Alatoran_header  
Jurnal > 2004/№3 > Cəmil Meriç fenomeni

CƏMİL MERİÇ KİMDİR?

1916-da Hatay-da dünyaya gəldi. Ailəsi Balkan hərbində Yunanıstandan köçmüşdü. Fransız idarəsindəki Hatayda Fransız təhsil sistemi tətbiq edən Antakya sultanisində təhsil aldı. Tərcümə mərkəzində işlədi. İbtidai sinif müəllimliyi elədi. 1940-da İstanbul Universtitetində Fransız dili və ədbiyyatı oxudu. Mükəmməl səviyədə Frasnızca oxuyub yazan Meriç, İngilis və Ərəb dillərini də bilirdi. Elazığda (1942-45) və İstanbulda (1952-54) Fransız dili müəllimi işlədi. 1941-dən başlayaraq İnsan, Yücel, Gün, Ayın Biblioşrafiyası jurnallarında dərc olunmağa başladı. İstanbul universitetində (1946-63) müəllim oldu, Sosyologiya şöbsəində dərs verdi (1963-74). 1955-də gözlərindəki miyopun şiddətlənməsi nəticəsində kor oldu amma qətiyyən işləmə və yazma həvəsi yox olmadı. Müxtəlif jurnallarda yazıları çıxdı. Hisar jurnalında Fildişi qüllədən başlığı ilə mütəmadi olaraq hekayələr yazdı. İlk əsəri Balzak haqqında kiçik monoqrafiya idi. 1974-də təqaüdə çıxdı və illərin xatirələrini kitablaşdırmağa başladı. 1984-də əvvəl beyin qanaxması keçirdi, sonra da iflic oldu. 13 İyun 1987-də vəfat etdi.
Əsərləri: Hind ədəbiyyatı, Bu ölkə, Saint Simon ilk sosioloq ilk sosialist, Ümrandan sivilizasiyaya, Mağaradakilər, Qırx ambar, Bir faciənin hekayəsi, İşıq şərqdən gəlir, Mədəniyyətdən ürfana, jurnal 1, jurnal 2, Sosyoloji qeydləri və konfranslar.


CƏMİL MERİÇ

AXIRINCI BÜTPƏRƏSTLƏR
28.01.1963

Bir sıra əsrarəngiz səslər çıxararaq, təbiət qanunlarına qarşı it kimi arxa ayaqlar üstə durmaq sevdasından əl çəkib təbiəti hərf hərf, sətir sətir hecalamaya başlayandan sonra, homo faber möcüzə üstünə möcüzə yaratdı. Təbiət də qadın kimidir. Hərcailikləri də, nizamsızlıqları da, spontanlıqları da qanunauyğundur. Comte-nin en böyük ixtirası insanı, daha doğrusu insanlığı qova qova determinizmin ağuşuna atmasıdır.
Biz hələ də uzağıq elmdən. Hamımız möcüzələrə inanırıq. Bir adam gələcək, bir Məsih… bir Mehdi, bir qəhraman və birdən birə iyirmi birinci əsrə hoppanacağıq. Haradan? Bəzilərimiz tarixin əvvəlindən, bəzilərimiz orta əsrlərdən. Xeyr! İyirmi birinci əsrə yox, tarixə qayıdırıq. Bu qatar neçənci dəfədir ki qarşımızdan keçir, bilmirəm. Kürt əlifbasından Durkheimə attayan Ziya Gökalp kimi Əflatundan Saint Simon-a qədər bütün utopiyaçılar tarixin içindəydilər. Yuxuları da tarixdi. Gerçəkləşən, gerçəkləşməktə olan və gerçəkləşəcək olan tarix. Bizim yuxularımız da ac toyuğunkindən fərqsizdir. Qara dərililərin öz bütlərini yıxdığı bir dövrdə, bütlərə sarılan yeganə dövlət olmaq imtiyazı bizdədir. Din, daha doğrusu dinlər, fetişizmlə müqayisədə heybətli təfəkkür abidələri kimidir. Biz hələ də fetişistik. Zavallı Meşədə Yatan Gözəl! Səni oyandırmaq üçün şahzadə doğulmadı hələ ki, doğulmayacaq da.
Sivilizasiya kahinlərin səhnəyə çıxmasıyla başlayır. Rahibin yəni ki zəkanın. Kşatriya, tanrıların sirdaşı Rişi qarşısında hörmətlə səcdə qılmadıqca xaosdan xilas olabilmir bəşəriyyət. Brahmanlar düz deyir: Kşatriya qol, Brahman başdır. Əflatun da düz deyir: ideal şəhərin çobanı filosofdur.
Osmanoğlu həm qolu həm də başı təmsil edirdi. Üləma manej içində mərifətlər göstərməyə məhkum olunmuş tərbiyəli bir ata bənzəyir, ərəbə atına oxşayır. Ərəbəçi - hökmdardır. Sarayda qulluq, ziyalıların alın yazısıdır. Altı yüz il xidmətə, əmr almağa, qorxmağa və susmağa öyrəşmişdir. Yəni izzət və namusundan vaz keçməyə alışmış. Qəhramanlara təhəmmül etmir bu ziyalılar. Ancaq qamçı görəndə diz çökürlər. Fəzilətin üzünə tüpürmək əsrlərdir bacardıqları əməllərin ən yaxşısıdır. Nə etsin? Ya siyasət qorillalarını çiyinlərinə mindirib gəzdirəcək, ya da başqa ölkələrə qaçıb gedəcəklər. Yox deməyə öyrəşməyiblər axı! Arxasını yaslamağa heç bir kasta yoxdur. Kasta şüur deməkdir. Nə dərəbəylikdir, nə də dövlət. Əsrlərdir eyni istismar üsullarıyla torpağın bərəkətini, insanın səbrini tükətən dadsız duzsuz feodallar. Qanqsterlərin orta sinfi. Və samastroyka proletariyası. Bu siniflərdən heç biri əsla oxumur. Heç birinin gələcəyə aid planları yoxdur. Hər nəsil dünyanın özü ilə bərabər sona çatacağına inanır. Gəmisini xilas etməyə cəhd edən otuz milyon kapitan.
Ziyalı… hansı ziyalı!? Ən məsum kitabların ölkəyə daxil edilməsi qadağandır. Polis kitabxanaları yıxmaqla vəzifələndirilib. Məhkəmə təfəkkürün boynunə zəncir taxmağa məcburdur. Zəncirləsə hələ yaxşıdır, yox eləmək, toza döndərmək istəyir. Amma bunların kökünü qazımaq üçün lazım olan təxribat qüvvələrini emal edən yenə də ziyalının özüdür. Hakim də, polis də orta məktəb oxuyurlar axı. Tarix, ədəbiyyat, fəlsəfə oxuyub bu insanlar. Müəllimlər bu yazıqların beyinlərini qaranlıqla doldurubsa, neyləsinlər?
Ruef deyir ki, kapitalist olun, sosyalist olun, amma yalançı olmayın. Biz isə ancaq yalan danışırıq. Ancaq yalan.

HÜRRİYYƏT
29.04.1964

Qandi deyir ki qanunlar insan mənliyinə toxunmamalıdır. Toxunursa onda qanun yox, yumruqdur. Peyqəmbərlərlə filosofların tərəddüd etmədikləri üç beş məsələdən biri də budur: MƏNLİK! İNSAN DÜŞÜNCƏSİ!
Düşüncənin qarşısına baryer qoyan hər qanun bir quldur başçısının ya da quldur dəstəsinin əmrnaməsidir. Hüquq demək olmaz buna. Bu halda namuslu insanların ilk vəzifəsi bu qanunları rədd etmək və təbii fəlakətlərə sinə gərər kimi təhlükələri qucaqlamaqdır. Əks təqdirdə mənliyi yoxdur.
Osmanlı altı yüz il Molla Nəsrəddinin hinduşkasındakinə oxşar təfəkkürə malik idi. Başı ancaq qılıncına ya da ki cinsi alətinə qarışmışdı. Nə düşünəbilərdi axı? Osmanlıdan əvvəl hər şey düşünülmüş, hər şey nizama salınmış, rollar paylanmışdı (arvadı ilə hansı gecə yatacağını, götünü hansı barmağıyla yuyacağını din öğrədirdi ona). Təfəkkürdən böyük günah tanımır teokratiya. Düşünməyə təşəbbüs edənin adı kafirdir. Kafirin isə qətli vacibdir. Təriqətlər zindanın divarında açılan bir iki dənə hava alma deşiyləridir. Köhnə dinlərin arada bir dilə gəlməsi və sünniliyin qabığını çartladması. İbn Haldun bir mədəniyyətin nadir parıldısıdır. Sonra məzar sükunəti, qılınc səsləri, nalların şaqqırdısı. Və hikməti vücudunu itirən beyin. Qovmaq, qaçmaq… Altı yüz illik Osmanlı tarixi bu iki kəlimənin içinə sığıb. Sonra, sonra Ojasın tövləsinin təmizləmək üçün, Ojasın başını kəsən bir Osmanlı zabiti. Və hərbi geyimli düşüncə. Mustafa Kamal ancaq başın üstünü yox, içini də reform etməyə təşəbbüs etdi. Qərb şlapaydı onun nəzərində. Şlyapa və itaət. İnsanların yerinə şef düşünməliydi. Qurani Kərim rəfə qaldırıldı. "Nitq" çıxdı ortaya. Bir nitq və bir firqə. Bir tikə və bir cübbə. Ulu öndər qabağına çıxan hər kəsin kəlləsini kəsdi. Atatürkün firqəsi onsuz da heç zaman ağzını aça bilməyən kütlənin ağzına yeni bir qıfıl vurdu. Sonra eyş işrət, yemək içmək başladı. Və həzrəti Mustafa Kamal siroz xəstəliyindən öldüyü çarpayıdan Tanrı kimi götürüldü. Bir Tanrı ya da bir şeytan. Atatürkçüyük. Atatürkçülük Türkiyə Cümhuriyyətinin yeni dinidir. Əsasları, kökü, misteriyası olmayan şikəst bir din. Robotların dini. Bu gedişlə gərək bütün dünya Atatürkçü ola. Yaşasın Atatürk! Ayə biz Atatürkçüyük! İbadət və iman bu üç beş hecada başlayıb bitir.
Papa İsanın vəkilidir. Ordusu, dövləti var. Əsrlərdir fikir cahangirləri oturur o taxta. Və Papa İsa adına məsumdur, pakdır. Din də pakdır. Bəşəriyyət Aristoteli saqqalından tutub türbəsinə apardı, yetər üstadım, bəsdir! dedi. Biraz da biz fikirləşək dedi. Renessans, insan zəkasının vəsayət və vəlayətə qarşı üsyanıdır. Dekartın lotuluğu ondadır ki bu üsyanı abidələşdirdi.
Kommunizm qadağan! Faşizm qadağan! Nurculuq qadağan! Xəlifəçilik qadağan! Nə üçün qadağan? Çünkü ziyandır! Kimə ziyandır? Məmləkətə! Haradan bilirsiniz? Və siz kimsiniz axı? Siz mağara dövrüsünüz! Siz irticasınız və baltasınız! Siz əclafsınız! Və bu ilbizlər ölkəsində hər kəs girib öz qabığına. Elm və təfəkkür ayrı şeylər deyil. Müəyyən iqlimdə meydana çıxırlar. Sosyalizm komunizmdir. Komunizm dindir. Din qadağandır. Gör eeee! İnanan vətəndaş əqidəsindən utanmağa məcbur edilir. Qorxmağa məcbur edilir. Düşünən insan susacaq ki yaşasın. Yəni qanunlar vətəndaşı namussuzluğa sövq edir. Canım əfəndim. Bu sadaladığımız məzhəblər dünyanın dörd tərəfində kilsələri, mihrabları, kahinləri olan dünya görüşləridir. Bunların xaricində düşüncə yoxdur. Ola bilməz. Demokratiya bütün müxtəliflikləri inkişaf elətdirən iqlim olduğu üçün hörmət görür.
İndi gəlin cəmləşdirək. Düşünmək! İnsan haqqında düşünmək mütləq olaraq qadağan zonalara girib çıxmaqla mümkün olabilər. Onsuzda liberalizm və demokratiya qadağalı zonaları ləğv etmək mənası daşıyır. Belə çıxır ki din bir vaxtlar ən xırda jestlərə qədər bütün insan həyatını nizamlamaq iddiasındaydı. İçki içməyəcəksən, donuz yeməyəcəksən, zina etməyəcəksən. Ancaq Osmanlıda bunların hamısı vardı. Amma gizlənərək, qorxaraq və şüuru yaralanaraq elədilər bunları. Şüur yaralandı. Xeyr! Qoturlaşdı. İki üzlü bir heyvan oldu Osmanlı. Tanrını və qulu aldadan bir münafiq. Əlində təsbeh, yatağında oğlan uşağı, dodağında dua. Biz də elə deyilik məyər? Hər kəs Atatürkü söyür amma eyni zamanda Atatürkçüdür. Demokratiyaya inanan yox. Hərkəs demokratdır.
Dedim ki qanun hər vətəndaşı əxlaqsız edir. Əqidəsini gizlədən əxlaqsızdır. Əqidəsini gizlədməyən isə… Qərbdə insan buddist də olsa, yezidi də olsa bununla fəxr edər. Əqidə insanın mənliyidir. Fransada kommunistəm deyən, bir sıra vəzifələr qoymursa çiyinlərinə ona gülərlər. Yəni ki ideoloji mənsubiyyət fədakarlıqla möhürlənməlidir ki ciddi adam kimi tanınasan. Əks təqdirdə yalançısan deyərlər. Sən kim, komunistlik kim? Sosyalistlik də elədir. Kralcılıq da elədir. Ancaq laqeydlər, ancaq hedonistlər, ancaq fərarilər, satqınlar, qərar verəbilməyənlər utanar və gizlənər. Naqislik kompleksi orta əsrlərin cəlladının qızmar dəmiri kimi onların alnını damqalamışdır. Lamennais dörd cild fəryad edir. Kafir olun, müşrik olun amma düşünün, insanı öldürən xərçəng laqeydlikdir. Laqeydlik. Qanun da deyir ki elə belə olmalısan. Sənin nə borcuna? Kimin borcu? Seçtiyin butun adamlar oğraşdırsa onda necə? Qanun buna cavab vermir.
Deyəbilərsininz ki Valterin Fransasında da düşüncəinin ağzına qıfıl vurulmuşdu. Yalan! Bizdəki yeganə düşmən kiflənmiş kağız yığını deyil. Tarix düşmən, adət ənənələr düşmən. Onsuzda düşünməyə öyrəncəli adam yoxdur. Düşüncə nazlının nazlısıdır. Xəstə uşaq. Oxşanmaya, sığala möhtac. Ancaq qoluna qandallar vurulanda sən ayrılırsan bütün dünyadan. Adın artıq vətən xainidir. Volter və müasirləri üsyan bayraqlarını açanda insanların xilaskarı adlandırılırdılar. Səni, ətrafındakilər leş qarğaları kimi dəlik deşik edir. Rejim, hansı rejim? Bu iqlim içində həllini tapa biləcək heç bir iş yoxdur. Bizansın son günlərindəyik. Görək bu üfunəti hansı Fateh təmizləyəcək?
Mübarizədə zəfər, məğlub olanındır. Məğlub olmaq zənginləşməkdir. Bilmədiklərinizi öyrənməlisiniz ki eqo adlı köpək hürməsin. Mübarizədə zəfər! Mübarizə həqiqəti bir yerdə axtarmaqdır. Fərz edin ki meşədə azmısınız və çıxmaq üçün yol axtarırsınız. Sizdən əvvəl yoldaşınız tapıb qışqırır sevincək - EVRİKA! Ancaq bir təmələ əsaslanmalıdır mübarizə. Hər kəsin bildiyini bilməlisiniz ki sonra yeni bir şey axtarışına girişəsiniz. Həqiqət min bir cəbhəli, min bir görkəmlidir. Qabağınızdaki görmədiyininizi göstərəcək sizə. Sizdən fərqli olduğu nisbəttə, fərqli düşündüyü nisbəttə yaradıcı və öyrədicidir. Sanki bir yerdə bir heykəl ucaldırsınız. İnsan köməkçisi ilə necə dava edə bilər? Cəmiyyətlə bahəm həqiqətlər də inkişafdadır. Tek təhlükə isə bunu başa duşməkdir. Qırmızı bez parçası görən buğa kimi hər şeyə və hər düşüncəyə hücum etmək. Bu canım məmləkət buna görə də cüzzamlılar ölkəsidir. Mən hər hansı bir təriqətin carçısı deyiləm. Yəni ki elan etməyə hazır bir düsturum yoxdur. Dərslərimdə də, konfranslarımda da təkrarladığım və darağacına qədər təkrarlayacağım bir həqiqət var: HƏR DÜŞÜNCƏYƏ HÖRMƏT!

                                                                                                                                                          Çevirən:
                                                                                                                                               Ələkbər Əliyev


Cəmil Meriç - sarsıdaraq təsir göstərən və mütləqa dəyişdirən adam

Əlinizə Cəmil Meriçin kitablarından birini alıb oxuya bilirsinizsə, sizi iliklərinizə qədər titrədən, sarsıdan və səndələdən fırtınalara da hazırsınız deməkdir.
Cəmil Meriç xaric olmaqla, türk intellektuallarından demək olar ki, hamısının müəyyən mənsubiyyətləri var idi - kimi marksist idi, kimi kamalist idi, kimi islamçıydı. Və onların dışında hər hansı bir mövcudluq, hər hansı bir intellektual varlıq ola bilməz kimi təəssürat yaradılmışdı.
Cəmil Meriç kimi fəlsəfədən tarixə, antropologiyaya, psixologiyaya, maarifçilərə, ensiklopedistlərə, İbn Halduna, Buddaya qədər, geniş bir coğrafiya içində dolaşan bir insanın bizə, əlbəttə, söyləyəcəyi çox önəmli şeylər vardır.
38 yaşında artıq görmə qabiliyyətini itirən, bu halı ilə yaşamaq uğrunda mübarizə aparan, bəlkə də milyonda bir insanın qarşılaşdığı əzablara, ruhi, hissi, mənəvi və maddi sarsıntılara qarşı - daxilində izahsız fırtınalar, çarəsizlik, kimsəsizlik, laqeydlik, qayğı aclığı cövlan etsə də - dinamik, ayaq üstə qalmağı başaran Cəmil Meriçin yüksəldiyi iman və mənəvi kamillik mərtəbəsinə hər hansı mömün yalnız qısqanclıqla baxa bilərdi. Millətinin və insanlığın gələcəkdəki səadəti naminə, yaşadığı gövrü və bütöv bir keçmişi, Qərbi və Şərqi, ağıl, hikmət, irfan və ədalət çərçivəsində və Türk=İslam Mədəniyyəti pəncərəsindən tam mənasıyla amansız şəkildə tənqid atəşinə tutan, nağıllarda olduğu kimi, tükü belə kəsə bilən kəskin və iti qılıncından heç kimsəyə aman olmayan bu igid mübarizi hələ uşaq yaşlarından hərəkətə gətirən və son nəfəsinə qədər savaşdıran "iman" görəsən necə bir iman idi?
Belə bir iman hansımızda vardır? Atalarından miras qalan "fəth" ruhu və bütün idealını hüceyrələrinə qədər sındırıb fəthi bir başqa mənada davam etdirən ekspansiv təbiətli bu fatehin bənzərsiz çılğınlıq dərəcəsindəki eşqi, şirindilliliyi, qılıqlılığı necə və nə cürə bir imandan qidalanırdı? Şansı ziyalımızın çalışmaları, məbədimizi bütlərdən təmizləməyə həsr etdiyi o kitabları qədər bütpərəstliyi yerlə yeksan edə bilmişdir?
Çox sevdiyi Mehmət Akifin "qanayan bir yara gördümmü yanar ta ciyərim/ Onu sakitləşdirmək üçün qamçı yerim" beytindəki üsyançı adamdır o. İnsanlıq heysiyyəti, şərəfi və namusu adına, müqayisəedilməz haqsızlıq, iftira, zülm və ən vəhşi hücumlara məruz qalmış İslam mədəniyyəti və millətini Cəmil Meriç kimi müdafiə edən və ucaldan başqa bir düşüncə insanımıza rast gəlmək mümkün deyildir.
Cəmil Meriç haqqında yazmaq həqiqətən çox çətindir. İlk növbədə onun əsərlərində ifadə etdiyi dərinlik bu işi çətinləşdirməkdədir və ya daha da əhəmiyyətli etməkdədir. Yazı yazmanın önəmli bir iş olduğunu öz yazılarında göstərməsi, yazı yazma işinə girişənlərin (ən azından Cəmil Meriç haqqında yazmağa girişənlərin) qarşısına çıxmaqdadır hər zaman və onları etinalı olmağa zorlamaqdadır. Yazıçının əlindəki ən önəmli silah olan dilin Cəmil Meriç ilə qazandığı mövqe, yazmaq işini təsadüfilikdən qoruyan əhəmiyyətli bir nədəndir.
Üç qitəni kəşfə çıxmış bir kəşfiyyatçı… Təəssüflər olsun ki, bu kəşfiyyatçı kitab səhifələrinin arasından zirvələrə dırmandığını heç kimə, layiq olduğu dərəcədə, anlatmamışdır. Zirvəyə çıxdıqca yalqızlaşdı; öncə ətrafındakılar ondan uzaqlaşdı, sonra dışarıya qarşı bir qalxan oldu tənhalığı. Zirvələrin taleyini paylaşdığı zaman öz gözləri ilə də vidalaşmalı olmuşdu. Artıq qaçmaqda idi; öz ətrafından qaçırdı, insanlardan qaçırdı, bəlkə də özündən belə qaçmaq istəyirdi. Haraya, deyə bilərsiniz? Təbii ki kitablara… 38 yaşında, kitablarla arasında qurmuş olduğu vizual əlaqə birdən-birə qırılmış oldu. Artıq bu dünyada ona bələdçilik edəcək yeganə hissiyyat orqanı qulaqlarıydı. Başqalarının hümməti olmasa oxuya bilməyəcəkdi, bu kitab qurdunun edə biləcəyi tək şey özünə fransızca və türkcə kitablar oxuya bilən bir adam tapmaq idi. Şükür ki, bu işdə çətinlik çəkmədi. Eyni zamanda, gözlərinin tutulmasına baxmayaraq, nə yazıdan küsdü, nə də oxumaqdan. Kəlimələr arasında dolaşarkən seçici, cümlələrini qurarkən qısqanc davrandı. Ölkəsində tayı-bərabəri olmayan Cəmil Meriç, vurucu ifadələriylə, nəsrə bu günə qədər görmədiyimiz dərinlik və şeriyyət qatmağı bacaran bir üslub ustası oldu.
Cəmil Meriç İstanbulda yaşamış və Rodos heykəli kimi bir ayağını Asiyaya, bir ayağını da Avropaya basmışdır. Onun düşüncəsi hər gün özü kimi Asiya ilə Avropa arasında gedib gələrdi. Bəzən daha çox avropalıdır, amma ən çox avropalı olduğu anda dərhal Asiyanın hüquqlarını müdafiə etmək haqqında düşünər. Asiyanı müdafiə edərkən birdən Avropa üçün qəribsəyər. Şəxsi qənaətim odur ki, Cəmil Meriç Avropada uzun illər fikrən yaşamış olan bir Avroasiyalıdır. Ruhunu Asiyada təslim etmişdir, məzarı da Asiya sahilində bulunmaqdadır.

                                                                                                                                                     Ümid Meriç