Alatoran_header  
Jurnal > 2004/№4 > Amerikada Azərbaycan ədəbiyyatından nə var?

Nyu-York şəhərində yerləşən "Dünyanın 150 xalqının ədəbiyyatı" adlı beşmərtəbəli kitab mağazasında gəzərkən sısqa bir mədəniyyətin övladı olduğumun daha çox fərqinə vardım. Satıcı Alisiya xanımın "sizə necə kömək edə bilərəm" sualına cavab "Azərbaycan ədəbiyyatından hər hansı bir nümunə varmı: nə olur, olsun" deyəndə qadın "qaraçı xalqının mətbəxi", "timsah şorbası", yaxud "Merkuri ədəbiyyatı" eşidibmiş kimi təəccübləndi və: "yoxdur. Yaxşı yeni ədəbiyyatlarımız var, buyurun o biri zala…" Mən o biri zalda kitab seçməkdə olum, sizsə okeanın o tayındakı kitabxanalarda Azərbaycan ədəbiyyatından nə olub-olmadığı haqda qeydlərimi oxumaqda…

Bizim kimi, dünyanın bütün kiçik xalqlarında bir Amerika kompleksi yaşayır. Onlar Amerikaya yaxın olmaq, mədəniyyətlərini Amerikaya tanıtmaq, Amerikanın xoşuna gəlməkdən ötrü yarışırlar. Buna görə də ABŞ üçün həmişə seçim imkanı var. O, soyuq təbəssüm yaradıb hər birimizin ürəyini "sizin çox qədim və zəngin irsiniz var" standart komplementi ilə alsa da, əslində hansı xalqın mədəniyyətinin nəyə qadir olduğunu yaxşı bilir. Buna görə də, əzizim, əgər sən azərbaycanlısan və özünü ciddi adam sayırsansa, gərək amerikalının yanında "misilsiz Böyük Ədəbiyyat"ın haqda boşboğazlıq etməyəsən, yaxşısı budur, onunla arana çökmüş sükutu məsələn, sabahkı hava proqnozu barədə danışmaqla pozasan. Necə ki, mən etdim…
Nyu-York şəhərində yerləşən "Dünyanın 150 xalqının ədəbiyyatı" adlı beşmərtəbəli kitab mağazasında gəzərkən sısqa bir mədəniyyətin övladı olduğumun daha çox fərqinə vardım. Satıcı Alisiya xanımın "sizə necə kömək edə bilərəm" sualına cavab "Azərbaycan ədəbiyyatından hər hansı bir nümunə varmı: nə olur, olsun" deyəndə qadın "qaraçı xalqının mətbəxi", "timsah şorbası", yaxud "Merkuri ədəbiyyatı" eşidibmiş kimi təəccübləndi və: "yoxdur. Yaxşı yeni ədəbiyyatlarımız var, buyurun o biri zala…" Mən o biri zalda kitab seçməkdə olum, sizsə okeanın o tayındakı kitabxanalarda Azərbaycan ədəbiyyatından nə olub-olmadığı haqda qeydlərimi oxumaqda…
ABŞ kitabxanalarında Azərbaycanda nəşr edilmiş toplam 980 kitab özünə yuva qurub. Fəqət həmin kitablar nə orda, nə Azərbaycanın özündə heç kimə lazım deyil. Məsələn, "Velikie kommunistı Azerbaydjana", "Profsoyuznıe dvijenii v Azerbaydcane"… Həmin 980 kitaba uzun illərdir, bir dənə də oxucu sifarişi olmayıb. Oxucu sifarişi alan kitab isə 1943-cü ildə Berlində almanca buraxılmış "Azərbaycan dili" kitabıdır ki, orda da 60 səhifə qrammatikadan sonra ölkəmizdən belə-belə bədii nümunələr yer alıb: "Eşşəyin kölgəsi", "Qızıl yumurtlayan toyuq".

ABŞ-da Nizamini niyə fars şairi kimi tanıyırlar
Bizim sinəmizin medalı, başımızın tacı olan Nizami, Füzuli, Nəsimi, Şəhriyar haqqında ABŞ kitabxanalarında kompüter arayıcılığı ilə çoxlu kitab tapmaq olar. Amma onlar bir qayda olaraq, Ankara və Tehranda çıxan kitablar olduğundan bizim millət təəssübkeşlərinin ən azı "davleniyası"nı qaldıra biləcək məqamlarla zəngindir. İlk dəfə 1836-cı ildə Ceyms Atkinson "Leyli və Məcnun"u farscadan ingiliscəyə çevirib, kitabın ön sözündə şairin milliyyətini fars olaraq göstərib. 1966-cı ildə "Leyli və Məcnun" doktor R.Qelpek tərəfindən yenidən tərcümə və redaktə edilib, milliyət məsələsində dəyişikliyə yol verilmədən. 1941-ci ildə Tehranda A.Hekmat müəllifliyi ilə dərc olunmuş poemanın nəsr variantında da Azərbaycan sözü işlədilmir. Çex ədəbiyyatşünası Yan Rıpkanın "İran ədəbiyyatı tarixi" kitabında isə təkcə Nizamidən danışılmır, həmçinin bir çox nizamişünaslara toxunulur. Maraqlıdır ki, o, Azərbaycan nizamişünaslağını zəif hesab etdiyindən ona deyil, Türkiyə nizamişünaslarına istinad edir. Hətta tərcümə məsləhətçiləri kimi bizimkiləri yox, E.Mətin və Q.Hilli seçir. Daha sonra 19. əsrdə ingiliscəyə tərcümə olunmuş "İsgəndərnamə"nin izi ilə 1978-ci ildə Nyu-Yorkun Kolumbiya Universitetinin nəşr etdiyi "Orta əsrlərdə İsgəndər mövzusunda fars İsgəndərnaməsi" kitabı diqqət cəlb edir. Bu kitab da "Fars ədəbi irsi" seriyasındandır. Redaksiya heyəti İran və Türkiyə alimləridir. ABŞ kitabxanalarındakı bir qisim kitablarda hətta "İsgəndərnamə"nin müəllifinin naməlum olduğu göstərilir və deyilir ki, Firdovsi məktəbinin nümayəndəsi fars şairi Nizami yalnız versiyalardan biridir. "Sirlər Xəzinəsi" 1945-ci ildə fars şairi Qulam Hüseyn Dərrab tərcüməsində bütün fars ədəbiyyatı ontologiyalarına salınıb... Səmuel Robinsonun 1883-cü ildə çap olunmuş "İngilis oxucuları üçün fars poeziyası", Natan H. Doulun 1901-ci ildə Nyu-Yorkda çıxan "Fars şairlərindən çiçəklər" kitablarında yazılıb ki, Nizami İranın Qum şəhərində doğulub, "…ancaq ömrünün çoxunu Gəncədə keçirib." "Gəncə" sözünün önündə isə köhnə informasiya ilə izah verilir: "Rusiya Azərbaycanında indiki Yelizavetpol". Tehran Nizaminin irsinin qayğısına bizim nizamişünaslardan çox qalaraq, 1972-ci ildə "Xəmsə"ni 5 kitabda "Muassisati matbuati ilmi" nəşriyyatı tərəfindən bütün dünya kitabxanalarına göndərib, təbii, hamısında Nizaminin fars şairi olduğu deyilir. Nizaminin Bakıda çoxlu ingiliscə kitabları çıxsa da, heç birisi orda yoxdur. Azərbaycan nizamişünaslığı öz əməyini dünya standartları səviyyəsinə qaldıra bilmir, yalnız "Nizami Azərbaycan şairidir" mızıldanıb durur...
ABŞ kitabxanalarında rastlanan Nəsimi əsərləri isə Türkiyədə çıxanlardır. İlk dəfə 1844-cü ildə Nəsiminin divanı Ankaradan ora göndərilib, axırıncı dəfə "İmadəddin Nəsimi və məktəbi" adlı kitab 1996-da. İkisində də mücərrədcə Nəsiminin türk milliyyətindən və "vətəni Türkiyədə" buraxdığı hürufizm məktəbinin ardıcıllarından bəhs olunur. Halbuki Azərbaycanın Elmlər Akademiyası yüz ildir, nəsimişünaslıq dissertasiyalarına dirsəklənib, üstünə də nəsimişünaslıq yorğanı çəkir.

Bizim lazımsız 19-20-ci əsrlər…
19. əsr Azərbaycan ədəbiyyatından A.Bakıxanov, M.F.Axundov, Q. Zakir və digərləri - bu adamların heç adlarına da rast gəlinmir. 20. əsr ədəbiyyatından isə yalnız 1969 və 1977-ci illərdə Moskva "Proqress" nəşriyyatında ingiliscə dərc olunmuş "Azərbaycan poeziyası" və "Azərbaycan nəsri" almanaxlarıdır, redaktoru Mirzə İbrahimov. Həmin kitablar uzun illər oxucu sifarişi almasa da, onların kəm tərəfləri üzərində bir az nəfəs dərək. M. İbrahimov 61 nəfər şair haqda məlumat verib, onların adları isə redaktor savadsızlığı üzündən ingiliscəyə rus ləhcəsilə çevrilib: Xeyran xanum, Vazex, Mexti Seidzade, Mikael Muşfik, Füzulinin adı Muxammed… Nasirlərin almanaxında isə 41 yazıçı "Abduraqim bek Axverdov" kimi bir tərcümədə işıq üzü görüb. Oxucu sayı - 0. Komunist ideologiyası mövzularında yazılmış bu bayağı hekayələr, məsələn, C.Cabbarlının "Firuzə"si, M.İbrahimovun "Pəri xala və Lenin"i axı amerikalıların nəyinə lazımdır?! Eşitdiyimizə görə, 1985-ci ildə "Yazıçı" nəşriyyatından ora ingiliscə bir kitab göndərilibmiş: S.Vurğun "Ürək məşəldir" (Heart a Flanse). Amma nə ABŞ Milli kitabxanası, nə Konqres kitabxanası, nə də universitetlər onu saxlamayıblar, lazımsız bilindiyindən ixtisara salınıb…
ABŞ kitabxanalarında son Azərbaycan ədəbiyyatı almanaxı 1991-ci ildə Türkiyədə çap edilmiş "Azərbaycanın çağdaş hekayə ontologiyası"dır, professor Dursun Yıldırımın ön sözülə çıxıb, Azərbaycan nəsrinin 54 nümayəndəsinin hərəsindən bir hekayə toplamaqdadır: Vaqif Sultanlının "Ağ Yol"u ilə sona çatır. Sifariş sayı - 0.
…Orda "Molla Nəsrəddin" jurnalı haqda bir kitabça da var idi. Amma C.Məmmədquluzadəni "Calal" olaraq təqdim edirdi ki, bu da yəqin dərsliklərimizdə deyildiyi kimi, C.Məmmədquluzadənin dünya şöhrətli yazıçı olmasından irəli gəlir…

Sovet ədəbiyyatına obyektiv münasibət
1988-ci ildə azərbaycanlı tədqiqatçı Səkinə Berencinin Berlində ingiliscə çıxan "20. əsr İran Azərbaycanının azəri və fars ədəbi əsərləri" kitabı həm cənub, həm şimal Azərbaycanının 1970-ci ilə qədərki yaradıcılığını əhatə edir. Yeri gəlmişkən, A.C.Arber Azərbaycan ədəbiyyatının bu dövrünü ələ salır, ona "çiçək inqilabı" adı qoyur və əlavə edir ki, həmin inqilabdan heç bir çiçək əbədilik qazanmayacaq. Eynilə Səkinə B. qeyd edir ki, rejimi şerlə tərifləyən hər hansı bir zavod fəhləsini şimalda xüsusi istedadı və nüfuzu olan şair səviyyəsinə qaldırırlar. Elələrinə S.Vurğun, R.Rza və b. aid edilir. Onlara "şairlər assossasiyasının yaratdıqları" ayaması qoşulur. S.Berencin təəssüflə bu faktı diqqətə çatdırır ki, rejimdən qabaq az-çox istedadıyla tanınan bəzi qələm sahibləri də bu süni gurultuya aludə olub öz ideologiyasını şimaldan gələn ideologiyaya qurban veriblər. Kitabda bolşevik ideologiyasına kor-koranə pərəstiş edən şairlərdən Balaş Azəroğlu, Əli Tudə və Məhəmməd Biriyanın gerçək qiymətləri verilir: "Balaş Azəroğlu və Əli Tudə hələ də Sovet Azərbaycanını mədh edirlər."
Amerika kitabxanalarında bizdən yeganə nisbətən məşhur əsər Qurban Səidin "Əli və Nino"sudur. Dörd dəfə nəşr edilib. C.Ueyn yazır ki, Qurban Səid milliyyətcə tatardır, ölkəsi sovet işğalına girəndən sonra digər yazıçılara qoşulmayıb, Vyanaya qaçıb, bu romanı orda yazıb, almanca nəşr etdirib.

Dədəsiz "Dədə Qorqud"
Bakıda "Kitabi Dədə Qorqud" dastanına "gəl-gəl" deyən çoxdur, hətta elələri var ki, ömür boyu bu dastandan kisə-kisə pul çıxarıb. Ancaq indi onların vecinə deyil ki, bu dastanın adını Amerikada Azərbaycanla yanaşı çəkən yoxdur.
Vaxtilə bizdən göndərilmiş kiril əlifbalı kitablarda o, panislamist, pantürkist epos kimi pislənir. Qalan mənbələr isə Türkiyədən ora göndərildiyindən dastan türkdilli deyil, türk dastanı kimi təqdim edilir. 1972-ci ildə Texas Universiteti nəşriyyatında "Kitabi Dədə Qorqud" rəsmən "A Turkic Epic…" kimi nəşr olunub. Professor Əhməd Temir, Cahid Öztelli, professor Velidi Toqan (İstanbul Universiteti) və professor Tələt Tekin (Kaliforniya Universiteti) isə dünyaca məşhur qorqudşünaslardır. Və onlar olmasaydı, sözügedən dastan ingiliscə ABŞ kitabxanalarında yerli-dibli olmayacaqdı. Adətən "Dədə Qorqud" dastanından danışarkən ciddi akademik görkəm alıb onun qeyrətini çəkən bizim şünaslar üçün hər halda maraqlı olar: həmin kitabda Qazan xan "Kazan xan" kimi göstərilir ki, bu da Türkiyə türkcəsi elementidir…

Dördüncü kəpənək
Alisiya xanımın satdığı Amerika hekayə ontologiyalarının birində "Od nədir?" adlı hekayə var: bir gün dörd kəpənək odun, alovun necə bir şey olması haqda dartışırlar, axırda qərara gəlirlər ki, birbəbir yaxınlaşıb oda baxsınlar. Birinci kəpənək baxır və geri dönür: "Oh, çox gözəldir, ilığına bir az qızındım". İkinci kəpənək bir az da yaxına gedir və dönür: "Yox, istisi yandırır, az qala yanacaqdım, amma rəngləri çox gözəldir, çiçəklər qədər". Bu, yenə odun mahiyyətini aydın etmirdi kəpənəklərə. Üçüncü daha da yaxına gedir və qayıdır: "Yox, dostlarım, bu, çox qorxuludur, qanadlarımı güclə xilas etdim, gəlin uçaq gedək…" Dördüncü kəpənəyi maraq götürür. O daha da yaxına gedib, özünü odun içinə vurur, bir də geri qayıtmır. Beləcə, odun əslində nə olduğunu bilən yalnız dördüncü kəpənək olur!
Ənənəvi analogiya aparsaq, Amerikaya da nəmənəm olduğu marağıyla uçan "kəpənək" çoxdur. Yanğın içində olan Azərbaycan-Amerika ədəbi əlaqələrinə lazım olansa, deyəsən, dördüncü kəpənəkdir…
…Los-Anceles şəhərində çıxan "Beynəlxalq Azərbaycan" jurnalında V.Səmədoğlu öz atası S.Vurğun haqda məqalələr yazıb, özünün və onun şerlərindən nümunələr verib. Eynilə başqa xələflər öz atalarının Amerika oxucusunun ürəyinə girməsinə böyük əmək sərf ediblər. Amma çi fayda?! Sifariş sayı ikidir ki, iki. Elçin Əfəndiyev öz "Dar ayaqqabılar" (Tight Shoes) kimi bir sıra kitablarını Milli Kitabxanada yerləşdirib. Bir il ərzində sifariş sayı -1. Ümumiyyətlə, əgər sən ABŞ kitabxanalarında azərbaycanlı soyadı daşıyan yazıçının adına-kitabına rast gəlmisənsə, deməli yerlin ora ya vəzifəsinin verdiyi imkanla ulaşdırıb özünü, ya da nə çox nəvələri Amerikada oxuyan qoca yazıçımız. Dövlətdə dəvə, övladda nəvə! Vaşinqton ştatı kitabxanasında kitabların üstündə asılıb oxucu sayını göstərən sarı lövhələrdəki 0 və 1-lərin başqa əsərlərin yanaşı lövhələrindəki üçrəqəmlilərlə yaratdığı təzad onları so little qədər də qayğılandırmır…
Səlahiyyətli yazıçılarımızın öz kitablarını ingiliscəyə çevirtdirib ora bol-bol göndərmələrindən bəlli olur ki, onlar kitab göndərmək işinin əhəmiyyətini bilirlər; elə isə məşhur qorqudşünas Anar "Kitabi Dədə Qorqud"un da bizim təqdimatda o kitabxanalarda yerləşməsinin önəmini bilir. Desək, artıq olar. Azərbaycan ədəbiyyatının naziri "Kitabi Dədə Qorqud"un ABŞ-a təqdimatı üçün nəsə iş görmək istəsə, Amerikada kitabxanalar saat 20.00-da bağlanmır, 24 saat işləyir…

Nərmin Kamal
Nyu-York - Bakı, dekabr 2004