Alatoran_header  
Jurnal > 2004/№1 > Şair ola bilərdi,professor oldu

Onu tanıyanlar, istər dost tanış, istərsə doğmalar, professor Şamil Salmanovun bir zamanlar, indi çox uzaq görünən gənclik illərində, şer yazdığını, yeni şerin carçılarından olduğunu yəqin ki, bilmirlər. Heç özü də bu haqda çox danışmağı sevməz, ancaq gizli-gizli şer yazmağa da davam edər. Nazim Hikmətin Mikayıl Rəfilinin ölümünə yazdığı şerdəki bir ifadədə deyildiyi kimi, Şamil müəllim də «şair ola bilərdi, ancaq professor oldu».
Maraqlıdır ki professor Şamil Salmanov özünün elmi yaradıcılığı ilə Azərbaycan sərəst şerinin inkişafı yolunda az əhəmiyyətli işlər görmədi. Məsələn, ədəbiyyata yeni gələn gənc qələmlər Azərbaycan sərbəst şerinin banisinin Mikayıl Rəfili olduğunu məhz Şamil Salmanovdan öyrəniblər. Bu barədə söz düşəndə onun özü belə deyir: «Hər zaman belə bir mövqedən çıxış etməyə çalışmışam ki, sərbəst şer Azərbaycanda XX əsr hadisəsidir, yeni hadisədir. bu çox mühim problemdir, çünki Azərbaycanda sərbəst şerin banisi Mikayıl Rəfili özü 1927-ci ildə, «Sərbəst şer haqqında ilk söz» adlı məqaləsində yazırdı ki, biz üzümüzü Verxarnlara, Uitmenlərə çevirməliyik. Onu da qeyd edim ki, əgər o zaman Mikayıl Rəfili bu cür cəsarətlə çıxış etməsəydi bizdə sərbəst şerin halı çox bərbad olardı. Mikayıl Rəfilinin bu mövqeyi poeziyamızın sonrakı taleyinə də təsir göstərdi ».
Ümumiyyətlə, sərbəst şer ənənəsinin Azərbaycanda kimin adı ilə bağlı olması mübahisəsinə aydınlıq gətirən Şamil Salmanov Mikayıl Rəfili imzası üzərində xüsusilə dayanır, Azərbaycan ədəbiyyatında müstəsna xidməti olan bu şəxsiyyətin hələ də əsl qiymətini almadığını söyləyir. Şair olmalıykən professor olan Şamil hələ ilk gənclik illərində vurğunu olduğu insanın taleyinə bənzər bir tale yaşayacağını ağlına da gətirməzdi.
Özünün elmi yaradıcılığında prinsipial mövqe nümayiş etdirdiyinə və müxtəlif məqalə və çıxışlarında yeni düşüncəli ədəbi gəncliyə dəstək verdiyinə görə Şamil müəllimə öz minnətdarlığımızı bildirir və 70 yaşını ürəkdən təbrik edirik.

Alatoran

Şamil Salmanov

Məktub

Sənə məktub yazdım bu axşam –
sənə məktub yazanda, gülüm,
elə bilirəm səninləyəm,
səninlə üzbə-üz.
Səninlə dünyada
bir damın altındayam
səninlə bir dünyadayam:
məktubda səninlə danışıram
etiraz edirəm sənə sənsizliyi
sənin barəndə düşündüklərimi
və bu dəfə də sənə məktub yazıram
yazıram həsrətindən necə ölməyimi,
ölürəm qüssədən,
ölürəm tənhalıqdan,
ölürəm uzun gecələrin sıxıntısından,
əzabından,
ölürəm,
qısası sənsizlikdən,
kimsəsizlikdən.
Həsrətindən dəliyəm,
çarmıxa çəkilmiş İsayam,
göy üzünə həsrət məhbusam…
Məktubu bitirdim,
sonunda yazdım : -
öpürəm səni,
öpürəm əllərini,
gözlərini,
saçlarını.
Öpürəm,
öpdükcə öpürəm səni.
Məktubu bitirdim,
zərfə qoydum ehmalca
və üstündə zərfin
ünvanı yazmaq anına gəldim, -
amma…
və lakin hara,
hansı ünvana –
sən hardasan,
hansı ölkədə,
hansı məmləkətdə,
hansı qitədə…?
Bəlkə bu şəhərdəsən? –
cavab tapa bilmədim içimi didən suallara.
Düşündüm və ümidsizləşdim.
Bax belə, gülüm,
bax belə…