Alatoran_header  
Jurnal > 2004/№3 > Cevdet Karalı tanıyaq

Türkiyə ədəbiyyatı ilə canlı təmas

Yeni nəsil Türkiyə şairləri içərisindən Cevdət Karalın adı Azərbaycan ədəbi mühitində tanınan bəlkə də yeganə imzadır. Bu ilin may ayında Bakıya ilk gəlişi sırasında, burada qaldığı bir ay müddətində istər gənc istər yaşlı nəsildən olan bir çox yazıçı və şairlə, müxtəlif incəsənət adamlarıyla görüşlər keçirmişdi, buradaykən qəzetlərə müsahibələr vermiş, modern Türk şeri mövzusunda bir konfrans da düzenlemişdi. Cevdətin Vahid poeziya evindəki daimi masasının ətrafında, may ayının 15-dən iyun ayının ortalarına qədər, o günəşli, yasəmən qoxulu günlərdə, hər dəfə yeni insanlardan ibarət bir qalabalıq görmək mümkün idi. Elə olurdu ki, buradakı sənət adamlarını bizimlə Cevdət tanış edirdi. Yalnız sonralar, Cevdət Bakıdan gedəndən sonra anladıq ki, bir insan ədəbi mühiti necə canlı edə bilərmiş.
Deyə bilərsiniz, bəgəm, bu günə qədər Türkiyədən şair, yazıçı və ya bir ədəbiyyat-sənət adamı gəlməyibmi Bakıya? Əlbəttə gəlib. Lakin Cövdətin fərqi, görünür, onda idi ki, o Yazıçılar Birliyinin qapalı divarları arasında rəsmi yazıçılarla görüşməklə öz vəzifəsini tamamlanmış saymadı, məsələn elə o günlərdə AYB-nin qurultayına gəlmiş Orxan Pamuk sayağı, otellərdə, kabinetlərdə qapılıb qalmadı, buradakı ədəbiyyat ortamını araşdırdı, müxtəlif nəsillərdən olan yazıçılarla söhbətlər etdi, sözün əsl mənasında dərdlərini dinlədi. Əvət, dünyaca ünlü O. Pamuk jurnalistlərlə söhbətində, burada onun başa düşdüyü bir dildə danışıldığını ilk dəfə kəşf etdiyini söyləyirdi, eyni zamanda, hələ öz ölkəsində belə o qədər də məşhur olmayan C. Karal Vahid poeziya evində Ortaq Türkcənin problemləri haqqında bizimlə fikirlərini bölüşürdü. Sözün əsl mənasında, Cevdət bizim gördüyümüz, xatırladığımız, ədəbi mühitin içərilərinə, onun canlı prosesinə daxil olmuş ilk Türkiyəli şair və ya yazıçı idi. Bu görüşmələr yalnız ədəbiyyat namına idi, başqalarının etdiyi kimi özünə dost tanış çevrəsi düzltmək, öz şəxsi maraqlarını irəlilətmək məqsədləri güdmürdü C. Karal. Buna görə də, burada tapdığı dostlrı belə tənqid etməkdən, sözü şax üzlərinə deməkdən və nəticəsində bu dostarı itirəcəyindən qorxmurdu, sözün əsl mənasnda insana qanad verən iki prinsip Cevdətin buradakı davranışlaına hakim idi: Azadlıq və Təmənnasızlıq.
Burada dərc etdiyimiz esselərindən də görə biləcəyiniz kimi, Cevdət müqəddəs bildiyi ədəbiyyat məsələlərində üzgörənlik etməyi xoşlamır, sonunadək ədəbiyyat işinin ülviyyatinə sədaqətini qoruyub saxlayır. Bəzən hətta öz şəxsi rahatlığı bahasına da olsa... Və
Cevdətin burada, bu qısa zaman içərisində, istər ədəbiyyatın atalarına, istərsə yavrularına çatdırmaq istədiyi və elə bilirəm ki bunu başardığı bir məsacı vardı: arkadaşlar, dünyada var olmaq adına zorunlu olaraq qoşulduğumuz bu mədəniyyət, kültür yarışmasında görüləcək hələ çox işlər var, güzgüyə baxaraq kəndimizi seyr ettiyimiz yetər artıq, qollarımızı çırmalayalım və çalışalım, çalışalım, çalışalım...

                                                                                                                                                                    R.Q.