Alatoran_header  
Jurnal > 2004/№3 > Azərbaycanlı intellektualetlərin antiislam isterikası

Ya da "Bəşəriyyətin İslam haqqında dediklərinə əlavələr"-ə əlavələr
Yazıçı Rafiq Tağının “Sənət qəzeti”ndə dərc olunmuş eyni adlı məqaləsi üzərinə qeydlər.

"Müsəlmanların Avropa mədəniyyəti
və elminə olan böyük töhfələrini görməmək,
bu haqda susmaq, ya da inkar etmək
qeyri mümkündür"

"Qərbi Avropanın
müasir sakinləri bu təhrifi aradan
qaldırmalı və ərəb müsəlman mədəniyyətinə
borclu olduğumuzu etiraf etməliyik"

UİLLİAM Montqomeri Uott

Rafiq Tağı o gün yenə öz ampluasındaydı. Köhnə hamam, köhnə tas. Qəzet səhifələri israf edilir, ona heyfsilənirəm... Lakin bütün səfsətələrinizə rəğmən, bir yazar kimi sizə hörmətim var Rafiq bəy. Yazıçı Əli İldırımoğlu demişkən "hələ ki"... Bəli hələ ki var. Ancaq təəssüf ki, get gedə azalır.
Siz İslam haqqında çox yaza bilərsiniz. Gecə də, gündüz də (yəqin ki, lap elə indinin özündə də bu sətirləri oxuyarkən yazacağınız cavab haqda fikirləşirsiniz). Qulaq asmırsınız. Heç vaxt, heç kəsə qulaq asmayan, öz bildiyini edən a la "intellektual anarxistsiniz". Dəfələrlə "neprav" çıxarıblar sizi, səhvinizi boynunuza alıb, fəqət ertəsi gün dəli Nəzərəm, belə gezərəm deyubən, yenə həmin havanı çalmağa başlamısınız. Bizi inandırmağa çalışırsınız ki, artıq özünüzü tapmısınız. Nahaq yerə, buna inanan yoxdur. Mənə elə gəlir ki, bu dünyadaki missiyanız öz yorucu demaqogiyanızla ateistləri gülünc vəziyyətə qoymaq, bununla da dinin cazibəsini bir qədər də gücləndiməkdir. Ya da ki, paxıllıq edirsiniz. Əsl dindar bəndələrin Allahla aralarındaki harmoniyaya paxıllığınız tutur.
Bizə yox, əslində özünüzə nəyisə sübut etməyə çalışırsınız. Siz də bilirsiniz ki səmimi qəlblə İslam yolunda olan möminləri dinlərindən uzaqlaşdıra bilməyəcəksiniz. Bu heç sizə lazım da deyil. Siz öz yanlış seçiminizə legitimlik qazandırmaq, Allaha olan inamı qəlbinizdən söküb atmaq və bir daha bu inama qayıtmamaq niyyətindəsiniz. Əvvəla özünüzə sübut etmək istəyirsiniz ki Allah yoxdur. Nə yazıq ki, bu mümkün olan iş deyil...
Sizə bir sualım var: niyə hekayə yazmırsınız? Axı bu sizdə daha uğurlu alınar! Başa düşün artıq! Bütün bu mövzular müzakirə olunub, hər şey yerinə qoyulub, sübut edilib, qaranlıq heç nə qalmayıb. Cəmiyyətimizin böyük hisəsi seçimini edib və bu seçim İslamdır. Siz və səhifə yoldaşlarınız boğazlarınızı nə qədər yırtsanız da səsinizin sədası beş metrdən uzağa yayılmayacaq. Lap elə bir anlıq təsəvvür edin ki, bu xalq dinindən küll halında imtina etdi. Onda nə olacaq? Əhalidə İslama və "anti İslama" maraq qalmasa, axı siz də bir yazıçı kimi yox olacaq, tükənəcəksiniz!
Şübhə etmirəm ki, məhz belə də olacaq...
Sizi hərəkətə gətirən nədir Rafiq bəy: qorxu, cəhalət, pis niyyət, yoxsa başqa bir şey? Nədən qorxursunuz axı? KİV-in beyninizə yeritdiyi: "şəhəri vəhhabilər istila edib!", "silah ambarı tapılıb", "İslam dövləti qurulur! Qaçın! Xilas olun intellektualetlər, yatın yerə məmurlar, lümpenlər gəlir, indi hamınızı fənərlərdən asıb, qadınlı kişili çarşablara bürüyəcəklər, saqqallarınızın uzunluğunu ölçəcək, duduşunuzu kəsəcəklər. Elə kəsəcəklər ki bir də böyüməyəcək" kimi dezinformasiyalardan sonra gecələr pis yatırsınız? Bu sizi qorxudur? Yoxsa sizi titrədən "Allahu Əkbər" sədalarıdır? Bəlkə azanlardan yorulmusunuz? Yoxsa "İslam" və "gerilik" anlayışlarını sinonim sayırsınız? Qəribə adamsınız Rafiq bəy! Uşaqbazlar, qızları ilə alver edən valideynlər, ədalətsiz hakimlər, rüşvətxor məmurlar sizin qəzəbinizə tuş gəlmir, amma bir dəfə də olsun toyuğunuza "kış" deməyən müsəlmanlara kininizi qusursunuz? Xeyir ola? Cavan, ağıllı, savadlı, sağlam, içki içməyən insanların çoxluğu sizi narahat edir? Hələ ki heç kəs şəriət dövləti qurmur, siz niyə özünüzdən çıxırsınız? Allahınıza inanmırsınızsa, inanmayın. Peyğəmbərlər vasitəsilə bəşəriyyətə göndərilən ilahi kəlama inanmırsınızsa, inanmayın. Daha diş qıcıtmaq nəyə lazım? Başa düşün, siz dişlərinizi lap qan çıxana qədər qıcıtsanızda, müsəlmanların kəsilən artıq ətinə də deyil.
Yox e! Sizin axı dərdiniz nədir? Adətən sizin kimi insanlarda naqislik kompleksi, cinsi iqtidarsızlıq, total uğursuzluq, karyerada yüksələ bilməmə, məişət yükü, populyar olmaq istəyi və s. kimi amillər burnunuzun girmədiyi yerə bədəninizi soxma ehtiyacı doğurur. Yazdıqlarınızla qısa müddətlik də olsa, mən də varam deyə bilirsiniz. Yuxarıda sadaladığım illətlərdən məhz hansına düçar olduğunuzu bilmirəm, ancaq dəqiq bilirəm ki psixikanız pozulub.
Əl çəkin İslamdan, Qurandan və öz xırda meşşan həyatınızı yaşayın Rafiq bəy... Özünüzü gülünc vəziyyətə qoyduğunuz yetər artıq! Siz nə filosof, nə alim, nə kahin, nə də ki Panikovskisiniz. Siz savadsızsınız Rafiq bəy. İslamı da, fəlsəfəni də bilmirsiniz. Yenə də deyirəm, hekayələrinizi yazın və daşıya bilməyəcəyiniz yükün altına girməyin. Gecə-gündüz vaxtınızı çayxanalarda keçirib "İslamla mübarizə" aparmaq sizə şərəf gətirmir. Boş-boş farisey söhbətlərinizlə çox darıxdırıcı və monotonsunuz.
Başa düşün ki, kainatımız möhtəşəm ahəng, mükəmməl nizam, əsrarəngiz gözəlliyi ilə tək ve bir olan Uca Allahı göstərdiyi, röyalarına belə yalanın girmədiyi gerçəyin təmsilçisi olan bütün peygəmbərlər, doğruluqlarıyla, əllərindəki minlərlə möcüzələrlə tarix boyu tövhidi hayqırdığı halda, siz bunları görə bilmirsinizsə vicdanınız tamamən paslanıb, möhürlənib deməli. Kainat dilə gəlib Ondan danışdığı, Allahın varlıq və birliyinə şahidlik etdiyi, onu hayqırdığı zaman, varlıq hər köşəsiylə əyan-bəyan Onun varlığını isbat edən dəlillərlə dolu olduğu zaman, necə olur ki, bütün bunlara rəğmən siz inkar bataqlığına saplanırsınız?
Əminəm ki, sizin kimi küfr edən insanların əksəriyyətindəki inkaretmə düşüncəsi, zənnedildiyi kimi, əqli, məntiqi, elmi bir yöndən yox, emosional bir əhvaldan irəli gəlir. Fürsətdən istifadə edərək bu faktorların bir neçəsini 3 maddə şəklində sadalayım, siz də bilin.
Səbəblərdən biri heç şübhəsiz ki, inadla davam etdirilən, israrla işlənən günahlardır.
Hər günahda küfrə gedən bir yol var. Yəni hər bir günah, insanı küfrə götürəcək potensial bir təhlükədir. Hələ bir də bu günah israr və inadla davam etdirilirsə, deməli insan uçurumun kənarına yaxınlaşıb.
Allah inancı insanın daxilindədir, fitrətdən ona verilir. Allaha ibadət də fitrətdəndir. Bunları etməyən insan anlayır ki, işlətdiyi günahların cəzasını mütləq çəkəcəkdir. Bu sıxıntılı ruh halı içində, diliylə ifadə etməsə də gizlicə qəlbinin dərinliklərində belə bir arzu baş qaldırır: "Kaş günah və haqq-hesab günü kimi anlayışlar olmayaydı". İnsanın daxili aləmində yaşadığı duyğu deyişimi bununla da bitmır. Sonra açıq şəkildə dilə gətirilməsə də qəlbin dərinliklərində qulluq vəzifəsinin olmaması arzusundan irəli gələn Allaha qarşı bir düşmənçilik hissi oyanır. Bu hiss də inkaretmə arzusuna gətirib çıxarır. Məhz belə bir durumda olan insan Allahın varlığına dair kiçicik bir şübhəyə qapılsa, qəti şəkildə bu fikirdən bir dəlil kimi yapışmağa meyl edər. Bununla da o adam üçün böyük bir məhv qapısı açılır və o inkar selinə qapılır.
Diqqət etsək görərik ki, bu psixologiya ilə yaşayan insan, ilk olaraq ağlındaki, zehnindəki bir problemdən çıxış edərək inkaretməyə doğru getmir. Hesab verəcəyi bir instansiyanın olmamasını arzu edir. Sonra bu arzusunu inam halına gətirir. Daha sonra bu arzusunun dəstəkləyicisi kimi görünən bəzi mövhumatlara dəlil kimi sarılır. Nəticədə o insan girdaba düşmüş bir nəsnə kimi vəhim dalğaların içində boğulur.
İsrarla edilən günahların, insanı inkaretməyə sövq edən yolun olmasının digər bir səbəbi də o günahlara qarşı yaranan "aludəçilik"" duyğusudur. Bu durum da belə izah edilir: Allaha qarşı üsyanın, günahın mahiyyətində küfr toxumu var. Çünki üsyan etməyə davam edən adam onu polad kimi bərkidir. Sonra ona aşiq və mübtəla olur. Yəni o günaha aludə olur və tutqulu hala gəlir, sanki onun əsirinə çevrilir. Belə ki, artıq o günahdan qurtula bilməmək kimi bir hala gəlir. Sonra o öz üsyanına görə cəza çəkməməyi arzulamağa başlayır. Bu hal belə davam etdikcə küfr toxumu cücərməyə başlayır. Ən nəhayət gərək cəza, gərək ədalətin yerini tutması qorxusu və ehtimalı inkara səbəb olur. Nəhayət, işlətdiyi günahlara görə peşman olmayıb o günahları tərk etməzsə, qəlbi qaralmağa, paslanmağa başlayır və insan beləcə məhv olub gedir.
İnkarın ikinci səbəbi heç şübhəsiz ki, "mənəm mənəm" iddiası və böyüklük kompleksidir.
Mömin surəsindəki bu ayə "mənəmlik" iddiasının insanı necə inkara sürüklədiyini göstərir: "Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır"." (əl-Mümin, 40/56)
Görürsünüz ki, Allahın ayələri haqqında səfeh-səfeh danışmaq hər hansı bir dəlilə, yəni ağla, məntiqə, elmi əsaslara söykənmir. Əsl səbəb böyüklük kompleksidir. Yəni mənlik iddiası və başqasına boyun əyməmə arzusu insanı Allahın ayələrini inkara sövq edir.
Məsələni daha da genişləndirmək üçün nəfs sahibi olan insanı biraz da təhlil etməliyik. İnsan yaradılışının mahiyyəti elədir ki nəfsini çox sevir. Hətta deyə bilərik ki, hər şeydən çox və hər şeydən qabaq nəfsinə aşiq olur. İnsan hər şeyi nəfsinə qurban verə bilər. Tanrıçılıq kompleksiylə nöqsansızlıq və mükəmməllik nöqteyi-nəzərindən nəfsini bütün eyib, qüsur və natamamlıqlardan uzaq görər, heç bir səhv və qüsuru nəfsinə layiq bilməz. Sitayiş edərcəsinə onu müdafiə edər. Hətta ona ərmağan edilən, gerçək ibadət ediləcək varlıq olan Allahın ona verdiyi qabiliyyəti də öz nəfsi üçün istifadə edərək nəfsini bütləşdirər. Məsələn, gözəllik, zənginlik, elm qabiliyyəti kimi ona bəxş edilən hədiyyələri öz nəfsinin malı hesab edər. Bütün bunların gerçək sahibinin özü olmasını arzu edər və zamanla bu arzusunu etiqad halına gətirər. Halbuki, hər şeyin əsl sahibi Allahdır. Böyüklük iddiası xəstəliyinə yoluxmuş insan, daha sonra bu qabiliyyət və ağlın əsl sahibi olan Allahı rəqib olaraq görməyə başlayır. Sonra Allahın verdiyi nemətlərin yalnız Ona məxsus olduğu gerçəyini sözlə, davranışla və qəlbən ört-basdır etmək və gizlətmək istəyər. Bu isə insanın inkara sürüklənməsi və yuvarlanması deməkdir.
Görürük ki, bu psixologiyaya sahib olan insan bir dəlilə, ağla, məntiqə, elmə əsaslanaraq inkara getmir. Hər şeyi nəfsinə qurban etmə kimi eqoistcəsinə və böyüklük kompleksindən qaynaqlanan emosional bir səbəblə özünü məhv edəcək bir prosesə soxur.
İnkara aparan yollardan biri də ümidsizlikdir. Çünki gözəl və faydalı iş görməyən, Allahın əmrlərini yerinə yetirməyən insan əzabdan qorxar, ümidsizliyə qapılar. Belə bir insanın gözünə, dini məsələlərə zidd kimi görünən önəmsiz, cılız, zəif bir dəlil böyük bir dəlil kimi görsənir. O adam belə bir neçə "dəlili" əldə bayraq edib, İlahi işarələrə üsyanını elan edərək, İslam dairəsindən çıxır və şeytanın ordusuna qoşulur.
Göründüyü kimi, inkar əql və zehin platformasında yox, hiss və emosiyalar zəminində nəşv-ü nəma edib kök salır. İnkar etmə düşüncəsi bir prosesdir. Və bu proses hiss və duyğu orbitasında fırlanır.
Düzü mən bilmirəm ki, Rafiq Tağını inkaretməyə aparan yollar hansılardır. Mən bunları daha çox populyarlıq qazanmaq istəyi ilə etdiyinə inanıram. Əminəm ki, bu həqiqəti sizdən başqa hər kəs dərk edib Rafiq bəy....
Di yaxşı, keçək sizin o məşhur opusunuza. Doğrusu içimdən bir səs mənə deyir ki, əbəs yerə özünü əziyyətə salırsan, ancaq mən yenə də ağlımın diqtəsi ilə hərəkət edirəm.

Məqalənizin başlığına nəzər salaq
"BƏŞƏRİYYƏTİN İSLAM HAQQINDA DEDİKLƏRİNƏ əlavələr"
Hmmm, maraqlıdır...
Hansı bəşəriyyətdən danışırsınız Rafiq Tağı? Freyd və Nitseşinin ümumilikdə "din"ə aid düşüncələrini nəzərdə tutursunuz? Ona qalsa, din əleyhinə indiyə qədər milyonlarla insan fikir söyləyib. Onların hamısını elə yığaydınız da məqalənizə, niyə bunu etməmisiniz? Bu başlığı görəndə mən elə bildim ki, konkret olaraq İSLAM haqqında mənfi düşüncədə olan dahi bəşər övladlarının kəlamlarını və müəllifin bunlara əlavələrini oxuyacağam (təbii ki, Asif Atanın saçmalarını hesaba almasaq). Amma yanıldım. Yoxsa "təxmini iqtibaslarla" verdiyiniz sitatlardırmı "bəşəriyyətin İslam haqqında dedikləri"? Belə böyük-böyük danışmaqdan qorxmursunuz?
Mövzuya aid ola biləcək yeganə sitat Şopenhauerdən gətirilib. Nə deyir Şopenhauer? Quranı oxuduğunu və bu kitabın maraqsız olduğunu. No problem. Ancaq fikir verin ki, o Quranı oxuyub, siz isə yox. Bilirsiniz niyə? Çünki beyninizi Şopenhauerə icarəyə vermisiniz Rafiq Tağı. Buna görə də oxumağa ehtiyac duymamısınız. Özünüzə həmfikir, həmrəy axtararkən diqqətli olun biraz, oxucunu axmaq yerinə qoymaq lazım deyil. Yaxşı yadıma düşdü. Lütfən sitatları "təxmini iqtibasla" da olsa bundan sonra qaynaq göstərərək gətirin. Mən də deyə bilərəm ki, filankəs filan şeyi deyib. Ancaq bunun heç bir elmi dəyəri olmaz. Əslinə qalsa, opusunuzda ümumiyyətlə elmilik nəzərə çarpmır. Sizcə, bir ədib üçün bu çox primitiv məqalə deyilmi? Nə isə...
Tutaq ki, siz "təxmini iqtibasla" bir iki nəfərdən yox, lap yüz "dahidən" dəqiq və qaynaq göstərərək sitat gətirmisiniz. Axı yenə də heç nə dəyişməyəcək. Allah adlanan absolut həqiqətə, qeydsiz şərtsiz obyektivə qarşı lap min subyektiv gətirin, nə fayda?

Aristoteldən bu günə kimi, heyranı olduğunuz (və nə qəribədir ki oxumadığınız) Qərb fəlsəfəsi ziddiyyətli düşüncələrin mübarizə meydanı olmuşdur. Hər gələn özünə görə subyektiv "həqiqət" qondarmış və onu dünyanın mərkəzinə qoyaraq "varlıqla" bağlı bütün məsələləri bu "mütləq doğru" platformasında açıqlamağa çalışmışdır. Belə ki, bir filosof özünə tamamilə yad və qapalı olan məsələ haqqında rahatlıqla hökm verir, qəti ifadələrlə o məsələ haqqında qənaətini ortaya qoyur. Məsələn, "kainat necə meydana gəldi, onu təşkil edən ünsürlər nədir, yer üzünün səmayla irtibatı necədir, ulduzlar aləminin keyfiyyəti nədir"" və s. kimi mövzularda sanki əlində dəqiq bir məlumat, bir dəlil varmış kimi hər bir filosof özünəxas bir açıqlama gətirmişdir. Halbuki, bu mövzularda nə bir səmavi vəhyə istinad etmiş, nə də təcrübəyə əsaslanan bir metod izləmişlər. Əksinə, hər bir şəxs, öz fəlsəfi sistemi içində mücərrəd əql ilə, mücərrəd zehni hökmlərlə hər şeyi izah etməyə, açıqlamağa çalışmış, hətta bunu bacardığını belə iddia etmişdir. Bu səbəblə hər gələn yeni bir şey demiş, özündən əvvəlkiləri yalançılıqla suçlamış, "tezi"sin" qarşısına "antiteza" qoymuş, amma qətiyyən bilmədiyi, bilməsinin də mümkün olmadığı sahələrdə danışmaqdan, ehkam donquldamaqdan, "qeybə daş atmaqdan" da geri qalmamışdır. Əlbəttə, belə bir dolaşıqlıqdan və qarışıqlıqdan - "intellektual anarxiyadan" başqa bir nəticə əldə etməyiblər.
Yaxşı, filosofların belə hərəkət etməsinin səbəbi nədir?
Rene Genona görə, bu sualın cavabı Qərb filosoflarının psixologiyasında yatır. Əslində bu cavab Genona xas deyil. Amma onun müsəlman mütəfəkkir olduğunu nəzərə alıb, onun ifadələrini iqtibas edərək məramımı dilə gətirməyə çalışacağam.
Bəli, mənliyin ilahiləşdirildiyi, fərdiyyətçi anlayışın həyatın hər sahəsinə hakim olduğu və bir tabu halına gətirildiyi Qərb mədəniyyəti üçün qənaətimə görə, bu təsbit yerinə düşmüş və doğru bir təsbitdir.
Genon deyir: "Filosoflar üçün əsas olan şey süni və xəyal məhsulu da olsa bir sıra məsələləri ortaya qoymaqdır, qətiyyən problemi çözmək deyildir. Bu durum araşdırma aparmaq üçün araşdırma aparmaq ehtiyacının təbii nəticələrindən biridir. (La Crise Du Monde Moderne, s. 383)
Əslində insan nəfsini ortaya qoyub analiz etsə görər ki, ondakı yeganə qürur səbəbi bilikdir; biliklə əlaqəli olan əql və zəkadır. Yoxsa mal-mülk, nəsil, zənginlik, gözəllik yox. Qənaətimə görə, Genonun burada dediyi odur ki, filosoflar özlərini bəşər tarixinin ən məlumatlı, ən ağıllı, ən zəki insanları olduğunu isbat etmək üçün insanların maraq dairəsində olan böyük məsələlər haqqında söz demiş, böyük-böyük danışmışlar. Amma onlar bunu edərkən hər hansı bir nəqli və əqli dəlilə əsaslanmadan, hissə qapılaraq, bir növ fikri xırçınlıqla təkəbbürlərini dilə gətirmişdilər. Bu biraz da sizin mövqeyinizə oxşayır Rafiq Tağı. Təbii ki, bir fərq var, o da onlarda olan savadın sizdə olmamasıdır.
Genonun diqqət etdiyi bir məsələ də filosofların "sistemqurma"", "izm" meydana gətirmə" arzusudur. Bu arzu da insandaki sonsuzluq arzusundan qaynaqlanır. Mənə elə gəlir ki, filosoflar tarixə düşmək üçün, insanın içində fitrətdən olan sonsuzluq tələbatını təmin etməyə çalışıblar. Genonun bu barədəki ifadələri isə belədir: "Eyni filosoflar üçün mühüm olan bir məsələ də "izm"lərini bir sistemə bağlamaqdır. Yəni olduqca daraldılmış və dolayısı ilə özlərinə aid olan nəzəriyyəni təşkil edən, tamamilə özlərinin əsəri olan bir sistemə, bir bütünə bağlamaqdır. Bu düşüncənin təməlində isə mütləq və mütləq orijinal olmaq arzusu yatır. Hətta bu orijinalliği əldə etmək üçün lazım gələrsə, həqiqətləri də inkar edirlər." (həmin əsər, s. 383)
Genon son bombanı belə partladır: "Bir filosof üçün şöhrətə qovuşmaqdan ötürü yeni bir səhv fikir uydurmaq, daha öncə başqaları tərəfindən ifadə edilmiş bir həqiqəti təkrar etməkdən daha məqbuldur" (a.g.e, 383).
Bununla mən onu demək istəyirəm ki, "doqma"tizmindən şikayətləndiyiniz İslam dinini tənqid və təhlil edərkən başqa doqmalara sarılmayın Rafiq Tağı. Başa düşürsünüz də? Axı paradoks yaranır və daha da komik görünürsünüz.
İkinci başlıqda "İSLAM ŞƏRQİ QƏRBDƏN GERİ QOYDU" deyirsiniz amma yenə də cığallıq edib sübut gətirmirsiniz. Məsələn, mən desəm ki, "Rafiq Tağı Sənubər restoranında göbək atdı" siz məndən bunu sübut etməyimi tələb edərsiniz elə deyilmi? Çünki bu sizin hüququnuzdur. Bu hamımızın hüququdur. Mən isə "İslam Şərqi Qərbdən geri qoydu" iddianızın əksini deyirəm və bunu az sonra isbat edəcəyəm. Ancaq siz ziyalılığa iddialı olan kəs kimi, bizi bu haqqımızdan məhrum edərək, oxu atıb yayı gizlədirsiniz. Çox inanmaq istərdim ki, Şərqin geriliyinin birbaşa İslamla əlaqəli olduğunu elmi əsaslarla bizə sübut edəcəksiniz. Əks təqdirdə yenə də deyirəm, gülünc vəziyyətə düşürsünüz. Biz sizin möhtəşəm məqalənizdə dəlil yerinə subyektiv, emosional, şüvənci söz ifrazatlarınızı görürük. Ümid edirəm ki, siz bu faktı təsdiq edəcəksiniz. Mən məqalənizin yönəldiyi savadsız kütlə deyiləm Rafiq Tağı. Söz ağzınızdan çıxıbsa əyər, siz mənimlə hesablaşmalı olacaqsınız.
Deməli, başlıqlardan heç biri məqalənin məzmunuyla uyğun gəlmir. Rafiq Tağı başlıq seçimindəki xətasını mətnin olduqca "emosionallığı" ilə kompensasiya edərək oxucunun diqqətini bu ciddi qüsurdan yayındırır. Biz nə bəşəriyyətin dediklərini (Asif Atanın dediklərindən başqa), nə də ki Şərqin geriliyinin birbaşa İslamla əlaqəli olduğunun sübutunu görmürük.
Halbuki, məqalə primitiv təhqirlər və ucuz böhtanlar sarıdan çox zəngindir. Məsələn:
1-İslam Allahla bağlı fantastik yalanlar silsiləsidir.
2-Ölüm və qan İslamın vacib komponentləridir.
3-Şəriət qanunları məntiqsizdir və s.
Rafiq Tağı bilirsinizmi ki, sizin bu gün etməyə çalışdığınız şeylərin ən əlasını vaxtilə Maksim Rodinson, Səlman Rüşdi, Turan Dursunlar ediblər. Siz gecikmisiniz. Və onlardan fərqli olaraq orijinal deyilsiniz və darıxdırıcısınız.
Məqalənin bir yerində Asif Atadan sitatlar gətirib sonra da deyirsiniz ki, ərəbin nağılına inanmayaq, bizim öz gopçularımız var, gəlin onlara etiqad edək. Kimə? Asif Ataya? Nə üçün? Uzağa getməyək, elə sizə baxanda Allahın sonsuz qüdrətinə bir daha heyran olub səcdəyə qapılıram. İndi bu absolüt, fövqəl qüvvəni bir yana qoyaraq Asif Ataya mütləqim, müqəddəsim deyib səcdə edim? Danke Rafiq, danke. Türklər demişkən istəməz. Əgər məramınız xalqı doqmalardan qurtarmaqdırsa, onda bu nə təzaddır ki, başqa bir doqmanın, özü də İslama antiteza olaraq profan çuşkaların ortaya qoyduqları inancın ağuşuna atırsınız bizi. Xeyr ola, Rafiq Tağı?
“İnsanın dinini dəyişməsi millətin məhvinə gətirməz” deyirsiniz. Belə çıxır ki, Rafiq Tağı iddia etdiyi kimi "din zindanından" azad deyil. Azad olsaydınız ümumiyyətlə millətimizə "dindən uzaq olun" deyə çağrı yapardınız. Dinlərin hamısına yox deyərdiniz! Lakin siz çərçivəni daraldaraq konkret olaraq İslam dininin başqa bir dinə dəyişdirilməsinə təşviq edirsiniz. Hansı dinə? Deməli, etiqad etdiyiniz bir din var əlbət. Bəs nə üçün bizdən gizlədirsiniz bunu? Yoxsa bu Asif Atanın ocağıdırmı? O hansı dindir ki, sizi qurtuluşa çıxarıb? Bizə də deyin biz də bilək. Bu qədər paxıl olmayın Rafiq bəy. Qəlbiniz necə razı olur ki, bu qədər insan İslam zindanında çürüyür? Açın, etiraf edin, deyin görək sizin səcdə etdiyiniz tanrı hansı tanrıdır?
Məqalənizin bir yerində İslam dini üçün antisanitar ifadəsi işlədirsiniz. Maraqlıdır... Qüsl, dəstəmaz, dişlərin təmizliyi, qoltuq altının və qasıqlardaki lazımsız tüklərin qırxılmasına qədər xırdalıqlara varıb, müsəlmanlara təmiz olmağı əmr edən bir din nətəhər olur ki, antisanitar olur? Mən isə deyirəm ki, sizin antiislam isterikanız antisanitar beyninizin məhsuludur. Yoxsa siz İslamın vazkeçilməz təmizlik şərtlərindən biri olan təharətdən bixəbərsiniz? Dalınızı yumursunuz böyük məsələdən sonra? Qəzetlə silinirsiniz? Mənim üçün sadəcə bir şey maraqlıdır. O hansı qəzetdir elə?
Xəbəriniz olsun ki, heyranı olduğunuz Avropanın göbəyində, Fransanın möhtəşəm saraylarında az qala 18-ci əsrə qədər tualetlər yox idi. Soylu həzərat qablara sıçıb, müxtəlif nəsnələrlə silinir və bu suvenir paketini pəncərədən bayıra vıyıldadırdılar.
O ki qaldı "İslam dünya malına insandan çox dəyər verir" deyişinizə, bu məqamda mən öskürürəm və çayımdan bir qurtum içdikdən sonra növbəti sualımı verirəm. Bunu haradan oxumusunuz Rafiq Tağı? Baxın! Beyninizi Nitsşe kimi monstra müəllimlik etmiş Şopenhauerə icarəyə verməyib, Quranı oxusaydınız görərdiniz ki, dünya malının fani və qiymətsiz olduğuna dair orada nə qədər ayə var. Ancaq mən hesab etmirəm ki, siz bu ayələri oxusanız fikrinizdən daşınacaqsınız. Gəlin səmimi olaq, axı sizin dərdiniz İslam və Quran yox, ucuz populyarlıqdır.
The legacy of Islam (İslamın Mirası) adlı əsərin "Astronomiya və Riyaziyyat" hissəsinin müəllifi baron Karra de Vo da yazısına sizin kimi böhtanla başlamağı məqsədəuyğun bilir. O deyir ki:
"Ərəblərdə qətiyyən yunanlılara xas nəhəng zəkanı, elmi təxəyyül gücünü, orijinal fikri axtarmaq lazım deyil. Ərəblər hər şeydən əvvəl yunanlıların tələbələridir və onların elmi dərəcəsi, onların məharətlə qoruyub inkişaf elətdirdikləri yunan elminin davamıdır".
Ancaq biraz sonra o sizdən nə qədər cəsarətli və savadlı olduğunu nümayiş etdirərək deyir: "Ərəblər həqiqətən də böyük tərəqqiyə çataraq elmdə böyük nailiyyətlər əldə etmişlər. Onlar Ərəb rəqəmlərini məharətlə riyaziyyatda istifadə edərək, müasir riyaziyyatın baniləri olublar. Onlar cəbri də dəqiq elmə çevirərək, onu inkişaf etdirdilər və analitik həndəsənin təməlini qoydular. Şübhəsiz ki, onlar sferik triqonometriyanın da ixtiraçısıdırlar. Bu isə yunanlılarda qətiyyən olmayıb. Astronomiyada da onların nailiyyətləri danılmazdır".
Siz isə deyirsiz İslamda elm yoxdur... İslam Şərqi Qərbdən geri qoydu... Axı siz nə bilirsiniz elm nədir? Əmin olun ki, Şərqi Qərbdən geri qoyan İslam deyil, sizin kimilərdir Rafiq Tağı. Məsələn, Azərbaycan da Şərqdə yerləşir və müsəlman məmləkətidir. Və mən inanıram ki, bizim bütün bəlalarımız sizin kimi yarımçıq papaqçıların mövcudluğu ucbatındandır.

ORTA ƏSRLƏR AVROPASINA İSLAMIN TƏSİRİ

Uilyam Vatt Montqomeri

İslamın təhrif olunmuş siması
Şübhəsiz ki, Səlib yürüşləri avropalı alimlər arasında bir din kimi İslama qarşı marağın artmasına səbəb oldu. Əlbəttə, İslam haqqında bəzi məlumatlar bundan əvvəl də - həm Bizans mənbələrindən, həm də İspaniyadakı müsəlmanlarla rabitədən, - Avropaya sızmışdı. Amma bu məlumatlar həqiqətdən uzaq, yalan göstəricilərlə qarışmış halda idi. Avropada ərəblərə (sarasinlərə), Məhəmmədə (s) pərəstiş edən bütpərəstlər kimi baxırdılar. Məhəmmədin (s) özünü isə ya cadugər, ya da hətta Şeytan sayırdılar (!)
Təəccüblü deyildir ki, İslama münasibətdə ilk dəfə əsil maraq göstərənlər, "tərcüməçi" adlandığımız şəxslər oldu. XII əsrin əvvəllərində xristianlığı qəbul etmiş yəhudi Pedro de Alfonso öz "Dialoqlar"ından birini İslam dininin müzakirəsinə həsr etdi. İnformasiya dəqiqliyi baxımından bu əsərin dəyərli olması şübhəsizdir; lakin o, İslam barədə təsəvvürlərin formalaşmasına az təsir göstərə bildi. İki astronom-alim - kettonlu Robert və dalmatiyalı Hermann tərəfindən 1142-ci ildə Möhtərəm Pyotrun sifarişi ilə yerinə yetirilmiş tərcümələr daha əhəmiyyətli oldu. Bu tərcümələrin, əsas etibarilə, Robert tərəfindən həyata keçirilmiş latınca Quran tərcüməsinin əsasında Möhtərəm Pyotr şəxsən müsəlman əqidə külliyyatını ("Summa totis haeresis Saracenorum") və onun rəddinə həsr olunmuş əsəri ("Liber contra sectam sive haeresim Saracenorum") hazırladı.
İslam barəsində orta əsrlərdəki təsəvvür müasir qərəzsiz təsəvvürdən dörd maddəyə görə fərqlənir: a) İslam dini - guya yalandan və həqiqətin şüurlu surətdə təhrifindən ibarətdir; b) İslam dini - guya zorakılıq və qılınc dinidir; v) İslam dini - guya öz ehtiraslarına aludəçiliyi təbliğ edən dindir; q) Məhəmməd (s) - guya dünyanın sonunda gələcək və İsaya (ə) qarşı mübarizə aparacaq Dəccaldır (Antixrist) (!)

Bu dörd maddənin hər biri üzərində dayanaq:

a) İslam - guya yalandan və həqiqətin şüurlu surətdə təhrifindən ibarətdir
Allah və insan barəsində Bibliya konsepsiyası orta əsrlərdə avropalıların təbiət haqqındakı təsəvvürlərində elə hakim mövqeyə malik idi ki, onlar sadəcə başqa dünyagörüşünün mövcudluğunu ağıllarına belə gətirmirdilər. Bir qayda olaraq, hansı nöqtələrdə müsəlman təlimi xristian təlimindən fərqlənirdisə, yalan sayılırdı. Akvinli Foma və əksər alimlər bəyan edirdilər ki, Məhəmməd (s) həqiqətlə yalanı bir-birinə qarışdırmışdır. Amma bəzi müəlliflər daha da irəli gedərək iddia edirdilər: "Əgər Məhəmməd (s) nə vaxtsa həqiqəti söyləyibsə də, onu zəhərlə qarışdırıb təhrif etmisdir". Yəni İslam təlimindəki həqiqətə uyğun cəhətlər yalnız zəhəri gizlətmək üçün əlavə olunan bal-şəkərə bənzədilirdi.

b) İslam - guya qılınc və zorakılıq dinidir
Qeyd edildiyi kimi, hətta Akvinli Foma kimi alimlər də belə hesab edirdilər ki, Məhəmməd (s) öz dinini hərbi güc hesabına yaymışdır. Sarasinlərin (ərəblərin) əsas dini qayda-qanunu "onların Allahına və Peyğəmbərinə düşmən olanları qarət etmək, əsir tutmaq və öldürmək, təqib edib hər vasitə ilə aradan götürmək" sayılırdı. Səlib yürüşlərinin ən canfəşan ilhamçısı romalı Humbert, hətta o yerə çatmışdı ki, iddia edirdi: "Müsəlmanlar elə təəssübkeşdirlər ki, hakim olduqları yerlərdə onların əqidəsini bölüşməyən hər kəsin başını bədənindən üzürlər". İslam barədə bu Avropa təsəvvürü həqiqətdən çox uzaqdır. Əslində ya İslamı qəbul etmək, ya da ölmək seçimi nə yəhudilərin, nə xristianların, nə də başqa məşhur din ardıcıllarının qarşısında qoyulmurdu. Bu seçki tələbi yalnız bütpərəstlərə aid idi və ümumiyyətlə, Ərəbistan hüdudlarından kənarda nadir hallarda tətbiq olunurdu.

c) İslam - guya ehtiras və səhvətə aludəçilik dinidir
Orta əsr avropalılarının gözündə, cinsi məsələlərdə İslam məhz bu cür canlandırılırdı. Bu din haqqında təsəvvürlərdə çox arvadlılıq anlayışı görkəmli yerlərdən birini tuturdu. Tez-tez belə hesab olunurdu ki, müsəlman şəxs maddi şəraiti imkan verdiyi sayda qadınlarla evlənə bilər. Müəlliflərin əksəriyyəti guya İslam dinində yeddi, yaxud on arvad almağa izacə verildiyini yazırdılar, halbuki, onlar müsəlmana yalnız dörd qadın almaq icazəsi verildiyini bilməmiş deyildilər. Quran ayələri çox zaman qəsdən səhv tərcümə edilirdi ki, onlarda həddən artıq seksual çalarlar görünsün. Müsəlmanların cinsi pozğunluğunun zirvəsi - Qurandakı cənnət mənzərəsi hesab edilirdi. Bu zaman möminlər üçün mükafat kimi nəzərdə tutulmuş qaragözlü behşit qızlarına - hurilərə xüsusi diqqət yetirilirdi və bu, biabırçılıq sayılırdı. Həzrət Məhəmmədin (s) özünün ailə həyatı ciddi tənqidlərə məruz qalırdı, əksər hallarda bu tənqid şişirdilmiş və yalan məlumatlar üzərində qurulurdu.

ç) Məhəmməd (s) - Dəccal (Antixrist) kimi təsəvvür edilirdi (!)
Bəzi avropalı tədqiqatçılar hətta Quranda çoxlu yalanların mövcudluğunu və Məhəmmədin (s) heç də peyğəmbər olmadığını söyləməklə də kifayətlənmirdilər. Möhtərəm Pyotr bəzi Bizans ilahiyyatçılarının bu fikrini qəbul etdi ki, İslam - xristian bidətidir. O iddia edirdi ki, İslam bidətçilikdən daha pisdir və müsəlmanlar bütpərəst kafirlərlə bərabər tutulmalıdırlar. Bu xristian təsəvvürü aşağıdakı mühakiməyə əsaslanırdı: Məhəmməd (s) peyğəmbər olmadığı halda yeni din yaradıbsa, deməli, Şəri müdafiə etmişdir. Belə olan halda, o guya ya Şeytanın silahı, ya da özüdür (!) Bu yolla, İslam tamamilə xristianlığa zidd sayılırdı.

Avropanın ziddiyyətli təsəvvürləri
Avropada klassik elmlər heç zaman tamamilə ölməmışdır; axı, latın dili elm dini kimi qalmaqda davam edirdi. Yunan dili daha az tanınırdı; hər halda, bu tanışlığın özü də Bizansla əlaqələr sayəsində mümkün olmuşdu. XII əsrdə bilavasitə yunan dilindən Aristotel və Platonun bir neçə əsəri tərcümə edildi.
Lakin o dövr fəlsəfəsində ən çox nüfuzlu fiqur İbn Sina (Avisenna) idi. Yeni tədqiqatlar göstərir ki, onun rolu indiyə kimi təsəvvür edildiyindən də artıq imiş. Bəlkə də bu üstünlük İbn Sinanın xristian fəlsəfi fikri ilə uzlaşan Platon cərəyanına yaxınlığına görə idi. XIII əsr fəlsəfədə Aristotelin nüfuzunu artırdı; İbn Rüşd (Averroes) tərəfindən Aristotelə şərh olaraq yazılmış bir neçə əsərin tərcüməsi buna təkan verdi. Burda qeyd etməliyəm ki, avropalıları Aristotelə rəğbətləndirən cəhət - yalnız onun fəlsəfəsindəki özünəməxsusluq deyildi; səbəblərdən biri də Aristotelin, necə deyərlər, əsil Avropa ənənələrinə mənsub olması idi. Başqa sözlə desək, elm və fəlsəfədə Aristotelin əsas mövqeyə çıxarılması, Avropanın özünü İslama qarşı qoyma cəhdinin bir aspekti kimi qiymətləndirilməlidir. Avropanın ərəb elm və fəlsəfəsindən bu qədər çox şey mənimsədiyini nəzərə alsaq aydın olar ki, İslamdan tam mənfi əhval-ruhiyyə ilə uzaqlaşa bilmək üçün onu mütləq müsbət bir amillə əvəz etmək tələb olunurdu. Bu müsbət amil rolunu Avropanın klassik keçmişi (yunan və Roma irsi) oynadı.
Avropanın müsəlman dünyasından qorunması və özünü klassik irslə eyniləşdirməsi prosesinin bir mərhələsini Dante yaradıcılığında əyani şəkildə müşahidə etmək mümkündür. Ola bilər ki, "İlahi komediya"nın bəzi əsas konsepsiyaları müsəlman mənbələrindən qaynaqlanır və ola bilər ki, Dante Avropanın ərəb fəlsəfəsinə borclu olduğunu dərk edirdi. Lakin maraqlıdır ki, Dante öz məşhur əsərində İslam dininə xeyli sayğısızlıqla yanaşmışdır. İslamdan uzaqlaşma meylini bundan duymaq olar ki, poemada Məhəmməd (s) cəhənnəmdə - təfriqəçilərin arasında yerləşdirilib; amma onun barəsində antik Ulissdən də az danışılıb. Ərəb filosoflarının elmə xidməti, İbn Sina ilə İbn Rüşdün cəhənnəm astanasında yerləşdirilməsi ilə təsdiq olunur; amma onların sayı cəmi iki nəfərdir. Halbuki, yunan və roma əsilli filosofların sayı 10 nəfəri ötür və bu "filosoflar ailəsi"nə "hamının tanıdığı müəllim" - Aristotel başçılıq edir. Əsərin müsbət hissəsi tamamilə klassik irsə müraciətlərlə zəngindir; Dantenin bələdçisi isə başqası yox, Vergilinin özüdür.
Bu prosesin növbəti mərhələsini artıq İntibah dövründə müşahidə etmək olar. Vaxtilə ərəblərə münasibətdə duyulan valehlik hissi bu zaman tamamilə nifrətlə əvəz edildi.

Müsəlman aləmindəki fərqli vəziyyət
Yeni intellektual baza əsasında Avropada formalaşmış İslam barədə yanlış təsəvvürlər və buna qarşı qoyulan xristianlıq obrazı barədə yuxarıdakı məlumatlardan çıxış edərək, indi də müsəlman aləmindəki tamam fərqli vəziyyətin şərhinə keçək. Qeyd etdiyimiz kimi, Avropanın orta əsrlərdəki tarixinə müraciət edən islamşünası ilk növbədə Səlib yürüşlərinin malik olduğu çox geniş miqyas və Avropa düşüncə tərzində İslam barədə yeni təsəvvürlərin daşıdığı əhəmiyyət heyrətə salır. Bu təəssürat birinci novbədə ona əsaslanır ki, həmin tədqiqatçı o dövrdəki musəlman aləmində buna oxşar heç nəyin izi ilə rastlaşmayacaq.
Əgər Səlib yürüşlərinə qərb xristianlığı ilə müsəlman aləmi arasındakı ardıcıl müharibələr silsiləsi kimi baxsaq, tam təbii olaraq hesab edə bilərik ki, bu yürüşlər həm Avropa, həm də müsəlman tarixində eyni əhəmiyyət daşıyır. Amma əslində heç də belə deyildir. Səlib yürüşlərinə məruz qalmış, Aralıq dənizinin şərq sahillərində yerləşən dovlətlər o zamanlar xırda hakimlər arasında bölüşdürülmüşdü; bu hakimlərin əsas məqsədi öz hakimiyyətlərini saxlamaq və yerli rəqiblərini aradan götürmək idi. Onlar franklar əleyhinə birləşməyə ehtiyac duymurdular; hətta bəzi hakimlər müsəlmanlar əleyhinə franklarla saziş imzalayırdılar. Məhz müsəlmanlar arasında birliyin olmaması səlibçilərə müəyyən uğurlar qazanmaq imkanı verdi.
Qüdsün süqutu zamanı regionun əsas müsəlman dövləti Səlcuq sultanlığı idi. Bağdad və Şərqin əksər müsəlman mərkəzləri səlcuqların nəzarəti altında yerləşirdi. Lakin sultanlığın paytaxtı, hərbi əməliyyatlar səhnəsindən altı həftəlik məsafədə yerləşən İsfahan şəhəri idi. Təbiidir ki, İsfahanda heç kim səlibçilərin kiçik və çox uzaq bir əraziyə soxulmasından narahat olmurdu. Səlib yürüşlərinin məşhur müsəlman tarixçisi İbn Xəldun (vəf. 1406) üçün nə qədər az əhəmiyyət daşıdığını asanlıqla duymaq olar. O, öz "Tarix" kitabına yazdığı əhatəli "Müqəddimə"də Səlib yürüşləri barədə yalnız bir neçə sətir həcmində məlumat verir (bu məlumatlar da Aralıq dənizinə nəzarət və Yerusəlimdəki məscidlər, müqəddəs ziyarətgahlar barədədir).
Bir sözlə, müsəlman aləminin əksər hissəsi üçün Səlib yürüşlərinin əhəmiyyəti, XIX əsrdə Böyük Britaniya üçün Hindistanın şimal-qərb sərhədlərindəki münaqişələrin əhəmiyyəti qədər idi. Geniş ictimai fikrə isə bu yürüşlər daha az təsir göstərirdi. Səlib yürüşlərinin Avropa və müsəlman dünyası üçün daşıdığı əhəmiyyətlər arasındakı fərqi dərk edə bilmədikləri üçün, bəzi məşhur avropalı tərixçilər belə, müsəlmanların həyatında səlibçilərin təsirini şişirtmişlər. Misal üçün, həmin tarixçilər iddia etmişlər ki, guya səlibçilər Abbasi xilafətinin dağılmasına səbəb olmuş, müsəlmanları monqollara qarşı layiqli müqavimət göstərməkdən yayındırmışlar. Bu iddialar inandırıcı deyildir. Abbasilər sözün əsil mənasında artıq 945-ci ildə siyasi hakimiyyətdən məhrum qalmışdılar (Ola bilsin ki, yalnız 1191-ci ildə, sünni məzhəbli Səlahəddin Misir Fatimilərini devirib, Abbasiləri xəlifə kimi tanıdıqdan sonra Abbasilər qısa müddətə dirçəldilər). Monqolların hücumuna qarşı müqavimət məsələsinə gəlincə, bunun məsuliyyəti Səlib yürüşlərinin qətiyyən toxunmadığı şərqi müsəlman dövlətlərinin hakimləri üzərinə düşür.

İslamla tanışlığın Avropa üçün əhəmıyyəti
Qərbi Avropanın müsəlman mədəniyyəti ilə rabitələri avropalıları öz qeyri-kamilliklərinə inandırdı. Müsəlmanlar texnika baxımından avropalıları üstələyirdilər, sərvətli müsəlmanlar daha çox dəbdəbə və təmtəraq sahibi idilər; lakin əsas məsələ yenə bunda deyildi. Əvvəlcə sarasinlərin "məğlubedilməzliyi" avropalıları dəhşətə salırdı, amma sonra normanlar sübuta yetirdilər ki, döyüş şücaətində heç də onlardan geri qalmırlar. Bununla belə, müsəlman sərhədlərinin genişlənməsi avropalıları yenə dəhşətə salmaqda davam edirdi. XII əsrin əvvəllərində avropalılar belə hesab edirdilər ki, dunya üç hissədən ibarətdir: Asiya, Afrika və Avropa. Bu hissələrin ən boyuyu - Asiya demək olar ki, bütünlükdə müsəlmanlara məxsus sayılırdı. Afrika da belə vəziyyətdə idi. Amma heç də bütün Avropa xristianların əlində deyildi. Deməli, belə çıxırdı ki, dünyanın demək olar, üçdə iki hissəsi müsəlmanlara məxsusdur. Müsəlmanlarla rabitə quran bütün xristianlar müsəlmanların öz üstünlüklərinə sarsılmaz inamından üzülürdülər. Ümumiyyətlə, avropalıların müsəlmanlara munasibəti, böyük dövlət daxilində imtiyazsız siniflərin münasibətini xatırladırdı. Məhz həmin siniflər sayağı avropalılar da hakim qrupa qarşı öz mövqelərini möhkəmlətmək naminə dindən istifadə edirdilər. Bu zaman xristianlığın əsasən iki formasına (bunları yeni yaranmış növlər də hesab etmək olar) üz tutulurdu: Kompostellalı Müqəddəs İakova pərəstiş və Səlib yürüşləri. Kompostellaya ziyarətlər və Yerusəlim üzərinə kütləvi canfəşanlıqla icra olunan Səlib yürüşləri xalq dini hərəkatının iki əsas, bərabər əhəmiyyətli mənbəyi kimi fəaliyyət göstərirdi.
İslamın əsil simasını təhrif etmək avropalılara ona görə lazım idi ki, müsəlmanlar qarşısında öz qeyri-kamilliklərinin yerini doldura bilsinlər. Bu yeni, təhrif edilmiş İslam obrazının formalaşdırılması üçün mühüm addımlardan biri Möhtərəm Pyotr tərəfindən "Toledo məcmuəsi"nin sifariş verilməsi, paralel olaraq həm də "Müsəlman əqidə məcəlləsi"nin və ona rəddin yazılması oldu. Bu zaman təqvim XII əsrin ortalarını göstərirdi, ərəb elm və fəlsəfəsinin mənimsənilməsi prosesi hələ çox irəli getməmişdi. Beləliklə, deyə bilərik ki, Avropanın İslamdan intellektual asılılığı bu qeyri-kamillik duyğusundan az dərəcədə asılı idi. Bununla belə, qeyd edilməlidir ki, Möhtərəm Pyotr üçün tərcüməçilik etmiş kettonlu Robert və dalmatiyalı Hermann tərcüməçiliyə başlamazdan əvvəl astronomiyanı öyrənmişdilər. Deməli, Möhtərəm Pyotr dərk etməli idi ki, yeni biliklər sarasinlərdən (ərəblərdən) qaynaqlanır; mümkündür ki, məhz bunu dərk edəndən sonra Möhtərəm Pyotrda ərəblərlə müqayisədə qeyri-kamillik və əskiklik duyğusu yarandı. O dövrdə xristian alimləri tərəfindən yaradılmış İslam obrazı sıravi xristianları təhrik edirdi ki, müsəlmanlara qarşı mübarizəni nurun zülmətə qarşı mübarizəsi kimi qavrasınlar. Müsəlmanlar güclü də ola bilərdilər, amma xristianlar artıq öz dini üstünlüklərinə inanırdılar.
"Nurla zulmətin mübarizəsi". Gözəl səslənən ifadədir; lakin indi, Freyddən sonra insanlar başa düşürlər ki, düşmənə aid edilən zülmət əslində adamın etiraf etmək istəmədiyi öz zülmətinin inikasıdır. Beləcə, İslamın təhrif olunmuş simasına da avropalının qara kölgəli cəhətlərinin inikası kimi baxmaq lazımdır. Sarasinlərə aid edilən həddən artıq seksuallıq Avropada da mövcud idi, amma xristian idealına uyğun gəlmirdi. Xristian təsəvvürlərinə görə, seksuallıq bədənin tələbi idi; bədənin bütün ləzzətləri isə qəlbə, yəni insanın əbədi həyat qazanmasına mane olur. Bu təsəvvürlərə əsasən, rahib müdrikliyi evli halda yaşamaqdan daha üstün sayılırdı. İslamın bu anlayışlar daxilində Avropanın özündə movcud olan şəri yerləşdirməsini bəzi aparıcı şəxsiyyətlərin dərk etməsi faktı, Avropa xristianlığında özünüdərkin artmasından xəbər verir. Misal üçün, XIV əsrin ikinci yarısında yaşayıb-yaratmış Con Uayklif barədə müasir alimlərdən biri belə yazır: "O, İslamın əsas xüsusiyyətlərini öz zəmanəsindəki Qərb kilsəsi üçün də xarakterik sayırdı. Əlbəttə, bu, o demək deyil ki, C.Uayklif İslama meylli idi; xeyr, tamamilə əksinə. Onun fikrincə, Qərb kilsəsi kimi İslamın da əsas xüsusiyyətləri lovğalıq, alçaqlıq, hakimiyyətpərəstlik, xudpəsəndlik, zorakılığın təbliği və bəşəri istəkləri Allahın iradəsindən üstün tutmaq idi. Məhz bu xüsusiyyətlər Qərbdəki xristianların parçalanmasına səbəb oldu, Qərblə onu əhatə edən mühit arasında sərhəd yaratdı".
Qərb kilsəsi haqqında ümumilikdə danışarkən, Uayklif belə bir ifadə işlədir: "Biz - Qərbin Məhəmmədləriyik". Təhrif edilmiş obraz Qərb üçün çox gərəkli olduğundan, təəccüblü deyil ki, uzun əsrlər boyunca yaşadı. Orta əsrlərdə xristianlığı İslamla qarşı-qarşıya qoyma prosesinin müxtəlif cəhətlərini diqqətlə araşdırsaq, aydın olar ki, İslam Qərb xristianlığına, təsəvvür edildiyindən də artıq dərəcədə təsir göstərmişdir. İslam Qərbi Avropaya yalnız öz maddi mədəniyyət nailiyyətlərini və texniki kəşflərini ötürməklə, Avropada elm və fəlsəfənin inkişafına təkan verməklə kifayətlənmədi. O, Avropanı özü barədə yeni təsəvvur yaratmaq səviyyəsinə çatdırdı. Avropa İslama qarşı çıxış etdiyi üçün, sarasinlərin nüfuzunu azaltdı, özünün yunan və roma irsindən asılılığını artırdı. Amma biz - "vahid dünya" mərhələsinə yaxınlaşan Qərbi Avropanın müasir sakinləri bu təhrifi aradan qaldırmalı və ərəb müsəlman mədəniyyətinə borclu olduğumuzu etiraf etməliyik.

MÜSƏLMANLARIN ELMİ NAİLİYYƏTLƏRİ

1-ORTA ƏSRLƏR İSLAM ÖLKƏLƏRINDƏ
ASTRONOMİYA VƏ RİYAZİYYAT

Antik dövrdən İntibah əsrinə kimi astronomiyanın inkişafını öyrənən elm tarixçiləri VIII-XIV əsrləri bəzən "İslam mərhələsi" adlandırırlar. Bu dövrdə astronomiya elminin daha sürətli yüksəlişi Orta Şərq, Şimali Afrika və mavritan İspaniyasında müşahidə edilmişdir. Avropa orta əsrlərin zülmətinə qərq olduğu zaman qədim elmin (astronomiyanın) çırağı müsəlman ölkələrinə keçdi. Bu ölkələrin alimləri həmin elmin alovunu sönməkdən qorudular və astronomiya onlardan İntibah dövrü Avropasına keçdi.
İslam ölkələrində astronomiyanın inkişafına iki amil kömək etmişdir. Birinci amil bu idi ki, İslam ölkələri qədim elmlərin çiçəkləndiyi ərazilərə coğrafi cəhətdən yaxın idi; özü də burada başqa ölkələrdən olan alimlərə münəsibətdə dözümlülük də nəzərə alınırdı. Antik astronomiyanın ən yüksək nailiyyəti - Ptolomeyin "Sintaksis" əsəri də daxil olmaqla, qədim yunanların elmi irsinin böyük hissəsi IX əsrdə ərəb dilinə tərcümə edildi. Məhz bu tərcümələr sayəsində yunan mənbələri sonralar orta əsrlər Avropasında tanındı (Ptolomeyin "Sintaksis"i indiyədək Avropada ərəbləşdirilmiş "Almagest" ("əl-Məcəti") adı ilə məşhurdur ki, bunun da tərcüməsi "nəhəng, ulu" deməkdir).
Digər amil bəzi müsəlman ayinləri ilə bağlıdır. Bu ayinlər riyazi astronomiyanın qarşısında, əsasən zamanın ölçülməsi ilə bağlı bir sıra məsələlər qoydu. Bu məsələləri həll edərkən İslam ölkələrinin alimləri qədim yunanların riyazi metodlar çərçivəsini də aşdılar. Onların əsasən triqonometriya sahəsində qazandıqları nailiyyətlər İntibah dövrü Avropa astronomiyasının təşəkkülündə mühüm rol oynadı.
Orta əsrlər İslam dünyasının astronomiya sahəsindəki nailiyyətlərinin əks-sədası bu gün də eşidilməkdədir. "Zenit", "azimut", "alqebra" kimi terminlər, habelə "yay üçbucağı" ulduzlarının adı; Veqa, Altair, Deneb - ərəb mənşəli sözlər qrupuna aiddir. Amma ərəbdilli alimlər tərəfindən yunan astronomiyasının mənimsənilmə tarixi nisbətən dəqiq məlum olduğu halda, onlar tərəfindən bu elmin təkmilləşdirilməsi və sonradan latındilli Qərbə qaytarılması tarixi yalnız indi aydınlaşmağa başlayır. Hələ minlərlə əlyazma nüsxəsi oxunmamış halda qalır. Bununla belə, bu prosesi bəzi ümumi cizgilərlə təsvir etmək mümkündür.

Bağdaddakı "Hikmət evi".
İslam aləmində ümumi halda elm və xüsusilə astronomiya 622-ci ildən - Məhəmmədin (s) Məkkədən Mədinəyə köçməsindən iki əsr sonra inkişaf etməyə başlamışdır. "Hicrət" adı ilə məşhur olan bu hadisə müsəlman təqvimində başlanğıc nöqtəsi kimi qəbul edilmişdir. İslamın ilk əsrlərində o, (İslam dini), sürətlə və nizamsız surətdə yayılırdı. Yalnız hicri II əsrin sonu - III əsrin əvvəllərində bu məntəqədə xalqların qaynayıb- qarışması ilə xarakterizə olunan kifayət dərəcədə sabit şərait elm çiçəklənmə mərhələsinə nail ola bildi. 750-ci ildə xilafəti ələ keçirmiş və 762-ci ildə yeni paytaxtın - Bağdad şəhərinin əsasına qoymuş Abbasilər sülaləsinin hökmdarları həmin dövrdə yunan əlyazmalarının tərcüməsi sahəsində görülən işləri himayə edirdilər. Cəmi bir neçə onillik ərzində Qalen, Aristotel, Evklid, Ptolomey, Arximed və Apolloniy də daxil olmaqla antik mütəfəkkirlərin əsas elmi əsərləri ərəb dilinə tərcümə olundu. Bu iş həm müsəlman, həm də xristian və atəşpərəst alimlər tərəfindən həyata keçirilirdi.
Elmlərin ən fəal hamisi 813-cü ildə hakimiyyətə gəlmiş məmun idi. Məmun "Hikmət evi" ("Beytül-hikmət") adlanan akademiyanı yaradaraq, nəsturi (xristian) məzhəbli Hüsəyn ibn İshaq əl-İbadini ora başçı təyin etdi və onun üçün görkəmli yunan alimlərdən ibarət komanda yaratdı. Hüneyn yunan mətnlərinin tərcüməçiləri arasında ən çox şöhrət qazanmış şəxsdir. O, Platonla Aristotelin əsərlərini, onlara yazılmış şərhləri, habelə yunan tibbinin yaradıcıları sayılan üç alimin: Hippokrat, Qalen və Dioskoridin əsərlərini ərəb dilinə tərcümə etmişdir.
Akademiyada astronomiya və riyaziyyat kitablarının tərcüməsi sahəsində əsas rolu qeyri-müsəlman alim Sabit ibn Qürrə ifa edirdi. Bundan əvvəl Sabit Mesopotomiyanın şimalındakı Hərran şəhərinin (bu şəhər astral ayin mərkəzi idi) bazarında sərraflıq edirdi. O iddia edirdi ki, məhz bu ayinin ardıcılları ilk dəfə torpağı becərmiş, şəhərlər salmış, limanlar tikmiş və elmi inkişaf etdirmişlər. Müsəlman paytaxtında onun fikirlərinə çox sakit yanaşırdılar. Burada (Bağdadda) o, 100-dən artıq elmi əsər yazdı ki, onlardan biri də "Almagest"in şərhidir.
"Hikmət evi"nin daha bir riyaziyyatçı - astronomu Xarəzmi idi. Onun məmuna həsr etdiyi "Alqebra" ("əl-Cəbr") kitabı çox güman ki, riyaziyyatın bu sahəsində ərəb dilində qələmə alınmış ilk kitab idi. "Alqebra" kitabının yazılması yunanlar və hindlilər tərəfindən inkişaf etdirilmiş metodların İslam aləminə gətirilməsinə şərait yaratdı. Bu kitab 1100-cü ildən sonra riyaziyyat öyrənmək xatirinə İspaniyaya gəlmiş Çesterli Robert adlı ingilis alimi tərəfindən latın dilinə tərcümə edildi. Bu tərcümə orta əsrlər Qərbinə məxsus cəbr elminə böyük təsir göstərdi. Xarəzminin "Dixit Algoritmi" (müasir "alqoritm" sözü buradan qaynaqlanır) sözləri ilə buradan hesab traktatı da Avropa cəbr elminə böyük təsir göstərdi.
Bundan əlavə, həmin riyaziyyat və başqa elmlərdə həmişəlik qorunub qalmışdır: Avropaya ərəb rəqəmləri məhz bu əsər vasitəsilə keçmişdir. Bəzi triqonometrik islahatlarla yanaşı, ərəblər Hindistanın sıfır rəqəmi də daxil olmaqla rəqəm sırasını əxz etdilər. Hind rəqəmləri mğsəlman aləmində iki formada mövcud olmuşdur; İspaniya vasitəsilə Avropaya Qərb forması keçmişdir. Sıfır da daxil olmaqla, bu rəqəmlər Roma rəqəmlərinə nisbətən hesabat üçün xeyli əlverişlidir.
IX əsrdə Bağdadda daha bir astronom - əhməd əl-Fərqani də fəaliyyət göstərirdi. Onun "Astromiya elementləri" (kitabın əsil adı belədir: "Səma cisimlərinin hərəkəti və astronomiya elminin məcmuəsi") əsəri Ptolomey geosentrik astronomiyasının daha sadə qeyri-riyazi anlayışlarının inkişafına şərait yaratdı. "Elementlər" əsəri Qərb elminin inkişafına güclü təsir göstərirdi. Kitab Toledo şəhərində iki dəfə latın dilinə tərcümə edildi: ilk dəfə XII əsrin birinci yarısında Seviliyalı İohann (İspaniya), ikinci dəfə isə bir neçə onillikdən sonra, daha bütöv halda Kremonlu Gerardo tərəfindən.
Dante məhz Gerardonun tərcüməsi vasitəsilə Ptolomey astronomiyasının məğzi ilə tanış olmuşdu ("İlahi komediya"da şair bütün planetlərin sferasından keçərək Yer kürəsinin yerləşdiyi mərkəz nöqtəsinə enir). Lakin Seviliyalı İohannın ilk tərcüməsi Qərbdə daha çox məşhurlaşmışdı. Bu tərcümə XII əsrdə Holivudlu Con (İohann Sakrobosko adı ilə də tanınmışdır) tərəfindən yazılmış və "Sferik astronomiyanın" daha sadələşdirilmiş izahı olan Sakrobosko "Sferalar"ı üçün zəmin rolunu oynadı. Bütün Qərb xristian aləminin universitetlərində Sakroboskonun "Sferalar" kitabı uzun müddət boyunca öz populyarlığını qorudu. Kitab nəşr üsulu kəşf olunduqdan sonra bu əsər təqribən 200 dəfə çap edildi.
Bu akademiya nümayəndələrinin fəaliyyəti artıq 900-cu ilə kimi vahid daşıyıcı dilli (ərəbdilli) çoxmillətli elmin inkişafı ilə nəticələndi.

Dini adətlərin təsiri
İslam ölkələrində astronomiyanın inkişafını təmin etmiş əsas təkan, riyazi astronomiya, xüsusilə sferik həndəsə qarşısında bir sıra suallar qoymuş dini ayinlərlə bağlıdır. Xristianlar və yəhudilər kimi, Məhəmmədin (s) qəbilələri də pasxa kimi dini bayramları Ayın fəzaları əsasında hesablayırdılar. Lakin bu zaman hər iki qrup eyni çətinliklə üzləşirdi: 29,5 sutkaya bərabər olan qəməri ay 365 sutka davam edən yer ili ilə ortaq ölçüyə malik deyildir. Başqa sözlə desək, 12 qəməri ay üst-üstə cəmi 354 gün təşkil edir. Bu maneəni aradan qaldırmaq üçün xristianlar və yəhudilər b. E. ə. 43-cü ildə afinalı astronom Meton tərəfindən işlənib- hazırlanmış sxemə əsaslanan zaman ölçü sistemindən istifadə edirlər. 19 illik "Meton tsikli" 12 qəməri aydan ibarət 12 ildən və 13 qəməri aydan ibarət 7 ildən təşkil edilmişdi. Mütəmadi olaraq tətbiq edilən 13-cü ay təqvimin günlərini eyni hüdud daxilində saxlamağa imkan verirdi. Həqiqətdə isə göstərilən standart vəziyyətə heç də həmişə riayət olunmurdu. Bəzən hakimlər özbaşına olaraq, öz maraqları üzündən, əsasən pul qazancı xatirinə 13-cü ayı əlavə edirdilər. Məhəmməd (s) belə hərəkətlərə "şeytan fitnələri" kimi baxırdı.Quranın 9-cu surəsinin 36-cı ayəsində deyilir: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram (qadağan edilmiş) aylardır; bu, doğru dindir". Xəlifə Ömər (634-644) bu göstərişi dəqiq ay təqvimini tətbiq etmək tələbi kimi qəbul etdi; onun tətbiq etdiyi ay bu günə kimi əksər müsəlman ölkələrində istifadə edilir. Hicri il Günəş ilindən 11 gün qısa olduğuna gürə, müsəlman bayramlar (məsələn orucluq ayı ramazan) fəsillər üzrə yavaş-yavaş öz günəş ilindən sonra ilkin tarixə qayıdır.
Bundan əlavə, ramazan və sair müsəlman bayramları astronomik Ay başlanğıcından başlanmır; Astronomik Ay başlanğıcında Ayın yerləşdiyi en parametri Günəşi en parametrinə bərabər olduğu Ay görünmür. Bayramlar gecə səmasının qərb hissəsində nazik Ay hilalının göründüyü vaxtdan hesablanır. Ay hilalının nə zaman görünəcəyini irəlicədən xəbər vermək müsəlman astronom- riyaziyyatçıların qarşısında duran xüsusi əhəmiyyətli məsələ idi. Ptolomey nəzəriyyəsi yeni Ay başlanğıcı ərəfəsində Ayın mürəkkəb hərəkəti üçün kifayət qədər dəqiq "işləsə" də, Ayın yalnız ekliptikaya (Günəşin səma sferası boyunca hərəkət yolu) münasibətdə yolunu təyin edirdi. Ayın görünməsini irəlicədən xəbər vermək üçün onun üfüqə münasibətdə hərəkətini təyin etmək lazım idi, bunun üçün isə sfərik həndəsənin incə metodları işlənməli idi.
İki başqa dini adət də belə hesablamalar tələb edirdi. Məcələlərdən biri bununla bağlı idi ki, müsəlmanlar namaz qılarkən üzlərini Məkkəyə sarı çevirir, məscidləri də bu istiqamətə uyğun şəkildə tikirlər. Buna görə də istənilən yerdə müqəddəs şəhərə doğru istiqaməti tapmağın yolunu öyrənmək lazım gəlirdi. İkinci məsələ isə bundan ibarət idi ki, Günəş çıxmazdan, günorta, gündüz, Günəş batarkən və gecə düşməzdən qılınan gündəlik namazların vaxtı səma cisimlərinin mövqeyi əsasında təyin edilməli idi.
Hər iki məsələnin həlli, səma sferasındakı üçbucağın məlum tərəf və bucaqları əsasında məchul tərəf və bucaqlarını tapmaq məsələsi ilə əlaqədardır. Məsələn, Günün vaxtlarını təyin etməyin yollarından biri, üç nöqtələri zenit, Yerin Şimal qütbü və Günəş olan üçbucağı qurmaqdan ibarətdir. Müşahidəçi Günəşin və qütbün hündürlüyünü bilməlidir. Bunların birincisi ölçülə bilər, ikincisi isə müşahidəçinin dayandığını yerin en dairəsinə bərabərdir. Günün vaxtları meridianla (zenit nöqtəsi və Yerin qütblərindən keçən qövs) Günəş saat dairəsinin (Günəşi və Yerin qütblərini birləşdirən qövs) arasındakı bucaq vasitəsilə təyin olunur.
Ptolomey sferik üçbucaqların həlli üçün I əsrdə İsgəndəriyyəli Menelay tərəfindən işlənmiş mürəkkəb metoddan istifadə edirdi. Bu metod iki kəsişən düzbucaqlı üçbucağın qurulmasına əsaslanırdı. Menelay teoremini bu məsələyə tətbiq etməklə altı tərəfdən birini tapmaq olurdu; amma bu yalnız o zaman mümkün idi ki, qalan 5 tərəf məlum olsun. Günün vaxtlarını təyin etmək üçün Menelay teoremini bir neçə dəfə tətbiq etmək lazım gəlirdi. Müsəlman astronomları çox ciddi problemlə üzləşmişdilər - daha sadə triqonometrik metod tapılmalı idi.
IX əsrdə müasir altı triqonometrik funksiya müəyyən edildi: sinus və kosinus, tangens və kotangens, sekans və kosekans. Halbuki Ptolomey yalnız xorda funksiyasını bilirdi. Sadalanan funksiyalardan beşi ərəb mənşəlidir; yalnız "sinus" Hindistandan mənimsənilmişdir. (Bu sözün mənşəyi maraqlıdır. Sanskrit dilində belə bir ifadə vardır: "ordxaciva". Bu söz ərəb dilində kiçildərək "cib" şəklinə düşmüşdür. ərəb dilində qısa sait hərflər yazıda göstərilmir, ona görə də bu söz "cib, çökək" mənasını verən "ceyb" kimi oxunmuşdur. Orta ərslərdə Avropada bu sözü "sinus" gəlməsi ilə tərcümə etdilər (latın dilində mənası "cib" deməkdir)).
IX əsrdən sferik triqonometriya sürətlə inkişaf etməyə başladı. Müsəlman ölkələrinin alimləri sinuslar teoremi kimi sadə triqonometrik kəşf etdilər ki, bu da sferik üçbucaqları sürətli və sadə üsulla həll etməyə imkan verdi.

Ulduzlar
Ərəb astronomiyasının ən böyük miraslarından biri - ulduzların adıdır. Betelgeyze, Riqel, Veqa, Aldebaran, Fomalhaut - nümunə kimi verilmiş bu adlar ya bilavasitə ərəb mənşəlidir, ya da Ptolomey tərəfindən verilmiş yunan adlarının ərəbcə transkripsiyasıdır.
"Almagect"də Ptolomey 1000-dən artıq ulduzun siyahısını verir. İlk dəfə bu siyahını tənqid etmiş şəxs - İranda və Bağdadda işləmiş X əsr fars astronomu əbdür-Rəhman Sufi oldu. Sufinin "Tərpənməz ulduz bürcləri kitabı" adlı əsəri "Almagest"dəki siyahını yeni ulduzlarla tamamlamadı və köhnə ulduzları da oradan çıxarmadı; bəzi ulduzların qeyri-düzgün yerləşdirilməsi də bu kitabda islah olunmadı. Amma burada ulduzların ölçüləri daha dəqiqliklə hesablanmış; hərçənd ki, ərəb adlarının əksəriyyəti Ptolomey tərəfindən verilmiş adların hərbi tərcüməsindən ibarətdir.
XIII əsrdə Nəsirəddin Tusi Ptolomey sistemi ünvanına yeni tənqidi qeydlərlə çıxış etdi. Özündən sonra 150 elmi əsər və traktat qoymuş, ən məhsuldar müsəlman riyaziyyatçılardan sayılan Tusi Marağa şəhərində (hal-hazırda İranın şimal-qərbində, Cənubi Azərbaycan vilayətində yerləşir) böyük rəsədxana tikdirdi.
Tusi ekvant anlayışına qarşı xüsusilə güclü etiraz edirdi. O, "Təzkirə" ("Yaddaş") əsərində bu anlayışı ortadan götürərək, onun əvəzində hər planet üçün iki tamamlayıcı kiçik epitsikl tətbiq etdi. bu ağıllı yenilik vasitəsilə, bərabərölçülü fırlanan sferalar kombinasiyasından istifadə edərək, Tusi arzuedilən nəticəyə - planetləri dəyişən bucaq sürəti ilə hərəkət etdirməyə nail oldu. Bununla belə, diferent mərkəzləri Yerin mərkəzinə münasibətdə öz yerlərini dəyişmiş olaraq qalırdı. Bu xüsusiyyət Marağa rəsədxanasının iki başqa alimi - Müəyyəddin Urdi və Qürbəddin Şirazi tərəfindən işlənmiş alternativ modeldə də qorunurdu.
Planet konsentrik hərəkət sxemi bütövlüklə İbn Şatir tərəfindən quruldu. 1350-ci illərdə Dəməşqdə fəaliyyət göstərən İbn Şatir Tusinin yaratdığı sxemə bənzər sxemdən istifadə edirdi. Bu zaman o, nəinki yalnız ekvantı, həbelə etiraz doğuran digər Ptolomey dairələrini də ləğv edə bilmişdi. Bununla o, ideal şəkildə yerləşmiş və mexanika qanunlarının icazə verdiyi səma sferalarının sxemlərinin yaradılması yolunu maneələrdən təmizləmiş oldu. O öz gördüyü işləri belə təsvir edirdi: "Mən aşkarladım ki, keçmiş maşhur astronomların əksəriyyəti Ptolomey tərəfindən izah edilmiş və yaxşı tanıdığımız sferik astronomiyaya qarşı açıq-aydın şübhələr irəli sürmüşdür. Ona görə mən qüdrətli Allahdan dilədim ki, mənə kömək olsun. Qüdrətli və cəlallı Allah planetlərin en və uzunluq boyu hərəkətini, onların hərəkəti zamanı müşahidə edilən xüsusiyyətləri təsvir edən model yaratmağıma yardımçı oldu; elə bir model ki, əvvəlkilərdən fərqli olaraq heç bir şübhəyə əsas vermədi".
Lakin Marağa rəsədxanası astronomlarının qazandıqları nailiyyətlər kimi, İbn Şatirin sxemi də Avropa üçün praktiki olaraq naməlum qaldı.

Kopernikə təsir?
İbn Şatirin unudulmuş modeli 50-ci illərin sonunda E. Kennedi və onun Beyrutdakı Amerika Universitetində oxuyan tələbələri tərəfindən aşkara çıxarıldı. Bununla bağlı maraqlı bir problem də ortaya çıxdı. Dərhal aydın oldu ki, İbn Şatirlə Marağa astronomlarının kəşfləri, bir neçə əsr sonra ekvantı ləğv etmək və Yer orbitinin vəziyyətində mürəkkəb dəyişikliklər etmək məqsədini daşıyan Kopernikin istifadə etdiyi mexanizmlə eyni tiplidir. Aydındır ki, Kopernik heliosentrik sxemə əsaslanırdı, lakin planetlərin orbital sürətinin asta, amma mütəmadi dəyişməsinin həsablanması problemi dəyişməz olaraq qalırdı. Kopernik ekvant anlayışı əleyhinə irəli sürülmüş fəlsəfi etirazlara şərik idi (bəzi müsəlman sələmləri kimi o, belə hesab edirdi ki, səma cisimləri bərk sferalar vasitəsilə hərəkətə gətirilir), buna görə o, həmin həndəsi sxemi nə ilə əvəz etmək barədə də düşünürdü. Özünün "Kiçik şərh" adlı nisbətən əvvəllər yazılmış əsərində Kopernik, İbn Şatirin modelindəkinə ekvivalent olan şarnir əlaqəsindən istifadə etmişdir. Sonralar "Səma sferalarının fırlanması haqqında" adlı məşhur traktatında o, ekssentrik orbitlərə qayıdaraq, marağada işlənmiş modəlin geliosentrik ekvivalenti olan model üzərində dayandı.
Görəsən, Marağa astronomları, yaxud İbn Şatir Kopernikə təsir edə bilərdilərmi? İndiyə kimi onların modeli təsvir edilmiş hər hansı kitabın latın dilinə bircə tərcüməsi belə tapılmamışdır. Görəsən, Kopernikin İtaliyada oxuyarkən (1496-1503-cü illər) hər hansı ərəb əlyazmasını görməsi və onu tərcüməs etməsi mümkündürmü? Bu fərziyyə qeyri-inandırıcı görünür. Məlumdur ki, Tusinin bəzi əsərlərinin yunanca tərcümələri XV əsərdə Romaya gedib çıxmışdı (1453-cü ildə Konstantinopolun süqutundan sonra xeyli yunan əlyazması Qərbə aparılmışdı), lakin Kopernikin hər hansı səviyyədə bu kitablarla tanış olduğu barədə heç bir məlumat yoxdur.
Müasir dövrdə bu barədə alimlərin fikri haçalanır: bəziləri belə hesab edirlər ki, Kopernik ekvantı ləğv etmək metodunu müsəlman alimlərdən naməlum üsulla mənimsəmişdir. Bəziləri isə düşünürlər ki, Kopernik bunu müstəqil kəşf ətmişdir. Mən hesab edirəm ki, onun bu metodu müstəqil şəkildə tapması tamamilə mümkün olan haldır.
Bununla belə, ümumi ideya olaraq Ptolomeyin tənqidi və ekvantın ləğvi, latındilli Qərbin müsəlman aləmində mənimsədiyi elmi mühitin bir hissəsi idi. əgər İslam alimləri Kopernikin inqilabı dəyişiklikləri ilə tanış ola bilsəydilər, çox güman ki, xeyli təəccüblənər, hətta planetləri Günəş ətrafındakı orbitlərdə yerləşdirmək vasitəsilə Kopernik elə bir mexaniki fəaliyyət sxemini yaratmaq istəyirdi ki, bu sxem planetlərin hərəkəti barəsində nəinki yalnız riyazi təsəvvür versin, hətta bunu fiziki cəhətdən də izah edə bilsin. Belə hesab etmək olar ki, Kopernik sadəcə olaraq, əsası Ptolomey tərəfindən qoyulmuş, lakin orta əsrlərdə müsəlman ölkələrində yeni şəklə salınmış astronomiya nailiyyətlərini işləyib - hazırlamış və təkmilləşdirmişdir. Bu gün həmin biliklər ümumdünya elminin sərmayəsi olmuşdur.

Təbabət
Görünür, ərəblərin təsiri olmamışdan əvvəl Avropada tibb elminin səviyyəsi çox aşağı olub. Səlib döyüşləri dövründə yaşayan Usamə ibn Munkizi bizə avropalıların vəhşi metodları barədə öz müşahidələrini yazıb goymuşdur.
Yazıçının əmisi olan ərəb əmiri Frank dostunun xahişi ilə onun yanına müsəlman həkim göndərir. Həkim çox tez gayıdır, lakin onun təəssüratları çox da yaxşı olmur. Sən demə onu bir cəngavər və qadını müalicə etmək üçün çağırıblarmış. Cəngavərin ayağı abses olubmuş və ərəb həkimi ona isti kompress qoyur. Abses partlayır ve yara sağalmağa başlayır. Qadın isə arıqlayıb, gücdən düşübmüş (düzdür, burada biz müəllifin nəyi nəzərdə tutduğunu bilmirik). Ərəb həkimi isə ona tərəvəz pəhrizini təklif edir.
Sonra isə frank həkimi gəlir. Ərəb həkimini görüb əsəbləşir və öz metodunu tətbiq etməyə başlayır. Cəngavərdən soruşur ki, o nəyə üstünlük verir, bir ayaqla yaşamaga, yoxsa iki ayaqla ölməyə? Cəngavər təbii ki, yaşamağa üstünlük verdiyini söyləyir. Həkim məcburən onun ayağını kötüyün üstünə qoyur və güclü bir adam onun ayağının xəstə hissəsini iti balta ilə vurur. Birinci zərbə alınmır. İkinci zərbədən sonra isə xəstənin sümükləri parçalanır və o həmin dəqiqə ölür.
Qadının müalicəsi isə daha dəhşətli olur. Frank həkimi deyir ki, onun bədəninə cin yerləşib buna görə də onun başını qırxmaq lazımdır. Elə də edirlər. Bundan sonra xəstə tərkibində sarımsaq və xardal olan yeməyini yeməyə davam edir. Xəstəliyinin daha da inkişaf etdiyini görən həkim deyir ki, indi də cin onun başına yerləşib. O, qadının kəllə sümüyündə xaç şəkli çərtir və həmin açıq yerə duz sürtür. Qadın o saat ölür. Bundan sonra ərəb həkimi soruşur ki, ona ehtiyac varmı. Mənfi cavab aldıqdan sonra o, vətəninə dönür.
Adətən Avropa mənbələri də öz tibb elmlərinin qeyd olunan bu zəif tərəflərini təsdiqləyirlər. Ən birinci tibb məktəbi Salernoda yaranıb, lakin onun yaranma tarixi dəqiq məlum deyil. O yerlərin gözəl havası olduğuna görə, xəstələr orada tez sağalırdılar. VII əsr mənbələrində olan Benedikt xəstəxanasının mövcudluğuna da işarə edilir. Çox güman ki, bu yer mehmanxana olub. Orada xəstələrə yalnız yataq verilirdi, müalicədən isə söhbət gedə bilməzdi.
Monpelyedə olan digər tibb məktəbi ola bilsin ki, Salerno məktəbinin törəməsidir. Biz bilirik ki, 1137-ci ildə Parisdə oxuyan bir tələbə tibb elmini oyrənmək üçün Monpelyeyə yola düşür. Şəhər əhalisinin böyük bir qismi ərəb və yəhudilərdən, o cümlədən ərəbdilli xaçpərəstlərdən ibarət idi. XIII əsrin əvvəllərində orada tibb elmi İspaniyanın cənubunda olan ərəb ənənəsi ilə sıx bağlı idi. Ona görə Monpelyenin Avropa və ərəb tibb elmi arasında vasitəçilik rolu biz fikirləşdiyimizdən də böyük olub.
Tezliklə tibb məktəblərində cərrahlıq öyrənilməyə başlandı. Əvvəllər cərrahlar aşağı təbəqə sayılırdılar, tibb məktəblərinin müəllimləri onlara yuxarıdan aşagıya baxırdılar. Hətta 1163-cü ildə cərrahlığı, o biri tibb fənləri ilə birgə məktəblərdə tədris etməyi qadağan edən kilsə reskripti meydana çıxmışdır. Çox güman ki, cərrahlığa münasibət tibbi biliklərin yayılması nəticəsində dəyişir. O zamanlar artıq ərəb dilindən tərcümələri əldə etmək imkanı var idi, əhli-səliblər isə sarasinlərin tibbi təcrübəsindən istifadə edirdilər. 1252-ci ildə Paduyalı Bruno da Lonqoburqo "Chirurgica Magna" adlı çox mühüm bir traktat yazmışdır.
Yəqin ki, 1200-cü ildə açılan xəstəxanalarda əhli-səliblərin təcrübəsi istifadə olunub. Lakin bu xəstəxanalar ərəb xəstəxanalarından geri qalırdı. Ərəblər o vaxtlar yoluxucu xəstələri ayrı otaqlarda saxlayırdılar. Həkim xəstələrə xəstəxanada baş çəkirdi. İlk dəfə olaraq daimi həkimi olan xəstəxana Strasburq şəhərində 1500-cü ildə olub. O biri ərəb ənənəsini - tibb məktəblərinin tələbələrinin xəstəxanada praktikasını Avropa 1500-cü ildə qəbul edib.
Avropa tibb elminin ərəblərdən XV-XVI əsrə qədər davam edən asılılığını o vaxt dərc edilmiş kitabların siyahısından da görmək olar. Onlardan birincisi olan Paduyalı alim Ferrari da Gradonun nəşr etdiyi ər-Razinin əsaslarının doqquzuncu hissəsinə olan şərhləri idi. İbn Sinanın "Qanunlar"ı 1473-cü ildə dərc olunub, 1475-ci ildə bu əsərin ikinci nəşri olub, üçüncü nəşri isə Gallenin birinci əsəri nəşr olmamışdan qabaq olub. 1500-cü ilə qədər "Qanunlar" on altı dəfə nəşr olunub. Bu kitab 1650-ci ildən sonra da istifadə edildiyindən dünyada ən çox oxunan tibb kitabı sayılır. "Qanunlardan" sonra ər-Razi, Averroes, Hüneyn ibn İshaq və Hali Abbas kimi müəlliflərin ərəb dilindən tərcümə edilmiş əsərləri gəlir. Avropa alimlərinin əsərlərində gətirilən ərəb sitatlarının statistikası göstərir ki, orta əsrlərdə Avropada ərəblərin təsiri yunan təsirindən güclü idi. Məsələn, Ferrari da Grado öz əsərində İbn Sinadan üç min dəfədən çox, ər-Razidən və Gallendən hərəsindən min dəfə, Hippokratdan isə yüz dəfə sitat gətirir. Sözün qısası, XV-XVI əsrdə Avropa tibb elmi ərəb tibb elminin zəif bir parçası olub.

Məntiq və metafizika
Ərəblərin qədim yunan, qərbi Avropanın isə ərəblərin fəlsəfəsini öyrənməsi prosesində maraqlı oxşar və fərqli məqamları müşahidə etmək olar. Ərəblərin marağı ən əvvəl tibb və astronomiya elmlərində özünü biruzə vermişdi, lakin bu sahələr həmişə Xilafətin intellektual həyatından kənarda qalmışdı. Həp şeydən əvvəl fəlsəfənin ərəblərin maraq dairəsində olması onun o biri elmlərlə sıx əlaqədə olması idi. Ancaq sonra ərəblər fəlsəfəni öz əsas intellektual məqsədləri - teoloji olmaqla yanaşı mühüm siyasi əhəmiyyət kəsb edən arqument üçün daha faydalı gördülər. Avropada isə əsas teoloji amillər siyasi məna daşımırdı, təkcə dində işlənirdi. O zaman hətta bəzi məktəblərə yol tapmış ayrı-ayrı elmlərə də maraq geniş yayılmışdır. Hələ VI əsrdə qəbul edilmiş yeddi azad elm sistemi də bu işdə asanlıq yaradırdı. Bu yeddi elm triviuma bölünürdü (riyaziyyat, astronomiya, həndəsə və musiqi). Bir çox monastır və kafedral məktəblər öz diqqətlərini triviumda cəmləşdirirdilər. Çünki kvadrivium Avropa alimliyi tərəfindən önəmli sayılmırdı.
Metafizikada (həmçinin bir çox ayrı elm sahələrində olduğu kimi) birinci orijinal əsərlər Avropada tərcüməçilər tərəfindən yazılmışdı. Məsələn, Dominik Gundisalvi "Ruhun əbədiliyi və fəlsəfədə parçalanma" (əsasən ərəb mənbələri əsasında yazılıb) əsərini yazmışdı. O İbn Sinanın "əş-Şifa" (latın versiyasında "Aufficientia" adı ilə tanınan) və əl-Qəzalinin "Məqasid əl-Fəlasifə" əsərlərində olduğu kimi Tanrının hərəkətsiz lakin dünyanı hərəkətə gətirən olması konsepsiyasını tədqiq edərək teologiyanı fizika ilə əlaqaləndirmişdi.
Aristotelin məntiq elmi barədə nəzəriyyələri Avropada Boesiyanın əsərləri vasitəsilə çoxdan tanınmışdı. XII əsrdə "Organonun" yunan dilindən tərcümələri çap olunmuş, sonra isə ərəb dilindən tərcümələr çıxmışdır. Lakin Aristotel barədə tam anlayış Avropada məhz İbn Rüşdün (Averroes) əsərlərinin tərcüməsindən, xüsusilə də onun Aristotelin metafizik əsərlərinə şərhlərindən sonra əldə edilmişdir. Bu tərcümələr XIII əsrdə dərc olunub, amma Averroesin bəzi nəzəriyyələri latın filosoflarına hələ alimin ölümündən (1198 ildə) qabaq da çata bilərdi. Sözsüz ki, aristotelçilik Dominikan ordeninin üzvləri, xüsusilə Dahi Albert (1906-1280) və Foma Akvinski (1226-1274) tərəfindən çox tez bir zamanda qəbul olunmuşdu. Foma Akvinski Aristotelin nəzəriyyəsini o qədər yaxşı bilirdi ki, onları hətta teologiyada da işlədirdi.
Yəqin ki, biz Averroesi Aigera Brabantakinin (1235-1282) latın averroizmi ilə çox sıx əlaqələndirdiyimiz halda onun Avropaya təsirini düzgün başa düşə bilərik. Siger deyirdi ki, insan ağlı fəlsəfi mənasında vəhylə gələn həqiqətlərə zidd ola bilər, lakin bunların ikisini də qəbul etmək lazımdır. İkili Həqiqət nəzəriyyəsi bunu tələb edir halbuki, Sigerin özü də bu termini işlətmir. Yəqin Averroes məhz bunu nəzərdə tuturmuş, lakin bu fikri daha yumşaq formada izah edirdi. O güman edirdi ki, Quranın surələri elə şərh ediləcək ki, bütün ziddiyətlər aradan götürüləcək: iş ondadır ki, ərəb dilindən izahetmə latın dilinə nisbətən daha asandır. Latın averroistləri insan ağlını həqiqətlə barışdırmaq təşəbbüsünü irəli sürmürdülər və onların müasirləri fikirləşirdilər ki - yəqın ki, buna da səbəb var idi - onların fikirləri məntiqi sona çataraq dini məhv edə bilər.
Ərəb fəlsəfi fikri avropalılara yeni material verdi, onlar üçün yeni olan metafizika dünyasını açdı. Ərəb dilindən edilən tərcümələr Avropa təffəkürünün bütün sahələrində məlum idi - təkcə averroistlərə və onların əleyhdarları Foma Akvinski tərəfdarlarına deyil, hətta Robert Qrosaeteste və Rocer Bekon kimi konservativ platonizmin tərəfdarı platonik-rasionalistlərə də məlum idi. Avropanın fəlsəfi təffəkürünün inkişafı ərəblərlə bağlıdır.
Ərəb tədqiqatlarına, ərəb təffəkkürünə, ərəb əsərlərinə bütöv şəkildə baxanda aydın olur ki, ərəblərsiz Avropa elmi və fəlsəfəsi bu surətlə inkişaf edə bilməzdi. Avropalılar əldə etdikləri elmləri nəinki yaşatdılar, onların diapozonunu dagenişləndirdilər. 1100-cü ildə avropalılar öz düşmənləri olan sarasinlərin elmi ilə maraqlananda, bu elmlər artıq yüksək səviyyədə idi. Avropalılar irəli getmək üçün ərəblərdənmümkün olacaq hər şeyi öyrənməyə məcbur oldular.

Dənizçiliyə aid texnika
Aralıq dənizində ərəblər gəmilərin təchizində Hind okeanında əldə etdikləri təcrübədən istifadə edirdilər. Orada Şərqi Afrikada Kilvadan tutmuş Mallak boğazına qədər ticarətə onlar nəzarət edirdilər. Məhz Hind okeanında üçkünc yelkən ixtira edilmişdi və gəmilər onunla təchiz olunmuşdu. Aralıq dənizində isə ərəblər birinci dəfə latın karavellasını istifadə etmişdilər. Bu gəmilərin üstünlüyü ondan ibarət idi ki, onlar üzü küləyə tərəf üzə bilirdilər, Aralıq dənizində istifadə olunan dördkünc yelkənli karrakilər isə məhz külək əsən tərəfə üzürdü.
Üçkünc yelkən prinsipi Avropa gəmiçiləri tərəfindən götürülüb inkişaf etdirilmişdi. Bu onlara daha böyük gəmilər tikmək imkanı yaratmışdır. Onlar Atlantik okeanı keçmiş, böyük səyahətlər və coğrafi kəşflər etmişdilər. Dəniz kompasının təkmilləşdirilməsində həm avropalıların həm də ərəblərin nailiyyətləri eyni səviyyədədir. Məlumdur ki, dəmirin ahənrübasının xusussiyyətlərinin kəşf edilməsindən sonra dənizçilər üçün vacib olan kompasın ixtirasına qədər bir çox mərhələ keçib. Yəqin ki, bir şəxs taxta üstündə ahənrübalı dəmirin üstünə iynə qoymaqla birinci addımı atıb, ancaq bu addımlardan sonra da bir çox addımları da atmaq lazım idi.
Bir vaxt fikirləşirdilər ki, kompası bizim eramızdan əvvəl III-cü əsrdə çinlilər icad ediblər, lakin vaxtilə bu əfsanəni düz başa salmayıblar. Çinlilər birinci dəfə kompası bizim eranın 1100-cü ilində istifadə ediblər, həmin əlyazmada yazılır ki, ondan qabaq çinlilər kompası əcnəbilərdə görüblər. Bu ərəblər də ola bilərdi. Ona görə ki, çinlilər o vaxtlar İran körfəzində və Qırmızı dənizdə ticarət ilə məşğul idilər. Avropalılar çinlilərlə əlaqəyə girəndə gördülər ki, öz kompasları onlarınkından pisdir, lakin Vasko de Qamanın səlnaməçisi yazır ki, ərəb dənizçiləri Portuqaliya dənizçilərindən heç də geri qalmırdılar.
Başqa mənbə kompasın ixtirasının 1302-ci ildə Amalfi şəhərindən olan Flavio Djoya məxsus olduğunu göstərir. Buna inanmaq olmaz ona görə ki, Avropa mənbələrində kompas 1187 və 1206-cı illərdə qeyd olunur. Ərəb mənbələrində isə kompasa 1220-ci ildə işarə edilir. Yəqin ki, şərq dənizlərində və 1242-ci ildə Tripolidən Aleksandriyaya səyahətdən bəhs edilən tarixlərdə xatırlanır. Ola bilər ki, Djoyun bu cihazı təkmilləşdirilməsindən söhbət gedə bilər məsələn, ona siferblat əlavə etməsindən. Bütün bu faktlar açıq-aydın göstərir ki, ərəblər və qərbi Avropanın sakinləri öz bilikləri ilə bölüşürdülər. Bu cihazın inkişafında ərəblər böyük iş görüblər, lakin onun təkmilləşməsində şübhəsiz ki, avropalılar mühüm rol oynayıblar.
Başqa sahələrdə də ərəblər, az miqdar da olsa, Avropa dənizçiliyinin inkişafında müəyyən rol oynayıblar. Dənizçilər üçün vacib olan Portalanlar (dəniz xəritələri) Genuyada müsəlman dəniz xaritələri üzərində hazırlanmışdır. Buna Avropa dillərində ərəb sözlərinin mövcudluğu da dəlalət edir. İngilis dilində onların ən məhşur olan sözləri budur: admiral (admiral), cable (kabel), shallop (sloop) [şlüp], barque (bark), monsoon (musson), lakin başqa dillərdə bu mənimsəmələr daha çoxdur.
Burada demək lazımdır ki, avropalılar ərəblərdən bir çox dəqiq coğrafi biliklər əldə ediblər. Vilyam Malmsberiyakinin yazılarına görə, XII əsrin əvvəllərində belə bir fikir var idi ki, Avropadan başqa bütün dünya müsəlmanlara məxsusdur. Həmin əsrin ortalarında Siciliya kralı II Rocer (1130-1154) və onun oğlu I Vilhelmin (1154-1166) sayəsində avropalılar Hindistandan, Çindən və Şimali Afrikadan müəyyən dərəcədə dəqiq məlumat alıblar. Bu kralların himayəsi altında Şimali Afrikadan və Kordovadan olan ərəb alimi əl-İdrisi (1100-1166) o zamanlar müsəlmanlara tanış olan dünyanın təsvirini vermişdir. O qədim ərəb filosoflarının əsərlərini oxumuş, kralın adından istifadə edərək Siciliyaya gələn səyahətçiləri sorğu-suala tutmuş, özü isə Asiyadan tutmuş İngiltərənin qərb sahillərinə qədər çoxlu səyahətlər etmişdir. Alınan bilikləri o 70 xəritədə istifadə etmişdir (hər iqlimə 10 xəritə düşürdü), hər xəritəyə təsvir əlavə etmişdir. Buraya daha "Rocerin kitabı" adı ilə tanınan bir hissə də əlavə olunmuşdur.
(əl-İdrisi haqqında aa. Aldo Mieli, La science arabe (bax qeyd 1, III hissə), səh.198 və GAL, Bd I, səh.628, ABd I, səh.876, Legacy of İslam, səh.89-91, EL 2, vol. III (G. Oman), axırıncısında balaca biblioqrafiya var. Ərəb coğrafiyası haqqında isə bax İslam Ensiklopediyasındaki böyük məqaləyə S. Magbul Ahmad, Djughrafiya, EL 2, vol. II, həmçinin Mieli, 14, 22, 32, 44, 48-ci paraqraflar).
Kənd təsərrüfatı məhsulları
İspaniyada şimal hissəsini çıxmaq şərti ilə yagışlar az yağır və suvarmasız çox məhsul yetişdirmək imkanı olmur. Suvarma sistemi İspaniyada həm romalıların, həm də vestqotların zamanından mövcud idi, lakin ərəblər bunu genişləndirmiş və Yaxın Şərqdə alınmış suyun paylaşdırılması və qənaəti təcrübəsi üstündə təkmilləşdirmişdilər. Buna sübut olaraq İspan leksikasında irrigasiyaya aid bir çox ərəb sözlərinnin mövcudluğunu göstərmək olar: acequia, alberca, aljibe, noria, arcaduz, azuda, almatriche, alcantarilla, atarjea, atanor, alcorque.
Leksikadan başqa İspanyadakı su təkərlərinin Mərakeş və Yaxın Şərqdə istifadə olunan su təkərləri ilə oxşarlığı da var, onlar İspaniyada hələ indi də istifadə olunurlar. (Ərəb irrigasiya formalarından bax. Americo Castro. The Structure of Spanish History, Princeton, 1954, v.98 və s.).
İrrigasiyanın inkişafıyla İspaniyada suyu çox tələb edən bitkilər yetihdirilməyə başlandı: şəkər qamışı, düyü, portağal, limon, badımcan, ənginar və pambıq. (Onların ingilis adları da ərəb dilindən mənimsənilib). Sözsüz ki, İspaniyada ispanlara əvvəldən tanış olan bitkilər də yetişdirilirdi. Dənli bitkilərdən əlavə üzüm, zeytun, əncir, albalı, alma, armud, nar və badam yetişdirilirdi, daha isti rayonlarda isə - banan və cürbəcür alma növləri. Cürbəcür ədəva və boyaq maddəsi kimi işlənən bitkilər də yetişdirilirdi: zəfəran, saflor, kumin, koriandr, xna, qızıl boya, vayda. Tut ağacı bitən yerlərdə ipəklik inkişaf edirdi, kətan yetişdirilirdi və kətan məhsullarıyla ayrı ölkələrlə ticarət qururdular. Düzlərdə esparto yığıb ondan cürbəcür hörülmüş əşyalar düzəldirdilər.

                                                                                                                                                 Əli Əkbər