Alatoran_header  
Jurnal > 2004/№3 > Zaman pinəçisi - Murad Köhnəqala

-Mu..., Murad Köhnəqala! Bu ad sizə tanışdırmı?
-Yox, tanış deyil! - dedi gənc restavrator. Bu zaman, onun yaşlı həmkarı əlini atıb çantasından bir kitab çıxardı,- al,- dedi, düz min il əvvəl Yer planetində, bax bizim indi xarabalıqları arasında dolaşdığımız bu şəhərdə yaşayan şair Murad Köhnəqala özünün "Bulud Pinəçisi" adlı kitabını dərc elətdirib. Azərbaycan adlı məmləkətin keçid dövrü tarixini bərpa etməkdən ötrü bundan daha yaxşı vəsait əlinə düşməyəcək...
"Zaman maşını"na minib gələcəyə, 3004-cü ilə səyahət etdikdən və o dövrün tarix bərpaçılarının söhbətini eşitdikdən sonra təzədən geri qayıdıram və həmin söhbətin təsiri altında Muradın yeni çapdan çıxmış "Bulud Pinəçisi" povest və hekayələr toplusunu götürüb bir başqa gözlə vərəqləməyə başlayıram. Dövrü mətbuatda əsas etibarilə dərc olunmuş, lakin bu günə qədər kimsə tərəfindən dəyərləndirilməmiş bu əsərlərin qiymətini elə mən özüm də yalnız indi, artıq kitab əlimdəykən dərk etməyə başlayıram : Sən demə hər hansı bir kitabı dəyərli edən səbəblərdən biri və hər halda ən başlıcası o imiş ki, hətta üstündən min il belə keçsə, həmin kitabda təsvir olunan hadisələr əsasında yanıb külə dönmüş və haqqındakı bütün məlumatlar yoxa çıxmış bir məmləkətin tarixini bərpa etmək mümkün olsun.
Muradla eyni dövrdə yaşayan, onu yazıçı, şair hesab etməyən, təbii ki özləri özlərinə şair, yazıçı deyən istər yaşlı, istərsə gənc nəsil ədəbiyyatbazların min ilin o biri tərəfindəki o uzaq zamanda, çox uzağa getdim, yüz ilin.., əlli ilin..., iyirmi ilin o biri tərəfindəki yaxın zamanda belə adları əminəm ki, ət dəftərində belə olmayacaq. Niyəsi üzərində düşünməyə dəyər, elə buradaca, Muradın qət-təzə kitabı çapdan çıxmışkən, isti-isti.
Hansı yazıçımız həqiqətin acı bağırsağını Murad qədər cəsarətlə açıb tökə bilmişdir, bu gün küçələrdə ayaqlarımız altında qalan çılpaq həyat gerçəklərinə Murad qədər hansı yazıçımız öz yaradıcılığında nüfuz edə bilmişdir? Adını demirəm, eldən ayıbdır, onları hər kəs tanıyır, xəyal məhsulu, utopiya ürünü əsərləri ilə bugünkü bütün faciələrimizə imza atan ünlü (unlu deyil) yazarlarımız zamanın dəyirmanından üzü ağ çıxa biləcəklərmi? Qəti surətdə əminəm, çıxa bilməyəcəklər. Həqiqəti deyil, yalanı (pafosu, ritorikanı, bəlağəti) özlərinə yaradıcılıq prinsipi seçmiş sovet yazıçıları və onların bu günkü sələfləri, Muradla müqayisədə bəlkə daha məhsuldar və texniki baxımdan daha sanballı görünə bilərlər, lakin bu keyfiyyətləri onların zəmanın qıl körpüsündən sağ-salamat keçməsinə kömək edə bilməyəcək, Murad Köhnəqala həqiqətə sədaqəti ilə onlardan bir boy yuxarıda olacaq hər zaman.
Nə isə, mətləbdən çox uzaqlaşmayaq. Azərbaycan xalqının nadir istedad sahiblərindən birinin, sevimli dostumuz Murad Köhnəqalanın yeni kitabı dərc olunub. Xeyr, hələ bu hadisədən min il keçməyib, Murad özü sağ-salamatdır, hələ bundan sonra neçə-neçə əsərlər yazıb gözügötürməyənlərin ürəyinə vicvicə salacaq. Azad yazıçı sözü kimi ağır bir yükü, illərcə tək-tənha çiyinlərində daşıyaraq bizim bu günlərə gətirib çıxartdığına, yeni gələn yazıçılar nəslinə təslim etdiyinə görə ona öz təşəkkürümüzü bildirməkdə, kitabını təbrik etməkdə, hüseynvay olmadan öncə onun dəyərini, qədrini, qiymətini bilməkdə gecikməyək deyirəm.

                                                                                                                                                                 R.Q.
                                                                                                                                 avqust 2004, “Azadlıq”