Alatoran_header  
Jurnal > 2004/№3 > Hekayələr

İNDİ ÇOX UZAQLARDA

Bir tuhaf beyin sərxoşluğuyla, beşiyin nizamlı bir aralıqla yellənən qövsvari ayağına zilləmişdi gözlərini Yaqub. Nəzərə çarpan bir səliqə-sahman içərisindəydi otaq. Yataq örtüklərinin və pərdələrin rəngləri solğun, amma tər-təmizdi hamısı. Üstünə günlərcə, aylarca göz nuru tökülmüş kilimler. (Soyuq üzlü bu payız axşamında da dükanı bağladığım zaman yağış çisələyirdi. Özümü göstərməkdən ötəri faytonla gəldim evə. Arabaçı atları yorğa yerişlə sürərək ətrafı seyr etməyimə şərait yaradır. İslaq ağaclar, islaq torpaq. Yol kənarlarına qovaq yarpaqları tökülmüş, çürümüşdü. Təbiətin qısqanc qolları arasında baxça çəpərlərinin kənarlarından keçirik. Qapını düşünmədən yumruqladım. "Kimdir?" deyə səsləndi arvadım içəridən. Həmin o.. beşiyi yırğalayan. Qapını açdı. Kənara çəkilib yol verdi. Torpaq xolu keçib otağa girdim. Şirin deyəbiləcəyim bir dad.. Bu danışan qaynımdır.. Özümü ona göstərəcəkdim. Əllərini çiynimə qoyub salam verir, "Nə var, nə yox?" deyə qımışaraq. İki gündür hey danışır. Durmadan. Mənə kəf gəlmək istəyir. Donuz. Beşiyə tərəf getdim. Tülü qaldırıb üzünə baxdım bəbənin. Yanaqlarında necə də bir xoşbəxtlik ifadəsiylə yatırdı. Hələ səkkiz aylıqdır). Xəfif-xəfif qıcırdayırdı beşik. Hər halda yeməklərini səssizcə yedilər. Qaynı ağzını silərkən, Yaqub yemək teştini yavaşca itələdi. Qadın gəlib teşti aldı, bayıra aprdı. Az sonra dönüb beşiyin yanına oturdu yenə. Yaqub gözünün ucuyla qaynına baxdı. İki gündü qonaqlarıydı. ( Onun haqqında düşüncələrim belədir: qırdı-qıçdının, səbatsızın biridir. Hətta bəzən özündən asılı olmadan fırıldaqçı. Qəribə işıltılar var gözlərində - mənə elə gəlir. Təmizürəkli olduğuna görə sevirəm onu, amma etibarım yoxdur. Cavan oğlanın bəlkə özü də bilmədən ətrafa yaydığı bir qoxudur bu. Bu qoxunu başa düşürəm. Müxtəlif işdəkləri ilə belə bir təəssürat oyandırdığını özü də sezmiş ola bilər əlbət. Bəlkə də çeşidli təcrübələri sınamışdır bu məsələdə. Özunə qarşı etibarsızlıq doğurmaq onun qanındadır. Mən nə deyə bilərəm?) Buraya yeznəsini aparmağa gəlmişdi. Onu yola gətirməyə çalışırdı birlikdə getsinlər deyə. Gözünü qırpışdıraraq baxdı Yaquba. "Sabah mən gedirəm rayona" dedi "ancaq təklifimi bir də söyləyirəm. Birlikdə qayıdaq. İkimizi də dolandırar mənim işim. Üstəlik heç bir zəhməti də yoxdur. Bir az yay aylarında əziyyəti var. Ancaq bir dəfə yaxşı məhsul aldınsa, qorxma. Bütün qışı arxası üstə yata bilərsən istəsən. Amma adamları yaxşı seçmk lazımdır. O zaman sən çalışmasan da olar. Özün fikirləş.." "Olmaz" deyə etiraz etdi Yaqub. "Burada nə qədər əziyyətlə bir mexanizm qurulub, bilirsən. Sənin dediklərin macəra axtarmaq kimi gəlir mənə. Mənsə qurulmuş bir mexanizmi poza bilmərəm.." İki gündür durmadan söylənən, israrla üstündə durduqları söhbət bundan ibarət idi. Hirslənməməyə çalşaraq sovuşdurmağa cəhd edirdi. Üstəlik arvadı da mızmızlanmağa başlamışdı. Bu şəhəri özunə tamamilə yad hesab edirdi - bəlkə də haqlıydı. Gərçi bu günə qədər ərinə bir şey söyləməmişdi. Düşmüş olduğu bu şəraitə qatlanmasnın lazım olduğunu qəbul edirdi. Amma qardaşının gəlişiylə birdən-birə gizli niyyətləri çıxmışdı ortaya. O da "gedək, çıxıb gedək burdan" deyib dururdu. Düzdür, açq şəkildə demirdi bunu, ancaq əri onun ürəyindən keçənləri hiss edirdi. "Əcəb işə düşdüm..." deyə daxilən düşünürdü Yaqub. Təəssüflü, lakin qərarlı bir səslə "Bunu edə bilmərəm" deyə mızıldandı "məni məcbur etməyin." "Mən dediyimi dedim, günah məndən getsin" dedi həmsöhbəti. Yaqub susurdu, canı sıxılmışdı. Həqiqətən tutarsız görürdü buradakı bütün nizamını pozub şəhərdən aralanmağı. Bir də ki, nə qədər olmasa xeyli pul istəyəcəkdi bu. Hardan tapacaqdı? Tezcənə başından sovməlıydı bu cavan oğlanı, lazım olsa bütün əlaqələrini də kəsməyə hazır idi. Bu saata qədər susmuş körpə, lap zamanında, ağlamağa başladı. Qadın oturduğu yerdən qalxıb beşiyə doğru səyirtdi. Körpəni qapıb qucağına aldı, "piş..piş.." deyib çağanı sakitləşdirməyə çalışdı, ancaq uşaq sakitləşmədi. "Bax, dayı gəlmiş, dayı gəlmiş.." deyərək dayısının üzünə tərəf çevirdi körpəni. Dayısı "Ayy, mənim bacımın oğluna bax" deyə çırtma çaldı, qollarını iki yana açaraq uşağa qucaq açdı. Uşaq isə daha çox ağlamağa başladı. Anası beşiyin yanına getdi, arxasını çevirib əmizdirməyə başladı balasını. Xımır-xımır anasına sarıldı körpə, bir az sonra da səsini tamamən kəsdi. "Bacımın oğlunu doktor edəcəyəm" deyə dayısı bir söz atdı ortaya, daha çox da bacısına xoş gəlmək üçün dedi bu sözü. "Böyük adam olacaq mənim oğlum" dedi anası. Bir ümid qaynağı imiş kimi sevgiylə baxırdı uşağın üzünə. Yaqub heç səsini çıxartmırdı. Uşaq anadan olandan bu günə dolanışıqlarının asanlaşmış olmasını düşünürdü. "Getməyin" deyə israr etmişdilər. Yaqub isə çoxdan qərarını vermişdi. Başqasının hesabına dolanırmış kimi hiss edirdi özünü. O zaman arvadı hələ hamiləydi. Anası (arvadının anasına da ana deyirdi) heç olmasa doğuşdan sonra gedin, deyə yalvarmışdı az qala. Ancaq sozünü dinləməmişdilər. Bir tanışının vasitəsiylə şəhərə gedən bir yük maşınında, öz əşyaları üçün də bir yer ayırtdıra bilmişdi. Yük maşınının yola düşmək gününü gözləyirdi. Nəhəyət o gün də gəldi. Əşyaları çoxdan hazır vəziyyətdə idi. Hava yeni-yeni işıqlanmağa başlamışdı. Qayınatasına xəbər vermək üçün yola düşdü Yaqub. Qayınatası, qayınanası təlaş içində canfəşanlıq göstərdilər. Birlikdə qaçaraq Yaqubun evinə qayıtdılar. Yaqubun arvadı qapıda gözləyirdi. Həyəcanlı, ağlamsınmış bir halı vardı. Anasını görüncə göz yaşını saxlaya bilmədi, arxasını çevirib içəri keçdi. Anası bir az duruxdu, sonra qızının arxasınca içəriyə keçdi. Yaqub çaşıb qalmışdı. O da onların dalınca getsinmi, getməsinmi, tərəddüd edirdi, sonra nədənsə bu fikirdən vaz keçdi. "Avadanlığın hamısını yığdıq maşına" dedi qaynatasına. Qaynatası, üzü saralmış, susurdu. Əlləri arxasında, kiçik, qısa addımlarla var-gəl edirdi dar həyətin içərisində. "Nəslimizdə heç belə şey olmamışdı" deyirdi, incimiş, bir az da öfkəli. "Bir şey yadınızdan çıxmadı" deyə soruşdu eyni səs tonuyla. "Yox, hamısını yığdıq" dedi Yaqub. Bir az sonra iki qadın bayıra çıxdılar, gözlərini silmişdilər. Divar dibində çömbəlib gözləyən sürücü ayağa qalxdı. "Haydı, daha nə gözləyirsiniz?" deyə soruşdu. "Minək" dedi Yaqub. Qaynatasının, qaynanasının əlini öpdü. Qızları da qucaqlaşıb öpüşdü. Anası, "Uşaqdan bir xəbər yazın bizə" dedi, gözləri sulu. Yaqub başını yellətdi "yaxşı" mənasında. Kabinaya mindilər. Maşın hərəkətə gəldi. Yol boyunca arvadı susmuş, heç danışmırdı. Saatlarca heç danışmadan keçib getdilər yolları. Danışmağa başlasa arvadının ağlayacağını hiss edirdi Yaqub. Uğultulu, cansıxıcı bir yolçuluq idi. Günorta saatlarında yolda bir yerdə dayandılar. Sürücü "Çay içmək istəyirsinizsə, gəlin" dedi. Yaqub arvadına döndü, "Gəl enək" dedi "çay içək". Arvadı heyrət ediləcək bir üzüyolalıqla endi yük maşınından. Ağacsız, quru yamaclara baxa-baxa içdilər çaylarını. "Yaxşı olacaq" deyirdi Yaqub, "hər şey yaxşı olacaq. Bir meyvə-tərəvəz dükanı açacağam şəhərdə. Öz əlimiz, öz başımız.. heç kimsəyə yük olmayacağıq.. pulumuz da olacaq.. öz pulumuz.. bayramda hədiyyə göndərərik anangilə. Atana bir cüt ayaqqabı, bir də köynək alacam. Sənə də nə istəsən alarıq. Özümüz öz ağamız olacağıq. Çox yaxşı yaşayacağıq, başa düşürsən?" Arvadı oturduqları ağacın altından o quru yamaclara baxır, səssiz, dalğın, ərini dinləyirdi. "Bilmək olmaz" deyirdi Yaqub "hər şeyimiz olacaq, bəlkə hələ bir ev də ala bilərik.. necə bilirsən?" Coşquyla danışırdı. Qarşılarına çıxacaq çətinlikləri düşünmürdü o zaman. Bəlkə də düşünmək istəmirdi. Azad, kimsənin qarışmadığı bir həyata doğru getdiklərinə inandırmaq istəyirdi özünü. Hər hansı bir sənəti olmayan kiçicik bir adamdı. Meyvə-tərəvəz dükanında köməkçi, hətta hamballıq belə etmişdi. İşsiz qaldığı günlər, həftələr olmuşdu. Yorucu günlər keçirmişdi. Ancaq dərrakəsinə hər zaman güvənmişdi. Dükanda köməkçi işlədikdən sonra səyyar meyvə-tərəvəz satıclığına keçmişdi. O vaxtlar bir az pul yığa bilmişdi özünə. Sonra bir dükana dörddə bir ortaq olmuşdu. O bir azcıq puluyla yorulmadan işləmişdi.Ancaq, hər zaman bir bağımsız iş qurmaqdaydı gözü. Vaxt keçdikcə ortaqlıq payını üçdə birə çıxartdı. Bir gün necə oldusa ortağının qızını gördü. Nəsə bir işdən ötrü dükana gəlmişdi o gün. Gözəl, mehriban üzlü, təmiz geyimli bir qız idi. Bəyəndi bu qızı Yaqub. Günlərcə düşündükdən sonra qəti qərara gəldi. Bir dostunun yardımı ilə qızı istədi. Ortağı o saat razı olmamışdı. Qırx beş yaşlarında xoş xasiyyətli bir adam idi. Gəələcək kürəkənindən bəzi tələbləri var idi, eyni evdə yaşamalarını, bir mənada öz buyruğunda olmasını istəyirdi onun. Yaqubun düşüncələrinə tərs gəlirdi onun bu şərti. Amma araya girən o dostunun məsləhətləriylə bir müddət bu şərtə razı olmağı qərara aldı. Hələ əsgərliyə getmədiyinə görə, bu şərtin ona sərf etdiyini belə düşünmüşdü. Qəbul etdi. Qız on yeddi yaşında, fövqəladə utanqac birisi idi. Özlərinə görə ona bir cehiz də qoşmuşdular. Qaynatası şəhərin kənarında yerləşən bağlarından kiçik bir bölümü belə bağışlamışdı qızına. On üç danə zeytun ağacının olduğu bir torpaq parçası idi bu. Əlbəttə ki, Yaqub da xərc çəkmişdi. Hətta bir az borca da girmişdi. Çox da təmtəraqlı olmayan bir toy məclisi qurmuşdu. Qız, anasının evindən ayrılmadığı halda, yenə də nə qədər ağlamışdı. Uşaqlıq edir, deyə düşünmüşdü Yaqub, ancaq elə bir uşaqlıq idi ki, insana xoş gəlirdi, bu da olmalıydı şübhəsiz. Yaqub, daxilində nəsə bir can sıxıntısı, bir gərginlik olduğu halda, sevincli görünməyə çalışırdı o gün. Xatırlayıb gülümsədi. Arvadına tərəf dönərək "Yaman da ağlamışdın" dedi. Arvadı bu sozün nə üçün söyləndiyini başa düşmədi, ancaq danışmamağa qərarlı imiş kimi, soruşmadı da. Heç qımldanmadan oturmuşdu. İkinci çayları da gəlmiş, ancaq arvadı stəkana əlini belə vurmamışdı. Nə görmüşdüsə o bozumtul yamaclara baxa-baxa qalmışdı. Sonra, dözülməz dərəcədə darıxdırıcı əsgərlik illəri. Qısa, nə yazacağını bilmədiyi iki sətirlik məktublar. Evləndikdən yeddi və ya səkkiz ay sonra əskərliyə aparmışdılar. Gedərkən arvadı hamiləydi. O əsgərlikdəykən arvadı doğmuşdu, Ancaq doğuş vaxtı uşaq ölmüşdü. Bu xəbəri aldığı gün bir küncə çəkilib kədərli düşüncələrə dalmışdı. Sonra bunlar keçib getdi. Əskərlik sona çatdı. Köhnə günləri yenidən başladı. Yaqub qüruruna sığışdırmadığı bu vəziyyətdən qurtulmaq istəyirdi. Tək çarəsi də kənddən qaçmaq idi. İndiki halını bir mənada köləlik hesab edirdi. Gecələr arvadına daha xoşbəxt bir həyat haqqında xəyallarını danışırdı. Gizli-gizli bu düşüncələrlə onun beynini doldururdu. Arvadının hə, ya da yox deməməsindən bu düşüncələri mənimsədiyini çıxardırdı. İlk iş olaraq, kənddən ayrılmadan öncə, qaynatasının evindən ayrılmanın uyğun olacağına qərar verdi. Kimsəyə xəbər vermədən bir-iki küçə irəlidə bir ev tutdu. Bir axşam, birdən-birə, evə gətirdiyi bir maşina əşyaları yüklədi, o evə daşındılar. Elə bil Allah dillərini-ağızlarını bağladı, kimsə səsini çıxarmadı bu hadisəyə. Sonradan sonraya hamısı öfkələnməyə başladı. Ancaq o zaman da bunu üzə vurmanın vaxtının keçdiyini düşünüb yenə susdular. Nə isə bir gərginlik yaranmışdı bu ailənin içərisində. Söhbətləri bir az məsafəli, bir az rəsmi hal almışdı. Yaqub bu vəziyyətdən istifadə etməyi bacardı. Ayrılmaq üçün lazım olan hazırlıqlarını görməyə başladı. Gedəcəyi şəhər haqqında məlumatlar toplayırdı. Bu məlumatların da çoxu biri-birinə uyğun gəlmirdi. Ancaq qarşısına çıxan heç bir çətinlik onu qorxutmurdu. Bir gecə dəqiq qərarını açıb dedı arvadına. Arvadının üzünə məhzun bir ifadə çökdü, əndişəsinin səbəbini açıb soylədi yoldaşına: "Yenə uşağın öləcəyindən qorxuram" dedi. "Heç bir şey olmayacaq" deyə cavab verdi Yaqub. "Əksinə havanı dəyişdirmək sənə düşəsək" deyə arvadını inandırmağa çalışdı. "Oradan qorxuram" dedi arvadı. "Kimdir bizi orada itirib axtaran. Axırımız necə olar?" "Hamısını hazırladım mən" dedi Yaqub "Ordan qəbzlə bir məktub göndərəcəm. Bizə yardım edəcək". İnamlı danışırdı. Ertəsi gün dükanda, ordan heç ayrılmayacaqmış kimi, axşamadək var gücüylə çalışdı. Axşamüstü tək başına qaynatasının evinə getdi. Onun bu gəlişindən qaynanasının dalağı sancmışdı. Hələ döşəkçənin üstünə oturmamışdan "Xeyrola?" deyə soruşdu Yaqubdan. Qaynatası çayını qurtumladırdı. Heç bir giriş etmədən, sözünü gizlətmədən, birbaşa mövzuya girməyin daha yaxşı olacağını hissiyyatı ona xəbər vermişdi. Ona görə də, oturar-oturmaz "Yaxınlarda buradan gedəcəyik" dedi. Qaynanası "Ha.." deyə bağırdı birdən. Qaynatası heç çaşmadan çay stəkanı iki barmağının arasında, uzun uzadı durdu. Qaynanasının heyrət nidasına cavab vermədi Yaqub. Bundan sonra qaynatası "Əgər ortaqlıqdan da ayrılmaq istəsən, indi bunu edə bilməyəcəyəm, bilirsən" dedi, durğun, tox bir səslə. "Mən onu fikirləşmirəm" dedi Yaqub, "O asan məsələdir, mən sizin razılığınızı almağa gəldim." Duyğulu bir səslə söyləmişdi bu son cümləni, özündən asılı olmadan, sanki çarəsizlikdən bu addımı atdığının qoxusu da gizliydi bu sözlərdə. Bunu özü də dərhal hiss etdi. Yenidən qərarlı bir tövrlə "Bu günə qədər mənə etmiş olduğunuz yaxşılıqlırın bədəli olsun.. belənçinə ödəşmiş olaq" dedi. Qaynanası "Mən razı deyiləm" deyə bağırdı o anda. Yaqub yenə cavab vermədi qaynanasına. Qaynatasının nə deyəcəyini gözləyirdi. Qaynatası, bu səfər fincanı yerə qoyaraq və Yaqubun üzünə baxaraq "Olmaz belə..." dedi. Bir anda hansı mənaya gəldiyi anlaşılmayan bir söz idi bu. Yaqub kədərlə baxdı qaynatasına. "Ortaqlıq haqqın nə qədər tutursa onu alacaqsan. Yaxşılıqları gəldikdəysə.. axı biz nə yaxşılıq etmişik?" dedi qaynatası. Bir an duruxdu, "Yoldaşın nə deyir bu işlərə?" deyə soruşdu. "Onun bir etirazı yoxdur" dedi qısaca Yaqub. Başqa bir açıqlama vermədi. Ümidsiz, şübhəli bir ifadəylə baxırdı qaynanası. "Nə vaxt gedəcəksiniz?" deyə soruşdu qadın. "Mümkün olduqca tez" dedi Yaqub. "Uşağın olmasını da gözləməyəcəksiniz?" deyə soruşdu başını qaldıraraq. "Hə" dedi Yaqub"mümkün olduqca tez gedəcəyik.." Evdən çıxdı. Nədənsə tələsik öz evlərinə qayıtdı. Arvadı yolunu gözləyirdi. "Nə deyirlər?" deyə soruşdu. "Necə istəyirsiniz elə də edin deyirlər" dedi Yaqub. Üzüntülü bir çaşqınlıqla qarşıladı bunu arvadı. Ertəsi gün iş arasında qaynatası Yaquba: "Bu il bağı şumlatdıracağam. Bizim oğlan məşğul olacaq. Kömək eləyərdin" dedi. Yaqub cavab vermədi. Qaynatası da bir daha bir söz demədi. O həftə, böyük şəhərə gedəcək bir yük maşını axtarmaqla keçirdi zamanının çoxunu. Əşyaları o qədər də çox deyildi. Yol boyu arvadını hər şeyin yaxşı olacağına inandırmağa çalışırdı. Axırda sürücünün xəbərdarlığı ilə yenidən maşina minmişdilər. Yük maşının dözülməz yeknəsəq uğultusuyla yollarına davam edirdilər. Arvadı yenə də danışmır, uzun-uzadı o bozumtul yamaclara baxır, bəlkə özünü belə unudaraq qarnındakı uşağı düşünürdü. Yollar heç bitməyəcək, şəhərə heç çatmayacaqlar kimi görünürdü. Ancaq, digər tərəfdən, zaman nə qədər də tez keçmişdi. İlk günlərdə yaşadıqları sıxıntılar, dükan tapmaqdan ötrü tökdüyü tərlər, ara-sıra baş qaldıran peşmançılıqlır, hər şey, hər şey necə də tez keçmişdi. Şəhərə gəldikləri gün bir mehmanxanaya düşmüşdülər. Bir həftəyə qədər orada qalmışdılar. O zamanlar arvadı hey ağlayırdı. "Hər şeyin yaxşı olacağı bu həyatı" istəmirdi. Yaqub isə özünü oda-közə vururdu. Nəhayət bir evə daşınmışdılar. Uşaqları da bu evdə dünyaya gəlmişdi. Qaynatasından qısa və quru bir məktub almışdılar, iki sətirlik: "Mübarək olsun" deyirdi. Ancaq, bax indi işləri yaxşı idi, vəziyyəti düzəlmişdi. Arvadı ilk günlərdəki sızıldamalarını kəsmişdi. Hər şey yoluna düşmüşdü.
Yaqub gülümsədi.
Qaynı hələ də danışırdı. Ona yalnız indi diqqət etməyə başladı.. Tarlalarından filandan danışırdı. Ən axırda Yaqub hirsləndi. "Bəsdir artıq" dedi "mənasız yerə danışma". Cavan oğlan susdu. Üzü qəribə şəkildə saralmışdı. On-on beş saniyə sonra, "Öz başımdan danışmıram" deyə cavab verdi "Atam belə istəyir." Ancaq bu sozləri də sanki candərdi soylədi, israr etməsinin gülünclüyünü başa düşmüşdü. Əsəbi və incik bir səslə "Mən sabah gedəcəm" dedi "indi bir az havaya çıxmaq istəyirəm". Qalxdı, paltosunu geyindi. Qapıdan çıxarkən "Həə.. az qala yadımdın çıxmışdı.." Cibindən, bir topa pul çıxartdı. "Atam bunları da göndərdi.. ortaqlıq haqqınızmış.. lazımınız olar dedi." Pul dəstini nədənsə Yaquba vermədi, beşiyin bir tərəfinə qoydu. Şərfinə bürünərək bayıra çıxdı.
Yaqub, pulu alsınmı, almasınmı deyə düşünənə qədər olmuşdu bu iş. Bir müddət oturduğu yerdə qaldı. Gözləri ani olaraq, bir saniyə içərisində pul topasına tərəf gedib-gəldi. Əsəbi bir həyəcana qapıldı. Arvadına baxdı. Sanki pulun oraya qoyulduğunu görməmiş kimiydi. Müqəvvaya bənzəyirdi. Pəncərəyə sarı getdi Yaqub. Pərdəni çəkib bayıra baxdı. Zil qaranlıq idi. Qapının arxasından paltosunu aldı. Arvadına baxdı bir daha. Yox-yox, mürgüləyirdi. Yenə də ona baxaraq "Bir azdan gələcəm" dedi "Sən qardaşının yatağını hazırla." Qapını açıb çıxdı. Loş, torpaq xolu keçib küçəyə yönəldi. Havada ayaz vardı. Yer əməlli-başlı islanmışdı. Palçığı tapdamamağa çalışaraq qərarsız addımlayırdı. Nə edəcəyini, nə üçün çıxdığını bilmirdi. Azadlıq deyirlər, nə deyirlər, belə bir düşüncə çalxalanırdı daxilində. Məhəllədən çıxıncaya qədər tanış döngələrdən keçib getdi. Sonra prospektə çıxdı. Yağmur çisələnmiş qaldırımlar parıltılı işıqları əks etdirirdi. Prospektin metal torlarla çəpərlənmiş yerinə qədər gəldi. Orada dayanıb, bir müddət, aşağıda gölməçələnmiş yağış sularını seyr etdi. Yenidən geri döndü. Divarlarla sürünürmüş kimi yolun kənarıyla yoluna davam etdi. Prospekti bu başından o biri başına qədər keçdi Üzü üşüməyə başladı. Nə edəcəyini bilmirdi. Yol üstündə bir qəhvəxana gördü. Götür-qoy etmədən içəri girdi. Kimsə yox idi. Bir küncdə beş-altı adam toplaşıb kart oynayırdı. Pəncərəyə yaxın bir masaya oturdu.Gələn çayı iri qurtumlarla, ağır-ağır içdi. Canı bir az isindi. Çayın pulunu verib bayıra çıxdı. "Bir sevinc tapmalıyam özümə, mən xoşbəxtəm" deyə mızıldanırdı. Arvadını sevirdi. Uşağın doğulmasıyla bir bərəkət gəlmişdi evlərinə, buna şübhəsi yox idi. Qəribə şəkildə, cənnətlə bağlı qırıq düşüncələr keçirdi ağlından. Kədərlə sevinc arasında yumaqlanmış bir xaos içində idi. O arada dolaşırdı indi. Şirin, hüzünverici bir şey idi bu. Acı çəkməkdən, yoxsulluqdan qorxmurdu. Ancaq qəribə bir şey var idi burada başa düşmədiyi; insanın azadlığı özünə xas olan tək başına bir şeydirmi, yoxsa ortaq şəkildə paylaşılan bir duyğudurmu? Elə olarsa, azadlıq anlayışının özü yox olmazmı? Xeyr, deyə cavab verirdi buna daxilən, ortaq bir duyğu olmalı bu, deyirdi, çünki qaynağı təkdir azadlığın, Allahdan gəlir.. Əks halda dözülməz bir yük olardı azadlıq insana. Eləysə nə üçün qaçmışdı? İndi nə üçün geri dönmək istəmirdi? Bu bam-başqa bir məsələ olmalıydı, ümumiyyətlə, azadlıqla əlaqəsi yox idi bunun, fərdə aid bir şeydir bu, deyə düşünməyə başladı. Yerə baxa-baxa tələsmədən addımlayırdı. Evlərinin olduğu küçəyə gəlib çatmışdı. Səssizcə qapını açdı. Yemək otağına keçdi. İşığı yandırdı. Paltosunu soyundu. Yenidən işığı sondürüb pəncərəyə yaxın oturdu. Qaranlıq bayıra baxmağa başladı. Uşağın beşiyini o bir otağa aparmışdı arvadı. Bir müddət pəncərənin ağzında dalğın-dalğın oturdu, baxdı. Qalxdı, yataq otağının qapısını üsulca açaraq arvadının yanına keçdi. Arvadı xəfif bir zümzüməylə, ağlamsınmış bir səslə lay-lay söyləyərək uşağı əmizdirirdi. Ayağının ucunda yeriyərək yatağa getdi, uzandı. Arvadı gəldiyini hiss etmiş, ancaq səsini çıxarmamış, dönüb baxmamışdı. Əlləri başının altında uzandı beləcə bir müddət. Sonra qadın uşağı beşiyə qoydu. Yenə səs salmadan bayıra çıxdı. Beş dəqiqədən sonra qayıtdı. Yavaşca yeriyərək gəldi, yatağın kənarına oturdu. Arxası Yaquba çevriliydi. Yaqub heç qımıldanmadan uzanmış, düşüncəli, dalğın, boşluğa baxırdı. Xoşbəxtlik adlanan şey indi lap yanındaydı. Toxuna bilərdi ona. Ancaq ürkütməkdən çəkinirdi. Sonsuz bir an uzanıb uzanıb gedirdi sanki. Heç bitməyən, bitməsini itəmədiyi.. insan yalnızca o anın içində olduğunu bilməli, ona toxunmamalıdır. Bir dəfə itirsə bir daha tapa bilməyəcəkdir onu. İnsanın ömrü içində, kim bilir, bəlkə də bir dəfə olur o an. Ona görə də dəyərini bilmək lazımdır. Ürəyi böyüdən bir şey.. bir yel əsməsiylə sönüb yox ola bilən.. Otaqda o anın sonsuzluğu içində, kiçik, tıxanıq bir hıçqırtı eşidildi. Yaqub ürpərdi birdən. İndiki durumunda olması gərəkli, hisslərini tamamlayan bir kömək kimi qəbul etdi bu tıxanıq səsi. Arvadı sarsıla-sarsıla ağlayırdı. Yaqub o anda içinə yayılan isti, qorxaq bir ürpərişlə dikəldi yerindən. Arvadı üzünü döndərmiş, hıçqırıqlar arasında "Mən istəmədim, mən istəmədim.. iki od arasında qoydun məni..." deyir, kiçicik yumruqlarıyla mələfəni sıxmalayırdı. Yaqub yaxşılığa, sükunətə işarət saydığı bu ağlamadan, qəribə, xoş bir duyğuya qapılır, ona səs çıxartmır, "Yaxşı olacaq quzum.. hər şey çox yaxşı olacaq" deyir, barmaqlarını qadının titrəyən çiyinlərinə toxundururdu.



O ZAMAN

Qar yağmışdı. İndiki kimi. Ətraf qap-qara bir bəyazlığa bürünmüşdü. Səs-səmir yox idi. Damlardan buz şüyrümləri sallanırdı. Çıqqıltı belə yox idi, sanki külək də donmuşdu. Səslər də donmuşdu. İkindi vaxtı qaladığımız ocağın qoru küllənmişdi belə. Otağın tək göz pəncərəsindən bayır bəmbəyaz görünürdü, gövdələri, budaqları qaralmış ağacların üzərində dörd barmaq qalınlığında qarlar buz tutmuşdu, budaqlardan, barılardan sırsıralar sallanırdı. Pəncərəni qara bir mələfəylə örtmüşdük. Damın qarını yetərincə kürüyə bilmədik, dam dirəkləri cır-cır cırıldayırdı. Bir az daha qar yağsaydı dam çökə bilərdi. Damı kürələməyə qoymadılar. İkindidən sonra damı kürələməyə əmim çıxmışdı, o saat güllə kimi yağışa tutdular, canını zorla içəriyə atdı, o zaman başa düşdük, işlərin gedişi dəyişmişdi. Dünən Ökkəş gəldi, kənddən gələnləri şəhərə buraxmamışlar, çarpışma olmuş. Çağanın ağlamasınısa axşama yaxın eşitdik. Pəncərədən görürdük. Gənc ana birini əlindən tutub sürükləyirdi, qucağında olan o biri körpəsiylə bizdən bir az aralıdakı yoldan keçirdi. Birdən atəş açıldı. Qadını tanıya bilmədik, qorxu içərisində qaçmağa başladı, bax o arada qucağındakı körpəni yerə saldı. Dönüb ala bilmədi. Ha istədisə uşağına doğru uzanıb yerdən qaldırsın, üzərinə atəş açdılar. Sonda qeyb oldu qadın, körpəsi orada qalmışdı. Babam, uşağı evə gətirin, dedi. Bayıra çıxıb, heç qapıdan aralanmamış güllə yağışına tutuldum. Başı lovlu içəri qaçdım. Bir az gözləyib genə çıxdım, genə atəş etdilər. Bizim silahımız yox idi. Evdə gizlənərək qoruna bilirdik ancaq. Evə basqın edərlərsə kürəklərimizlə, bellərimizlə müqavimət göstərə bilərdik. Gavurun harada mövqe tutduğunu bilmirik. Amma buralara yaxın bir yerdə olmalıdırlar. Nə zaman birimiz bayıra çıxmağa can atsaq atəş açırlar. Çağa kəsik-kəsik ağlayırdı. Səsini eşidirdik, çünki ətraf sükunət içərisindəydi. Təkcə ağaclar çıtırdayırdı, bir də başımızın üstündəki dam. Dam çökəcək deyə qorxurduq. Axşamdan sonra ocağı qalaya bilməmişdik. Odunlar bayırda, qapının önündəydi. Arada bir uzaqlardan ya da yaxınlardan ağır artilleriya səsləri eşidirdik, kim kimə atəş edirdi, bilmirdik. Evə basqın olarsa nə edəcəyimizi də bilmirdik.
Babam:
"Qapıya mən çıxıb qarşılayaram onları" deyir.
Əmim etiraz edir:
"Biz ola ola sənin nə işin var?" deyir.
"Gavur da olsa insandır" deyir babam, "bu saqqalımla mənə də güllə sıxacaq deyillər ki, pəzəvənglər."
"Sənə güllə atmazsa mən onun kafir olduğunu hardan biləcəm" deyir atam.
"Nə olursa olsun, qapıya mən çıxaram" deyir babam, "öldürəcəklərsə, qoy məni öldürsünlər."
Bir müddət səslər kəsildi. Güllə səsi eşidilmir. Qarların üzərindən inildəyərək acı küləklər əsir. Baxdıq ki, artıq dözmək mümkün deyil, dördümüz birdən yorğanın altına soxulduq. "Yaxşı ki, arvadları göndərmişik" deyir babam. O tərəflər bir az daha sakitlikmiş, heç olmasa qarşı-qarşıya çarpışmalar olmurmuş. Əslində ocaq qalamaq da təhlükəli imiş, tüstü gördükləri yerə atəş edirlər çünki, amma biz orasını fikirləşmirdik, soyuq əhədimizi kəsmişdi. Qala dibində bir qohumumuz var idi, top mərmisi axurun divarını deşmiş, ancaq partlamamışdı, düşdüyü yerdə qalmışdı. Yorğanın altına soxduğumuz ayaqlarımızı ovuşduraraq qızışmağa çalışırdıq. Çağa durmadan ağlayırdı. Amma atəş səsləri yox idi artıq. Bir ara çağanın səsi eşidilməz oldu, atəş səsləri də kəsilmişdi. Anası bəlkə bir yol tapıb qaçırda bilərdi körpəni, deyə düşündük. Çünkü uşaq qarların içinə düşmüşdü və ağlayırdı, nazik, bəlkə hələ üç aylıq belə olmayan səsiylə ağlayırdı və indi susmuşdu. "Bəlkə götürmüşdür körpəni" dedik. Ancaq biz bunu deyincə uşağın ağlamaq səsini yenidən eşitdik, atəş yox idi, atəş açmadılar, o zaman ananın bir daha dönməyəcəyini başa düşdük. İndi səsi ərşə çıxmışdı, canfəşanlıqla çığırb ağlayırdı. Körpə uşaq səsinin nə qədər kövrək olduğunu bəlkə siz bilmirsiniz. Gecə yarısını çoxdan ötürdü. Gözümüzə yuxu girmirdi, ağzımızı açmadan, ayaqlarımızı yorğanın altında isidərək titrəyirdik. Bir ara itin ulaması da körpənin səsinə qarışdı, hər yandan ulama səsləri eşidilirdi. Ama qısa bir avtomat səsi onların səsini kəsdi, körpə tək başına ağlamağa davam elədi. Onda da babam:
"Nə olarsa olsun çıxıb alacağam mən bu körpəni" dedi.
Heç birmizdə ona etiraz etməyə taqət qalmamışdı. Yenə də əmim:
-"Biz olan yerdə sənlik deyil bu" deyə bildi.
Amma babam ona qulaq asmadı.
"Mənim uşağı almağa gücüm çatar amma evi qorumağa çatmaz, dedi, öldürsələr qoy məni öldürsünlər, siz evi qoruyun."
Ona ancaq məsləhət verə bildik ki, gözə görsənməsin. Küçə qapısını açıb, divarın dibinə qısıla qısıla gedirdi. Körpənin olduğu düzənliyə çıxmamışdı hələ ki. Əmimlə atam da bayır qapısınan arxasından ona baxırdılar. Mən sandıq otağındaki deşiyin qapağını açıb oradan baxmağa başladım. Hər tərəf ağappaq, buz tutmuş qarla bürünmüşdü. Körpə qarların ortasında böyük bir ləkə kimi qundağı açılmış vəziyyətdə, tərpənmədən yatırdı. Birdən elə oldu ki hər tərəf avtomat səsləriylə sarsıldı, səslər çox yerdən eşidilirdi, bəlkə əks-sədalardan bizə elə gəlirdi. Babamı o vaxt gördüm. Körpəyə doğru qaçırdı. Yox qaçmırdı, qaçmaqdan fərqliydi onun elədiyi, sıçrayırdı, eləjə beş altı addım sıçramışdı ki, hoppandı və yıxıldı. Tərpənmirdi. Yıxıldığı yerdə qalmışdı. Gözldəik ki, ayağa qalxsın, amma qalxmadı, heç tərpənmədi də yerindən. Dizlərini qarnına çəkmiş, körpələr yatanda elədikləri kimi, eyniylə onlar kimi. Elə bil yatmışdı, sağ qolunun üstündə büzülmüşdü. Əllərini də qarnının üstünə basmışdı, sanki qarnının üstündə bir şey var idi, o da onu qorumaq üçün əllərini orada tutmaq istəyirdi. Qəribədir, uşaq da ağlamırdı artıq.
Səhər tezdən tövlədən dam nərdivanını çıxartdıq. Nərdivanın ayaqlarını söküb parçaladıq, həyətin ortasına yığdıq. Altından çör çöplə alovlandırdıq. Yanan taxtalardan buz bağlamış göyə ağır duman buludu yüksəldi. Amma güllə atılmırdı. Taxtalar yanana qədər çardağın altında əllərimizdə baltayla, kürəklə hərəmiz bir küncə gizlənərək gözləməyə başladıq. Axırda əmim:
"Bəlkə gecə üçündü o, dedi, mən bayıra gedib baxım"
Atam:
"Bəlkə bizə tələ qururlar, bu arvadı qəhbələr?" dedi.
"Onsuz da dumanı görüblər" dedi əmim "burada adam olduğunu anladılar, burada qalmağın mənası yoxdur artıq"
Gizləndiyimiz yerlərdən çıxdıq. Bayır qapısını açıb kənara çəkildik, gözlədik. Güllə səsi gəlmirdi. Əmim əlindəki baltanı qapıdan bayıra vıyıldatdı. Balta səkkiz - on addım irəlidə gurt deyə yerə düşdü. Gözlədik. Atəş açılmırdı. Onda əmim:
"Ehey, qəhbə balağından düşmələr!" deyə hayqırdı.
Heç yerdən səs gəlmirdi. Əmim kəskin nəzərlərlə bizə baxdı, küçə qapısından ilk addımı attı. Qapının astanasında bəlkə ona qədər sayıb gözlədi. Yenə atəş edilmədi. Atamla mən hələ ki həyətdəydik. Əmim getməyə başlayan kimi biz də onun dalınca getdik. Heç yerdən səs gəlmirdi. Qarlara yox, elə bil təhlükənin ustunə basa basa yeriyirdik, ayaqlarımızın altındaki buz tutmuş qarlar təhlükənin elə özüymüş kimi bic-bic diş ağardırdı. Güllə səsinin eşidilməməsi təhlükəni sovuşdurmurdu. Qəribə, yad, qorxulu bir sükut varıydı. Bir-birimizin nəfəs alıb verməsini eşidirdik. Atamla əmim babama tərəf getdilər. Mənə:
"Sən körpəyə bax" dedilər.
Uşağın yanına getdim. Artıq səsi çıxmırdı. Onsuz da çoxdan kəsilmişdi səsi. Ağzı açıq, uzanmışdı. Balaca əlləri, açılmış qundağının kənarına çıxmışdı. Beli qarlara yapışmışdı. Yatdığı yerdən, qabağında dayanan adamın boynuna atlayıb qucaqlayacaqdı elə bil, bax eləcə, hər tərəfilə, əlləri və bambalaca yanaqlarıyla və həyata yenicə baxan gözləriylə donmuşdu. Quruyub eləcə qalmışdı.
Ölülərimizi evə daşıdıq. Sonra da öyrəndik ki, o gün səhərə yaxın şəhəri tərk ediblər.
İndiki kimi idi, hər tərfdə qar varıydı. Amma bu hələ nədir ki, təhlükə qar kimi yağırdı, qar deyirsən, amma təhlükə kimiydi. Ancaq indi halım olsaydı, o vaxt rabitə nədir bilsəydim, heç qoyardım çağa ölsün?
Yaşlı adamın səsi əcaib bir qəhərlə yüksəldi: qoyardım heç ölsün, dedi. Əfəndimin köməyi ilə şahin kimi qapardım onu, kafirin heç ruhu da inciməzdi, görsəydi də gülləsi sinəmi dağıda bilməzdi. Mənimsə, Allah bilir, on üç yaşım ya var idi, ya yox idi o vaxtlar.

                                                                                                                                          Rasim Özdənörən