Alatoran_header  
Jurnal > 2004/№3 > Heç kəsə deyiləsi sözüm yoxdur

Əli Əkbər ilə müsahibə.

Əliyev Ələkbər Əliağa oğlu. 1978-ci ilin 28 yanvarında anadan olub. 8-ci sinifə qədər Bakının 134 saylı orta məktəbində oxuyub. 1993-cü ildə orta təhsilini Türkiyədə davam eidirmək üçün bu ölkəyə yollanaraq İstanbulda Dini Təmayüllü litseyə daxil olub. 1996-cı ildə Mərmərə Universitetinin Jurnalistika Fakultəsinə qəbul olunaraq 2000-ci ildə bu universitetdən məzun olub. Təhsil aldığı illərdə Türkiyənin nüfuzlu nəşriyyatı sayılan "KAKNÜS" nəşriyyatında İctimaiyyətlə əlaqələr müdürü və tərcüməçi olaraq işləyib. Bir sıra ədəbiyyat dərgiləri üçün məqalələr yazıb, tərcümələr edib. İndiyə qədər Türk dilinə 10 əsəri tərcümə edərək nəşr etdirib.
Bu sayımızda Əli Əkbərin tənqidi məqaləsi, tərcümələrindən nümunələr və şerləri ilə yanaşı olaraq aşağıdakı müsahibəsini də oxucularmıza təqdim edirik.


İlk tərcümənə neçənci ildə və hansı kitabla başladın? Təcrübəli bir tərcüməçi olaraq bu sənət haqqında düşüncələrin nələrdir?

Əslində ilk tərcüməmə kitabla başlamamışam. 1996-cı ildə İstanbulda jurnalistika fakultəsinə qəbul olunmağım, Çeçenistan müharibəsinin ən qızğın dövrünə təsadüf etmişdi. Rus xəbər agentliklərinin yaydığı, Rusiya qəzetlərində dərc olunan yazıları Türkiyənin müxtəlif qəzet və jurnalları üçün tərcümə edərək başladım bu fəaliyyətə. Və müəyyən vaxt keçdikdən sonra artıq püxtələşdiyimi və kitab tərcüməsinə keçə biləcəyimi anladım. Ancaq yenə də tələsmədim və işlədiyim nəşriyyatın aylıq ədəbiyyat dərgisi olan Est et Non jurnalı üçün Vladimir Nikitinin Tolstoyun monoqrafiyasını, Diyaloq Avrasiya jurnalı üçün Rəsul Rza, Arif Əmrahoğlu, Fikrət Qoca və s. kimi Azərbaycanlı yazıçı və şairlərin əsərlərini tərcümə etdim.
İlk kitab tərcüməmə 1999-cu ildə, Çingiz Abdullayevin "Proyti Çistilişe" adlı romanıyla başladım. Türkiyədə bu kitab "Araftan Kurtuluş" adıylı nəşr olundu. Və ancaq bu kitabdan sonra mən hiss etdim ki, ciddi tərcüməçi kimi ortaya çıxa bilərəm. Cəsarətlə deyə bilərəm ki - mən tərcüməçiyəm.
Əlbəttə Araftan Kurtuluş bir başlanğıc idi və bu silsilə Çingiz Abdullayevin Mavi Mələklər, Kurtlar Sofrası, Zehir, Masumiyet kimi əsərləri ilə davam etdi. Çingiz Abdullayevlə yanaşı mərhum Zəlimxan Yandarbiyevin "Çeçen cihadı", Əli İldırımoğlunun "Zorən jurnalist" əsərlərinin də tərcüməçisiyəm.
Bu ağır sənət haqda düşüncələrimi soruşursunuz, ancaq mənim heç bir düşüncəm yoxdur hələlik. Mən sadəcə olaraq işimi görürəm və görə görə də öyrənirəm. Bu sualınıza Allah qoysa on il sonra, tərcümə etdiyim kitabların sayı yüzü keçəndə cavab verəcəyəm.

Ədəbiyyatdaki yerini harada görürsən?

Ədəbiyyatdaki yerimin böyük olduğuna inanmıram. Mən bir tərcüməçiyəm və tərcüməçi olaraq da qalmaq istəyirəm. Bunları qətiyyən təvazökarlıqdan demirəm, sən məni taynıyırsan və nə qədər təkəbbürlü olduğumu bilirsən. Ara sıra yazdığım şerlərə və esselərə ciddi yanaşmıram. Hesab edirəm ki tərcümə işində peşəkaram və insan bir işin qulpundan yapışmalıdır.
Məsələn, "ədəbiyyatdaki yerimi bir oxucu kimi görürəm" desəm də olar. Kiçik yaşlarımdan oxuduğum üçün, kitabın pis ya da yaxşı olduğunu dərhal anlayıram. Tənqidçi olmadığıma görə məndən filan əsərə nə üçün yaxşı, ya da pis dediyimi soruşsan, gərək bu haqda saatlarla danışam ki, düşüncələrimi izah edə bilim.

Türkiyədə yüzlərlə tələbəmiz oxudu və onların heç biri tərcüməçi olmadı. Bunu nəylə izah etmək olar? Xaricdə təhsil alan tələbələrin vəziyyəti qane edirmi səni?

Türkiyədə yüzlərlə tələbə avaralandı desək daha doğru olar. On, on beş nəfər tələbəmiz özləri ilə nəsə gətiribsə bu məmləkətə, hər hansı bir sferada faydalı olublarsa, bu da bizim üçün qazancdır. Əlbəttə bu ancaq Türkiyəyə aid deyil, amma nəzərə almaq lazımdır ki Azərbaycanlı tələbələr təhsil almaqdan ötürü əsasən bu ölkəyə üz tuturlar.
Tərcüməçiliyə gəldikdə isə... Əvvəla tərcüməçilik bir həvəs işidir. İlk illərdə bu işin maddi gəliri olmur. Axı gərək dörd-beş kitab tərcümə edib özünü isbatlayasan ki, səni ciddi tərcüməçi kimi tanısınlar, bu işə pul ödəsinlər. Bu isə ancaq və ancaq bir-iki il havayı yerə tər tökməklə mümkündür. Tipik Azərbaycanlıların belə şeylərdən zəhləsi gedir. Tez bazar pul qazanmağı xoşlayır bizimkilər. Tərcüməçi olmaq üçün dili mükəmməl səviyyədə öyrənməli, sonra bir-iki il özünü ortalığa çaxarmaq üçün çalışmalısan. Entuziazm ancaq lüğətlərdə qalıb. Mən Azərbaycanlı tələbələrimiz arasında, həqiqi mənada oxuyan, ancaq on nəfərdən birini gördüm. Rutin dərslərdən söhbət getmir, ümumiyyətlə kitab oxumağı nəzərdə tuturam. Bir tərcüməçi kimi formalaşmaq üçün Türk dilində müxtəlif janralarda gərək ki azı 400-500 əsər oxuyasan, bu dilin qrammatikasını öyrənəsən. Təbii ki bu şərt bütün dillərə aiddir. Mükəmməl dərəcədə ingilis dilini bilən gənclərimiz indi çoxdur, hətta deyərdim yüzlərlədir. Amma onların heç biri, inanın mənə, heç biri, məsələn, Dəli Kürü ingilis dilinə tərcümə edə bilməz. Bu işlə Azərbaycan dilini bilən ingilis dili daşıyıcısı məşqul olsun gərək.
Bir də deyirsiniz ki, heç kim tərcüməçi olmadı səndən başqa. Mən bununla razı deyiləm. Ola bilsin Azərbaycan ədəbiyyatının Türk dilinə tərcüməsilə məndən başqa məşqul olan Azərbaycanlı yoxdur, ancaq məşhur Rus stratejisti Aleksandr Duginin "Rus geopolitikası - Avrasyacı yaklaşım" əsərini Türk dilinə tərcümə edən bizim həmyerlimiz Vüqar İmanovdur. Və onu da deyim ki, bu əsər olduqca sanballı və dili də çox qəlizdir.
Vüqar eyni zamanda "Ali Merdan Topçubaşı (1865-1934): Lider Bir Aydın ve Bağımsız Azerbayjan Jumhuriyeti'nin Temsili" adlı əsərin də müəllifidir. Səhv etmirəmsə bu əsəri o Türk dilində qələmə alıb.
Demək istəyirəm ki oğlanlar var.

Hekayələrə, hekayəçilərə münasibətin nədir? Romanla müqayisədə tərcüməçi gözü ilə baxanda hansı daha asan gəlir sənə?

Mən, Azərbaycandaki vəziyyət necədir, bilmirəm, ancaq Türkiyədə hekayə çox oxunmur. Romana üstünlük verilir, çünkü son əlli-altmış ildə bu ölkədə roman mədəniyyəti kök salıb. Romanın maraqlı missiyası var: öyrətmək, tərbiyələndirmək, istiqamətləndirmək. Romanın dünyası daha böyükdür. Oxucu bunlardan hansısa dərslər çıxarda biləyəcinə və həyatında tətbiq edə biləcəyinə inanır. Məsələn deyirlər ki, roman hekayəyə sığdıra bilmədiyimiz şeydir. Razıyam.
Əlbəttə ki, bir tərcüməçi üçün hekayə tərcümə etmək daha asandır. Amma mən yenə də romana üstünlük verirəm. Dəfələrlə əlimə gözəl hekayə kitabları keçib, maraqla oxumuşam. Sözün əsl mənasında möhtəşəm hekayələrdi bunlar. Ancaq nədənsə onlardan bir ikisinin tərcüməsi məndən istəndiyi halda, yaxın dura bilmirdim. Roman tərcümə etmək mənə daha böyük zövq verir. Səbəbini heç özüm də bilmirəm.

Sənin oxuduğun əsərlərdə İslam fəlsəfəsi, metafizik, psixoloji elementlər mütləq olmalıdırmı? Tez-tez o cür kitablar oxuduğunu görürəm çünkü...

Ezoterik, fəlsəfi (xüsusən də İslam fəlsəfəsi) eleməntlərlə zəngin əsərləri sevirəm. Fəlsəfə insanlığın qarşısına "var olma" haqqında ən vacib sualları qoyduğu üçün ədəbiyyatdan ayrıla bilməz. "Dərin həyat" yaşamaq və "var olmaq" üçün fəlsəfə nə qədər əhəmiyytlidirsə, ədəbiyyat da bir o qədər vacibdir. Psixoanalizin, ələlxüsus Freyd və Yunqun ədəbiyyata olan töhfələrini heç kəs inkar edə bilməz. Əlbəttə ki Dostoyevski kimi yazıçıların da psixologiyaya olan təsiri yaddan çıxarılmamalıdır. Mən görürəm ki fəlsəfə bugün ədəbiyyatın içindədir. Əski zamanlardaki kimi psixoloji romanlar yazılmasa da, müasir insan ədəbiyyatda yenə də öz əksini tapır.

Yəqin buna görə də bəzi esselərində və şerlərində İslami motivlərə rast gəlinir. Bu meyl hardandır? Sən özünü adi mömin kimi görürsən yoxsa İslam çağırışçısı? Ümumiyyətlə sənin İslamın nə cür İslamdır?

Öz zamanına, mühitinə bir ucundan ilişmiş, havada asılı qalan; yaşadığı topluma, valideynlərinə nifrət edən bir insan təsəvvür edin. Bununla mən nə demək istəyirəm? Daxilində səni yaralayan, qorxudan, mənliyini tapdalayan faktorlar varsa, bunların üstünə yerimək, bunlarla mübarizə aparmaq üçün ən güclü vasitə İslamdır. Demirəm ki İslam komforta çatmaq, psixoloji rahatlıq tapmaq üçün bir vasitədir, xeyr. Mən sevgiyə, igidliyə, mərdliyə, qəhramanlığa, ədalətə və xeyriyyəçiliyə həsrət, yəni İNSAN üzü görməyə həsrət idim. İnsanı insan edən keyfiyyətlərin qıtlıq illəriydi o illər. İndinin özündə də dəyişən çox az şey var.
Mömin deyiləm, mömin olmaq istəyirəm. Ancaq müsəlmanam, bundan şübhə etmirəm. İslam təbliğçisi də deyiləm. Cəmil Meriç demişkən, heç kəsə deyiləsi sözüm yoxdur. Azərbaycanda hər kəs həqiqətin məhz özündə olduğuna, onu tapdığına inanır. Desəm bir həqiqət var, o da İslamdır, mənimlə mübahisə etməyə, beş günlük dünyadır, ye iç, keyf elə qəbilindən səfeh-səfeh danışmağa başlayacaqlar. Mən isə öz mədəmin qayğısına qalan adamam, onu tez-tez bulandırmaq istəmirəm.
Mənim İslamım yoxdur. İstəyirəm Məhəmmədin (ə) İslamını yaşayım. Sözün düzü hələ ki alınmır. Görək də, Allah kərimdir...

Danışığından, elə yazdıqlarından da xalqla barışmaz bir mövqedə dayandığın görsənir. Sənə görə xalq kimdir və onunla münasibət necə qurulmalıdır? Deyirlər sevgi əsasdır, buna necə baxırsan?

Xalqın səsi kəsilib, xalq boğulub. Xalq və kütlə ayrı ayrı şeylərdir. Mən küçələrdə ruhsuz kütlə görürəm, xalq görmürəm. Xalq mənim nəzərimdə üsyan, etiraz potensiyalının daşıyıcısıdır. Kənardan baxanda sakit görsənməlidir amma ruhuna girəndə görməlisən ki qaynayır. Fürsət axtarır ki ədalətsizlik baş versin, o da vulkan kimi partlasın. Xalq dərin dəyərlərin quyusudur demişdi bir şair.
Dolayısı ilə, ortada xalq olmadığı üçün, onunla barışıb barışmamaq haqda danışmaq absurddur.
Bəli sevgi əsasdır, ancaq avam üçün. Mən isə özümü avam təbəqəsindən hesab eləmirəm. Məni yaşadan nifrətdir. Bu nifrət mənim daxilimdədir, özünü nadir hallarda biruzə verir və cəmiyyətlə münasibətlərimi korlamır. Ən əsası isə məhsuldarlığımı azaltmır. İşləyirəm, pul qazanıram, ailəmi saxlayıram... Nə vaxt baxsanız üzümdə sırtıq bir təbəssüm görərsiniz. Rüşvətxorlarla, oğraşlarla, əclaflarla, satqınlarla, iki üzlülərlə işimin xatirinə deyib gülürəm, bir masa arxasında otururam, yeyib içirəm və qəh-qəhə çəkirəm. Lakin daxilimdə nifrət var. Hədsiz nifrət.
İki üzlüyəm? Əlbəttə.
Yaxşı ki, az da olsa, möminlər və qeyrilər sırasından səmimiyyətimə layiq insanlar var. Yoxsa özümə nifrət edərdim.

Arqoleksikadan tez-tez istifadə edirsən. Dilinin qarşısında baryer yoxdur? Və ümumiyyətlə əxlaqlı / əxlaqsız ədəbiyatdan danışılır son günlərdə. Buna münasibətin necədir? Əxlaq nədir səncə?

Arqoleksika dilin tərkib hissəsidir. Həddi aşmamaq şərti ilə istifadə edilməsində bir qəbahət görmürəm.
Mən ağsaqqallıq institutunun əleyhinəyəm və ağbirçək-ağsaqqal kimi gic-gic şeylər eşidəndə əsəbləşirəm. Əxlaqçı, ehkamçı, ədəbçi insanlardan isə nifrət edirəm. Cəmiyyətimiz bu parazitlərlə doludur. ƏXLAQLI insanlara susamışam. Əməl görmürəm, əxlaqın ədəbiyyatını görürəm. Necə ki vətənin, ananın ədəbiyyatı var, əxlaq da həmiçinin. Dillərdədir, amma qəlblərdə yeri yoxdur. Hər kəs danışır. Türklər demişkən "ağzı olan konuşuyor". Susun! Bağlayın çənələrinizi, yetər artıq! deyə qışqırmaq istəyirəm. Qışqırmıram, çünkü qorxuram dəlixanaya soxarlar.
Məsələn, qayıdaq yenə Türkiyəyə. Orada uzun illər təhsil alıb bir kərə olsun rüşvət kəliməsini eşitməyən azərbaycanlılar, vətənlərinə döndüktən sonra, bir qismi rüşvət alınması üçün münbit şəraiti olan işlərə girməyə və rüşvət almağa başlayırlar. Azərbaycanda rüşvət verib diplom alan bir tələbə ilə aranızda fərq olmalıdır ya yox? Axırıncılar investisiya qoyublar, oxumayıblar. İndi də dörd beş il ərzində yatırdıqları pulu səndən, məndən geri alırlar. Onları başa düşmək olar. Bəs sizə nə olub? Bax bunlar əxlaqsızdır. Məhz belələri əsas verir ki tərbiyənin hələ heç nə demək olmadığına qənaət gətirəsən. Deməli bəzi hallarda baltanı işə salmaq lazımdır. Bununla isə dövlət məşqul olmalı, bu işdə maraqlı olmalıdır (deyəsən qatıqladım). Çünkü individual nəyisə düzəldmə cəhdləri anarxiyaya gətirib çıxara bilər.

Ziyalılıq çox mücərrəd bir məfhumdur. Sən nə düşünürsən? Ziyalı kimdir?

Ziyalı olmaq üçün universitet məzunu, jurnalist ya da yazıçı olmaq kifayət eləmir. Çünkü ziyalı olmaq peşə ya da sənət yox, bir təfəkkür işidir. Ziyalılıq həyata qarşı bir etirazdır. Ziyalılıq "bildiyniz hər şey yalandır" şüarıdır. Haqsızlığa, istismara, zülmə, ədalətsizliyə qarşı bir protestdir.
İnsanlar onun qədrini bilsin bilməsin, ona qiymət versin verməsin, xalqına təzyiq varsa əgər, ziyalı üsyana çağırmalıdır. Bu o demək deyil ki, onun siyasi ambisiyaları olmalıdır. Qətiyyən! Siyasətə qarışmalıdır, sənətə qarışmalıdır, mənim həyatıma istiqamət verməlidir, ancaq siyasətçi olmamalıdır. Xalqın səviyyəsinə enməmli, amma eyni zamanda xalqdan uzaq da olmamalıdır. Əlli ildir yazıçı kimi tanınan, yüz əsəri olan bir adamın ölkəsində zülm, ədalətsizlik, haqsızlıq varsa və o heç olmasa əsərlərində üsyan etmirsə, kütlələri tərpədmək, oyandırmaq üçün cəhd göstərmirsə ziyalı deyil, keçidir (yəni "kozyol").
Mənim meyarlarıma görə Azərbaycanda ziyalı yoxdur, ya da ki çox azdır. Yəqin ki, mənim ölkəmdə ziyalıya ehtiyac yoxdur. Bu da ona görədir ki mənim ölkəmdə problem yoxdur. Mən özümü buna ürəkdən inanDIRmışam.
Dekartın "insanı hər şeydən şübhə etdirən cini"nin, biz tərəflərə yolu heç vaxt düşməsin. İlahi Amin!

Ədəbiyyatın digər mədəniyyət və incəsənət sahələri ilə, məsələn, televiziya ilə münasibəti necə qurulmalıdır? Həm də bir jurnalist kimi bu barədə nə deyə bilərsən? Məsələn maqazin tərzində bir kitab verilişi olsa, rəğbət qazana bilərmi?

Maraqlı fikirdir, amma məncə mümkün deyil. Əhalisi oxumayan, 5-6 dənə kitab mağazasınnın olduğu bir məmləkətdə nə maqazin, nə də qeyri maqazin formatında kitab haqqında verilişin tamaşaçısı çətin ki, olsun.
Amma ideya özü yaxşıdır. Məsələn bütün incəsənət və mədəniyyət sahələrini özündə cəmləşdirən bir veriliş, ciddi bir veriliş olsa, pis olmaz. Mənim dediyimə yaxın bir veriliş var Lider kanalında, Xeyli Xəbər. Pis deyil, amma kifayət eləmir. Təsəvvür edin ki, bir heykəltəraş bir kitab haqqında nəsə deyir, tənqid edir. Məsələn, bir müğənni ilə hansısa bir kitab haqda danışmaq olar. Onun fanatikləri də o kitaba meyl göstərəbilərdi ən azından. Minlərlə beyinsiz parazit var bu ölkədə, səcdə qıldıqları müğənni ya da aktrisanın hörmətinə iki-üç kitab oxusalardı, məgər pis olardı?
Amma bu da real deyil, çünkü bizim müğənnifason həşəratların kitab oxumaq kimi "pis vərdişləri" yoxdur. Şəxsən mən Eyyub Yaqubov, Faiq Ağayev və Flora Kərimovadan başqa kitab oxuyan müğənni tanımıram. Axırıncısını da ki, heç televiziyaya yaxın buraxmırlar.

Ədəbiyyatın böhranlı durumda olduğu fikrinə nə deyirsən? Dünya ədəbiyyatı kontekstində ədbiyyatımızın vəziyyətini necə görürsən?

Mən gileylənirəm ki, oxuyan azdır, amma yazanlar Allaha şükür var. Dünyaya açıla bilmirlər, bu ayrı məsələ. Sabir Əhmədli, Əli İldırımoğlu, Əkrəm Əylisli kimi yazıçılarımız var. Yaşlarına rəğmən hələ də "istehsal" edirlər. Yoxsa sən elə bilirsən başqa ölkələrdə vəziyyət çox sazdır? İtaliya son otuz ildə Umberto Ekodan başqa yazıçı çıxarda bilib dünya arenasına? Elə Türkiyənin özünü götürək. Orxan Pamukdan başqa adı çəkilən var müasir Türk yazarları arasında?
Bilirsən ki, kafirlərin Grammy mükafatı var. Bizdə nə üçün olmasın? Məsələn, bunu lokallaşdırmayaq və bütün Türk dünyasının ədəbiyyat mükafatını yaradaq. Hər il 7 Türk dövlətindən bir yazıçıya bu mükafat verilsin. Mənə elə gəlir ki, bundan sonra dünyaya açılmaq daha da asanlaşar.
Türk yazarı Ahmet Hamdi Tanpınar demişdi ki, Modern Türk ədəbiyyatı mədəniyyət böhranıyla başladı. İnanıram ki, bizdəki (nəinki mədəniyyət) bütün sferalarda hökm sürən böhran çox uzun çəkməyəcək. Hər gecənin bir sabahı var. Yəni nikbinəm, qəribə də olsa...

Türkiyə - Azərbaycan ədəbi əlaqələrinin səviyyəsini necə görürsən? Cevdət Karalın Bakıya gəlişi doğrudan da bir hadisə oldu, necə bilirsən?

Ədəbi əlaqələrimiz bərbaddır. Türkiyədə Elçin, Anar, Çingiz Abdullayev və Bəxtiyar Vahabzadədən başqa heç kim tanınmır. Əgər Azərbaycan ədəbiyyatının üç-dörd nəfərlə təmsil olunması tarixi bir zərurətdirsə, o zaman heç nə deyə bilmərəm...
Bizdə isə hələ də Nazim Hikmət, Əziz Nesin, Rəşad Nuri Güntəkindən dəm vururlar. Bunlar pisdir demirəm, əsla! Ancaq üfqümüzü biraz daha genişləndirməliyik axı. Nə vaxta qədər ölkələrimizin ədəbiyyatı iki üç ismin inhisarında qalacaq? Bu çərçivəni yırtmaq lazımdır. Və bu proses artıq başlayıb...
Bəli, Cevdət bəyin gəlişi ilə.
O yeni bir nəfəs gətirdi Azərbaycana. Yeni bir sima idi Cevdət. Ənənəçi, qafiyəçi Yavuz Bülənt Bakilərdən sonra, əlbəttə ki, Cevdət bir hadisədir. Missiyası mifləri, stereotipləri yıxmaq olan bir ədəbiyyat fədaisi, məmləkətimiz üçün hadisə olmasın nə olsun?
Bəli bu ölkədən bir Cevdət Karal gəldi keçdi. Çox qalmadı, ancaq çox işlər gördü. Təhqir olundu, böyük yazıçılar tərəfindən alçaldılmaq istəndi, amma zırrama Mahsun demişkən, o, yıxılmadı, ayaqda qalmağı bacardı.
Türkiyənin ən nüfuzlu ədəbiyyat dərgisi olan "Kaşqar"ın 300 səhifəlik Aəzrbaycan xüsusi buraxılışı, burada çap olunan Nəcib Fazil şerləri toplusu, Əli İldırımoğlunun "Zorən jurnalist" romanının Türkiyədə nəşri və s. bunlar əlamətdar hadisələrdir əlbəttə ki. Və bu hələ başlanqıcdır.
İnanın mənə, yüz il sonra (əgər o vaxta qədər qiyamət qopmasa) ədəbiyat tarixi kitablarından bizim gələcək nəsil Cevdət haqqında mütləq oxuyacaq. Mütləq.