Alatoran_header  
Jurnal > 2004/№1 > İradə Dəstərxanlı

Xoşum

Xoşum gəlir qırmızı güllü nəlbəkidən
uçan boşqablar haqqındakı elmi jurnallaprdan
Görməyə gözüm yoxdur
saçı jeleli insanları
söz soruşanda
cavab verməyə tələsməyən ağıllı qocaları.
Səhərlər yuxudan duranda
gümrah və təzə-tər oluram
mentollu saqqız çeynəyib gərnəşirəm
iştahama söz ola bilməz
əsəblərimə top vursan dağılmaz
maşınların siqnalında rahatca yata bilirəm
özüm haqqında yazılan felyetonları
həvəslə oxuyuram.
Əllərim və ayaqlarım adətən isti olur
macəralar yaxamdan əl çəkmir
gördüyüm yuxular çin çıxır
ayda bir dəfə
bəzən də tez-tez qarnım gedir.
Tale mənə qarşı amansızdır.
Cinsi əlaqələrimdəsə hər şey yerli-yerində.
Hərdən evdən qaçmaq ehtirası qəlbimi sarır.
Hərdən dəlicəsinə gülürəm
gülüşümü saxlaya bilmirəm
tutmam tutandan-tutana öskürürəm.
Nə edim
heç kəs başa düşmür məni
hərdən elə gəlir ki, yaxşı rəqqas ola bilərdim
başa düşürəm artıq gecdir
yeganə çıxış yolum damarımı kəsməkdir
ona görə də mübahisələrdən uzaq qaçıram.
Havalar düzələn kimi
özümə çətir alacam.

Ulduz-ulduz

Təzə ay çıxdı
köhnədən ulduz qayırdıq
hər yoldan ötənin yaxasından
birini asdıq
yarpaqları yolub yerinə ulduz yapışdırdıq
o qədər ulduz vardı ki,
saçımıza vurduq
yanağımıza, bir azını da
paltomuzun yaxasına səpişdirdik
sonra itləri pişikləri də ulduzladıq
bir az havaya fısqırtdıq
göydə uçan quşlar da ulduzlandı
uçaqlara doldurub buludların üstünə səpdik
şəhərimizin üstünü ulduzlu buludlar aldı
bu qədər ulduzla nə edək
yeməyə səpdik
suya səpdik
iş o yerə çatdı ki,
danışanda ağzımızdan buxar yerinə
ulduz seli çıxmağa başladı
ayaq basdığımız bütün yerlərə
ulduzlu izlər düşdü
kirpiklərimizi çalanda ulduzlar çırpıldı biri-birinə
neçə dünya dağıldı yenə
ulduz-ulduz olub
töküldülər yerə.

Zombi

Kim deyir ki sən adisən?
Sən nadirsən
birdənəsən
ekolsan
Dünyada yeganə varlıqsan
özündən başqasını düşünmürsən
hansı tavaya düşdüyünün
fərqində deyilsən
Tez barışansan
dirənmək damarın yoxdur
boynuyoğun zombi –
sən azərisən

Bir sevgili

Bir sevgili arayıram özümə
cibi boş olsa da olar
əlindən heç bir iş gəlməsin
xəyanətdə pərgar olsun
binamus
nəşəxor
arada qumara qoysun məni
Vətən qurşağından aşağı
açığı
oğraşın yekəsi
evimə gəlin gətirim
bəsləyim
özü kimi ibnələr doğum ondan
millətin sayını artırım…
Bir sevgili arayıram özümə!

Sən

Sən
arağını iç
kababını ye
laqqırtı vur
siyasətə gir
bazlıq et
adam sat
pul qazan
Arağını iç
kababını ye
qarnın yekə olsun
dişini qurdala
gəyir
yaltaqlığı əldən qoyma
haqqa arxa çevir
arağını iç
kababını ye
şərəfsizlik et
gözü kölgəli ol
xalqa dərs keç
həm də millət dərdi çək
Arağını iç
kababını ye
rüşvətini al
hamıya kəf gəl
dosta badalaq vur
deputat ol
arağını iç
kababını ye
yaşa
millətin ziyalısı
qabaqda gedən zəncirli
ad al
şöhrətə çat
sonra xalqa tüpür
Arağını iç
poxunu ye…

Paçabeyinlər

Heyvərə azərbonlar
ağızlarının suyunu axıdarlar
yekə qarınlı
eşşək başlı
satqınlıq yağar üzlərindən
bir qaş oynatmasına hər şeyini satar
Vətən umurlarında deyil
mənim kimi bir yoldan ötən
çıxara bilər onları yoldan
istəsəm boyunlarına xaç da asarlar
qadın onlar üçün hər şey deməkdir
beyinləri paçalarının arasında
bizim namus dağarcığı kişilər.

Hər zaman hər yerdə

Hər zaman
hər yerdə
günün günorta çağı
gecə yarısında
sübhün alatoranında
yaşıl otlar üzərində
ipək yataqda
iki qapı arasında
quruca döşəmədə
avtomobilin arxa oturacağında
təyyarə salonunda
meteor axışında
ay işığında
bulvarda
taxta iskəmlənin üstündə
pambıq tarlasında
səhər yeməyindən əvvəl
axşam yeməyindən sonra
internet klubda
oxu zalında
çox canlı
və həyəcanlı olur
şer yazmaq
hər zaman
hər yerdə…

Bzik

Bizim yazarlar
bezib yazarlar
dodaqlarını
büzüb yazarlar
həm ədəbiyyatbaz
həm əbədiyyətbazdılar
gündüz gördüklərini
gecə yazarlar
yazarkomlar
yazarbaycanlılar
yazısıçılar birliyi
yazısuçlular
bizim yazarlar
qəlyan çəkib
cırt atar
millət deyib xalq deyib
milləti xalqı satar
yuxarıya yalaq
aşağıya dalaq
bizim
bizimtil
bzik yazarlar…

Kötük

Başı kəsik gözəl kötük
şer nədir bilməzsən
boğazından daşar köpük
şair deyil məzəsən.
Dili kəsik gözəl kötük
kötüklüyün mübarək olsun
satıldıqca ucuzlaşdın
qəpikliyin mübarək olsun.
Şərlə şer bir arada
yürüməz bunu bilmədin
şərlə saziş bağlayıb
yaramazlıq elədin.
Sən bulunan ucalıqlar
bilirsənmi hardadır? -
üstündə qəlyan çəkən
çirkli ayaqlardadı.

Ehey, qardaşım!

Hava qurşun kimi ağır
bağır bağır bağırıram
gəlin
sizi yaltaqlığa çağırıram–
sən yalamasan
                      mən yalamasam
                                              biz yalamasaq
necə çıxar
qaranlıqlar aydınlığa?
Ehey
qardaşım
bu millətin axırı gəldi
qaranlıq zülmət bürüdü hər yanı
gəlin
çıxmadan canı
qurtaralım bu Vətəni -
sən oğraşlıq etməsən
                      mən oğraşlıq etməsəm
                                              biz oğraşlıq etməsək
necə çıxar
qaranlıqlar aydınlığa…?

Mənim misyonum

Mən qurd kimi
gəmirərdim postmodernizmi
izmlərə qarşı yoxdur hörmətim
Gecələr düşüncələrə dalıb ay işığında
yazardım ayı aşığından –
mənim misyonum uydurmasyon!
Mən qurd kim gəmirərdim
Yazarlar Ocağını
yalançı və
qondarma bir yazar olduğumu
aləmə yaydılar –
içqırağım içimdə qaldı
şöhrətim azaldı…

Həmcinslərimə

Utancaqsız, üzüyolasız
qəlbiniz nazikdir
təbiniz incə
dərd çəkməyə amadəsiz
hər şeyi ürəyinizə atarsız
ərinizdən kötək yemək xoş gəlir sizə
doğmaq, bala verməkdir işinizin adı
paltar yumaqda
aş bişirməkdə pərgarsız
orqazm nə olduğunu bilmirsiz
itaətkar müti boynubüküksüz
yaxşı şerlər yazırsız nakam məhəbbətlərdən
daşa dəymiş arzulardan
aldadıb atıblar sizi hər zaman
ancaq hələ də yaxşılıqların tükənmədiyinə
sizi eyş-işrət aləti kimi görməyən
adamların varlığına axmaqcasına inanırsınız
maygülülər
mənim sevgili bacılarım
ərinizin şalvarını yaxşı ütüləyin
məşuqəsinin yanında xar olmasın
tərs danışıb keyfini pozmayın
evdən gülərüzlə çıxsın
yeni tanışlıqlara
yeni xəyanətlərə gedərkən
üzündə təbəssüm olsun
siz evdə qalıb çərləyin
pəncərədən boylanın həyətə
və həyata
alnınız qırışdı
üzünüz bürüşdü
saçınız dən-dən oldu
xəbəriniz yox
süd daşdı qoymayın
uşaq altına qaçırtdı
siz buna layiqsiniz
çünki utancaq və üzüyolasınız
təbiniz incədir
gözünüzün yaşı
ovcunuzun içindədir.

Öhö, öhö, öhö…

Bu gün maşina minəndə
kalqotkam ilişdi dəmirə
dişimin dibindən çıxanı dedim sürücüyə
allahdan səsini çıxartmadı
yoxsa kablukumla deşəcəkdim təpəsini
canım çıxdı iki dayanacaq yol gedincə
Nazpərinin kasetini oxudur hərif
sanki bu bayağı mahnıları
dinləməyə məcburdur sərnişinlər
amma sərnişinlər də quzu kimi
yox, yox, çaşdım
əsl qoyun kimi
səslərini çıxartmayırlar
səbrim tutmadı
kəsdirdim maqnitofonun səsini
ancaq öz səsim də kəsildi
bir yandan siqaret bir yandan eqzos
öhö, öhö, öhö…
sürücü ho-ha, ho-ha kimi anladı
maşını saxladı
mən də düşüb getdim
heç pulunu da vermədim.

Ay mən deyənlər

Nə sırtıq adamlarsınız
hələ bir şer də oxuyursunuz
şerdən başı çıxan adamlar kimi
üstəlik dodağınızı da büzürsünüz
vallah sizin kimi heyvərə ələ düşməz
qorxaq kəlpeysərlər
şeri ortadan başlamazlar
ay mən deyənlər
gah fotoya baxırsız
gah soyadıma
bəlkə qəzeti dişləyəsiz
ay soytarılar
a kütbeyin ibnələr
şer oxumaq sizin haranıza yaraşır
gedin qarnınızı qaşıyın
yaltaqlıq edin
adam satın
oğraşlığı boynunuza götürün
ölün
yerə girin
ancaq lütfən şer, sənət işini
onun əsl sahiblərinə buraxın…
nə sırtıq adamlarsınız
axıra qədər oxumasanız canınız çıxar
ay bic vələdüzzinalar!

Qadın işi

Axı heca vəznində
qafiyəli şer yazmaq qadın işidir
Gülməyim tutur
qəzet səhifələrində qafiyəli şer dərc elətdirən
kişiləri görəndə –
qafiyələrin sayı
onların canındakı qadınlığın miqdarını göstərir –
dişi hormrnların ağır basdığı bu insanlar
öz qəbahətlərini ört-basdır etməkdən ötrü
qalstuk taxarlar
ətim tökülür qalstuklu şair görəndə.
Ağlınız əski zamanlara getməsin
klassiklərin qafiyəli şer yazmasını misal göstərib
özünüzə təsəlli verməyin
əski zamanlarda
sərbəst şerin nə olduğunu bilən yox idi
üstəlik
qadınların görməli olduğu bir çox işlər kimi
şer yazmağı da inhisara almışdı kişilər.
Odur ki sərbəst vəzn meydana çıxar-çıxmaz
məsələn Nazim Hikmət kimi
erkəklik qanı üstün olan insanlar
qafiyədən, hecadan bilmərrə əl çəkdilər.
Gülməyim tutur
bizim qafiyə oynadan kişiləri görəndə
çünki xəbərləri yoxdur
bir azdan döşlərinə süd gələcəyindən.