Alatoran_header  
Jurnal > 2004/№3 > Şerlər

İLAHİYYAT FAKÜLTƏSİNİN
BAXÇASINDAKI CƏSƏD


çəmənlər üzərində bu cəsəd
boğularaq öldürülmüş bəylər
göbəyi bir danışma balonunu andıran
sayğıdəyər professorların
bir simpozium üçün londona uçarkən
taxdığı qalstukla çox güman

o cəsədi sizə mən göstərirəm
və məscidi baxçadan ayıran məftillər

tanrı bir lord qılığında
içəri süzülə bilsə cangüdənlərdən
ya da bir qəsəbə vaizi
din işləri idarəsindən imzalı
yardım arayışları əlində
onu mötəbər
bir ensiklopediyaya dəfn edəcəklər
yaşlı bir yardımçı dosentlə birlikdə

və sadəcə
yağmurdan sonra oxuna bilən hərflər
sadəcə
qazıyacaq bir neçə kəlimə
rayondan yeni gəlmiş tələbələrin
düşünən kişi heykəli kimi
aşacağından qorxduqları bu betondan tökülmüş bank
bir məzar daşını andırır nə qədər olmasa

yer üzünə fırlatdığım şairlər
dəlilik cövhəriylə
çaşqınlar
sözüm sizədir
üstünüzə uzanmış dilləri
yaxası düyünlü köynəkdə
tans edənləri
metafizike sui-qəsd düzənləyənləri
nərdivanlarda
çarmıxa çəkmək üçün toplaşanları bir də
ər meydanına atasız enəni
başı dibnot isterikası
böyüklüyündəki bilgilər
tutub sürükləyən
çaşqınlar sözüm sizədir
qalstuklarından asın
cındır asılmış bir türbə kimi
boğaz körpüsünə

imza topladıq
yaxınlarda əff var deyir günahkarlar
cərrahların unutduğu bir neştər kimi
ağlımızda allah
sur borusu
dekanlıq binasından üflənəcək biiznallah

mənimsə
axıtdığı qanla sürət alan bir həyatım oldu
altı bıçaqla cızılmış sətirlər təvazö
yaşayır varlığımı təkcə verdiyim
nəfəs xeyrə yozdu
bilənlərin gicgahında bir həvəs
ölü tapıldı


SEÇMƏLƏR

Siyah qar qəsidəsi
heçliyin o kəkrə dadı
vardığın hər sahildə.

sərin pirlərə girdin durulmadan
sərab öldü, külək saldı
qumdan atlarını
bu son qum
sal-dı ya
nə sandın
şəhvətli bir dua
kimi boşaldın
qasıqlarından həyatın

deənizlərdəsə
elə eyni fırtına

bilməm neçə dəfə yalvardım
allahım
bir cəhənnəmdən o birinə
sovrulsun həyatım.


SAVAŞ BİTDİ

bu gün bir milçək öldürdüm
qara qanlı bir sonla bitdi.
öz canında yad birini
yaşamaq cinayəti.

nə çatdığım bir yer var
nə bir gerçəyə qovuşdum
bu zalım insan nəslinin
zorakı davamıyam

torpaqdan bir qadın
heykəli yapdım yalvardım.
atasız və tanrısız
mən yenidən doğulsaydım.


YOXUŞ

yoxsul gecənin əkizləri
zəhər toplayan ayaq izləri

işin başlanğıcında deyiləm amma
özümün yoxuşundayam hələ.
çarpaz dişli mişarla
kəsilir cevdət k.-nın dizləri.


QIZQARDAŞIMIN İNTİHARI

2.
ağzının kənarında o gözəl qan ləkəsi
məktubu bir cümləcik: "dənizə atın cəsədimi".

3.
solğun kağızlara yazmış gündəliklərini
iyirmi yeddi mart doqquz yüz səksən yeddi:
"əzəli yalqızlıq içindəyəm
intihardan başqa yox arxadaşım"

4.
üzüyünün ağırlığından danışardı
İndi ölüm ağırlaşdırıb bədənini


SAHİLDƏ AXŞAM

köpüklərin və çınqılların arasında
oğlunun baldır sümüyünü yontayır ata
dalğalar boğulan sirləri
bir-bir çıxarır quruya

günəş xatırlayır yumşaq qanadlarını
buxarlaşıb uçur
qaranlığın xəzinəsi

yüksəlib
dörd böyük mələyin
qəlbinə toxunur
bir ayini yada salan qıvrımlarıyla
o bakirənin qəlbini daraldan tüstü

və axşam
uçur ruhumun qanadları dodaqlar
üfüqün bir addımlığında suya düşər
islaq bir süzülüş qalır ondan

sahildə qayıqlar dolu axşam
qəlbimə sirləri tökülən
bir ayna qoymuşlar
simurğ quşunun
qanadlarında yüksələn xülyalı zaman
mənə əbədi ərməğan
heçlik və qəbir
kimin üzünə baxsam

pıçıldayıb dururam qayıqda
qayığı avarlayıram
əllərin şəbnəm əllərin
nəğməmizə ürpərir su
bir nəğmə söylənən iki yarım ağızdan
ağzının yarısıyla ağzımın yarısından.

yoxluq dənizinin köpükləriydi
ayrıldığımız sahildə axşam.


QURUMUŞ BİR DƏNİZ

1.
ölü qızlar işarətini ram etdirən firon
yenidən və doğrusunu söyləyirəm -

bir ölümün başlanğıcı, zirzəmi
tanış oldum cəlladıyla boynumun və şerimin

zalımdı sahil, zəhərli ox və qalxan
anamın bətnində gizli bir okeandım.

2.
ey qaranlıq, ruhumun yıxılan heykəlləri
gövdəmin uçmuş parçalarıyla sevişirəm
bir kağız gəmiyə bənzəyir qasıqlarım.

Kənətlənmiş dodağlarla tayfaların
dənizə etirafını gizlicə eşitdim: -
ruhumun xərçəngli üzvüdür ölüm!

3.
tarixin gövdəsindən süzülən gəmi
mayalandıra bilməz artıq mənim qanlı gövdəmi

keçdim inkar edərək bütün suları
ardımda eşq və ölüm dalğaları.


BİR HEYKƏLİN ÜZÜNTÜLƏRİ

1.
boşluqda fırlanan onun əlləri
o idi ruhumun yel dəyirmanı

2.
pivə içən qız ata minərdi
zərif tutdu qılıncını yenildi

və qazdırdı tə’bəsinə möhrünü
padişah əsmər hüsamətdin:

ata minən qızların
arxadaşı ölməli!

3.
elə sevdim ki, o minatür heykəli
sirlərlə doldurdum təkkələrdə içini

qədəhində çınlayan kristal göz yaşları
süzüldü qəlbimə xəncəri məndə gizli


XƏSTƏ

o qədər görkəmli
ölümün əlifbasında ruhu

göz qapaqları
zorlanmış qapılar sanki
ağlamaqdan yorulmuş kirpikləri

e qədər yuxulu
bir səslə deyir ki:
sev məni, sevmə məni


XORUZLU AYNA VƏ ÖLÜM

sözlərimin buğuyla söndürülsün
tabutumu daşıyan atların
nallarından başlayan yanğın
ağzıma tutulan aynalarda
banlayan xoruzun boynu vurulsun.


YÜZ İLİN SONUNDA

kim varsa yerlə göy arasında
çürük bir diş kimi yapışmış sənətə
sığındığımız ana qucaqlarısa
fırladıb durdu bizi həyata.


BOZQIR SIXINTISI

1.
burada can quruyan bir yarpaq sanki
biçilən otlara bənzəyir bədən də

axşam oldu, gün qanla möhürləndi
qədəhim çox boş, içkim harada.

2.
aynalarda bir göl, ortasında bir gəmi
incə bir qız doldurur yelkənləri

ruhum dalğalanan bir bayraq ki
axşam oldu, gün qanla möhürləndi.


ZƏNCİ BƏYAZ

1.
dişlərini parlat və gülümsə
bəyaz bir zənci ol sevgilinə

gözü açıq bir kor kimi keçir zaman
qırılmış ürək kimi inləyir gecə

ayaqlarını belə cütlə özünə tərəf

bir dəfə öpülmüş çay
dönməz artıq tərsinə

2.
məzar daşının ölümcül səsiylə:
ruhuma girib öpərsənmi ana?


SİYAH İRMAQ QƏZƏLİ

tunc səslər çırpa-çırpa qulaqlara
caddələr dolusu sıra-sıra məzara

yuxusundan məğlub çıxdı uşaqlar
yaz bir cəsəd kimi yürüdü bulvarlara

söyləyin tutsunlar qap-qara qanadlardan
bir cəlladla girilmişkən utancdan yataqlara.


GÖY TUTULMASININ MELODİYASI

*

heç bir gün, heç bir gecə, heç bir saat bir
heç bir dalğa, heç bir dəniz, heç bir yalnız bir

bir göründü, bir qeyb oldu
buludlar geyik sürüsü
alov çınqıl daşlarına öydü
ağlın göy gurultusu

qanın yüksəlişi köksün enişi
ey ruhların gecə musiqisi
analara xəbərdarlıq eşq zəlzələsi
ataları sarsıdan bir sərxoşluqmu
otlar arasında gecə yarısında
ay dişləmiş ürəkləri

bir səsmiydi, bir rəngmiydi
ruhumu örtən nəydi
nə zaman başladı, nə zaman bitdi
göy tutulmasının melodiyası

ilan dərisi səhifələr arasında
ay dişləmiş ürəkləri gecə yarısında

**

bir səs əks-səda verdi qapılardan
uşaqlığımdan deyil də sanki, qapılardan
dan dan dan qapılardan
qaçıb açdım, açdıqca ətrafa yayıldım
sənmiydim, omuydu - kim sandın
ruhumu
göy tutulması rəngiylə qapatdım

***

dan dan dan
üçdən, beşdən, ondan, baxçalardan qapılardan
gilyotin kimi enəcək ruhlara son yaz
sən olmasan, mən olmasam


SƏSSİZ ARİYA

*

və telefonlar ansızın çalar
hətta qarğıdalı tanrısı ra var
səsində göy gurultusu.
sükutu, göyün atlasını
şimşək kimi yalayan adama
qarğıdalı tanrısı ra deyər:
bütün eşqlər mütləq sıfır nöqtəsinə
geri dönər!

**

tanrım
qarğıdalı tanrısı ranın
ruhunda mumyamı var
yatmazdan öncə dişlərini fırçalar
qəlbini buz dolabınamı qoyar

qarğıdalı tanrısı ra
sabah doqquzda toplantılarda
eyninə almaz çayını qurtumlarkən
röyasını "ardı var" kimi xatırlayanlara

***

bu gün hava çox soyuq
ah, çox soyuq su -
qarğıdalı tanrısı ra
üşüdüm üşüdünüz
ovcunuzda buzlarmı var
bəlkə bir gün bir işin müşkülündə -
soyuq pivələr!

o gün
gözlüklərinin çooox arxasından
qarğıdalı tanrısı ra
çöl kimimi baxacaq?
uşaq kəkələyəcək dilsiz qalacaq
qəlbsizmi qalaydı yoxsa
hər qurtumdan sonra -
bir sonrakı qurtumda
bir sonrakı qurtumda
guya hər şeyi başa salacaq

sonra, sonra son ra
qarğıdalı tanrısı ra çox hirslənər
sonranın sonrasında ölüm var
çöl var, qum var, mumyalar

qarğıdalı tanrısı ranın aşiqi
bir gün yazar
əvvəlində eşq yoxsa
ölüm nəyə yarar


RƏB RƏB ƏRƏB

evimizdə hər gün bir pensioner
rəb rəb rəb
gəlib getməli, gəlib getməli
və uşaqların arxasınca səslənməli
sən siz bəy ağabəy hey
sən siz bəy ağabəy hey

sabah oyanar oyanmaz
evin damında eyni sual
o sualın küskün günəşi
tam təpədə qızğın günəşi
və böyüdükcə böyüyən leşi

evimizə hər gün bir pensioner
gəlib getməli, gəlib getməli
yuxuda anlaşılır bəlkə nədəni

ata, o əsgər dəlimi, zır dəlimi
arxasından, yerə çaxılmış çərpələng kimi
uşaqlar yeyin addımlarla: "irəli, irəli"
bilmirəm ki, necə səslənməli, nə deməli
sən siz bəy ağabəy hey
sən siz bəy ağabəy hey


BUXARLAŞAN ADAM

bax doğdu günəş
yola çıxıram

əyilib salam verdi əhali
şapkası düşdü şairlərin

bələdiyyənin önundən keçdim

getdikcə addımlarım
şəhərə vida edir yeraltı dalğaları
köpüklər və tumurcuqlar - eşq zərrələri
və çətin bir maraqla
cırılır göyüzünün kəfəni

sadəcə çənəmin gücünü sınamışdım
böyük bir ciddiyyətlə dəftərinə not etdi.
bələdiyyə başçısıyla təhlükəsizlik müdiri:
şəhərə ediləcək ən böyük xəyanət nədir?
bir ağızdan:
avtobus gözləyərkən əsnəməkdir!


DƏMİR DODAQLAR

qəflətən oyanmalarla başlasın cəng: irəli
artıq çaylardır qılıncımın səsləri
dişi qalxanlar qoruyarkən çarpışan əsgərləri
dəmir dodaqlarda yubansın köksləri


QALXAN

adəmə

1.
bax bunlar həqiqi qadınlardır
inciyəndə göz yaşı tökürlər
evlər, eşiklər, küçələr dolu
sudur bunlar

soruşsan ürəkləri var
içinə çəkmək istər kimi səni, məni
pür-diqqət nəfəsləri

nəfsmi dedin nəfsmi -
nə ənfəs dedim nə də nəfs
heç olmasa mən anla məni

2.
bax bunlar həqiqi qadınlardır
nəfəs alarkən enib-qalxan sinələri var
enib qalxan, enib qalxan
qan

ruhdan qopan
bir baxışla baxar ha insan
göz qapaqlarını
tam o zaman
bir qalxan kimi işlədirlər
bir qalxan
enib qal
qan
şiddətli bir hücumla titrədir gövdəmi
sevişməkdən başqa nə bilirlər -
bu möhtəşəm yerişə bax!

düm-düz addımlarla
düm-düz addımlarla
looooooo
düm-düz addımlara doğru

dost!
rüzgarla aralanmış köksümdə
alovdan ayaq izləri var.


ÇOMAQ

laxtalanmış ruhlarınıza çomaq
yaşama və yürütmə orqanım

dağılın toz olun, düz olun
arxa otaqlardan eşidilsin uğultunuz

danla birlikdə axsın ki, qan
qızıla boyansın tən rəngi meydan

beynimdən yayılan yanıq ət qoxusu
qarışsın ətrinizə səhərə doğru

nə yazdımsa mən, sizin üçün yazdım
ol şerin şairi kiçik boy uyğun adım

ipini qırmış bir not: 4:14

qaranəfəs - tak tak tak tək bir tüfəng
doğru yana dönmədikcə bar verməyəcək


İFRAZAT

dörd dodağından
alovlar püskürən əjdəha
silkələndirərək yeri, yayıl
bədənin meydanlarına

o cilovsuz geyik addımlarıyla


QIRMIZI KƏPƏNƏK

Qəlbimizdən həyat bilgilərini
bax əmir mələklər
onlar udacaq biz uduzacağıq
içlərində açılmayan kitablar
oxunmayan sirr
onlar udacaq biz uduzacağıq

sənin yaşadıqca çürüyən əzalarına
döndərir üzünü iyul ölüm və gələcək
hansı xəzinəyə ensəm izlərimi siləcək
qanadları qəlbimə sığmadığı üçün
özünə qıyan mələk

otaq qaranlıq alovdan tökülmüş bir məşəl üzün
və inilti! ruhumun atlasını yandırır toxunuşun
daşlara çarpan dalğaların səsiylə deyir ki, istək:
üzmənin də unudulduğu bir dənizdir sevişmək
ey göy, ey mənim əzəli vərdişim
sevgi, yığılınca açılmayan bir yay
böyük acının üstünü örtür öpüşlərlə
bədənimə qonub qalxan o qırmızı kəpənək.


KƏPƏNƏK OVU

bu gün kəpənək ovuna çıxdıq
dostlarım Bodler
Edqar Allan, Alpər
Davud və mən.

axşama yaxın
tək bir kəpənək
yoxdu səbətimdə
gün boyu arxasınca
qaçırdıb durdu məni
sevimli bir tanrı düşüncəsi

Alpər
bu gündüz yuxuları
yarasalar kimi
buraxmayır yaxamı dedi
və üzünü turşutdu
Davudun torunda
dəniz çalxantısı
dalğa səsi
dovşan hürkməsi

çöllər
əndişə və dəhşət çiçəkləri
Edqar Allan və Bodler
bir duelə çıxmış kimi
ovlamaq istədi biri-birini
tam axşam üzəri
nəhəng bir kəpənək
cəhənnəm səfərinə çıxmış
bir uçaq kimi
gəldi çöllərə endi
və qapatdı hər şeyi
və qapatdı hər şeyi.


YUXUDA YEDDİ LALƏ

bu gecə də
mayasını tapmadı ruhum

gəl uzan belə
bəlkə açar görərsən
yuxuda yeddi lalə...
adını
misralardan qurduğun...

yenə qış, yox gözümə yuxu yenə
bu gündən sabaha atılmaqda dibdən-dibə
bir torpaqdan digərinə...

ensəm
o bahar mövsümünə
səni... desəm, eyni şey
yuxuda yeddi lalə
açılsa gözləyirəm

balkondayam, bax
bu mənim yuxum
töksəm
tərli yarpaqlar
yataq örtülərinə...
qozanın içində tək
uyuyarsanmı

bu gecə də mayasını
tapmadı ruhum...
yuxuda yeddi lalə...
ilhamla vahimə
yaxın imiş
biri-birinə...


MƏNİ NİYƏ OYANDIRDINIZ

röyamda birini gördüm
uzanmış, o gözəl baxça...
uşaqlığımdakı evin
qapandığı döngədə

röyyamda birini gördüm
yola doğru gözləri
soldakı bir az aralı
tabut kimi mıxlanmış digəri.

yuxarıda babamın yatdığı məzarlıq...
yuxuda bir xəstəxanadır
oralar nədənsə...

biriylə, tanış, amma kim.
guya orqan nəqli üçün
yeni sürgün. çay fidanı
kimi təzə bir cəsəd
aradığımız bizim...

"sol gözünə bax
bir səyirmə gördüm
az öncə qapağında
içindən sürü-sürü...sanki...
röya balıqları keçdi"
dedim, dənizə baxar kimi
baxçaya baxan dostuma

uzanmış orda yatanı
bilmirdim daha kim
oyanıb ayıldı bir anda
baxdım, əmimdi yatan
ansızın qıvrıldı yana...

ah o dadlı sərinləmə istəyi
səslərdən uzaq bir kölgəlikdə
hava ağırbaşlı və nəmli
yazları üç nəsil, bildim
içində bizim evin...

"məni niyə oyandırdınız"
dedi, umu-küsüylə mənə
"ərgənlik çağımın
tam astanasında"

yuxu dənizinə daldı
sonra, yenidən, o sürətlə...

telefon açıb başa saldım ertəsi gün
röya bir səyrimə kimi arxamca
izahını tapsam da itirirəm

                                                                                                                                          Cevdet Karal