Alatoran_header  
Jurnal > 2004/№1 > Retrospektiv

“Alatoran” ədəbiyyat əlavəsində (“Ədalət” qəz. avq. 2002 – mart 2003) vaxtilə dərc olunmuş, lakin bizim qənaətimizə görə, bu günə qədər öz aktuallığını saxlamış bəzi yazıları təkrarən burada oxucuların diqqətinə sunmaqla bir mənada, ilk sayını oxuduğunuz bu jurnalın yox yerdən yaranmadığını, bir mabədi olduğunu yada salmaq istəyirik.

AZƏRBAYCAN YAZIÇISININ ƏBƏDİ HAQQ DAVASI

Bizim siyasətə bulaşmış bir çox yazıçı və şairimizə nəzər saldığımız zaman istər-istəməz, dilimizdəki «gözükölgəli» kəlməsi yada düşür. 70 il ərzində sovet siyasət mexanizminin «mənlik» hissindən məhrum etdiyi bu insanlar əsarəti tərənnüm etməli, hər şeyin yaxşı olduğu haqqında yalançı bir təsəvvür yaratmalı idilər.
İndi iddia edirlər: guya, o vaxtlar kimlərsə mənsəbə, şöhrətə, dövlətin verdiyi imtiyazlara boyun əyibsə də, ancaq əlaltından millətə, xalqa xidmət ediblər.
Nə gözəl məntiqdir: gəlin, bir anlığa, rejimə satılmış, guya eyni zamanda millət dərdi çəkən o adamlara haqq qazandıraq, bunu normal, bəlkə də nümunəvi bir hal kimi qəbul edək.
Əlbətdə, biz bunu qəbul edərik və belənçinə bir davranışımıza görə dünya yerindən qopmaz…
Lakin, tək bircə şey, bir kiçik damar atışı vardır ki, bizim müstəqillik dövrünün bütün ayıqbaşlı insanlarına sovet dövrünün həmən o sözəbaxan xalq şairlərini və yazıçılarını haqlı çıxarmağa mane olur:
Əgər Mikayıl Müşfiqlərin, Hüseyn Cavidlərin tökülən qanları, sönən gənc həyatları və viran qalan yuvaları olmasaydı.
Bu bir haqq davasıdır ! Bu gün yaşayan və yaradan ədəbi qüvvələrin boynunda, onları öz şəxsi mənafelərinə göz yumduracaq, ailə səadətlərinə görə səslərini qısdırmayacaq və gözükölgəli şairlərə və yazıçılara qarşı barışmaz edəcək əbədi haqq davası !!!
1937- ci ildə qırılmış, yarıda kəsilmiş bir Azərbaycan Ədəbiyyatı ənənəsi vardır. Ondan sonrakı illərdə gəlişən icazəli ədəbiyyat, M. Ə. Rəsulzadənin ifadəsi ilə, «Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordeni taxmaqla karyera düzəldə bilmək üçün» yazıb yaradan şair və yazıçların əsərləri tamamən başqa bir ənənənin ifadəsi idi. Ki, bu sonuncusu 1991-ci ildə Azərbaycan respublikasının öz istiqlaliyyətini elan etməsi ilə mənəvi iflasa uğramışdır.

YAZMAYANLAR BİRLİYİ

Bu yaxınlarda AYB-nin «Soraq kitabçası»nı vərəqləyərkən heyrətlər içərisində donub qaldım. Təqribən 750 nəfər yazıçı və şairin ünvanları, telefonları və ad-familiyaları yazılmış bu kitabda az qala hər küçədən ötənin imzasına rast gəlmək olar.
1999-cu ildə tərtib olunmuş bu kitabçaya AYB sıralarına son illərdə qəbul olunanları da əlavə etsək (indi AYB üzvlərinin sayı 1027-dir) nə qədər eybəcər bir mənzərə yaranacağını təsəvvür etmək çətin deyil.
Bu kitabda adı çəkilən 750 nəfər yazıçıdan ən azı 650 nəfərin hal-hazırda bədii yaradıcılıqla məşğul olmadığını tam əminliklə söyləmək olar. Bir çoxu vaxtilə nələrsə yazmış, ancaq ədəbi ictimaiyyət arasında bu adamların kimliyi və nə yazmış olmalarını ümumiyyətlə bilən yoxdur.
Kitabçanı gözdən keçirərkən AYB sədri Anar Rzayevin «Gecə düşüncələri» əsərində Azad Yazarlar Ocağını nəzərdə tutaraq yazmış olduğu «Yazmayanlar Birliyi» ifadəsi yadıma düşdü. Məgərsə əsl yazmayanlar birliyi AYB-nin özü imiş. Adımı sənə qoyum, səni də yana-yana qoyum.
Yazıçılar Birliyinin öz sıralarına qəbulu hansı prinsiplərlə həyata keçirdiyi müəmmalı olaraq qalır. Bildiyimiz kimi xalq yaradıcılığı səviyyəsində şer, hekayə yazan soydaşlarımız kifayət qədər çoxdur. Bu adamların dostluq, tanışlıq xatirinə ucdantutma Birliyin sıralarına doldurulması Azərbaycan mədəniyyətinin naqis faktıdır.
Yazıçılar Birliyi İdarə Heyətinin son illərdə ədəbiyyat cameəsini boz imzalarla doldurması ədəbiyyat anlayışının ülviyyətini azaltmaqda, sağlam yaradıcılıq atmosferini korlamaqdadır.
Artıq Yazıçılar Birliyinin vəsiqəsini əldə etmək polisdən yaxa qurtarmağın bir vasitəsinə çevrilib. Buna görə də orda-burda bir-iki şer çap elətdirən hər bir kəs bir vasitə ilə Birliyin vəsiqəsini əldə etməyə can atır. Bundan ötrü 3 AYB üzvünün zəmanəti tələb olunur ki, bunu da yazıçı olmadığı üçün yazıçılıq sənətinə heç bir hörmət bəsləməyən AYB üzvləri çox asanlıqla verirlər.
Deyilənlərə görə, qeydiyyatda olmayıb cibində AYB vəsiqəsini daşıyan «yazıçılar» da var. Bu hesabla Yazıçılar Birliyinin hal-hazırda min nəfərdən artıq üzvü var.
Məncə bu hal böyük biabırçılıqdır, AYB-ni «boz axın» adlandırmağa əsas verir.
Hesab edirəm ki, AYB sıralarındakı hələ də yazıçılıq heysiyyətini qoruyub saxlayan barmaqla sayılacaq bir neçə yazıçı və şairimiz bu hala qarşı öz etiraz səslərini ucaltmalıdırlar.
Təsadüfən AYB sıralarına düşmüş, hal-hazırda heç bir yazıçılıq fəaliyətində bulunmayan «yazıçılar» AYB sıralarından dərhal xaric edilməlidirlər.

BÖYÜK ƏDƏBİYYAT YARIŞMASINA

Yazıçılıq işi xoş məramlı, yarışmadır. Yazıçılar, şairlər, tənqidçilər «kim daha yaxşı yazar» deyərcəsinə öz əsərlərini ədəbi ictimaiyyətin, geniş oxucu kütləsinin ixtiyarına buraxar, öz imzasının təsdiqinə can atar. Bu xoş məramlı, sportiv yarışma gənclərə məxsus bir işdir. Zira, yaradıcılıq, axtarış, eksperimentlər ruhən gənc insanlarn stixiyyasıdır.
O insanlar ki, artıq qocalıblar (daha doğrusu, köhnəliblər), onlar hər zaman yaradıcılıq coşqusunun əleyhinə olacaqlar. Ədəbi prosesdə sürətin artırılması köhnələr üçün əsla əlverişli deyil, çünki belə olanda onların iç üzü, tısbağa məfkurəsi, kəsafəti üzə çıxacaq. Onlar – köhnələr, ədəbi prosesin durğun bir bataqlığa çevrilməsində maraqlıdırlar, bu bataqlıq ortamı onların yaşaması üçün ziyadə əlverişlidir.
Ən təhlükəlisi amorf yaşlı nəsil deyil, çünki zaman özü onlardan üz döndərib. Ədəbi prosesdə sürəti yavaşıdan, canlı ədəbi mükalimədən qaçan, açıq ədəbi tənqidi istəməyən daha bir təbəqə vardır ki, bu da ibarətdir ikinci dərəcəli ,orta istedadlı şair, yazıçı və tənqidçilərdən. Beləlri üçün ədəbiyyat, yaradıcılıq işi yalnız karyera qazınmaq üçün bir vasitədir.
Ədəbi prosesin canlı olması həmin gənclər üçün ölümə bərabərdir. Canlı ədbiyyat işığında onlar qaranlıq deşiklər axtaran yarasalara bənzərlər.

ƏDƏBİ İLİN YEKUNLARI

«Alatoran» əd. əlavəsinin dərc olunmağa başladığı 2002-ci il ədəbi prosesin fövqəladə canlandığı bir il oldu. Məhz bu ildə ədəbi sükunətə son qoyuldu desək yanılmarıq. Tarixilik baxımından dəyərli bildiyimiz bu yazını «Ədalət» qəzetinə istinadən (2003 yan.) dərc edirik

Deyəsən, Albert Eynşteyn sübut edib ki, zaman nisbidir. Yəni zaman hadisələrə görə var, hadisələr olmasa zaman da «yoxdur».
Əgər, artıq yola salmağa hazırlaşdığımız bu bir ilin (2002) ədəbi mənzərəsini özümüz üçün müəyyənləşdirmək istəsək, şübhəsiz bunu il boyunca ədəbi prosesdə baş vermiş hadisələrə görə edə bilərik.
Nələr baş verib bu bir ildə ədəbi aləmdə?
1. İlk növbədə qeyd etmək lazımdır : bu ildə qəzetlərin ədəbiyyat əlavələri yazıçıların qarşısında dağ kimi dayanan çap olunmaq xurafatını əsaslı surətdə dağıtdı. Ədəbi produksiya, dolayısı ilə ədəbi proses əməlli surətdə Yazıçılar Birliyinin və ədəbi orqanlarının inhisarından çıxdı. Bu hal ədəbi qüvvələri AYB stereotipindən uzaqlaşdırdı, ədəbi prosesdə bu təşkilatın təyinedici funksiyasını sıfıra yaxınlaşdırdı. Xüsusilə «Ədalət qəzeti» ədəbi qüvvələrə daha demokratik şərait yaratması ilə «Yeni Azərbaycan», «525-ci qəzet» və digərlərini kölgədə qoydu.
2. Azərbaycan yazıçısı ilə dövlət arasında yeganə rəsmi təşkilat olması etibarilə Yazıçılar Birliyi sovetlərdən qalma mühafizəkar mövqeyindən və avtoritar prinsiplərdən əsla geri durmadığını, islahatlara hazır olmadığını və bunu istəmədiyini sübuta yetirdi.
3. «60-cılar» ədəbi nəsli haqqında xurafat büsbütün dağıldı. Həmin ədəbi nəsildən olan yazarların bütün yenilik cəhdləri uğursuzluqla nəticələndi, bu cəhdlərin məhdud sosializm realizmi sərhədlərini aşmadığı ədəbi ictimaiyyətə məlum oldu. Öz naqisliklərini Azad Yazarlar Ocağı timsalında «düşmən obrazı» yaratmaqla, ona qarşı aqressiv münasibətlə ört-basdır etməyə cəhd göstərdilər. (Misal üçün, «Düşmən ocaq başında» məqaləsi, 9 noyabr, 2002 «Ədalət» qəz.) «60-cılar» ədəbi nəslinin Anar, Elçin, Əkrəm Əylisli, Fikrət Qoca, Vaqif Səmədoğlu və bütün digərləri əsərlərinin estetik dəyər etibarilə son dərəcə köhnə olduğu, zamanın tələbinə cavab vermədiyi və iflasa uğradığı meydana çıxdı.
4. Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə poststrukturalizm, dekonstruktivizm və postmodernizm istilahları mübahisə mövzusuna çevrildi. Dünya incəsənətinin bu aparıcı təmayülləri haqqında ədəbiyyat «metrlərimizin» naşı olduğu üzə çıxdı. Gənc ədəbi qüvvələr qarşısında yeni estetik üfiqlər açıldı.
5. Azad Yazarlar Ocağı yeni yaranan bir ədəbi qurum olaraq, fəaliyyətinin ikinci ilində həm yaradıcılıq metodu, həm də ictimai mövqeyi ilə ədəbi prosesin aparıcı qüvvəsi oldu, hadisələrə obyektiv yanaşması və nöqsanlara qarşı barışmazlığı ilə digər rəsmi və qeyri-rəsmi qurumlardan fərqləndi, ədəbi prosesi həm nəzəri, həm də praktiki yöndən uçuruma aparanlara öz sarsılmaz iradəsini göstərdi. AYO ədəbi qüvvələrə müstəqil surətdə təşkilatlanmanın mümkün olduğunu işdə sübut etdi. Murad Köhnəqala, Həmid Herisçi, Azad Yaşar, Rasim Qaraca yeni dövrün, yeni əsrin keyfiyyətcə tamamən yeni ədəbi nümunələrini yazıb dərc elətdirdilər. «Alatoran»da yeni ədəbiyyatın şəfəqləri görünməyə başladı.
6. AYO-da təmsil olunan ədəbi qüvvələr müxtəlif nəsildən olan mühafizəkar görüşlü yazıçıların və yazıçı olmayanların qeyri-obyektiv tənqidinə məruz qaldı (Vaqif Yusifli, Anar, Qabil, Çingiz Əlişanoğlu, Ayaz Vəfalı, Rafiq Tağı, Qulu Ağsəs, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Mübariz Məsimoğlu, Əsəd Cahangir, Vahid Əlifoğlu, Kərbalayı Müzəffər, Hacı Azər Əbilov, Etimad Başkeçid, Xeyrəddin Qoca, Fikrət Qoca, Abbas Abdulla, Sabir Rüstəmxanlı və digərlərinin). Eyni zamanda AYO-nun fəaliyyətini təqdir edənlər də tapıldı (Sabir Əhmədli, Əkrəm Əylisli, Şamil Salmanov, Akif Əli və s.)
7. Dövrün, zamanın dəyişdiyini hiss edən yaşlı və gənc ədəbi qüvvələr içərisindən uğurlu və ya uğursuz yeniləşmə təşəbbüsləri özünü göstərdi. Anar («Kimdir Dali?»), Elçin («525»də dərc olunan hekayələri və tənqidi məqalələri), Ramiz Rövşən («İnsan mənzərələri») bu cür yeniləşmə təşəbbüsündə bulundular, Əkrəm Əylisli ədəbi qeybətlərlə gündəmdə qalmağa cəhd göstərdi və bu mərəzi Anara, Elçinə, il qurtara-qurtarda isə Ramiz Rövşənə də (dünənki «525») yoluxdura bildi, lakin bu cəhdlərin uğursuz olduğu ədəbi ictimaiyyətin gözündən yayınmadı. Əvəzində gənc ədəbi qüvvələr öz mövqelərini sərbirah etdilər ; Qəşəm Nəcəfzadə keçmişə (AYB-yə) arxa çevirib üzünü gələcəyə tutmağı bacardı. Salam, Əlizadə Nuri ənənəvi şerin zamanının keçmişdə qaldığını dərk edib minatür şerlərini dərc elətdirdilər.

MÜBARİZƏ DAVAM ETDİKCƏ

Hələ 1923-cü ildə Hənəfi Zeynallı yazırdı : «Əski sentimental-romantik, ağlayan və sızlayanlar ədəbiyyatı yerinə yeni bədiyyat yaranır. Köhnələrin yerini indilik zəif olsalar da, gənclər tutmağa başlayr…»
Tam 80 il əvvəl deyilənlər bugünkü ədəbi genişatımıza necə də uyğundur. Doğru deyiblər ki, tarix təkərrürdən ibarətdir.
Yoxsa elə ədəbiyyat da ?
Məsələn, çağdaş şerimiz V. Səmədoğlu, V. Cəbrayılzadə, R. Rövşən, A. Mirseyid, Salam Sarvan dekadentizmindən qurtulmanın yollarını axtarır.
Hənəfi Zeynallı yazırdı (H. Zeynallı, seç.əsərləri, Bakı, «Yazıçı», 1983, səh. 150): «Ədəbiyyatımızda olan cansızlıq hər kəsdə bir narazılıq törədirdi. Köhnə binanı təmir etdirmək mülahizəsi doğmuşdu… Fəqət, əskilər dağ başından enmək istəmirlər, arxalarında buraxdıqları uzun illərdə sərf etdikləri əmək üçün özlərinə xüsusi bir hörmət, xüsusi bir şərəf tələb edirdilər.»
Elə bu yerdə Vaqif Yusiflinin «zaman müəllim» ifadəsi yada düşür. Yadınızdadırsa o deyirdi : «ZAMAN müəllim üçün bu savaşın (ədəbi mübarizənin – R. Q.) heç bir əhəmiyyəti yoxdur» V. Yusiflinin dilində «zaman müəllim» ifadəsi hər nə qədər «Anar müəllim» ifadəsinə bənzəsə də (xüsusən o, «ZAMAN müəllim əsər gözləyir!» deyərkən), biz bu söz birləşməsini müstəqim mənada başa düşürük: doğrudan da Zaman Müəllim neçə-neçə Vaqif Yusiflilərin və onun ədəbi kumirləri kimilərin adını öz dəyirmanında üyüdüb.
Vaqif Yusiflinin əhəmiyyətsiz hesab etdiyi həmin «ədəbi mübarizə» məsələsinə dəyinərək Hənəfi Zeynallı 80 il əvvəlki o məqaləsində yazır : «Mübarizə davam etdikcə, əskilərdə dirilik əlamətləri görünmədikcə, gənclər təərrüzə başlayır və nəhayət, bütün Azərbaycanda vahid bir «Qızıl qələm ədəbiyyat cəmiyyəti» yaranır…»
Bəli, az qala 100 il bundan əvvəldə olduğu kimi, ədəbiyyatımızda əski sentimental-romantik, ağlayanlar və sızlayanlar ədəbiyyatı ilə yeni bədiyat arasında mübarizə gedir.

RÖVŞƏNİ ARABA İLƏ TUTMAQ

Ötən ilin (2002)ən son ədəbiyyat hadisəsi… yenə də Anar oldu. Neçə illərdir Yeni ilin ilk dəqiqələrini Zeynəb Xanlarovanın nəqarətləri ilə qarşıladığımız sayaq, bütün bu ədəbiyyat dedim-dedilərinin də son gülünü başyazarımız vurdu. Necə deyərlər, elə buradaca Kinzulis özünü yetirdi…
Amma bir vurdu, pir vurdu. Həm saxta yenilikçiləri biçdi, həm də Ramiz Rövşəni ovlaya bildi.
Gənclərlə «mübarziədə» özünü hazırlıqsız və gücsüz hiss edən başyazarımız öz fərdi burulğanına mümkün qədər daha çox yazıçı və şairi salmaqdan ötrü çaba göstərir, məğlubiyyətin acısını dadmış generalsayağı sağa-sola əl atır, az-çox sambalı olan ədəbi fiqurları öz tərəfinə çəkmək qayğısına qalır. Bundan ötrü Ramiz Rövşən haqqında, çox səxavətlə «sən həqiqi və möhkəm özülü, təməli, bünövrəsi olan savada malik adam» sözlərini əsirgəmir, onun çoxəsrlik ədəbiyyat tariximizdə böyük(!) və şərəfli yer tutduğunu» qeyd edir, bütün bu təltiflərin sonunda uzun illərin soyuqluğuna nöqtə qoyaraq «səni bağrıma basıram» deyir.
Şübhəsiz, Anar kimi «tarixi» bir şəxsiyyətin bağrına basılmağı Ramiz uzun illər idi gözləyirdi, bu arzuya çatmaqdan ötrü ürəyində nə ümidlər bəsləmişdi, xəyallarını göy üzündə üzdürmüş, ay işığında süzdürmüşdü. Axı necə olmasın, Anarın bağrına basılmaq elə əbədiyyətə qovuşmaq kimi bir şeydir. Məsələn, Əkrəm Əylislinin dostluq difirambları, umuküsüləri məgər Anarın «bağrına basılmaqdan» ötrü deyildimi? Bəli, bizim gənclər də, qocalar da Anarın gözündən düşmənin ədəbiyyata düşməmək olduğunu yaxşı bilirlər. O ki qala, soyuq münasibətlərin bir neçə il əvvəlki acı meyvəsini dadmış Ramiz Rövşən ola. Özünün «525»ə müsahibəsində Ramiz boş yerə pananar mövqe tutmamışdı. Həmin müsahibədə cümlələrin altına və üstünə sızdırılmış dostluq məsajını Anar havadaca tutmuş, elə həmin qəzetin ilaxır nömrəsində cütləşməyə hazır olduğunu bəyan etmişdir.
Başyazarın məktubu dərc olunan gündən bu günə qədər Ramiz Rövşən hansı göylərdə qanad çalıb, özü bilər, lakin ayaqları yerə toxunandan sonrakı düşüncələrini bilmək bizimçün də maraqlı olardı. Kim kimi daha çox kullandı? R. Rövşən nə üçün gənclərin gözünü töküb yaşlılara sığındı? Yenini rədd edib, köhnəni seçdi? Axı nə üçün?

TƏNQİDİ TƏNQİD

Hörmətli tənqidçimiz Vaqif Yusifli («hörmətli» sözünü hər dəfə yazmalıyam, məni kimisə təhqir etməkdə ittiham etməsinlər deyə) «Körpü» qəzetinə verdiyi müsahibəsində (16 dek. 2002) yazır: «AYO – ya mənsublar daha çox, görünmək, ədəbi aləmin diqqətini özlərinə cəlb etmək üçün hər cür oyundan çıxırlar». Bunu təkcə Vaqif Yusifli demir, hər kəs deyir. Bunu Anar da deyir, hətta Təvəkkül Yanar da deyir. Dünən yumurtadan cınq eləmiş Samir Sədaqətoğlu belə elə ilk məqaləsindəcə bu mövzudan söhbət açmağı özünə borc bilir : «…ucuz reklam məqsədi, populyarlıq, gündəmdə olmaq xəstəliyi? Halbuki bu məsələ ədəbiyyatla məşğul olan hər bir fərdin bədii məhsulu sayəsində həll olunmalıdır, ədəbiyyatda və cəmiyyətdə mövqe qazanmış şəxslərin qərəzli tənqidi müqabilində yox».
Ədəbi ictimaiyyətin ümumi rəyi belədir : AYO-çular ad çıxartmaq, şöhrət qazanmaqdan ötrü yaşlı ədəbi nəsli qərəzli surətdə tənqid etməkdədir. Türklər demişkən, çox interesandır. Bəylər, doğrudanmı belə düşünürsünüz? Yoxsa, guya belə düşünürsünüz, halbuki, AYO-ya çamır atarkən sizin özünüzün nə isə dolayı bir məqsədiniz var? Məsələn, Yazıçılar Birliyinin sədrinə yarınmaq kimi. Bir sözlə, sizin səmimiyyətiniz bəri başdan şübhəlidir, çünki hər biriniz Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz, beləliklə onun ehtimal olunan imtiyazlarında gözünüz var. Lakin məsələnin bu tərəfini bir tərəfə qoyaq. Mən elə sizin səmimi olduğunuz dərəcədə bir səmimiyyətlə söylədiklərinizdə milçək poxu axtarmıram, sizin, mənsub olduğunuz təşkilatın rəhbərliyinə yaltaqlanmaq məqsədi güdmədiyinizə inanıram.
Lakin bir «lakin» daha var. Sizcə hal-hazırdakı ədəbi idarəçilik nöqsanlardan xalidirmi? O zaman, siz deyin, bu nöqsanları hansı şəkildə dilə gətirmək mümkündür ki, qərəzli adlanmasın, nöqsanı deyən adamın «daha çox, görünmək, ədəbi aləmin diqqətini cəlb etməkdən ötrü hər cür oyundan çıxması» kimi qiymətləndirilməsin? Bu «bütövü paralama, paraya toxunma, doğra doyunca ye» deməyə bənzər. Əgər nöqsanların «ədəbi aləmin diqqətini cəlb etmədən» deyilməsi mümkündürsə, buyurun siz deyin, hörmətli Vaqif Yusifli.

ANARLARA SEVGİLƏR…

Bizdə sevgi və nifrət anlayışlarının da təshih edilmə vaxtı çatıb. Yeni zaman bayağı sevgi-nifrət hisslərinin ənənəvi qəliblərdən, stereotiplərdən çıxmasını tələb edir.
Orta statistik azərbaycanlı hisslərin birbaşa, hər hansı düşüncə, təmənna qəlibinə salmadan ifadəsini çoxdan yadırğayıb. O, sevərkən və nifrət edərkən əsla ülviyyətə əsaslanmır, öz şəxsi, merkantil maraqlarına söykənir, dolayısıyla hisslərini əmtəə gözündə görür, onu ən uyğun qiymətə satmağa hazırdr. Məhz buna görə bizim şairlər öz sevgi təzahüratlarında bu qədər qeyri-səmimidirlər. Onlar sevgini imitasiya edirlər, nəticədə həyəcanlandıra bilmirlər. Zira, həyəcanlanmayan həyəcanlandıra bilməz.
Düşüncə (niyyət) qəlibinə salınmış hisslər artıq öz əvvəlki adını qeyb edir, yeni adlar qazanır : məsələn, sevgi yaltaqlığa çevrilir, nifrət yarınmağa.
Gələlim konkret misallar üstündə bunları açıb-tökməyə.
Artıq adət halını alıb, deyirlər ; guya AYO-çular nifrətlə, qəzəblə, aqressiya ilə dolub daşır, guya bizim sevgi hissindən heç xəbərimiz yoxdur. Bunu kimlər demir : Tehran Əlişanoğlu, Vaqif-Cavanşir Yusiflilər, Ramiz Rövşən, Bəsti Əlibəyli, Vahid Əlifoğlu, Əbdüllətif Bəndəroğlu, hətta Bəndər İskəndəroğlu. Hətta Əsəd də yazır ki, guya bizdə həsəd var. Guya kin-küdurət, paxıllıq hissi bizim içərimizdə işıqlı nə varsa yeyib qurtarıb. («Kin-küdurət müəllimi» təsəvvürünüzdə canlandırın, «işıq» buterbrodunu ağzına aldığı yerdə). Anar müəllim də, hətta Aran (Səyyad) müəllim də bunu deyir. Guya bizim qəlbimizdə heç sevgi hissi qalmayıb və hadisələrin pozitiv üzünü görə bilmirik.
Görünür pozitiv-neqativ anlayışlarının da təshihə ehtiyacı var. Sovet ağ-qara düşüncə tərzinin ətaləti hələ də sürməkdə olduğuna görə biz həqiqəti ayırd etməkdən otrü hələ bir anbar yalan yeməliyik. Əgər bu sevgi-nifrət məsələsinə biz postmodernistik yanaşsaq tamamən yeni mənzərə açılar önümüzdə. Çünki postmodernistlər üçün nifrət hissi ço…ox əhəmiyyətlidir, xüsusən o açıq şəkildə ifadə edildikdə, ələlxüsus yalançı sevgilərin baş alıb getdiyi yerdə.
Haqqında doğru söz yazdığımız (nə qədər acı olsa da) yazıçıların, hansı birinin istəyirsiniz adını çəkin, heç birisinə zərrəcə nifrətimiz yoxdur, əksinə sevgi və şəfqətimiz var. Onları, gələcəkdə əsl nifrətə layiq olmamaqdan ötrü həyəcan təbili çalıb oyandırırıq.
Məsələn, çox böyük xalq şairimiz Qabili göz görə-görə nə üçün uçuruma yuvarladaq? Onun canlı yayım sırasında ölkə prezidentindən evinin təmiri xahişində bulunmasını yazmamaq, «yaxşı edirsən» demək əsl nifrət ifadəsi olardı. Halbuki, saraydan təltif alan şairlərin aqibətini tarixdən çox görmüşük. Qabilin həmin aqibətə düçar olmasını istəməzdik.
Ümumiyyətlə, dövlətin hər hansı bir yazıçını və ya yazıçı təşkilatını öz siyasətinə alət etməsi eybəcər hadisədir. Qiymətli bir yazıçımızı – Elçini saray divarları arasından xilas etmək üçün umacaqlı tənqidçilərin onun haqqında yazdığı uzun-uzadı monoqrafiyaların, nə yazıq ki, heç bir faydası olmayacaq. Onu «sevənlər», onu həmin divarlar arasında gömmək istəyənlərdir. Dolayısı ilə , Elçinə nifrət edənlər AYO-çular deyil, vaqifyusiflilər, tehranəlişanoğlular, əsədcahangirlərdir.
Bir baxın, sovet dövrünün göydələn şairləri – Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Osman Sarıvəlli və qeyriləri içərisində təkcə Rəsul Rzanın yaradıcılığı haqqında hər yerindən duran ibarəli yüksək sözlər danışır, yazır. Kimsəyə sirr deyil, Anar imtiyazlı birisi olduğu üçün. Əvvəla R. Rza haqqında yazılan bütün yazılar ona olan nifrətin ifadəsidir. Yeganə olaraq, AYO R. Rzanın prestijini xilas etmək istəyir, onun haqqında həqiqəti danışmaqla. Biz Anarın Rəsul Rzanı inhisara almasının əleyhinəyik. Onun, tutduğu vəzifədən istifadə edərək, artıq xalqa məxsus bir şairi bir boy daha yüksək göstərməsinin bu vəzifə əldən gedəndən sonra layiq olduğu yerdən də aşağı düşəcəyini görür və öz təbilimizi çalırıq. Rəsul Rza öz böyüklüyündə qalsın, nə Anar, nə də səviyəsiz tənqidçilər ona olan sevgiyə kölgə salmasınlar. Biz R. Rzaya bu sayaq «nifrət» edirik.
Anarın özünə də «nifrətimiz» böyükdür. Onun, ənənəvi şairləri bağrına basarkən, qəzəl janrına bəh-bəh deyərkən, ortababları ətrafına yığmaqla «böyük» görünmək istəyərkən, Türkiyədə yalnız özünü təbliğ edərkən (və s. və i.) proqressiv düşüncəli ictimaiyyətin gözündən düşdüyünü görür, yaxınlaşmaqda olduğu ümumxalq nifrəti uçrumundan sapdırmaq istəyirik.
Ramiz Rövşən kimi nadir bir istedadımızın özünəvurğunluq mərəzi bizi ciddən narahat edir. Siz deyin, nə edək ki, o, bu mərəzdən xilas olsun, daha da sağalmaz hal almasın? Cərrah kəsərinə ehtiyac qalmadan onu acı tənqid həbləri ilə qurtarmaq istəyi nifrət ifadəsi olmasa gərək.
O cümlədən, Salamın özünədoyğunluğunu, Vaqif Bayatlının göylərdə qanad çalmasını, Tehran Əlişanoğlunun 60-cılara yarınmaqlığını, Əsəd Cahangirin falçılıqla alimliyin yerini dəyişik salmasını, Tofiq Abdinin öz talantını ədəbi iqtidara xərcləməsini, özünü qiymətləndirməyi bacarmamasını, Ç. Əlioğlunun avanqardı özəlləşdirmək istəyinin yersizliyini, İntiqam Qasımzadənin bu günə qədər heç bir şey yazmamasını, Xeyrəddin Qocanın azərbaycanlı oxucuların onun əsərlərini həsrətlə gözlədiyi haqqında Türkiyədə yalançı məlumat yaymasını və daha nələri dilə gətirərkən birər istedadlı bu insanları haqqında danışdığımız həmin o nifrət girdabından xilas etmək niyyəti güdmüşük.

NÜKTƏ

Tənqidçi Vaqif Yusifli öz arıq canını ənənəvi şerə qalxan edib, «Alatoran»ın Azərbaycan şerinin ənənəvi formalarına qarşı total hücuma keçdiyindən narahat olmağa başlayıb: «Ancaq mən də elə misallar gətirə bilərəm ki, o ənənəvi formaların heç də köhnəlmədiyini, yeni biçimdə üzə çıxdığını (Məmməd İsmayılın, Akif Səmədin, Məhəmməd Astanbəylinin, Rüstəm Behrudinin, Məstanın) sübut edim».
Guya bu adları çəkməklə şok təsiri yaratmaq istəyib, halbuki, həmin şairlərə yaraşacaq tək bir kəlmə varsa o da «KÖHNƏ»dir.
V. Yusifli yalnız tərslik edib ənənəvi aşıq şeri üslubunda yazan S. Vurğun məktəbi davamçıları şairlərin bu gün milli ədəbiyyatımızda heç bir atmosfer yaratmadığını dilə gətirməz. «Alatoran»da dərc olunmuş bir cümləyə – «…Son bir neçə ildə şerimizin əsaslı surətdə ənənəvi formalardan qopduğu və yenilik təlaşı içərisində olduğu müşahidə edilməkdədir, Qəşəm Nəcəfzadə, Əlizadə Nuri, Salam Sarvan kimi ənənəvi şerdə ad açmış müəlliflərin yeni, sərbəst ifadə yöntəmləri axtarışlarına yalnız sevinmək lazımdır və onların son yaradıcılıq nümunələri ədəbi periodun xarakterindən irəli gəlmişdir» – dərhal etirazını bildirir, məqalənin məğzini, artıq özünü bariz göstərən ənənəvi üslubdan sərbəstə keçmək hadisəsini, kənara qoyub kifsəmiş imzaları misal çəkir.
Könül istərdi ki, Vaqif Yusifli Yazarlar Ocağı və «Alatoran» haqqındaki qabaqdangəlmiş düşüncələrindən əl çəkib şerimizdəki həmin bu keyfiyət dəyişmələri haqqında özünün obyektiv fikirlərini söyləyəydi, ənənəni kor-koranə müdafiə etməkdənsə Q. Nəcəfzadə, Ə. Nuri, S. Sarvan timsalında, ənənəvi şerdə ad açmış şairlərin yeniləşmə çabalarına öz tənqidçi qiymətini verəydi.
Daha bir nüktə. Vaqif Yusiflinin, mənsub olduğu təşkilatın (Yazıçılar Birliyinin) prinsiplərinə uyğun olaraq, ədəbi prosesi qəsdən azdırmaq düşüncəsində olduğunu söyləmək istəməzdim. Ancaq, onun obyektivlik hissini bu qədər itirməsini, dəyərsiz, vaxtı keçmiş imzaları ənənəvi şerin ən yaxşı nümunələri adı altında oxucuların gözünə soxmaq istəməsini də başa düşmək olmur. Olmaya, Vaqif Yusifli boz imzalara meydan verməklə 60-cıları böyük göstərmək istəyir? Yəni, özlərinin də ifadə etdikləri kimi, ədəbiyyatımız 60-cılarla guya ən yüksək sözünü deyib, sonrakı nəsillər çolaq ayı, dəcəl meymun, çəp keçidir. 60-cıların döndərdiyi «ədəbiyyat bulağının suyunu elə qurutmaq ki, hələ 50 il də bundan sonra 60-cılar hamıdan yüksəkdə görünsün» dəyirmanına Vaqif Yusifli və bizim digər tənqidçilərimiz bilərəkdən və bilməyərəkdən su tökürlər.
Məsələnin iç üzü belədir.

ÜMİDVERƏN ŞAİR

İstedadlı şair Dayandur Sevginin imzası ətrafında mübahisələp səngimək bilmir. Bunlar təbiidir, çünki ədəbiyyatda yeni nəfəs hər zaman öz bədxahlarını də doğurur. Bu yaxınlarda Dayandurun şair həmkarı S. Sədaqətoğluna tutarlı cavabı hamıya məlumdur. Bu cavabı ilə o, həssas qələm sahibi olduğunu bir daha nümayiş etdirib.
Lakin dünya xeyirxah insanlardan xali deyil. Xüsusən əgər bu xeyirxah insan yazıçılar təşkilatına rəhbərlik edən eyni dərəcədə istedadlı və nüfuzlu bir insandırsa. Hər çeşid ağzıgöyçəyin dilində adı hallanan, mətbuat səhifələrində təqiblərə və təzyiqlərə məruz qalan Dayandur Sevginə məhz baş yazardan dəstək gəldi. «Müxalifət» qəzetində dərc etdirdiyi bir müsahibədə yazıçı Anar istedadlı cavanlar sırasında Dayandura «ümidlər bəslədiyini» ədəbi ictimaiyyətə bəyan etdi. İstedadı kölgədə qalan gənc bir şairə qarşı bu cürə yerində verilən yüksək qiymət, gənclərin ədəbiyyata çətin gəldiyi indiki şəraitdə böyük alicənablığın, əsil-nəcabətin ifadəsidir. Dayandur Sevgin özü bu yerdə yaxşı deyib:

Baş yaracaq o atdığın daşdısa,
Çiçək gəzmə fəsil qarlı qışdısa.
Başda duran bir ürəyi boşdusa,
Boş sinədən kövrək ürək gözləmə.

Anar müəllim həmin müsahibəsində Dayandur Sevgini də nəzərdə tutaraq yazır : «…hamısı ədəbiyyat adamlarıdır və dediyim kimi hamısına ümidlərim var. Ümidlərim onların oxuduğum əsərlərinə əsaslanır. Bu gənclər artıq özlərini ədəbiyyatda bu və ya digər dərəcədə təsdiq etmiş adamlardır…»
Təəssüf ki, Dayandur Sevginin bu günə qədər təkcə bir kitabı dərc olunub – «Boynuma biçildi dərd», – onun poetik tapıntıları hələ geniş oxucu kütləsinin malı olmayıb (məsələn, D. Sevginin yaltaq yazıçıları nəzərdə tutaraq yazdığı misra nə qədər təsirlidir : «Təlxəklər oynayır şah qulluğunda, Neyləyim, mən təlxək ola bilmirəm»). Lazımi diqqət göstərilərsə Dayandurun ədəbiyyatımızın Anar, Elçin, Fikrət Qoca, Bəxtiyar Vahabzadə kimi, tanınan imzaları sırasında yer tutacağı şübhəsizdir. Poeziyamızın sönməyən günəşi Rəsul Rzanın söz sənətimizdə etdiyi yeniliklər bu gün özünün yüksək davamını məhz Dayandur Sevgin poeziyasında tapır. Hətta Dayandurun daha incə təbə malik olduğunu cəsarətlə söyləyə bilərik.

7 mart 2003, ALATORAN 28
ARXİVLİK YAZI

Anar müəllimin daha bir bənzərsiz kefiyyəti üzə çıxdı – sən demə o, özü haqqında yazılan bütün atmacaları yığıb saxlayırmış. «Müxalifət» qəzetinə yazdığı bir məktubda aşağıdakıları açıqlayıb : «Uzun illər ərzində bu qəzetin səhifələrində haqqımda nəinki xoş sözə, heç obyektiv informasiyaya da rast gəlməmişəm. Bunun müqabilində qəzetinizdə ara-sıra atmacalı, iynəli sözlər, hətta nə mənim, nə onu yazanın yaşına yaraşmayan kobud təhqirlər oxumuşam və onların hamısı arxivimdə durur». Məktubun başqa bir yerində isə Anar müəllim yazır : «…rəhmətlik Yusif Səmədoğlu məhz buna görə qəzetinizin redaksiya heyətindən çıxması haqında məktub yazmışdı. O vaxt Tükiyədə idim və bu məktubun qəzetinizdə dərc olunub olunmadığını bilmirəm, amma imzaladığı surəti mənim arxivimdədir».
Özü haqqında bütün atmacaları və kobud təhqirləri toplayıb saxlayan dünyaca ünlü yazıçımızın arxivinin nə qədər zəngin olduğunu təsəvvürə gətirmək o qədər də çətin deyil. Müstəqil ədəbiyyat analitiklərinin rəyinə görə bu arxivi yazıçı özünün qocalıq dövrü üçün nəzərdə tutub – artıq heç bir şey yaza bilməyəndə həmin atmacaları dərc etdirərək gündəmdə qalmağa çalışacaq.
Ən çox hiddət doğuran, əlbəttə, «Müxalifət» qəzetinin mövqeyidir. 1 mart 2003-cü il tarixli sayında qəzetin yazıçıya ünvanladığı məktubda Anar müəlimə «hörmətli» deyə-deyə yenə də atmacalı, iynəli sözlərə meydan verib.
Anonim müəllif yazıçıya müpaciətlə, mənfur istismarçı burjua təbirləri ilə onun «aristokrat» və «ağayana» olmasını nəzərə çarpdırır, İsmayıl Şıxlı ilə müqayisə edərək birini «salğarlı», o birini isə dolayısı ilə «qeyri-salğarlı» adlandırır. Bu «salğarlı» kəlməsinin nə olduğunu kimsə bilməsə də, «Azərbaycan dilinin izahlı lüğəti»ndə bu sözə rast gəlinməsə də, qeyri-rəsmi ədəbiyyat müşahidəçilərinin nöqteyi nəzərinə görə, «qeyri-salğarlı» ifadəsi «cırtqoz» anlamına gəlməkdədir. Ancaq, qeyri-rəsmi ədəbiyyat müşahidəçiləri ucuzxana əyyaşları olduqlarına görə onların nə düşündükləri başlarına dəysin. Fəqət, «Müxalifət» qəzetinin hörmətli bir yazıçıya, dolayısı ilə «cırtqoz» deyib, sonra da bunu «obyektiv və tam səmimi tənqid» adlandırması gülməlidir : «…uman yerdən küsdüyümüzə görə haqqınızda tam obyektiv və tam səmimi tənqid yazmışıqsa, niyə bunu kin kimi içinizdə saxlayıb bizi yalan yazmaqda suçlayırsınız?».
Bunun ardınca «Müxalifət» qəzeti sanki Anar müəllimin arxivini doldurmaq məqsədilə ucundan tutub ucuzluğa gedib. Yazıçı Anarı «toxunulmazlıq mərtəbəsinin astanasında olan 2-3 söz adamından biri» adlandırıb. Halbuki, Anar müəllim, əgər belə bir toxunulmazlıq mərtəbəsi varsa, onun astanasında olan yeganə adamdır. Və qəzetin yazdığına görə, guya «həm B. Vahabzadə, həm də Siz (Anar) qaldırıldığınız o yüksək məqamdan, o hündürlükdən xalqın naminə hamının eşitməsi üçün söz adamı olaraq, SÖZ demək istəmirsiniz». Növbəti yalan!
İstər B. Vahabzadə, istər Anar bu günədək o qədər SÖZ deyiblər ki, ancaq hamısı havaya uçub, buna onlar neyləsinlər. O biri yandan, məgər bu tökülmüş, cındır xalq B. Vahabzadə, Anar kimi yüksək şəxsiyətlərin SÖZ-ünə layiqdirmi ki, durub hələ bir ağızlarını da yorsunlar.

SAMAN ALTINDAN SÖZ

Ədəbiyyat çevrələrində qəribə bir hadisə baş verib – Vaqi Yusifli Tofiq Abdini cəzalandırıb !!!
Ancaq, Toiq Abdin nə üçün cəzalandırıldığının səbəbin başa düşməyib. Öz gümanlarında yanılır, «hər gün üz-üzə gəldiyimiz üçün mənim başıma bu oyunları açır» deyə düşünür. Əsl səbəb isə başqadır.
Ola bilər, Tofiq Abdin əsl səbəbi özü də başa düşür, ancaq eyni təşkilatı təmsil etdiklərinə görə açıb-ağartmır. Yoxsa elə hər kəlməbaşı həmkarı Vaqif Yusiflini «tənqidimizin ağır topu» adlandırmazdı, özü də bu sözü elə ironiya ilə deməzdi ki, futbol topu kimi başa düşülsün: «…bir xudmani məclis düzəltdik və arada bir ədəbiyyat söhbəti də eləyirdik və dediyim kimi, bu məqamda tənqidimizin ağır topu olan Vaqif Yusifli girdi içəri» - zira, yalnız futbol topu bu sayaq içəri girə bilərdi.
Çifayda, Vaqif Yusiflini bu cürə ifadələrlə zədələmək çətindir, onu «ilham atlarının mehtəri» adlandıranda da (R. Tağı) heç eyninə almamışdı. Halbuki bu adama «kobra» təxəllüsü daha çox yaraşardı, çünki Vaqif Yusifli istər Tofiq Abdindən, istərsə Rafiq Tağıdan on dəfə artıq sadəlövh deyil, nə etdiyini yaxşı bilir, asta basıb bərk kəsmək və saman altından söz sızdırmaq ustasıdır. Çünki AYB-nin tərkibində ola-ola eyni zamanda müstəqil olmaq, Tofiq Abdin sayağı, guya səmimiyyət dəryalarına baş vurub müstəqil yazar imajı qazanmaq xurafatına özünü qapdırmayıb, bu təşkilatın ən üst məqamında oturan adamın ağzından əsən küləyə görə özünü tarazlamağı yaxşı bacarır, Tofiq Abdin kimi, guya «öz sözünü demək» göylərində qanad çalmır, çünki AYB=də «öz sözü» ola bilməz. Söz bir dənədir.
Tofiq Abdinin hətta Vaqif Yusiflidən təzyiq görməsinin səbəbi budur.
Tofiq Abdinə «sənin o burnunun sol tərəfindəki xal haqı» demək təkcə bir dost zarafatı olsaydı dərdin dörddə biriydi, məgərsə bu sözlər AYB rəhbərliyinin ona olan münasibətini ifadə edirmiş, elə Tofiqin də dalağı burda sancıb, çünki bunları başa düşməkdən ötrü çox da arif olmaq lazım deyil.
Üstündən də nə desə yaxşıdır Vaqif Yusifli: «Bax, Tofiq, sən şer yaz, sənin o şerlərin gözəl şerlərdi. Sən şer yaz, sən köşə yazısı yazma».
Ondan sonra Tofiq Abdin çox dərin düşüncələrə dalıb, Vaqif Yusiflinin bu sözləri nə üçün söylədiyinin səbəbini axtarıb, ancaq tapa bilməyib, «Ədalət» qəzetinin keçən şənbə sayında özü də bunları etiraf edib.
Fəqət Tofiq Abdin ancaq özü ilə, öz eqosu ilə məşğul olduğuna görə ətrafında nələr baş verdiyinin fərqində deyil. Fərqində deyil ki, mənsub olduğu və sədaqətlə bağlandığı Yazıçılar Birliyində onun öz istedadını yeni tərəflərdən göstərməsi, sanballı, məhsuldar yazıçı kimi meydana çıxması heç kəsə lazım deyil, bu kimlərinsə şöhrətinə və böyüklüyünə perspektiv kölgələr sala bilər.
Tofiq Abdin başa düşmür ki, AYB-dəki öz sürüşkən karyerasını qoruyub saxlamanın yeganə yolu pis yazmaq və ya ümumiyyətlə yazmamaqdır.Tofiq Abdin onunçün və onunkimilərçün çəkilmiş cızığı görmür, bu çızıqdan bir az kənara çıxarsa şappadan bir xəbərdarlıq alır : «sənin burnunun sol tərəfindəki xal haqqı…»

AZƏRBAYCAN SƏRBƏST ŞERİNİN BANİSİ – MİKAYIL RƏFİLİ

Azərbaycan ədəbiyyatında sərbəst şerin ilk yaradıcısı və banisi kimdir? Bu sualın tək və danılmaz bir cavabı var – ədəbiyyat tariximizi saxtalaşdırmaq istəyənlərin dilə gətirməyə qorxduğu bir ad – Mikayıl Rəfili !
Onun 1929-cu ildə dərc elətdirdiyi «Pəncərə» adlı kitabın, azərbaycanlı müəllif tərəfindən dərc edilən ilk sərbəst şer kitabı olduğundan çoxları xəbərsizdir. Ümumiyyətlə, Mikayıl Rəfilinin 1936-cı ilə qədər 4 şerlər kitabı dərc olunub. bizə qədər gəlib çatan ədəbi irsi kifayət qədər zəngindir, bu əsərlərin təsadüfi xarakter daşımadığını, böyük şair ürəyinin əks-sədası olduğunu göstərir. O dövrün ideoloji-siyasi ziddiyyətlərini nəzərə alıb M. Rəfilinin nə üçün şer yaradıcılığını tərk edib elmi yaradıcılığa üstünlük verməsini təxmin etmək mümkündür. Görünür o, Stalinə və Leninə mədhiyyələr yazmaq şərti ilə yaradıcılığa davam etməyi öz izzət-nəfsinə yedirməmişdi. Lakin, elə bu qısa vaxt ərzində, proletkult dövrünün verdiyi sərbəstlikdən istifadə edib öz sözünü deyə bilmiş, sərbəst şerin əsaslarını yaratmış, Azərbaycan ədəbiyyatında yeni bir məktəbin əsasını qoymağı bacarmışdı. Ondan sonra ədəbiyyata gələn sərbəst şerçilərin (R. Rza və digərlərinin) yaradıcılığında Mikayıl Rəfili üslubunun təsiri və reminissensialar açıq-aşkar özünü göstərir.
Sovet dövründə zadəgan əsilli olduğu üçün adı pərdə arxasında tutulan Mikayıl Rəfili müstəqillik dövründə də öz əsl qiymətini almamaqda, sərbəst şer tarixinin onun adı ilə bağlanmasını istəməyənlərin mənəvi repressiyasına uğramaqdadır.
( Bu qeydlərin arxasınca həmin sayda Mikayıl Rəfilinin «Sərbəst şer haqqında ilk söz» məqaləsi dərc olunub )