Alatoran_header  
Jurnal > 2004/№3 > Yeni əsərlər...yaranır!

Bu günlərdə oxuyub tamamladığım bir kitab haqqında düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Daha çox jurnalist kimi tanınan, son dovrlərdə qələmə aldığı bədii nəsr nümunələri ilə yazıçılıq sahəsində də xüsusi qabiliyyət sahibi olduğunu, bu gün ədəbiyyatımızın korifeyləri sayılan Anar, Elçin, Əkrəm Əylisli kimi bədii nəsr ustalarından heç nəyi ilə geri qalmadığını, bir çox keyfiyyətləri ilə hətta onlardan üstün olduğunu sübuta yetirən Əli İldırımoğlunun qələmə aldığı "Mənim rəncbər atam" romanı haqqında.
Dərin maraqla, birnəfəsə oxuyub tamamladığım, bədii ədəbiyyatla bağlı çoxdan yadırğamış olduğum bir hisslə sona çatdığına təəssüfləndiyim bu kitab haqqında bir oxucu və bədii yaradıcılıq sahəsində də özünü sınamaq istəyən bir insan kimi, bir an öncə cavabını tapmaq istədiyim "romanı maraqlı edən, oxucunu öz təsir dairəsində saxlayan xüsuslar nədən ibarətdir?" sualının cavabını sıcağı-sıcağına özüm üçün götür-qoy edirəm.
Gerçək həyat hadisələrinin yazıçı təxəyyülünə bulaşdırılmadan yüksək səmimiyyətlə təsvir edilməsi, müəllifin sadə təhkiyəsi, ədəbi dilin imkanlarına dərindən bələdlilik, ədəbiyyatımızda bu günə qədər rast gəlmədiyimiz azərbaycanlı ata obrazının, azərbaycanlı kişisinin bədii təcəssümü, romanın etnoqrafik fakturası və s. - bunlar romanın bədii məziyyətlər palitrasının tamamı deyl. Əsrin əvvəllərindən başlayaraq ta bu günümüzə qədər Azərbaycan xalqının yaşadığı əzablı əsarət dövrünün bədii tarixçəsi, bu dövrdə əsrlərdən bəri formalaşmış azərbaycanlı xarakterinin boyük sınaq qarşısında qalması, çox böyük çətinliklər bahasına qorunaraq sonrakı nəsillərə ötürülməsi, ən kritik məqamlarda belə haqqa, ədalətə sadiq qalmanın mümkünlüyü "Mənim rəncbər atam" adlı bu romanında özünün yüksək ifadəsini tapan, nəticə olaraq əsərə dəyər və ictimai məzmun qazandıran xüsusiyyətlərdir. Üstəlik, bu gün işğal altında olan yurd yerlərimizin bədii salnaməsi olması etibarilə, o torpaqların, orada yaşayan insanların mənəvi reablitasiyası baxımından belə bir romanın ədəbiyyatımıza qazandırılması yaşı 80-i haqlamış bir yazıçı tərəfindən gənc ədəbiyyatçılr qarşısında bir fədakarlıq nümunəsi sayıla bilər. Əsərdə hadisələrin cərəyan etdiyi Qubadlı, Laçın və digər yurd yerləri nə zamansa düşməndən geri alınacaq, oraya qayıdan insanlar öz tarixlərini yeni səhifədən başlamalı olacaqlar, bax o zaman "Mənim rəncbər atam" romanı və buna bənzər əsərlər yeni məskunlaşan nəsillərə hava, su qədər lazım olacaq, onlar tarixin özü qədər qədim olan bu yerlərdə dədə-babalarımızın şam kimi piləyə-piləyə qoruyub saxladıqları hansı ənənələri yaşadacaqlarını, yaşatmalı olduqlarını həmin əsərlərdən öyrənəcəklər.
Dramatik hadisələrlə zəngin olan "Mənim rəncbər atam" romanı kinomatoqraflar üçün zəngin mənbə ola biləcəyi açısından da maraqlıdır. Hər zaman sadə insanların məsqərə obyekti olduğu Azərbaycan kinosunda böyük bir boşluğu aradan götürmək üçün haqqında danışdığım roman hazır ssenari kimi istifadə edilə bilər.
Romanın ədəbiyyatşünasların diqqətindən kənarda qalmasına, verə biləcəyi mənəvi fayda müqabilində geniş ictimaiyyətə tanıtdırılmamasına yalnız təəssüf etmək olar. Bu gün yaxşı əsərlər yaranır, lakin həmin əsərlər diqqətdən kənarda qalır - acı həqiqətilə bir daha üzələşməli oluruq, "Mənim rəncbər atam" romanını oxuduqdan sonra.

                                                                                                                                                                 R.Q.
                                                                                                                                 may 2004, “Ekspress”