Alatoran_header  
Jurnal > 2004/№2 > www.alatoran.org - müstəqil ədəbiyyat saytıdır

Azad Yazarlar Ocağı daha bir ilkə imza atdı, özünün şəbəkə əlavəsini yayınlamağa başladı. Yarandığı ilk gündən bəri çağdaş ədəbiyyatımızın avanqardı missiyasını müvəffəqiyyətlə yerinə yetirən bu təşkilat respublikamızın ədəbiyyat qurumları içərisində ilk dəfə olaraq özünün internet versiyonu ilə dünyaya açıldı.
Azad Yazarlar Ocağı müstəqil ədəbiyyat qurumu olaraq bu aksiyası ilə növbəti dəfə, alternativ sayıldığı Azərbaycan Yazıçılar Birliyi qarşısında daha bir üstünlüyünü nümayiş etdirərək internet məkanında birincilik qazandı. Açıq Cəmiyyət İnstitunun (Soros fondunun) maliyyə dəstəyi ilə formalaşan «alatoran.orq» saytı, yeni nəsil ədəbi qüvvələrin qələmindən çıxan bədii əsərlərə qlobal dünyanın ayrılmaz bir parçası olmaq şansı tanımaqdadır. Bu günə qədər ana dilimizdə mövcud olan «yenisi.net» ədəbiyyat saytından fərqli olaraq «alatoran.orq» açıq cəmiyyət prinsipləri ilə formalaşan, müstəqil, yeni düşüncəli yazıçıların təmsil olunduğu yaradıcı bir təşkilatın virtual məkana daşınmısı nöqteyi-nəzərindən fərqlilik kəsb etməkdədir. İlk dəfə, bəli məhz ilk dəfə özünün estetik hədəfləri, ədəbi manifesti olan, müstəqillik dövrü ədəbiyyatımızın ən populyar imzalarının təmsil olunduğu bir ədəbi qurum, nəhayət elektron versiyonu ilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza xitab etməkdədir. Ayrı-ayrı yazıçılarımızın fərdi saytları ilə müqayisədə alatoran.orq ədəbiyyatda şəxsi ambisiyalarla uzağa getməyin mümkün olmadığını, yazıçıların birgə fəaliyyəti olmadıqca dünya beyninə qoşulmaq imkanlarımızın məhdud dairədə qalacağını sərgiləməkdədir. Özünün bu aksiyası ilə Azad Yazarlar Ocağı digər ədəbi qurumlara fərdi maraqlar xaricində də bir ədəbi təşkilatlanmanın mümkün olduğu nümunəsini göstərməkdədir.
Alatoran.org səhifələrində bu gün çağdaş ədəbi prosesdə özünün danılmaz təsiri ilə imzalarını təsdiq etmiş yazıçıların bədii əsərləri ilə yanaşı olaraq ədəbi-tənqidi məqalələrə, təsviri sənət əsərlərinə də geniş yer verilmiş, Azad Yazarlar Ocağının nəşrləri; «Yaquar Yerişli Zaman» almanaxı, «Alatoran» curnalı bütöv şəkildə öz əksini tapmışdır. Bunlardan başqa, istə yurdumuzda, istərsə də yurd dışında yaşayan ədəbiyyatsevərlərə çeşidli mövzular ətrafında geniş yelpazədə müzakirələr aparmaqdan ötrü açıq forum təklif edilməkdədir.

Təhminə Rzayeva