Alatoran_header  
Jurnal > 2004/№4 > Bura Bazarbaycandır

Bu yazı bəşər mədəniyyətinə Nizami, Füzuli, Məleykə Əsədova, Rəsul Rza, İlyas Əfəndiyev, Namiq Qaraçuxurlu, Anar Rzayev, Vüqar Əhməd, Elçin Əfəndiyev, Bilal Əliyev, Ramiz Rövşən və Şirin Zərdablı kimi böyük dühalar bəxş etmiş Azərbaycan camaatına ithaf olunur.

Bütün Azərbaycan rayonları kimi N saylı rayonda (rayonun adını yazıb konkretləşdirmək istəmirəm) çayxanalardan başlayır. Gur səsli, üzü cod tüklü, arıq-uruq Allahverdilərin, İmamverdilərin, Həsənquluların yığışıb nərdtaxta çırpdığı, şeş qoşadan ötrü 125 min peyğəmbəri, bütün allahların bandasını köməyə çağıran kişilərin sürü halında toplaşdığı çayxanalardan. Bu kişilər hərəsi bir evin böyüyü, hərəsi bir obanın ağsaqqalıdır. Hərəsinin ən azı səkkiz-doqquz uşağı var. Palatka toylarında, ölü yerlərində, qız elçiliklərində topladıqları zəngin həyat təcrübəsini şillə-təpiklə gələcək nəsillərə ötürürlər. İndiyə qədər bir kitab üzü də açmayıblar, amma hamısı adama məsləhət verir. Toyda dava salmayanı, qız üstündə döyülməyəni kişi saymırlar. Azərbaycan qəbirxanalarında və həbsxanalarında çürüyənlərin çoxu, toyxanalarında "Qoç Əli", "Yanıq Kərəm" havalarının güdazına gedənlərdir. Darvinin təbii seçmə adlandırdığı ölüm-dirim mübarizəsi Azərbaycanda yalnız toylarda, xüsusən də əyalət toylarında gedir. Nişanlı oğlanın sevgisinin dərəcəsi atdığı kəllənin zərbə effekti ilə ölçülür. Demək olar ki, yüz ildir bu ərazidə heç nə dəyişməyib. Hər tərəf baqqal, qəssab, pinəçi dükanları və bu dükanların əli təsbehli, beli tirmə şallı sahibləri ilə doludur. Aztv-də ən düşük söhbətlər Füzulinin portretinin altında aparıldığı kimi Azərbaycanın da ən əcaib-qəraib rayonlarına ciddi adamların adını qoyublar. Ondan başlayaq ki, psixoloqların rəyinə görə ad belə insanın xarakterinə təsir göstərir. Dəfələrlə yazmışam, məsələn, Məhəbbət, Vüsal, Ülvü bir sözlə bu tip sığallı adlar daşıyan kişilərin arasında möhkəm xarakterlilərinə çox az rast gəlinir. Artıq, İmamverdi, Həsənqulu, Məhəmməd, Həsən, Hüseyin, Allahverdi kimi insanı elə beşikdən mütilüyə, gülab iyisinə, keçmişə yuvarlayan adlardan birdəfəlik imtina etməyin vaxtı çatıb. Övladlarınıza Atilla, Səlcuq, Spartak, heç olmasa bərk ayaqda Elvin adı qoyun. Mən valideynlərimə yalnız mənə normal bir ad qoyduqlarına görə minnətdaram. O da Həsən Seyidbəylinin sayəsində. Hardansa əllərinə "Cəbhədən cəbhəyə" kitabı keçib. Yəqin ki, kitabı vərəqləyiblər və Seymur obrazı xoşlarına gəlib. Deyiblər ki, oğlumuz olsa adını Seymur qoyarıq. Allah eləməmiş kimi birdən Elçinin əsərlərini oxuyaydılar. Gəl indi Baladadaş adından yaxa qurtar.
Heç bir ölkənin adı Azərbaycan qədər qafiyələnmir. Azərbaycan, Azarbaycan, Bazarbaycan. Doğrusu sonuncu versiya bizə daha doğma və yaxındır. Çünki, bu ölkədə hər şey bazar məntiqi ilə tənzimlənir. Nofəl adında dostum bizim bir camaat kimi təşəkkül tapmamızı belə izah edir. Ki, türklər güya qədimdə Avropaya gedəndə qoşunun kəndirbazların, təlxəklərin, müğənnilərin, aşbazların, məddahların burda qoyublar. Yəni qayıdanda yenə də götürmək istəyirmişlər, güya qoşunun hərəkəti çox ağırlaşıbmış. Gediblər, amma geri qayıtmayıblar və kəndirbazlar, təlxəklər, müğənnilər, aşbazlar qaynıyıb-qarışıb, zaman keçib, Azərbaycan camaatı yaranıb. Nofəl müəllimin məntiqinə görə Azərbaycanda ona görə müğənni, aşbaz, kəndirbaz, təlxək çoxdur.
Bura Azərbaycandır- saat doqquz heç olmayıb. Dərə arasındakı bütün kəndlər zülmət içindədir. Deməli dünyada baş verən bu qədər hadisələrin, qlobal proseslərin Azərbaycan adlı məmləkətə bir qram da təsiri və dəxli yoxdur. Közərən çırağın ətrafına yığışmış, səfaləti özlərinə həyat tərzi seçən insanların, dəqiq desəm Azərbaycan vətəndaşlarının yanında ağzını açmaq, şifahi də olsa şikayət etmək mümkün deyil. Şükürlər olsun deyirlər, toyuq su içir Allaha baxır. Bekarçılıqdan adi məişət hadisəsini qiyamət gününün yaxınlaşması kimi yozan bu adamların yanında adamı bir sual düşündürür, görəsən Azərbaycan xalqını Allah hansı məqsədlə yaradıb? Sərçələr çəltiki yeyir deyə, çinlilər qısa müddət ərzində üç milyon sərçə məhv etdilər. Sərçələrin azalması səbəbindən həşaratlar o qədər artdı ki, çinlilər qonşu dövlətlərdən valyuta ilə sərçə almağa məcbur oldular. Bu aydındır, bəs cəmi bir gün ömür sürən kəpənəyin və Azərbaycan camaatının missiyası, yaxud funksiyası nədir? Səhər tezdən cəmi qırx ev qalmış kənddən üç-dörd uşaq təpələri aşıb beş-altı kilometr aralıdakı məktəbə gedirlər. Təhsil şöbəsindən gəlib sovet dövründən qalma kitabxananın kitablarını QAZ 51-ə yığıb aparıblar. Qız uşaqlarının parta arxasında oturmasından sönbət belə gedə bilməz. Azərbaycan camaatı yollardadır. Hara gedirlər, hardan gəlirlər bilən yoxdur. Elə QAZel-lər, könnə-təzə avtobuslar adam daşıyır. Sualımız açıq qalır, Allah Azərbaycanı hansı məqsədlə yaradıb? Fransızın, Hollandın bizə baxıb özünü xoşbəxt hiss etməsi üçünmü? Dəyəsən biz yalnız müqayisə predmetindən başqa bir şey deyilik. XXI əsrdə tualetdən istifadə edə bilməyən camaat kimə lazımdır? Dünyaya nə verə bilər? Paytaxtın tualetlərində su da var, kağız da var, amma Azərbaycan vətəndaşları nəcislə adlarını tualet divarlarına yazırlar. Kompüter əsrində üzünə kitab oxuya bilməyən insanlar kimə gərəkdir? Heç nədən baş açmaq olmur. Soyuqdan əlləri əsə-əsə Rusiya bazarlarında göy satıb beş manat pul qazanan kimi azərbaycanlılar kəndə qayıdıb məscid tikdirirlər. Başıboş adamlar bu məscidlərdə görəsən nə edəcəklər? Biri otuz əlifba kitabı alıb imkansız uşaqlara paylamadı. Oxumaqları cəhənnəmə, heç olmasa əlifba kitabındakı cırtdanın şəklinə baxsınlar. Qərirxanaları qəsəbələrindən, kəndlərindən, şəhərindən abad, ölüsü dirisindən qiymətli Azərbaycana adam ancaq 17 metrəlik yoxdan bir sunami dalğası arzulaya bilər. Bütün müqəddəslərə and olsun ki, müəyyən etmək mümkün deyil: Ki, bu xalq kef içində yaşayır, yoxsa səfalət içində. Qul bazarında şalvarı yamaqlı bir qul qəflətən cibindən 250 dollarlıq mobil telefon çıxarıb, telefonda xeyli çənə döyəndən sonra damağına da bir "KENT" siqareti qoyub yandırır. Qalırsan mat-məəttəl.
Ötən həftə "Naviqator" internet saytında Nazar Nazarovun "Kiçik xalqların mifiologiyası" adlı yazısını oxudum (maraqlananlar baxa bilər: www.navi.kz). Kifayət qədər cəsarətli və maraqlı yazıdır. Müəllifin fikrincə kiçik xalqların özündən nağıllar uydurması onun bədbəxtçiliyidir. Məsələn qazaxlar Abayın, azərbaycanlılar Füzulinin, özbəklər Əlişir Navainin, türkmənlər isə Məhtimqulunun (heç adında düz əməlli bilmirəm) quyruğundan yapışıblar. Hərəsi ayrılıqda öz mifologiyasını yaradıb. Və şişirdilmiş şəxslərin həkəlləri ilə az qala cinsi əlaqəyə girirlər. Halbuki, Əlişir Nəvainin nəinki avropaya, heç Azərbaycana dəxli yoxdur. Elə götürək Azərbaycanı, bizim hansı səviyyədə olduğumuzu bilmək üçün nə Amerikaya, nə Avropaya, nə də Afrikaya getməyə ehtiyac yoxdur. Gedirsən öz səviyyəndə insanların yanına və paralellər aparırsan. Məsələn, Qazaxstanda sənə o qədər dahidən sönbət açacaqlar ki, həmin saniyə düşünəcəksən. Aha, bu bizim tutaq ki, filan akademikimizdir, bu bizim filan yazıçımızdır, bu bizim filan aktyorumuzdur. Sadəcə Allah onları qazax, azərbaycanlı kimi yaradıb. Yoxsa "Nobel", "Oskar" mükafatlarını yana-yana düzərdilər. İnanın, eyni söz-sözbətlər orda da sizin zəhlənizi tökəcək. Biləcəridən o tərəfə bir qəpiklik qiyməti olmayan adamların bizə dahi kimi təqdim olunması evimizi yıxdı. Uşaqlar bu nağılların təsiri altında böyüyür və sonra əsl həqiqəti həzm edə bilməyirlər. Elə bilirlər ki, bütün dünya onlara düşmən kəsilib. Onun xalqına mənsub şairlər, yazıçılar əsl qiymətini ala bilməyib, güya bütün dünya yığışıb onun xalqını yer üzərindən silmək istəyir. Türküyənin ən böyük problemlərindən biri bütün dünyanı özünə düşmən hesab etməsindədir. Burada bir lətifə yada düşür. Cavan bir oğlan, azərbaycanlıların təbirincə desəm əsgərlikdən təzə gəlmiş, həm forslu, həm də beyni qanlı bir igid bulaq başında yatan əjdahanın başına heç bir səbəb olmadan çomaqla zərbələr vurur. Əjdaha oyanır və soruşur:
-Qardaş nə olub, nə istəyirsən?
-Su içmək istəyirəm.
Əjdaha cavab verir ki, get iç də, kim sənə mane olur...
İndi ay qardaşlar qazaxların, azərbaycanlıların, türkmənlərin, özbəklərin quyruğundan iki əlli yapışdıqları Füzulinin, Əlişir Nəvainin, Məhtimqulunun, Abayın ümumilikdə götürəndə dünyanın gözündə Cenifer Lopezin bir lifçiyi qədər qiyməti yoxdur. Bütün müqəddəslərə and olsun belədir. Güclü xalqların dəyərləri müəyyənləşdirməsinə tam haqları çatır. Onların havasına oynamalıyıq. Vəssalam.
Camaat üzünü tutub arağa. "Bakı Soveti", "20 yanvar"dan "Həzi Aslanov" stansiyasına qədər hər satansiyanın həndəvərində ən azı iyirmi kafe fəaliyyət göstərir. Camaat vəhşicəsinə dimidrollu araqdan vurur. Bütün bu kafelər axşamtərəfi ağzına qədər dolur. Neyləsinlər, stressi dəf etməyin alternativ forması yoxdur. Maraqlı bir ənənə yaranıb, hər ay araq bazarında yeni adlı bir araq peyda olmalıdır. Belə getsə Azərbaycanda arağa ad qoymağa söz qalmayacaq.
"Retro", "Lider", "Platin", "Piramida", "SSSR", "Brilyant əl", "Min bir gecə", "Apallon", "Çempion", "Talisman", "Ekstra", "Babək", "Yubiley", "Bakı-Tiblisi- Ceyhan", "Star", "Qızıl su", "Titanik" və... Buyurun sizin üçün yeni araq adı: "Bura Bazarbaycandır"... İçin başınız dumanlansın!

Seymur Baycan