Alatoran_header  
Jurnal > 2004/№1 > Yumor

***

Yazıçı öz oğluna:
- Səni ona görə döymürəm ki, dostunu satmısan, ona görə döyürəm ki, ucuz satmısan.

***

Gənc şair Dəmrov Qopar tənqidçi Tehran Əlişanoğludan soruşur:
- Tehran müəllim, sən çox kitab oxumusan, Freydin təhtəlşüur nəzəriyyəsini necə başa düşmək olar?
- Ee, oğlum, səni necə başa salım, məsələn qələmi götürüb yazırsan: «Yazıçılar Birliyinə eşq olsun!», ürəyinin dərin qatlarında isə deyirsən: «Yaşasın AYO!»

***

Uşaq kafedə bir kişiyə yaxınlaşır:
- Əmi, yəqin ki, sən də AYB-nin üzvüsən?
- Hardan bildin?
- Mənim atam da çayı bıçaqla qarışdırır.

***

Tənqidçinin etirafı:
- Şair olmaq istədim – ola bilmədim, yazıçı olmaq istədim – bacarmadım. Məcburən tənqidçi oldum.

***

İki yaşlı yazıçı rastlaşır:
- Yazıçılar Birliyinə gedirsən?
- Yox, Yazıçılar Birliyinə gedirəm.
- Get, elə bildim Yazıçılar Birliyinə gedirsən…

***

Xeyrəddin Qoca qara rəngdə təzə maşın alır, açarlarını oynada-oynada Yazıçılar Birliyinin pilləkənləri ilə qalxarkən Tofiq Abdinə rast gəlir.
- Nə oldu, maşın aldın? – Tofiq soruşur
- Hə, aldım.
- Nə rəngdədi?
- Ət rəngində – deyə cavab verir Xeyrəddin Qoca.

***

İki bayquş söhbət edir, biri o birinə deyir:
- Qızımı sənin oğluna verərəm, ancaq bir şərtim var, gərək məni Yazıçılar Birliyinə üzv yazdırasan.
- Sən darıxma, – o biri bayquş deyir – nə qədər ki Anar müəllim AYB-nin sədridir, sənin bütün sülaləni bu təşkilata qəbul etdirmək mənim boynuma.

***

Ana yeniyetmə oğlunun əlində Anarın kitabını görüb:
- Anarizmlə məşğul olmaqdansa, get dərslərini oxu.

***

Gənc qız (rus) azərbaycanlı ilə eyni kupedə getməkdən qorxur. Oturub tir-tir əsir. Azərbaycanlı öz aləmində, kitab oxuyur – Ramiz Rövşənin şerlər kitabını. Qızın qorxduğunu görüb heyrətlənir:
- Devuşka, tı zaçem boişsya? Xoçeş ya tebe «İlan balası» pokacu?

***

Bitün milçəklər AYB-yə tərəf uçur.

***

İki xalq yazıçısı qatarda (metro) rastlaşır:
- Sən hara gedirsən?
- Yazıçılar Birliyinə.
- Mən ordan gəlirəm.

***

İki yaşlı yazıçı söhbət edir, biri o birinə deyir:
- Bir ayağımız burda, bir ayağımız gorda. Gərək mən sənə qarşı olan günahlarımı etiraf edəm. Yadındadı, 1937- ci ildə səni 15 il basmışdılar? O poxu mən yemişdim. Türmədən qayıdandan sonra da səni Yazıçılar İttifaqındakı işindən çıxarmışdılar – donosu mən yazmışdım.
- Mən də sənin qarşında günahlarımı yumaq istəyirəm – o biri yazıçı deyir. – Sənin o oğlun var ha, Xəlbir, onu yaxşı tanıyırsan?
- Əlbəttə, bütün ömrümü ona həsr eləmişəm.
- Bax, o zibili də mən qaynatmışam.

***

Yazıçılar cəhənnəmdə görüşür. Biri-birlərinə nə üçün cəhənnəmə düşdüklərini danışırlar:
- Mən öz yazıçı dostumu satdım…
- Mən istibdada boyun əydim, mədhiyyələr yazdım…
- Mənsə…, mənsə nə satqınlıq etdim, nə mədhiyyə yazdım, yalnız Yazıçılar Birliyinə üzv olduğuma görə indi sizinlə birlikdə cəhənnəm oduna yanıram.

***

Yazıçılar Birliyində toplantı. Anar müəllim gənc yazıçılarla məşvərət keçirir:
- Biz istəyirik AYB üzvləri arasında şahmat birinciliyi keçirək. Qaliblər üçün mükafat da nəzərdə tutmuşuq.
Gənc şair Dəyanət Osmanlı etiraz edir:
- Nə üçün şahmat birinciliyi, olmazmı elə bədii əsərlərin, yazıçıların birinciliyini keçirəsiniz?
- Bədii əsərlərin və yazıçıların hansı birinciliyindən danışmaq olar, - Anar müəllim tələsmədən qəlyanına bir-iki qullab vurur, - yaxşı əsərlər olub, onları da biz yazmışıq.

***

Monqolustanlı iki gənc şairə rastlaşır:
- Necə oldu ki sən Yazıçılar Birliyinin üzvü oldun? – biri o birindən soruşur.
- Sadəcə, gənclərlə iş üzrə katib Qaadamba Udvaldan vestibüldə minet götürdüm, vəssəlam.
- Mən də götürərdim, - o biri rəfiqə deyir, - ancaq vestibülün nə olduğunu bilmirəm.

***

Gənc yazıçı həkimin qəbulunda:
- Doktor, axır vaxtlar çox yazmağa başlamışam…
- AYB-yə üzv ol keçib gedəcək.

***

«Ulduz» jurnalının redaktoru Ələkbər Salahzadədən soruşurlar:
- Nə üçün jurnalda daha çox qocaların əsərlərini dərc edirsiniz?
- Biz onların gənc yaşlarda yazdıqlarını dərc edirik də…

***

Molla Nəsrəddin səfərə hazırlaşırmış. Bütün qonum-qonşu yığışıb hərə bir şey sifariş verir, mənə filan şeyi alarsan deyir, ancaq heç kəs pul vermir.
Bu zaman balaca Vaqif Cəbraylzadə yaxınlaşıb Mollaya 20 qəpik uzadır:
- Əmi, mənə bir cüt qanad alarsan.
Molla pulu alıb deyir:
- Sən uçdun!

***

- Hə, - Zahir Əzəmət deyir, - «Nəfəs» qrupunun AYB ilə heç bir problemi olmayacaq.
- Elə niyə? – dostları soruşur.
- Çünki Anar müəllim lənkəranlıdır.
- O haradan çıxdı?
- «Ağ limon» əsərini oxumamısınız?

***

Tehran Əlişanoğlu metroda gedərkən bir yadplanetli ilə tanış olur. Söhbətə başlayırlar. Arada bir yadplanetli barmağının ucu ilə Tehrana toxunub «bzıt» deyə bir səs çıxardır.
- Sizin planetdə də Yazıçılar Birliyi var?
- Əlbəttə var, elə şey olar ki, olmasın? Bzıt!
- 60-cılar ədəbi nəsli necə, o da var?
- Var, əlbəttə var. Bzıt!
- Ədəbi tənqid də varmı?
- Bəs mən bayaqdan nə edirəm? Bzzıt!

***

Əkrəm Əylisli Naxçıvan hava limanında kassaya yaxınlaşıb Bakıya «tuda-obratnı» bilet istəyir.
- Yeni il qabağı olduğuna görə biletlərimiz satılıb.
- Elə isə Naxçıvandan Gəncəyə bir bilet.
- O da qurtarıb.
Əkrəm çaşqınlıq içərisində nə deyəcəyini bilmir:
- Daha keçib, Əylisdən Əylisə…

***

Günlərin bir günü İntiqam Qasımzadə dənizin kənarında oturub roman yazmağa hazırlaşırmış. Qələmi əlinə alıb elə ilk cümləsini yazmışdı ki, birdən dənizdən bir su quşu «pırr» edərək uçur, İntiqamın ilham pərisini ürküdür.
- Canım ay su quşu, - İntiqam dərindən nəfəs alır, - onsuz da heç bir şey yazmaq istəmirdim – deyir.

***

Mə… məşhur ya… yazıçı Çi… Çingiz Ab… Abdullayevin so… so… son ki… kitabı çıxdı: «Qə… Qəbirəstanlıqda mə… məhəbbət» ( Ay zalım yazıçı, adam belə qorxulu kitab yazar? Tənqidçi olanda, durub indi ölməli deyilik ki…)

***

«SİMVOLİSTİN SƏRGÜZƏŞTLƏRİ» silsiləsindən

Simvolist şair Vaqif Səmədoğlu yeməkxanaya girib «yeməyə nəyiniz var?» demək əvəzinə «qarnımın qurdunu nəylə öldürə bilərəm?» şəklində bir sualla qarsona müraciət edir. Tərslikdən qarson realist çıxır, ona antibiotik gətirir. Şair qeyzlənir:
- Mən sənə başqa şey söylədim, toqqamın altını bərkitmək üçün bir şey istədim.
Qarson əlüstü bir kitab gətirir:
- Alın, bunu toqqanızın altına qoyun bərkiyəcək – deyir.
- Ay canım, - Səmədoğlu özündən çıxır, - sən azərbaycanlı
deyilsən? Mən başımın üstünü düzəltməyə gəlmişəm e, başa düşdün?
Qarson günahkarcasına dilənir:
- Hə, başa düşdüm, ancaq səhv gəlmisiniz, bərbərxana o biri tərəfdədir.

***

Simvolist Vaqif Bayatlı realist bir dostu ilə turist səyahətinə çıxırlar, çadırlarını qurub yatırlar. Gecəyarı dostu Vaqifi dümsükləyib yuxudan oyadır:
- Vaqif, göydəki ulduzlara bax və de görüm bundan nə məna çıxarda bilərsən?
- Mən göy üzündə milyonlarla ulduz görürəm, əgər onlardan ən azı bir faizinin ətrafında planet varsa, demək bizim Yer planetinə bənzəyən bir planetin olması şübhəsizdir və orada insanlar yaşayır...
Bu yendə dostu Vaqif Bayatlının sözünü kəsir:
- İndi bildim ki, sən əsl simvolistsən, çünki başımızın üstündəki çadırın oğurlandığını görmünsən.

***

Yazıçı Rafiq Tağı bağ evində dincəlirmiş, novbəti məqalənin qaralamasını bitirib ağlamaya köçürməyə hazırlaşırmış. Bu zaman kiçik oğlu həyəcanla onun kabinetinə daxil olur:
- Ata, tez gəl, evimizə oğru girib!
Rafiq təmkinini pozmadan:
- Ay bala, mən burada qlobal dünya məsələləri üzərində baş sındırıram, bir oğru nədir ki, indi duram ona baş qoşam.

***

Tofiq Abdinlə Ələkbər Salahzadə dəniz sahilində istirahət edirlər. Bir ara Tofiq suya dalır, Ələkbər suyun altından «bul», «bul» səslərini eşidib onun boğulduğunu zənn edir, dərhal özünü yetirib Tofiqi sudan çıxardır:
- Bax görürsən, mən olmasaydım boğulacaqdın, tak şto, bundan sonrakı həyatını mənə borclusan – deyir.
- Yox canım, nə boğulmaq, - Tofiq etiraz edir – mən sadəcə suyun altında «İstanbul», «İstanbul» deyirdim.

***

2001-ci il fevral ayının 26-da axşam saat 21-də Anar, Fikrət Qoca və Ramiz Rövşən İstanbul Boğaziçi fransız «Marşal» restoranına daxil olurlar. Sonradan Sabir Rüstəmxanlı da onlara qoşulur. Qonaqlığı Ramiz verdiyinə görə qarsona səslənir:
- Yeməyə nəyiniz var?
- Qurbağa raqusu, tısbağa qiyməsi, tarakan çığırtması bir
də ilan…
- Nə isə, sən bizə dörd porsiyon «İlan balası» ver – Ramiz Rövşən narazılıqla dillənir.

***

Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Ulduz» jurnalının redaktor müavini Ağacəfər Həsənli «525-ci qəzet»də dərc elətdirdiyi məqaləni («Qaşınmayan yerdən… bir neçə kəlmə») götürüb tez tələsik görkəmli yazıçı, istedadına heç kəsin şübhə etmədiyi, ancaq eyni zamanda boş vaxtlarında Qaz Emalı Zavoduna da rəhbərlik edən Hüseynbala Minələmovun yanına qaçıb ki, bəs görürsünüz də sizi Nord-Ostdan xilas etmişəm.
Yazıçılıqdan və bütün yazıçılardan cana doymuş Hüseynbala müəllim əlini cibinə atıb «Xəcalət» romanının bir nüsxəsini paketin arasında Ağacəfərə uzadıb.
Ağacəfər:
- Əşi, nə «Xəcalət» verirsən? – deyibsə də Hüseynbala müəllim alicənablıqla paketi onun cibinə basıb:
- «Xəcalət»li düşmənin olsun.

***

Dostluq şarjı

SABİRANƏLƏR

Sual – Cavab

- Şəhri-məlumunuzun vəzü qərarı necədir?
- Həmdülillah, necə görmüşdüsə Nuh oyləcədir!

- Varmı bir tazə nəfəsli yeni məfkurə yazan?
- Kəsərik səslərini, heç verərikmi biz aman!

- Yenə Anarmı AYB-nin sədri?
- Varmıdır o yerə layiq de görüm başqa biri!

- Yazıçı Elçinə növbə çatacaqdırmı barı?
- Onu sən özlərinə sor da, mənim yox xavarım!

- Pəki, «Ulduz»da yenə həmən Salahzadədimi?
- Köhnə yaranı qazıtmaq bu qədər sadədimi?

- Tofiq Abdin əcəba, qayıtdımı Türkiyədən?
- Cismi gəldi, hələ ki səsi gəlir o ölkədən!

- Gənc yazarlara ağam, varmıdı bir qayğı-filan?
- Guya vardır, amma ki, hammısı qondarma yalanq!

- AYB-ni yenidən qurmağa dair danışırsızmı barı?
- Danışır bir paramız, leyk boğazdan yuxarı!

- Para ayırdımı dövlət, Tərcümə Mərkəzinə?
- Bicəhənnəm ki ayırmaz, dəxi ondan mənə nə?!

- Edəcəkmi mədəniyyətdə bir inqilab AYO?
- Nə dedin, küfr danışdın, cıraram ağzını, yum!

- Sözümü geri götürdüm, məni əfv et gedirəm…
- Bicəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?!
Buna bax, ağzına bax, surəti-idbarına bax!
Başının şapkasına, etdiyi göftarına bax!…

Lahövlə vəla

Vay, vay, nə yaman müşkülə düşdü işim allah!
Fəryadıma yet kim, yanıram atəşə allah!

YB-yə göz dikmədədir bir neçə bədxah,
İstəməzlər olalar yaşlıları taği və gümrah,
Harda qaldı o sovetlər dönəmi ah, aman ey vah?
Lahövlə vəla qüvvətə illah və billah!

Ax, ay keçən illər nola bir də dolanaydı,
Yenə şairləri sürgünlərə göndərmək olaydı,
O zamanlar yazar olmaq, kül üfürmək nə qolaydı,
Məddahlıq ilə ad qazanıb, orden alaydıq…

İndi gecələr düşüncəyə dalmağa urcah!
Lahövlə vəla qüvvətə illah və billah!

Bir ildi, bir az çox da olur, yoxdu damağım,
Nə çatır əlim bir işə, nə gedir ayağım,
Cingildəyir, allah da bilir, indi qulağım
AYO adı gəlcək əriyir ürəkdə yağım…

Nə faydası var, gündə çəkəm yüz kərə ah, ah?!
Lahövlə vəla qüvvətə illah və billah!

mAYOnezlər

(müasir atalar sözləri)

- Yazıçıya «köç» dedilər, qələmi qulağına taxdı.
- Şairə gəl-gəl deyən çox olar, əsərini çap edən az.
- AYB-yə baxıb fikir eləməkdənsə, AYO-ya bax şükür elə.
- Gənc yazıçının könlü AYB-də idi, it də qovdu oraya saldı.
- Kələfin qafiyəsini itirib.
- Yeddi şairlə bir dərədə qalmamışam ki?
- Yazarın sözü bir olar.
- Talantsız şairin tükənmək qorxusu yoxdur.
- Keçəl ölür – uzunsaçlı olur, şair ölür – modernist.
- Yazarla yoldaş ol, tənqidi əldən qoyma.
- Yaxşı yazıçı ol, vur sərnici dağıt.
- Dəvə Məkkəyə getməklə hacı olmaz, AYB-yə girməklə yazıçı.
- Yanıltmac: «Şüurlu şairin şüarı – şer şərdir!»
- Düz yerdə yeriyə bilmir, sərbəstdə şer yazır.
- Ev buzovundan yazıçı olmaz.
- Elçisi V. Yusifli olanın, işləri təəssüflü olar.
- Dünyanı iki Qocaya verdilər, bölüşdürə bilmədi.
- Eşşək çox yazmaqla tövləbaşı olmaz.
- Əvvəl AYB-yə gir, sonra bərəkallah de.
- Əli açıq yazarın üzü ağ olar.
- Ağac incəlikdən sınar, yazar yoğunluqdan.
- AYB-nin verdiyi yabının dişinə baxmazlar.
- Yazıçılıq ondur, doqquzu yaltaqlıq.
- Yazıçının min oyunu var, bir təqaüdün başında.
- Yazıçılıq et, deputat olanacan.
- Gecə qara, Qoca qara.
- Tənqidçi tənqidçini tənqid etməsə ürəyi partlar.
- Şair yaxını otlar, uzağı gözlər.
- Mərdi qova-qova təqaüdə saldılar.
- «Ulduz»da çap olunma, qoy yesin aslan səni.
- Mələməyən şairə təqaüd verməzlər.
- Daldan atılan daş Tofiqə dəyər.
- Yazarın gözü yazarı götürməz.
- 1027 AYB üzvü yol gedir, hamısı da deyir; bir adam olmadı ki söhbət eləyim.
- Gözü göy, saqqalı sarı, dişi seyrək yazardan qorx.
- Naxır buzovundan şair olmaz.
- Oğru şairdən şir olmaz.
- Yazara buynuzu yük deyil.
- Şair təqaüd almasa AYB-yə girməz.
- Ölmə şairim, Bakı – Ceyhan kəməri çəkilincə.
- Yel AYO-dan nə aparar?
- Kəbəyə gedən hacı olar, AYB-yə girən yazıçı.
- Suyun lal axanı, yazarın yerə baxanı.
- Yazar bazara gedər, sanki məzara gedər.
- Şair şairliyini isbat edincə dərisi boğazından çıxar.
- Aşıq qoşması ilə yar sevilməz.
- Şairin zəhləsi qafiyədən gedər.
- Nə şerini istəyirəm, nə şərini.
- Yazarlar başdan iylənər.
- Bal olsun, milçəyi Neftçaladan gələr.
- Simvolist toyuğun yumurtası ikisarılı olar.
- Burnu fırtıqlı şair buynuzu burma qoç olar.
- Qəbul olunmayan şairə «amin» demə.
- Qəssab çox olanda əsər haram olar.
- Yazarın yazardan zəhləsi gedər.
- Şairin toyuğu şairə qaz, qafiyəsi saz görünər.
- Yazıçıdan çoban olmaz.
- Deyirəm «şairəm», deyir «vardan-dövlətdən nəyin var?»
- Dəvə yukü kitabın olunca, zərrəcə ağlın olsun.
- Dəli, bir qafiyə bilər.
- İki yazar bir budağa qonmaz.
- İki şairin başı bir qazanda qaynamaz.
- Şairin adını eşit, üzünü görmə.
- «İlan balası»na yumşaqdır deyə əl sürmə.
- Şair qulağından (tərifdən) kökələr.
- Simvolist simvolistin ayağını tapdamaz.
- Ac şair yuxusunda təqaüd görər.
- Simvolist istədi modernist yerişi yerisin, paçası aralı qaldı.
- Axmağa üz vermə, yazara söz.
- Alçaq şairə ilham gəlməz.
- Yaxşı şairin səsi Parisdən gələr (Sena çayının sahillərindən).
- Yazar yazara mayonez göndərər.
- Yorğanına bax, şerini yaz.
- Şam əgər yanmırsa,… demək deputat seçilib.
- Üç şeyi qovarsan bir də qayıdar; qaraçını, milçəyi, bir də şairi.
- Ölünü öz xoşuna qoysan, deyər; məndən yaxşı yazıçı yoxdur.
- Üzdə yazar, dalda həzər.
- Gedim, ya qalım – budur məsələ, AYO-nun amansız suallarına cavab budur, bu!
- Yaltaq yazıçı nə qazanar, nə ziyan edər.
- Talantsız yazıçı oturub-durub yazmağın feyzindən danışar.
- Şöhrət duzlu su kimidir, içdikcə susadır.
- Yazarı tamah çökdürər.
- AYO nə kiçik, gördüyü iş nə böyük.
- Az-az yaz, həmişə yaz.
- 60-cılar köçər, AYB qalar.
- Şairlik bir dəryadır, yaltaqlıq bilməyən tez boğular.
- Simvolistdən doğru xəbər?
- AYB-yə gücü çatmır, AYO-nu döyür.
- Yazan şair dayısına baxmaz.
- Qazan oddan qızar, yazar sözdən.
- AYB içindən alınar.
- Eşşək nə bilir postmodernizm nədir.
- Gənc yazarın evi olmaz.
- Gənc yazarın quyruğu paçasının arasında olar.
- Gənc yazarın boynu uzun, dili qısa olar.
- Boyu balaca olsa da şeri uzundur.
- Yazar başını AYB-yə soxar, elə bilər görən yoxdur.
- Gənc yazar yaza çıxar, yamanlıq AYB-yə qalar.
- Yazara qırxılıq qoyulanda tənqidçinin gözü yaşarar.
- Şair çobansız olmaz.
- Şair can hayında, tənqidçi postmodernizmdən danışar.
- Belə qorxursan AYO-dan, niyə çıxırsan yuvadan.
- Şairi şairin yanında bağlasan, şair olmasa da simvolist olar.