Alatoran_header  
Jurnal > 2004/№1 > Nigar Rəfibəylinin 90 illiyinə

Bu yaxınlarda mərhum şairə Nigar Rəfibəylinin 90 iliyi ilə əlaqədar müxtəlif səpkili məqalə və araşdırmalar mətbuatda öz əksini tapdı, bu gözəl şairəmizin həyatı və yaradıcılığı layiqincə anıldı, lakin o keşməkeşli illərdə (1931) yazdığı «Şərq və Şimal» adlı bir şerdən ötrü18 yaşlı gənc Nigar Rəfibəylinin başına nələr gətirldiyindən müasir gənclik xəbərsizdir, çünkü haqqında söz açdığımız məqalə və araşdırmalarda bu hadisələrin bir qayda olaraq üstündən sükutla keçilmişdir. Nigar Rəfibəyli imzası ilə dərc olunan «Şərq və Şimal» şeri hakimiyyət nümayəndələrinin kəskin reaksiyası ilə qarşılanmış, gənc müəllifin həyatı təhlükə altına girmişdi – çünki həmin şerdə pantürkist və millətçi ideyalar öz əksini tapmışdı. Sonradan, indi bizə məlum olmayan səbəbə həmin şerin müəllifliyini Mikayıl Rzaquluzadə öz üzərinə götürmüş və Nigar Rəfibəyli «Mənim yolum» adlı şeri ilə özünə bəraət qazandırmışdı.
M. Rzaquluzadənin Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinə yazdığı açıq məktubdan bir parçaya diqqət salsanız o zamanlarda durumun nə qədər vahiməli olduğunu hiss etmək çətin deyil :
«Yoldaş Qarayev tərəfindən Nigar Rəfibəyliyə istinad edilən «Şərq və Şimal» adlı şer Nigarın deyil mənimdir. Mən Ali Pedaqoji İnstitutda oxuyarkən orada olan pantürkist və millətçi müəllimlərin təsiri altında «şer» naminə bəzi sərsəmlmələr yazmışdım. Həmin bu «şer» də haman təsir nəticəsində əmələ gəlmiş zəhərli məhsullardandır… Mən bu səhvim üçün çok vicdan əzabı çəkdim və yenə Şura ictimaiyyətinin tələbi üzrə hər dürlü məsuliyyəti daşımağa hazıram. İnsanların tarixində görülməmiş böyük və şərəfli işlər dövründə yaşayıb, şərəfli Şura vətəndaşı adını daşıyaraq, burada qaynaşan və Marksın çox sevərək təkrar etdiyi «İnsana layiq həyat» içərisində Marksı, Engelsi, Lenini düşünüb okuyarak yenə də dar və murdar millətçilik bataqlığına gömülüb qalmaq ən bədbəxt idiotlara yaraşan bir sifətdir.»
Amansız rejim Nigar Rəfibəylini də «allahı basırmağa», babalarından imtina etməyə, «məni doğanın adı sosialist vətənidir» deməyə vadar etmişdi.
Uzun illər ictimaiyyətə açıqlanmayan bu həqiqətlər, bir çoxlarının güman etdiyi kimi, heç də şairənin bioqrafiyasına kölgə salmır, əksinə, zənnimizcə onu tamamlayır. Nigar Rəfibəylinin özünə bəraət məqsədilə yazdığı və «İnqilab və Mədəniyyət» jurnalının 1931-ci il, № 8-7-də dərc elətdirdiyi «Mənim yolum» şerini olduğu kimi diqqətinizə çatdırırıq:

                  MƏNİM YOLUM

Keçən il dekabrın 18-də Bakı və Tiflis qəzetlərində mənim hakkımda yol. Qarayevin bir məkaləsi dərc edilmişdi. Bu məqalədə yol. Qarayev məni «Şərqdən günəş gözləyən» şairə deyə taqsırlandırır. Məqaldə göstərilən şerin mənim olmadığını və o şerin 1928-ci ildə M. Rizaquluzadə tərəfindən yazıldığını bir çokları bilirsə də indiyə qədər mətbuatda bu barədə heç bir məlumatın dərc edilmədiyini nəzərə alaraq mənim heç bir ölçüdə o şerlə əlaqədar olmadığımı bildirirəm.

Ey bu şanlı döyüşün mübariz komandanı,
Qan qusan babalardan bana nə, onlar hanı,
Mən dönmək istəmirəm «allahımın» evinə
Mən başımı əymərəm o çürük köhnə dinə…
Mən allahı basırdım, Müsavatı tanımam.
Mən onların yandığı cəhənnəmdə yanamam,
Məni doğanın adı sosialist vətənidir…
İndi həyat yenidir, indi dünya yenidir.
Sən bil, ey müsavatın «qəhrəman» səyavuşu !
Ey burjuy dünyasının qan pəncəli bayquşu !
Bil ki qabarlı əllər yıxdı sənin dünyanı
Eşit sağlam səsimi ey «vətən qəhrəmanı»
Öz qızı öz nəslinin indi açıq düşməni…
Sən gör bu fəlakəti, yalvar pərvərdiyara.
Mənsə kinlə baxıram o ləş qoxan yollara,
Mənə sizdən qalan bu zülmət, ölüm, qan səsi…
Bir də ac «boz qurtların» xırıldayan nəfəsi…
İki yol ağzındaydım biri al biri qara,
İndi nifrətlənirəm baxdıqca qaraya…
Orda bulanan sular
Ciyəri yanan sular
Sürükləyirdi məni bilməm hansı diyara…
Səsim sənə pis gəlsə incimə «böyük ustat»,
Qızı satın aldılar deyə eləmə fəryad,
Sənin qızın deyiləm, neftin qomral qızıyam !
İndi mənim şərəfim əynimdəki buluzam….
Yıkdım sənin dünyanı, od vurdum quranına
Qızıl neft qələbəsi bir cavabdır «şanına»

--------------------

Dünyanın tarixində bir il doğdu anadan
Başladı döyüşməyə burcuyla proletari…
Dəmir, çəlik, əllərdi bu döyüşü yaradan…
Coşdu coşan sular tək gənc ömrümün illəri
Akan sular dayanmaz, sönməz zəhmətin kini
Bir nəhir kibi akdı, indi on yeddi yaşım…
Uzadarsa ölkəmə burcuy qanlı əlini,
Düşmənlə didişməyə hazırdır mənim başım
Ey sınıf dalğasının gözətçi əsgərləri.
Mən yakdım o dünyanı qırdım o zəncirləri
Mən çıkdm qarşımdakı bu geniş böyük yola,
Bu yol Lenin yolu, bu yol Leninin yolu
Mən deyiləm bu yolda nə ilk nə də son yolçu,
Bu yol firqə yoludur, bu yol döyüş yoludur
Sosialist dünyasına akın, yürüş yoludur
Mən də sizdən bu yolda ayrı olmaq istəməm
Mən köhnə çürük dünyanın dostu deyil, yadıyam,
Mən bu günkü həyatın bir dəmir evladıyam

                                                                        R. Nigar.

Daha bir məqam üzərində diqqətinizi cəmləmək istrdim: bizim ən yaxın tariximiz N. Rəfibəyli kimi «öz qızı öz nəslinin açıq düşməni» insanlardan yoxsun deyil, fəqət ədəbiyyat tarixi kitablarında biz bu insanların yalnız süzgəcdən keçirilmiş tarixçəsi ilə tanış ola bilirik. Bu kitabları yazanlar bir şeyi unudurlar ki, tarix həqiqətləri ilə gözəldir.

Təhminə Rzayeva, jurnalist