək olacaq. Belə bir adamın sizin şəxsi həyatınızda, hətta bütöv bir millətin həyatında nə qədər faydalı ola biləcəyini düşünün.
Ancaq, həmin adam, öldükdən sonra yadigar olaraq bizə hava durumuna görə zamanı göstərə biləcək bir saat və ya kölgəyə baxaraq diaqnoz qoymağı bacaran bir apparat qoyub getsəydi daha fövqəladə bir hal olmazdımı?
Qeyri-adi bir istedada və ya xarizmatik təsirə malik bir insanı ulduzlara baxaraq saatı söyləyə bilən həmin ixtiyara bənzətmək olar. Digər yandan, öldükdən sonra belə, ideyalarını, məsələn, qurduğu şirkəti yaşatmaq qabiliyyəti isə həmin qeyri-adi saatla parallel təşkil edər.
Dolayısı ilə, insanın gücü, böyüklüyü və sairəsi onun sağlığında nə cürə olması ilə deyil, hüseyn-vay olduqdan sonra da həmin böyüklüyün yaşaması ilədir.
Amerikalı tədqiqatçılar Ceyms Kollins və Cerri Porrasın tərtib etdiyi «Keçmişi qurmaq» adlı bir kitabda tarixən yaranmış və qurucularının dünyadan köçməsi ilə öz fəaliyyətini dayandırmamış dünya miqyaslı 18 şirkət («Sony», «Ford», «İBM», «Boeing» və s.) haqqında bəhs edilir, bu şirkətlərin ayaqüstə qalma, yaşama səbəbləri araşdırılır. Maraqlıdır ki, ilk qurulduqları zaman bu şirkətlər konkret hansı məhsul istehsal edəcəklərini planlaşdırmayıblar, sadəcə olaraq təşkilati işlərə və mənəvi dəyərlərə daha çox diqqət ayırıblar, məsələn; «yenilikçillik», «mütləq etibarlılıq», «əsas işimiz problemləri həll etməkdir» və s. kimi təməl prinsiplərdə israr ediblər.
Tədqiqatçıların qənaətinə görə, böyük insanların dünyalarını dəyişdikdən sonrakı müvəffəqiyyətlərinin səbəbi texniki məsələlərlə deyil, məhz ideoloji konsepsiyaların mükəmməlliyi ilə bağlıdır. İdeoloji hədəfləri olmayan qurumlar tarix səhnəsində çox da duruş gətirə bilmirlər.
Hətta, bir az da uzağa gedib deyə bilərik: öz vaxtında «mən kiməm?», «məqsədim nədir?», «hər zaman yeni qalmanın yolu hardadır?» kimi suallara cavab verməyən qurumlar deyil, fərdlər belə keçmişin qaranlıq girdabına düşməkdən qaça bilməz.