Alatoran_header  
Jurnal > 2004/№3 > Azərbaycan-Türkiyə ədəbi əlaqələrində Alatoran

("Kaşqar" (Türkiyə) dərgisi üçün yazılmışdır)

Deyirlər ki, Azərbacyan-Türkiyə ədəbi əlaqələri çox yaxındır. İnsan gözü ilə nərgiz çiçəyi arasında eyniləşdirmə aparan romantiklər üçün bu, belədir; amma ciddi adam mübaliğəyə uymaz. Bir neçə gün ədəbi əlaqələrimizin mənzərəsini araşdırandan sonra qərar verdik ki, qəzetlərimizdə, televiziyalarımızda gəlişigözəl sözlərlə Azərbaycan-Türkiyə yaxınlığını mədh edənlərə gerçəyi, ədəbi əlaqələrimizdəki çürük körpünü göstərək. Bir-birimizin ədəbi proseslərindən bixəbərliyimizin, yaxud yanlış yönlərdən bilgiləndirilməyimizin gətirdiyi fəsadın - uzaqlığın qısa tarixçəsini oxumaq istərmisiniz?..

Rekord əlaqələr

...Bizim ədəbi münasibəitlərimizin bir M.Ə.Rəsulzadə dövrü var idi. 20. əsrin əvvəlində bolşevik işğalından qaçan Azərbaycan türkləri milli ədəbiyyatı da özlərilə Türkiyəyə apardılar: əsərlərini orda yazıb, kitablarını orda nəşr etdirdilər. Geridə sovet Azərbaycanında yalnız milli əqidəni deputat mandatına dəyişən yazarlar qaldı. Sonra onlar mədhiyyəvi sovet ədəbiyyatını yaradacaq, daha sonra isə "Azərbaycan partiya ədəbiyyatı" kimi tarixin zibilxanasına tullanacaqlar. Hələlik isə Rəsulzadə və dostları Türkiyədə 30 sayı işıq üzü görən "Azəri Türk məcmuəsi" adlı azərbaycanlıların 15 gündə bir nəşr etdikləri ədəbi-ictimai məcmuəni çıxarır, Mehmet Sadık Aran tərəfindən "Yeşil Yaprak"ın 3 sayı işıq üzü görür, "Odlu yurt" 31 sayı nəşr edilmiş aylıq məcmuənin başında Rəsulzadə dayanır, azərbaycanlıların Türkiyədə nəşr etdikləri ilk qəzet olan "Bildiriş" Mirzə Bala tərəfindən İstanbulda çıxarılır... Bu məcmuələrdən əlavə, həmin illərdə Azərbaycan-Türkiyə ədəbi körpüsünü kitablar da qurur: Rəsulzadənin "Əsrimizin Siyavuşu", Mirzə Balanın "Azərbaycan Misaki Millisi", "Şerlər məcmuəsi" və s.
Rəsulzadə 1947-ci ildə Türkiyəyə yenidən dönəndə ilk gördüyü iş Azərbaycan Kültür Dərnəyi qurmaq, "Azərbaycan" məcmuəsini nəşr etmək oldu. "Azərbaycan kültür gələnəkləri", "Çağdaş Azərbaycan Ədəbiyyatı", "Azərbaycan şairi Nizami" kimi kitablar da nəşr etdirib, türk ensiklopedisinə Azərbaycanla ilgili məqalələr yazıb Ankarada vəfat etdi. Abdulvahap Yurtsever 1976-da Türkiyədə ölənə qədər "Mirzə Fətəli Axundovun həyatı və əsərləri", "Sabirin Azərbaycan ədəbiyyatında yeri", "Azərbaycan dram ədəbiyyatı" kimi məqalələrlə Azərbaycan-Türkiyə ədəbi əlaqələrini çiyinlərində daşıdı. Mehmet Sadık Aran Ankarada Türk Kültürünü Araşdırma İnstitutunda fəaliyyət göstərib, "Şark yolu" qəzetində Azərbaycan məsələsini anlatdı. Ahmet Ceferoğlu 1920-də rusların Azərbaycanı işğalı üzərinə Türkiyəyə gəlib ədəbiyyat fakültəsi məzunu oldu, Azərbaycan-Türkiyə Kültür və Dayanışma dərnəyinin başqanlığını yapdı. Almas İldırım şerləri üzündən təzyiqlərə məruz qalıb, 1933-də Türkiyəyə qaçıb, orda "Boğulmayan bir səs", "Almas İldırımın seçilmiş şerləri", "İgidlərə səsləniş" kimi kitablar çıxardı.
Sonra onlar fəaliyyətlərini Avropaya nəql etmiş, Türkiyə dünyaya açılma pəncərəsi olmuşdu. Yasaq illəri olmasına baxmayaraq, o dövr ədəbi əlaqələrimizdə həmişə rekord göstərici qaldı. İndi bəzilərinin iddia etdiyi kimi, 70 il Azərbaycan-Türkiyə ədəbi əlaqələri qırılmayıb; almasildırımların, rəsulzadələrin sayəsində 1970-ci illərə qədər sürüb. Gerçək Azərbaycan ədəbiyyatı və gerçək ədəbi əlaqələr onlar idi.

Buz qırıldımı?

Azərbaycan istiqlalına qovuşandan sonra 80-ci illərin sonu 90-cı illərdə Türkiyədə "Türk dünyası tarix və kültür dərgisi", "Tanıtım", "Kardaş ədəbiyyatlar", "Azərbaycan türkləri", "Türk ədəbiyyatı", "Erciyəz", "Türk yurdu", "Size" kimi aylıq və üç aylıq məcmuələr ədəbi əlaqələrimizi genişləndirmək amacıyla öncüllük göstərdilər.

Amma...

O məcmuələr özləri də fərqində olmadan yanlış birilərini Azərbaycan yazarı kimi türk toplumuna sundular. Ədəbi fəaliyyətinə "Azərbaycan SSRİ-ni Türkiyə tərəfdən gözləyən təhlükə" kimi satılıq dissertasiyalarla başlamış Ali Məclis deputatları-siyasilər indi öz istəklərilə Türkiyədə "Azərbaycanın zirvə yazarlarından biri", "millət şairi" adlı məqalələrin mövzusu oldular. Bunlar cəmi bir-iki onil əvvəl türk və islam kültürünü yamanlayıb, partiyanı mədh edənlər, yaxud onların çoluk-çocuğu idi. Qollarını açıb qardaşlarına tərəf gələn adıçəkilən dərgiləri Türkiyədə tanınmağa haqqı olanlar deyil, imkanı olanlar qarşılayırdı. Bəlkə həmin dərgilər millət adamı kimi təqdim etdikləri şairlərin, romançıların dövlət tərəfindən rəsmən verilmiş "xalq şairi" adına aldanıb onları belə də qavrayırdılar? Amma unudurdular ki, həmin titul sovet illərində (məlum səbəbdən) onlara verilib; sovet xalqının şairi anlamındadır. İstərsəniz alatoranı bir az daha duruldaq.
1. Bir ardıcıl yazıçı olaraq tanınmayan Abbas Abdulla İstanbulda ilk konsul oluğu illərdə tutduğu vəzifədən sui-istifadə edərək haqqında Türkiyədə yüzdən artıq məqalə yazdırdı. 80-ci illərtin sonu 90-cı illərin əvvəllərinin Türkiyə mətbuatını nəzərdən keçirən oxucu Abbas Abdulla imzasının çoxluğundan və çox önəmli azəri yazar kimi təqdim edilməsindən təəccüblənir. ("Tanıtım"-1987, 1990, "Kardelen"-1988, "Azərbaycan türkləri" -1990, "Size" - 1990, "Kardaş ədəbiyyatlar" - 1993 və s.). Sonrakı illərdə konsul kimi mandatının müddəti sona çatdığından haqqında məqalələr də səngiyir.
2. Yollar açılandan sonra Türkiyədə Azərbaycanın milli şairi kimi təqdim edilən Nəbi Xəzri, Səməd Vurğun və digərləri haqqında yüzdən artıq təqdimat, təbliğat oldu. Bəzi türk müəlliflər ("Türk kültürü"- 1988, "Kardaş ağızlar" türk ləhcə və şivələri dərgisi -1997 ocak, "Türk dünyası" tarix dərgisi - 1990 haziran, "Tanıtım" -1988, "Törə" -1985) sovet şairi Nəbi Xəzrini "azəri şerinin zirvələrindən" adlandırır, bəzi imzalarsa onun sovetlərə əyilməmiş şair olduğundan bəhs edirdilər. Oysa Nəbi Xəzrini Azərbaycanda "Sumqayıt səhifələri" poemasının müəllifi kimi tanıyırıq:
"Məni oktyabr dəyişməsəydi,
Ötən əsrlərə bənzər olardım
Avrora gur səsi məğrur bir elin
Dünyaya ağ gündən ərməğan oldu
Lenin! - dahilərin dahisi Lenin,
Məni də zülmətdən qurtaran oldu
...Vətənim hüdudsuz Sovet torpağı
Güldü SSRİ - anamız Vətən
Min aləm qurduqca obalar, ellər
Partiya sözüylə özünə bəzən."
Azərbaycana sovetlərin gətirdiyi ziyanlı ənənələrdən biri də şəxsiyyətə pərəstiş idi. "KQB" dövlət tapşırığı ilə əsər yazanların "böyük şair" imicini yaradıb, onları total təbliğ edir, bütləşdirirdi. Amma indi şəxsiyyətə pərəstiş dövrü bitdiyindən Azərbaycan o şairlərə açıq gözlə baxmağa başladığı halda Türkiyədə belə yazıların çıxması oraya şairin şerinin deyil, bütünün, şəxsiyyətə pərəstişinin sızması deməkdir. Eləcə də Onk Yavuzun "Yurduna vurğun böyük şair Səməd Vurğun" (1987, aprel), Yusuf Gediklinin "Azərbaycan və onun Samet Vurqunu" ("Azərbaycan türkləri" 1990, may) kimi yazılarını biz çağdaş Azərbaycan yazarları bir aldanış kimi qəbul edirik.
3. Yollar açılandan sonra Türkiyədə məqsədyönlü şəkildə təbliğ olunan birincilər "Lenin" poemasının müəllifi Rəsul Rza və "mən başımı əymərəm o çürük köhnə dinə, mən allahı basdırdım, Müsavatı tanımam" şerinin müəllifi Nigar Rəfibəyli oldu. Təbii, bu tərəfləri deyil, "Çinar ömrü" (Çağın Sabahattin çevirisində "Kardaş ədəbiyyatlar" 1999 nisan) kimi təbiət şerləri Türkiyəyə göndərildi. Nədən Azərbaycanın onlarca dəyərli yazarı, uzun illər Türkiyə dediyi üçün dissident həyatı yaşayanlar deyil, bu ikisi son illər Türkiyə mətbuatında üstünlük təşkil etdi? Çünki haqqı olmasa da onların buna imkanı var idi: onların oğlu Anar on yeddi ildir ki, Azərbaycan Yazıçılar Birliyi başqanıdır. (Məlumat üçün deyək ki, Türkiyədən fərqli olaraq, Azərbaycanda bütün yazarlar bir rəsmi təşkilatda birləşir; bu, ədəbiyyatın dövlət monopoliyasında qalmasını təmin edir).
Yalnız Türkiyədə deyil, elə Azərbaycanda da Anarın təşkilata sədrlik etdiyi illərdə onun ata-anasının ədəbiyyatşünaslar tərəfindən orta səviyyəli yazarlar olaraq alqılanmalarına rəğmən AYB-nin dərgilərində ən çox - minlərlə dəfə təqdim edilməsi narazılıq doğurur.
4. Orta əsrlər şərq ədəbiyyatı ənənələrinin davamçısı Rəfiq Zəkanın "Azərbaycanın öndə gələn bir kaç şairindən biri" ("Tanıtım"-1988), "Azərbaycanın səsi yazarı" ("Size aktuel dergisi" 1988, 1989) olaraq tanıdılması yalnız heyrət doğurur. Digər tərəfdən, o, AYB rəhbərliyinin senzurasından Türkiyəyə ona görə asanlıqla keçə bilib ki... özü bu haqda yazır: "Mən Anarla ilk okulda birlikdə oxumuşam, Konservatoriya nəzdində musiqi məktəbinə də birlikdə getmişik, atalarımız da dost olub". Azərbaycan-Türkiyə ədəbi əlaqələri subyektivlik, tanış-bilişlik girdabında batarkən R.Zəka Türkiyə mətbuatına maraqlı bir müsahibə verir. Özü haqda rəvac verdiyi böyük təbliğatdan sonra bəyan edir: "mənim amacım kəndimi deyil, ulusumun yazarlarını tanıtmaqdır." Amma bundan sonra o, dostunun ata-anası sovet ədəbiyyatı nümayəndələri R.Rza və N.Rəfibəyli, Türkiyəyə gediş-gəlişinə yardımçı olmuş konsul A.Abdulla ("Size", 1988-9, 11 və s.) haqda məqalələr yazır. Bununla da müstəqil Azərbaycanın gerçək ədəbi prosesləri yenə kölgədə qalır.
5. Bayaq çoluk-çocukdan danışdıq. Bu ənənə də Azərbaycanın digər dövlətlərlə ədəbi əlaqələrində bir mərəzdir. AYB-də vəzifə tutan qoca yazarlar ədəbi əlaqə imkanları açıldığı zaman ədəbi prosesdə rol oynayanları gözardı edərək yurddışına öz uşaqlarını və atalarını təqdim ediblər: Fikrət Sadığın oğlu Orxan Fikrətoğlu ("Kardaş ədəbiyyatlar" 1995, ocak), Məsud Əlioğlunun qızı Afaq Məsud və s. ("Kardaş ədəbiyyatlar" - 1995, nisan) Cazim Gürbüz tərəfindən türkcəyə çevrildi. Amma bu yazıçılar real ədəbi prosesi ifadə və təmsil etmirdilər.
6. Müstəqillik əldə olunandan sonra olduqca qeyri-etikdir ki, Türkiyədə ən çox təbliğ olunan yazarlar AYB rəhbərləri Anar və Elçin olub. Bir dəfə qəzetçilər özlərindən "niyə Türkiyədə yalnız özünüzü təbliğ edirsiz" soruşanda belə bir cavab veriblər: "Bu, bizim şəxsi əlaqələrimizdir ".
Hörmətli Anar-Elçin cütlüyü vəzifədə ikən Türkiyədən öz tərcümeyi-halını zənginləşdirmək üçün istifadə etdi; sistemli Azərbaycan-Türkiyə ədəbi əlaqələri qurulmadı.
Bu hal təkcə Türkiyəyə aid deyil, təsəvvür edin ki, ABŞ Milli Kitabxanasında qosqocaman Azərbaycan ədəbiyyatından yeganə bir nümunə var: ora Elçin öz hekayələr kitabını göndərib. Çünki o, baş nazirin müavinidir, Amerikaya tez-tez yolu düşür.
Beləcə ədəbi əlaqələrimizdə hər şey subyektivliyə qurban verildi bu günə qədər. Yalnız Anar və Elçin haqqında Türkiyədə 2000-dən artıq məqalə yazıldı, 60-cı illərdə yazdıqları kitablar Türkiyədə "çağdaş Azərbaycan ədəbiyyatı" kimi nəşr edildi Sanki bu birtərəfliliyi görməyərək Onk Yavuz "Tanıtım" dərgisində "Azərbaycanın kültür hayatındakı dönüş nöqtələrindən biri - Anar" adlı məqaləsində heyrət doğuran cümlələrə yer verir: "Anar Yazıçılar Birliyinin sədri görəvi sırasında yazarlığa yetənəkli gəncləri əlindən gəldiyincə dəstəkləmiş, onun sayəsində Azərbaycan Yazıçılar Birliyinə yeni bir hava gəlmişdir. O Türkiyə ilə Azərbaycan arasındakı kültürəl köprünün təməlini sağlamakdadır". Yəqin ki, sayın Onk Yavuz bir kərəcik Bakıya gəlib gənc yazarları dinləsəydi, yaxud son on il Azərbaycan basınını izləsəydi, Anar haqda bu şişirtmələrə yer verdiyinə kor-peşman olardı. Anarın sədrliyi dövründə ədəbiyyatın yalnız özü və ata-anasının təbliğatından ibarət olduğunu Türkiyədə yayınlanan azəri ədəbiyyatı nümunələrinin 80 faizinin onların adı ilə bağlı olması faktı da göstərmirmi? Bu illərdə onun dəstəyilə yaxın dövlətlərə çıxmış bir dəyərli gənc yazarın adını çəkmək mümkün deyil. Elə bu günlərdə eşitdik ki, yenə "Kül öykü" dərgisinin 4,6,7-ci saylarında Anarın 60-cı illərdə yazdığı üç hekayə dərc olunub (Fatma Özkan çevirisində).
7. Xarici dövlətin kitabxanasına kitab göndərmək özü böyük elm tələb edir. Hətta nəzəriyyədə deyilir ki, iki dövlət arasında ədəbi əlaqə oxucu kitabxanada o ölkənin ədəbiyyatını sifariş verəndə yaranır. Ancaq Türkiyə kitabxanalarında Azərbaycan ədəbiyyatını təmsil edənlərin bir baş nazirin müavini Elçin, bir də AYB başqanı Anar olması vəziyyətin nə yerdə olduğunu aydın göstərir.
8. Bunlar məqsədyönlü ardıcıl təbliğ olunanlar idi. Bir də Türkiyəyə təsadüfi təqdim olunanlar var. Araşdırmamız çərçivəsində "Size" dərgisində bir televiziyon sunucusu Sevil Nuriyevanın "Azərbaycan şairəsi Sevil Nuriyeva" adlı yazıda təqdim olunmasına rast gəldik. Belə təsadüflər çoxdur və ilk növbədə ədəbiyyatımız haqqında yanlış təsəvvür yaratdığından narahatlıq doğurur.
9. Bu sonuncu ən çox təəccüb etdiyimiz məsələ olacaqdı, əgər qarşımıza Usta Halil İbrahimin "Türk dili və ədəbiyyat" dərgisində "Modern Azərbaycan şiri (Quzey)" adlı məqaləsi çıxmasaydı. Burada yazılıb ki, 60-cı illərdə Azərbaycan şeri Yunis İmrəyə qayıdıb. Modern Azərbaycan ədəbiyyatı isə 1920-ci ildən sonrakı dövrə müncər edilir. Yeni dönəm ədəbiyyatı 1980-ci ildən sonra götürülərək, nümayəndələri sırasında 80 yaşlı əski estetikanın romantik daşıyıcıları sadalanır: Ələkbər Salahzadə, İsa İsmayılzadə, Musa Yaqub, Vaqif Nəsib, İsmayıl Vəliyev, Sərvinaz Hüseynova, Aydın Cabbarzadə, Bəxtiyar Balakişiyev, İqrar Həsənov... Bu adların çoxusu nə Türkiyə, nə Azərbaycan oxucusuna heç nə demir, biz həmin insanları şair olaraq tanımırıq ki... Ora niyə salındıqları böyük sual işarəsi doğurur.
Həmin məqalənin ardından yer verilən şerlərə göz atdıqda isə türklükdən üz çevirmədiyindən 31 yaşında həyatı yarımçıq qoyulmuş böyük dissident şair Mikayıl Müşfiqin Azərbaycan şerinin zirvələrindən olan "Yenə o bağ olaydı" əsərindən bir neçə misra, R.Rzanın şerinin isə tam nümunə gətirilməsinin fərqinə varmaq tipik münasibət kimi bizi bir qədər kədərdə buraxdı. Acını çəkən biri, primini alan başqası...

Save Our Soul!

Son on beş ildə Azərbaycan-Türkiyə ədəbi əlaqələrində hər şeyin subyektiv qurulmasının nəticəsidir ki, indi biz bir-birimizin oxucusunun ədəbi zövqünə, ədəbi proseslərinə bələd deyilik. Əlaqələrimiz "A" hərfindən başlayıb "E" hərfində bitir, bu iki hərfin əlifba sırasındakı arası qədər dardır.
Tarixdə olduğu kimi, yenə bizim - Azərbaycanın yeni nəsil yazarlarının dünyaya açılma çabalarında qarşımıza Rusiya çıxır.
Rusiya ədəbi mühitinə daha yaxınıq, kitab biznesi Moskvada çıxan yeni kitabları, gedən yaradıcılıq müzakirələrini ticari cəhətdən Bakıya tez çatdırır: yeni düşüncə tərzi formalaşanda yenə Türkiyəsizik. Ola bilər, bunu "milli birliyin gələcəyi yolunda təhlükə" hesab edib, Türkiyəyə SOS - Save Our Soul çatdırmaq faydalı ola bilər...
Öncə bir neçə ildir ki, daha Azərbaycan ədəbiyyatının da bir icbari təşkilatdan ibarət olmadığı, AYB-dən kənarda azad özünüidarə təşkilatlanmasının getdiyi nəzərə alınmalıdır. Könül istərdi ki, Azərbaycan ədəbiyyatı ilə məşğul olan Türkiyə mütəxəssisləri AYB-nin Azərbaycanın qoca ədiblərin təşkilatı, yeni nəsil yazıçılarının isə Azad Yazarlar Ocağı ətrafında olduğunun fərqinə varsınlar. İndiyə qədər olanlar əsas götürülərək daha ədəbi əlaqələrimiz məmur-yazıçılara etibar edilməməlidir, Türkiyə ədəbi birliklərilə Azərbaycan ədəbi birlikləri arasında qeyri-hökumət körpüləri qurulmalıdır. İş adamları Türkiyədə tez-tez keçirilən kitab yarmarkaları üçün Azərbaycanın ac bir istehlakçı olduğunu diqqətdən qaçırmamalıdırlar. Qarşılıqlı tərcümələr könüllü təkliflər deyil, bir ideoloji iş olduğundan yüksək səviyyədə sistemli şəkildə gerçəkləşdirilməlidir (yeri gəlmişkən, bu günə qədər bir Azərbaycan yazıçısını çevirmiş hansı Türkiyə müəllifinin adını görürüksə, o ad həmin yazıçının dostlarının, uşaqlarının əsərlərinin də tərcüməçisi kimi sonrakı mənbələrdə qarşıya çıxır və tərcüməçinin dost-tanış qruplaşmasına salındığını sərgiləyir). Birgə ədəbiyyat toplantıları isə indiyə qədər olduğu kimi, ədəbi mühitdə rolu olmayanları deyil, onu yaradanları əhatə etməlidir (bu yaxınlarda Türkiyədən Bakıya toplantıya (“Hazar Şiir Akşamları”) qatılmış bir qrup yazıçı öz dünyabaxışlarıyla burada elə mənfi təəssürat oyatdılar ki, araşdırıb onların əslində deyildiyi kimi öndə gələn yazarlar olmadığını biləndə Türkiyə üçün çox sevindik. Halbuki bir-birimizin ədəbi mühitinə bələd olsaq, belə yanlış təsəvvürlər yaranmaz). Nəhayət, ötən illərdə keçirilmiş türk yazarları qurultayı kimi saxta dəbdəbə və pafos deyil, gerçək bir iç-içəlik yaratmaq... Türk toplumunun mahiyyətinin ədəbiyyat məfhumunun içində olduğu ilə razılaşaraq, bundan sonra Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin bərpasına çalışmalıyıq.
Biz hələ Türkiyənin Azərbaycana çatan(çatmayan) ədəbiyyatından danışmadıq, bu sahədə durum daha bərbaddır...

                                                                                                                                                 Nərmin Kamal
                                                                                                                                                    avqust, 2004