Alatoran_header  
Jurnal > 2004/№4 > Ədəbiyyatda qloballaşma

Piston Rayxman “Alatoran”a yazır
(Amerika sənət-filmlərinin tanınmış senariçisi, “Fleş Art” jurnalının redaktoru)

Bütün dünya yazarları Amerikada tanınmaq istəyirlər, Amerika yazıçıları üçünsə bütün dünyada tanınmaq vacib deyil. Məni Amerikada və Yaponiyada oxusalar, yetər, dünyanın qalanı… Amerikanın yarıdan çoxusu üçün dünya elə bu iki ölkədən ibarətdir. Əsas amerikalılar və yaponların nə düşündüyüdür. Qalanları gec-tez onsuz da məni tapacaq, tərcümə edəcəklər, heç bu barədə qayğım yoxdur.
Keçən günlərdə mənə post-sovet ölkəsi Azərbaycanda, müsəlman Şərqinin bir hissəsində gəncliyin postmodernizasiya moralı haqqında danışdılar. Bu, məni neçə vaxtdır düşündürən vesternizasiyasız (qərbləşdirməsiz) modernizasiya tendensiyasının canlı bir nümunəsi, təsdiqidir. Klassik modernizasiya həmişə vesternizasiya ilə müşayiət olunub və buna görə də indi uğursuzluğa düçar olub. İsternizasiyalı (şərqçi) modernizasiya isə prinsipcə 21-ci əsrin aparıcı təmayülü olacaq. Bəzən postmodernizm eqidası altında elə bu nəzərdə tutulur. Məsələn, Cənub-Şərqi Asiyanın yeni sənaye ölkələri. Yapon cəmiyyəti ona görə inkişaf etdi ki, dövlət öz məqsədlərini dəyişdi. Burda mədəniyyət modernizasiyanın tələblərinə uyğunlaşmadı, əksinə, modernizmi gerçəkləşdirmək istəyən hakim elitalar mədəniyyətə adaptə oldular. Məhz vesternizasiyasız modernləşən Cənub-Şərqi Asiya ölkələri onlara bugünkü dünyada lazım olanları yox, sabahkı dünyada lazım olacaqları yaradırlar. Cəmiyyəti bu irəli aparır.
Qərb mədəniyyətini makdonaldizasiya korlayır. Ədəbiyyatını və kinosunu da o biri makdonaldslar Paulo Koelo və Hollivud korlamaqdadır.
Qeyri-ənənəvi modernizasiya variantları üzərində baş sındırırarkən qarşımıza Cənub-Şərqi Asiyadan qeyrisi çıxmır. Şərq ölkələrində kollektiv məhsuldarlığa meyl var. Vesternizasiyada bu olmadığından o, özü-özünü tükədib. Bizə qloballaşma da, modernizasiya da gərəkdir. Amma vesternizasiyasız. 21-ci əsrin ikinci yarısında Şərqdən böyük çiçəklənmə gözləyən bəzi Qərb intellektualları haqlıdırlar. Bu, ədəbiyyatda da, texniki tərəqqidə də özünü göstərəcək. Post-sovet ölkələri isə mən istərdim ki, eynilə yaponlar və koreyalılar kimi - bu günkü cəmiyyətə lazım olanlarrı yox, sabahkı cəmiyyət üçün mədəniyyət yaratsınlar. Ümumiyyətlə, dövlətlərinin qarşısından vesternizasiya hədəflərini silsinlər. (Hərçənd, vesternizasiya və modernizasiya 50-50-yə, heç biri digərinə üstün gəlmədən də irəliləyə bilər. Məsələn, Rusiya, Meksika və Türkiyə bu modellə inkişaf ediblər.)
Bəs ədəbiyyatda qloaballaşma necə? Ədəbiyyatın makdonaldslaşması, ondan milli koloritlərin silinməsi yaxşı şeydirmi?
Açıq görünməsə də, ədəbiyyatda da vestern modernizasiya var bu gün. İnsanlar kasıb ölkələrdə Qərb yazıçısını nəyə görə çox sevirlər sizcə? Çünki o rahat Amerika həyatını, ətirli Fransız həyatını danışır. Amerikada qrin-kart ala, Avropada kefə baxa bilməyənlər o əsərləri oxumaqla nəfslərinin qurdunu öldürürlər. Dünya müharibəsindən sonra yapon yazıçılarının hər tərəfdə dəbə qalxmasının əsas səbəbi əsərlərin keyfiyyətidirsə, digər səbəbi yaponların həyat səviyyəsinin yüksəlməsidir.
Fransız mədəniyyəti üstündə qloballaşma isə daha betər parazitdir. Məhz fransız incə mədəniyyətinə nifrət, yapon yaradıcılığına və maşın poeziyasına məhəbbət məni və bir çox yazıçını ədəbiyyata gətirən əsas amil olub. . "Dörd adamın bir ürəyi" ssenarimi fransız mədəniyyətinin dəfn mərasimi hesab edirəm və onu yazmaq mənə müyəssər olduğuna görə sevinirəm. Bu əsər Birləşmiş Ştatlarda dörd mükafat alsa da, məni bu yox, ən çox sevindirən onun Fransada mükafat almasıdır. Fransızlar "Qızıl ssenari" mükafatını mənə verdilərsə, demək mədəniyyətlərinin çürüməsi haqda təbliğatımla razılaşdılar. Hərçənd, o mərasimdə Paulo Koelo çıxış edərək məni bəşər ədəbiyyat və kino mövzusunu bir əsr geri salmaqda - ötüb keçmiş industrial mərhələni aktuallaşdırmaqda ittiham etdi. …Onunla məktublaşıram ara-sıra. Dindar adamdır. Ancaq hələ də fransız incəsənəti, Şarl Bodler modernizm poeziyası və xristian hümanizminin yaşadığına ümid edir. Məktublarının sonunda isə belə bir imza qoyur həmişə: Yaşayacağıq! Necə deyərlər, Hindistana baxmasan, Braziliyanı başa düşməzsən. Koelo əsl fransızdır! O, həm də ədəbiyyatda marketizasiya tərəfdarıdır. Ancaq Koelodan çox-çox qabaqkı günahkarları var ədəbiyyatda qloballaşmanın.
Qloballaşmanı, bilirsinizmi, bu dərin məfhumu küçə və meydanlardan çıxarmaq, intellektualların ixtiyarına vermək lazımdır. Hollivud və s. sənətdə ziyanlı qloballaşmanın atributlarıdır. Mən postmodernizmi məhz seçici olduğuna və bütövlük dünyabaxışından imtina etdiyinə görə sevirəm. Söhbət tək ədəbiyyatdan yox, həm də ictmai idarəetmədə postmodernizasiya məqsədlərindən gedir…
Bu gün iki qutu siqaret çəkmişəm. Ancaq bütün dənələri yarımçıq çəkib buraxdığıma görə iki qutunun dozası getməyib bədənimə. Siqareti gərək yarımçıq çəkib külqabıda gözlətdinsə, onu təkrar alışdırıb ağzına tutmayasan. Çünki bu vaxt onda nikatin yığılır, təkrar çəkəndə bədənə ikiqat nikatin gedir ki, bu da olduqca ziyanlıdır. Bunu bilirdiz?
Soruşsalar ki siqareti, yoxsa qələmi daha çox sevirsən, deyərəm ki, siqareti. Çünki qələm olmasa, siqaretdən qələm kimi də istifadə edib nəsə cızma-qara etmək olar, amma qələmi sümürmək olmaz.