Alatoran_header  
Jurnal > 2004/№2 > Çərçi və Siz

Cəlilabad rayonunda yaşayan gənc ədəbi qüvvələrin təmsil olunduğu «Çərçivəsiz» ədəbi qrupu «Çərçi və Siz» dərgisinin növbəti sayını dərc etmişlər.
«Çərçivəsiz» daha bir çərçivəni də qırmağa iddialıdır: əyalətdə yaşayaraq da böyük ədəbiyyat yaratmaq, ədəbi curnal buraxmaq, ən azı ədəbiyyatla nəfəs almaq mümkündür.
Dərginin ilk səhifələrindəcə tanış ola biləcəyiniz «Əlirzasayağı kserokopiya, yaxud sevgi psevdoşerləri» tənqidi məqaləsinin müəllifi Samir Bulut son dərəcə oricinal bir üslubla Əlirza Həsrət yaradıcılığını süzgəcdən keçirir, professional ədəbiyyat orqanlarında rast gələ bilməyəcəyimiz bir oricinallıqla bir şairin yaradıcılığını çox incə məqamlarına qədər təhlil edir. Məsələn, aşağıda gətirdiyimiz nümunədən görə biləcəyiniz kimi, ədəbi statistikaya çağdaş tənqidimizdə qolay-qolay rast gəlmək mümkün deyil:
«… «Edam Çiçəyi» kitabının nə qədər kasıb söz ehtiyatına malik olduğunu görməmək mümkün deyil. Müəllif 102 şerdən ibarət olan kitabında; 69 dəfə «göz», 57 dəfə «eşq», 53 dəfə «çiçək», 67 dəfə «ömür», 87 dəfə «yol», 48 dəfə «sevmək», 56 dəfə «yer», 40 dəfə «gözəl», 102 dəfə «qız» və s. kəlmələrini işlədib. Hələ mən «ah»larla şəxs əvəzliklərini demirəm.» Bədii əsərə bu sayaq fakturalı yanaşma tərzi bizim bir çox «mərkəzi» tənqidçilərimizin öyrənəcəyi bir üsuldur.
Elə buradaca «Çərçi və Siz»dən bir lətifə yerinə düşərdi:
- Əllər yuxarı! Parolu de!
- «Sözün işığı»!
- Yox!
- «Cənub çiçəyi»!
- Yox!
- «Çərçivəsiz»!
- Gəl keç! Amma qalstukunu aç!
Dərginin sonrakı səhifələrində M. Abdullazadənin «İt
həyatı» hekayəsi dərc olunub.
Sabutayın «Ağ Qoç-Qara Qoç» məqaləsi isə Bilal Alarlının (əsl yanıltmacdır: «Bilal Alarlı, Bilal Alarlı…») həyat və yaradıcılığına həsr olunub. Məqaləyə üsyankar ruh hakimdir, Sabutay əyalətdə geriçiliyin nümayəndəsinə təmsilən özünün bəşəri ideallarını ifadə edir; «Sənin üçün daxili yanğı köstəbəkcəsinə qaranlıqda gizlənməkdir, mənim üçün daxilimdə gözünüzü kor edəcək işığı yaymaq. Sən Qara Qoç üstə Zülmətə, mənsə Ağ Qoçlarla İşığa doğru! Yaracağam Zülmətinizi!»
Sonrakı səhifələrdə Nərmin Kamalın «Ədəbiyya(ə)t Qovğası» məqaləsindən parça, Rafiqin «Şizonun gündəliyi» rubrikası altında fəlsəfi məqalələri, Samir Bulutun «Kəllə», «Balina və Qərənfil» hekayələri, Qasid Nağıoğlunun miniatür şerləri, Rəşad Sevdalının «Xəsis» hekayəsi, Kənan Göytəpənin şerləri, Sabutayın «Azadlıq və Gilyotina» məqaləsi və «O - özü idi» hekayəsi, müxtəlif tərcümələr, şerlər və yumoristik parçalar dərc olunub.

«Alatoran»