Alatoran_header  
Jurnal > 2004/№4 > Süleymanoğlu ilə görüş

Süleymanoğlu - 1961-cı ildə Şahsevən elinin Yarcanlı-Bələşli oymağında anadan olub. 1983-cü ildən Fransada sürgündə yaşayır.

Önünüzdəki bu müsahibə 2001-ci ilin may ayında Berlində keçirilən "Daşkənddən Təbrizə" (İpəkyolu) adlı seminarda Süleymanoğlu ilə aparılmışdır. Süleymanoğlu 1996-cı ildən bəri üç dəfə Azərbaycan ocağının qonağı olub. Birinci dəfə Dünya Mədəniyyət Evində, ikinci dəfə Berlin Ədəbiyyat Evində və üçüncü dəfə isə adıçəkilən seminarda iştirak etmiş, çağdaş və modern şer üzərinə konfrans vermiş, şer oxumuşdur. Süleymanoğlunun Berlin Ədəbiyyat Evindəki "Bilimsəl şerə doğru" adlı konfransı çoxlu azərbaycanlının diqqət və marağını cəlb edib.

- Yeni Şer və ədəbiyyat haqqında nə söyləyə bilərsiniz?
- "Bilimsəl şerə doğru" yazımda bir şeylər söyləməyə çalışdım. Bu yazını oxuyubsuz, onların burda təkrarlanmasında bir yarar görmürəm. Ədəbiyyatın nə olduğunu yaxşı bilməm. Ədəbiyyat Rolen Bart deymişkən: "ağlagəlməz ölçüdə qarmaqarışıq (kompleks) bir olay alanıdır." Şer üzərinə bir şeylər söyləyə bilərəm ancaq. İlk öncə şerin yenisi, əskisi yoxdur. Şerin yaxşısı, pisi vardır. Füzuli ilə Virjilin (Virjilius) şeri o boyda şerdir, İlham Bərk ilə Giyum Apolineri örnək üçün. Məncə, üç cür şerimiz var, gənəlliklə: klassik və divan şeri, çağdaş şer, üçüncüsü isə modern və bilimsəl şer.
Klassik şer Avropa, özəlliklə fransız şerinin bir axımıdır. Klassik Şer dediyimizdə Homerlə Virjilə, Virjildən Dante ilə Şekspirə kimi geniş bir şer coğrafiyasını da qəsd edirik hərdən. Ayrıntılara girərsək, klassik şer Bualo ilə Malerbin kuralları ilə fransız şerində başlanmış, bir çeşid orta çağ şer anlayışıdır. Örnək üçün, bu baxımdan bizim klassik şerimiz yoxdur. Divan şerimiz var və klassiklərimiz (klassikləşmiş şairlərimiz).
İkinci şer anlayışı çağdaş şerdir. Bu şerin kökünü romantizm axımından başlanmış şer anlayışında aramaq gərəkir. Biçim (forma), stil (üslub) və içərik (məzmun) baxımından örnək üçün bugünkü Azərbaycan şerini çağdaş şer adlandıra bilərik üst-üstə.
Üçüncü Şer anlayışı isə modern şer anlayışıdır. Bu şer Bodlerdən etibarən başlanmış və gündən-günə özünü modernləşdirən bir şer anlayışıdır.
- Bunu bir az incələyə bilərsinizmi?
- Qardaş türk şerini örnək götürəlim. Türk şerində yenilik və çağdaşlaşma Tənzimat dönəmindən başlamışdır. Tənzimatdan 60-laradək sürüb gələn şer anlayışı türk şair və tənqidçiləri tərəfindən çağdaş şer adlanmışdır. Demək, İbrahim Şinasidən Əhməd Haşıma, Əhməd Haşım ilə Yəhya Kamaldan Nazim Hikmətə, Nazim Hikmətdən birinci yeni şairləriinə - Orxan Vəli, Məlik Cevdət, Oqtay Rifət və … türk şeri hələ modern şer deyil. Ancaq modernləşməyə doğru addımlayır sürəkli. Modern ünsürlər çoxdur bu şerdə. Nazim Hikmət ilə Əhməd Haşım və özəlliklə birinci yeni şairlərinin şerlərində. Hələ şerin qayğısı şer deyil. Şer bir sıra bəlli ideolojilərdən asılıdır. Şer hələ vasitədir. Hələ şerin mövzusu, habelə amacı olmamışdır.
Modern və bilimsəl şer isə modern bir düşüncə biçimi olaraq şairin mən ilə mən arasında yaranan və özü ilə üst-mənə doğru addımlayan bir şerdir, məncə. Modern şer, şersəl söyləm ilə şersəl dil üzrə qurulmuş bir biçimdir. Bu cür şer sonralar ikinci yeni adlandırılmış şer axın və anlayışı ilə gerçəkləşmişdir türk şerində.
- Ancaq Azərbaycanda da şerimiz yeniləşməyə başlamışdır!
- Azərbaycanda isə əslində yenilik Vaqifdən başlamışdır. Ancaq bu yenilik sürəkli olmayıb, durdurulmuşdur.Və özəlliklə şersəllikdən uzaqlaşdırılmışdır. Milli oyanış ədəbiyyatı adlandırdığımız ədəbiyyat anlayışı şerimizi siyasət, vətən, xalq qulluqçusu olmağa yönəltmişdir. Bununla yanaşı, şerimiz satirik, realitstik, toplumsal və döyüşkən bir şer xarakteri qazanmışdır özünə. Şersəllik xarakteri yoxdur bu şerdə. Səngərlərdə oxumaq, meydanlarda, çıxışlarda bağırmaq şeridir bu çeşid şer. Nitq və xitabətdir, şer deyil. Şerimiz, nə biçim baxımından yeniləşmiş, nə də stil. Yalnız məzmun dəyişmişdir, dediyim kimi. Sevgili ilə tanrı yerini xalq ilə vətən və həsrət almışdır, bu qədər! Şerimiz hər kəsə və hər şeyə qulluq etmişdir, bir özündən savayı. Noalist: "Bütün sənətlər şerə dayanar. Şerin özü belə" - deyirdi. Bizdə isə hər şey şerə dayanmışdır, şer isə heç bir şeyə dayana bilməmişdir, özünə belə. Havada qalmışdır. Əlbəttə, bir sıra şairlərimiz bunu görərkən bir çarə qılmaq istəmişlər. Şerimizi folklora dayandırmışlar. Bu da Azərbaycan şerini populistik bir biçimdə folklorlaşdırmışdır. Bax! Səməd Vurğun, Süleyman Rüstəm, Vahabzadə, Xəzri, Hüseyn Arif, Nəriman Həsənzadə, Qabil və … kimi şairlərin şerlərinə. Folklor ilə xalq dilinin nə boyda faciə törətdiyini görə bilərsən açıqca.
- Bəs Rəsul Rza?
- Vaqifdən sonra şerimizdə başqa bir yenilik isə Rəsul Rzanın çabaları ilə başlanır. Mayakovski və Nazim Hikmətin təsirilə bir çeşid futurizm şer anlayışı şerimizə girmiş olur. Rəsul Rza iki-üç dəfə stilini dəyişmiş bir şairdir. Yazıqlar olsun! Rəsul Rza belə, özünü Azərbaycan şerinin gənəl fəza və klişələrindən qurtara bilmədi. Nədənsə bu şerin ən son sözünü Səməd Vurğun və onun davamçıları söyləyirdi. O, Azərbaycan şerinin şovalyesi idi. Bildiyin kimi, bu şer gənc nəsil ilə (Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə və …) belə, bir yerə varamadı. Varmaz idi də. Bizim şerimiz hətta sərbəst şer biçimlərini belə, dənəyib yaşaya bilmədi. Bu şer folklor, heca, qafiyə və aşıq şerinin havasında yaşayır. Azərbaycan çağdaş şerinin dili ilə mövzularına bax! Qəlibinə bax! Biçimilə stildən danışmayıram. Çünki bu şerin nə biçimi var, nə də stili. Bu şerin divan və folklor şeri kimi yalnız bir qəlibi vardır. Azərbaycan şeri indi də həmən-həmən folklor və aşıq şeri havasındadır. Üfüqsüz və gələcəksiz bir şer. Əlbəttə, qəzəl, bayatı, gəraylı yazanlarımız da ki, saysız-hesabsız. Göy tanrı qorusun! Oysa, Azərbaycan (quzey-güney) şerində modern şerdən danışmaq "yox, qara bir pişiyi, qaranlıq bir otaqda aramaq" kimi bir şeydir, məncə. Təkcə Azərbaycanda deyil, qonşu fars şerində də durum aşağı-yuxarı belədir.
- Bu durumun səbəblərini necə açıqlaya bilərsiz?
- Səbəb, ya nədəni məncə, Azərbaycan və qonşu fars şerinin Avropa və özəlliklə çağdaş və modern şerini tanımamaqdır. Demək istədiyim, bu iki ölkənin şeri heç zaman Avropa şeri ilə düzgün bir ilişkiyə girə bilməmişdi. Azərbaycanda, ədəbi nəsr üst-üstə daha çox gəlişmiş. Nədən? Çünki bizim yeni nəsr təcrübələrimiz olmuşdur. Mirzə Fətəli, Mirzə Cəlil, Molla Nəsrəddinçilər və Cəfər Cabbarlı kimi qocaman bir dramaturq bu nəsrin arxasında, örnək üçün, qonşu fars ədəbiyyatında bunlar heç zaman olmamışdır. Mirzə Fətəli Avropanı tanıyırdı. Bir neçə Avropa dilini bilirdi. Onun yazdığı "Aldanmış Kəvakib"lərin farscaya tərcüməsi fars dilinin ilk romanıdır. Bu bir gerçəkdir. Və heç bir fars bunu dana bilməz. Şerdə də Azərbaycan daha çox erkən başlamışdır. Quzeydə də satirik şer (Mirzə Ələkbər Sabir) məzmun baxımından, Güneydə isə farsca yazan Təği Rifət və ustad Sahirin farsca şerləri. Təği Rifət Nima Yuşiçdən daha erkən başlamışdır çağdaş şeri. Nə isə. Biz Avropa şeri ilə daha tez tanış olmuşuq. Bizim romantik şerimiz var. Romantizmi Türkiyə yolu ilə öyrənmiş olsaq belə, canlı, diri, yeniçi bir toplumsal romantizm olmuşdur Azərbaycanda. Bax! Hüseyn Cavidin bu səmimi, gerçəkçi misralarına:
Lazımsa, cəhalətlə döyüşmək
Bir çarə var ancaq - yeniləşmək!
Bizlər yeniləşsək belə, bir əskiklik daim az-çox bizə hakim.
Qonşu fars şeri romantizmi yaşamadan simvolizmi atlamışdır. Bizdə Hüseyn Cavid, Əhməd Cavad, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Şəhriyar, Sahir, Səhənd kimi romantiklər və toplumsal romantiklər olmuşdur. Biz isə bu sürəci sürdürə bilmədik. Onun da nədəni bəllidir. Güneydə dilimizin yasaqlığı və quzeydə isə axmaq sosialist realist (buyurtma, tapşırtma) ədəbiyyat hegemonluğu və şair-yazarlarımızın soyqırımı. Yenə də bizdə kənd və tarixi roman (az olsa belə, "Dəli Kür" romanı gözəl bir örnəkdir buna) qonşu fars romanından bu çeşid roman bildiyin kimi, rus və özəlliklə Yaşar Kamalın "İncə Məmməd"inin farscaya çevrilməsindən sonra başlamışdır. Nə isə. Biz və farslar nə şer və nə də ədəbiyyat alanında Avropada yaranan modern axınları yaşaya bilməmişik. Amma Türkiyə yaşadı. Onun sonucu isə indi gözümüzün önündədir. Modern şer və ədəbiyyatı başqa modern şeylər kimi öyrənməliyik. Öyrənmək bildiyin kimi, tərcümə - təqliddən başlar, istər-istəməz. Biz ən azından əlli il gecikmişik bu sahədə. Somut (konkret) bir örnək sənaye sahəsində Yaponiyadır. Təqlid və sonra isə yaradıcılıq.
Ədəbiyyata gəldikcə, bizdə tərcümə hərəkatı yaranmalıydı əslində. İslam, fəlsəfə və uyqarlıq tarixi açıq bir örnəkdir buna. Dördüncü hicrini islam renessansı kimi dəyərləndirirlər. Bu renessans isə çevirmə hərəkatı ilə gerçəkləşmişdir İslam dünyasında. Bütün alanlarında, ədəbiyyat alanında biz bu işi başaramadıq. Qonşu fars ədəbiyyatında bir Sadiq Hidayətdən başqa kim vardır. O da fransız dili ilə Kafka və fransız yazarlarının, özəlliklə Nervalin "Orelia" adlı yazısının təsirilə, ("Buf-i kur"da (Kor bayquş) açıqca görmək olar) tanıyır və bir-iki əsər yarada bilir. Ondan sonraları ya təqlidlə keçinir, ya da yerli ədəbiyyat yazmaqla uğraşır. Bu ədəbiyyat heç zaman (farslar çox çalışdılar bu son illərdə) uluslararası bir ədəbiyyata çevrilmədi. Hətta qonşu ölkələr ədəbiyyatında belə, heç bir təsir buraxa bilmədi. Bir-iki əsərlə, dünya ədəbiyyat meydanına çıxılmaz. Fars bir romançı: "İranda iki roman yazan var: biri Hidayət, o birisi isə mən. Qolşiri." - deyir. Bu söz yüzdə yüz düz olmasa belə, ən azından düşünülməlidir. Bu yazarın ən önəmli romanı "Şazda Ehticab" belə, U.Folknerin təqlidindən başqa bir şey deyildir. Bizdə də durum aşağı-yuxarı eynidir. Bizdə modern ədəbiyyatın kökü yoxdur daha doğrusu, biz modern ədəbiyyat və şeri tanımamışıq, romantizmi tanımadan simvolistlər ilə sürrealistlər və fransız şerinin 1945-ci ildən sonrası şerini yazmağa qalxmaq olarmı heç. Avropa şerində bu gəlişmələr düzənli və addım-addımdır. Romantizmdən başlamış günümüzə kimi. Romantizmin fəlsəfi - düşünsəl köklərini tanımadan modern şer yazmağın boş bir şey olduğunu sanıram.
- Fars şerində bu gün Şanlu və Röyayi kimi tanınmış şairlər vardır ancaq. Onlara nə deyirsiz?
- Sözgəlişi qonşu fars ədəbiyyatına işarə etdim. Nə isə. Yeri gəlmişkən, çağdaş fars şerindən bir neçə örnək verəlim. Bu şerin atası sayılan Nima Yuşicin dediyinə görə, beş qalarğı şer yazmışdır ömründə. Demək, bütün yazdığı şerlərdən beşini şer kimi dəyərləndirirdi özü. Nə üçün? Bilirsən niyə? Çağdaş və modern bir şer yazmaq üçün çağdaş və modern bir dil lazımdır. Nədənsə o, bunu bilmədi. Və Nizamminin əski və orta çağ dilini yerli ləhcəyə qarışdırıb özünə bir dil yaratmaq istədi. Bu dil ilə Malarame və simvolistlər kimi şer yazmağa qalxdı. Bir də Şaumlunun dediyinə görə, ilk öncə şerlərini nəsrə yazar, sonra isə şerləşdirərdi. (Şaumlu bunu Nimanın faciəsi adlandırır).
Şaumlunun özünə gəldikcə, bir müsahibəsində: "Evimin divarını Nazim Hikmət yıxdı, ancaq mənə bir pəncərə ərməğan etdi, mən isə o pəncərədən dünyaya baxdım, mənə təsir buraxan tək bir şair varsa, o da Nazim Hikmətdir" deyir. Və sonra Nazimin şerlərindən bir neçə örnək göstərir. (Əlbəttə, bu örnəklər belə, yanlış və qarmaqarışıqdır.)
Şaumlu cənabları başqalarının açıq-aydın təsirini danmağa çalışsa da, onun Neruda, Araqon, Loreka, Nerval və … şerlərindən nə boyda təsir aldığından danışmaq artıq yersizdir, məncə. Yədulla Röyayini isə bu gün farslar modern bir şair kimi dəyərləndirir və onun "Ləbrixteha" adlı şer kitabını fars dilində böyük bir hadisə adlandırarlar. "Ləbrixteha"lar kimi şer isə türk şerində 40-50 il bundan öncə yazılmışdır artıq. Örnək üçün, Oqtay Rüfət birinci yeni şerin ən görkəmli nümayəndələrindəndir. Sonralar ikinci yeni şairlərinin şerlərini də etkiləyən bir şairdir. Şer üzərinə yazdığı dənəmələri ilə. Rüfətin 47 il bundan öncə çap etdirdiyi "Pərçəmli sokak" (Bayraqlı küçə) şer kitabı və Mətin Eloğlunun da qısa şerlərini oxuyub (kitabının adını unutmuşam, təəssüf), Röyayinin "Ləbrixteha"sı ilə qarşılaşdırır. Dediklərimin nə boyda doğru olduğunu görərsən. Bir örnək daha Atilla İlhandır. O, toplumsal türk şerinin ən adlı nümayəndəsidir. Təkbaşına bir axındır Atilla İlhan - deyir Cəmal Sürəyya. Hansı şerbilməz, insafsız Atilla İlhanı Şaumlu kimi bir şairlə qarşılaşdıra bilər ki?! Bu, təkcə Atilla İlhanı deyil də, toplumsal şerə belə, böyük zülmdür. Şaumlunun şerinin türk şerində adaşı olsa-olsa Nazim Hikmətin davavmçısı sayılan rəhmətlik Əhmət Arif ola bilər, iştə bu qədər.
- Qayıdalım fransız şerinə. Buna əvvəldə bir az işarə etmişdiz. Ancaq bunun inkişaf prosesini bir az açıqlaya bilərsinizmi?
- Fransız şerində bu gəlişmələrin hamısı düzənli və addım-addımdır, doğal olaraq. Romantiklərdən sonra simvolistlər gəlir. Örnək üçün: Bodler, Rembo, Verlen, Malarame və Lotre Amon, sonra isə Apolliner. Bunlar sürrealistöncəsi modern fransız şerinin öncülləridirlər. Bir fransız belə, bunları öyrənmədən modern şerin nə olduğunu anlamaz. Başqalarından danışmayıram. Bunların hansının şerləri (üç-beş şerdən savayı) bizim və ya fars dilinə çevrilmişdir, saya bilərsənmi? Və ya Hen Jan Hers, Reordi, Kami Klodel, Maks Yakob və Pol Valeri kimi usta şairlərin neçə şeri və ya şer üzərinə yazdıqları yazıları çevrilmişdir?! Sonra sürrealistlərin neçə şeri və ya modern fransız şerində təkbaşına bir şer anlayışı olan Rene Şarın neçə şerini oxumuşuq?! Bizdə hər şey qarmaqarışıqlıqla oluşur. Demək, biz sürəkli bir xaosda yaşayırıq. Hər şeydən bir az bilmək! Düzənsiz öyrənmək. Qərb şerini olduğu kimi öyrənməliyik. Savaş sonrası (2-ci Dünya Savaşı) fransız şerini öyrənmək üçün onun köklərini tanımalısan. Yoxsa Mişo, Benfua, Jakote, Yabs, Dopen , Robo, Dopşe, Dögi, Pişe, Marselin, Noel və … kimi şairlərin şerlərini necə oxuya bilərik?! Modern şerin ana təməl əsərlərini oxumalıyıq ilk öncə. Bir fransız şairi demişkən: "qalarğı bir şer yazmaq üçün min qalarğı şer oxumalısan." Bu qalarğı şerləri isə necə və hardan başlayıb oxumağı da bilməliyik ancaq. Örnək üçün, bir kitabı oxumaq üçün ilk səhifədən başlamalısan. Ortasından, ya da sonundan deyil. Bizim Qərb şeri ilə tanışlığımız belədir. Bodleri tanımadan öncə Benfovanı oxumağa qalxırıq. Və ya Rembonu çevirmədən qabaq Mişonu çeviririk. Modernitəni tanımadan postmodernlik kimi boş bir qavramın qayğısını çəkirik.
- Türkiyədə necədir?
- Orda iyirminci əsrdə dünya şöhrətli nəhəng şairlər olmuşdur. Demək olar ki, türk şeri Avropa şeri ilə çiyin-çiyinə getmişdir. Yüz əlli ildir başlamışdır Türkiyə. Yüz əlli ildir Qərb ilə yaxından tanışdır Türkiyə. Türk şerinin öncülləri Qərb şer və ədəbiyyatını yaxşı tanıyardılar. İbrahim Şinasi yenilik ədəbiyyatçısı kimi, Əhməd Haşim türk simvolizminin təmsilçisi, Yəhya Kamal bir usta və Nazim kimi dev var bu şerin arxasında. İbrahim Şinasi Fransa inqilabında yaxından iştirak etmişdir və panteon üstünə, inqilab bayrağını asan bir aydın devrimçidir eyni zamanda. Yəhya Kamal fransız şerini bir sıra fransız şairlərindən daha yaxşı tanıyardı. Türk şeri də ancaq Nazimə qədər öyrənmək və təqlid xarakteri daşıyan şerdir üst-üstə. Bu təqlid aşağı-yuxarı altmışlaradək sürmüşdür. Amma hansı şerdən xəbərsiz Orxan Vəli ilə Məlik Cevdət kimi birinci yeni şairlərini enstentane (anlıq) şairləri olsalar belə, başlanğıcda fransız sürrealizminin təqlidi kimi dəyərləndirə bilər? Bu, birinci yenidir türk şerində. Demək, Nazimin şer anlayışının qarşısında meydana çıxan bir şer anlayışıdır birinci yeni. Bir çeşid populizm də var bu şerdə. Sürreallaşmış bir populizm örnək üçün. Toplumsal bir dil və duyarlılıqla hər şeyə yanaşmaq. Bu, doğrudur. Kimsə bunu danamaz və danmaq istəməz. Bu çeşid şer türk şerində ətraflı bir şəkildə tənqid olunmuş artıq. Onun sonucunda isə ikinci yeni şeri doğdu. Bütün bunlar modern şerə doğru addımlamaq idi əslində. Modern şer doğuşunun sancısıydı, əlbəttə. Şerindən sonra xalq dilinə yaxınlaşdı və özəlliklə öztürkcəni yeni və modern qavramlarla dənədi.
- Nazim Hikmətdən danışmadınız. Onun rolu və təsiri nəydi bu prosesdə?
- Nazimdən hələlik danışmayacam. Nazimdən danışmaq sadə deyil. Araqon demişkən: "lütfən məndən istəməyin Nazimdən danışmağı." Bir də Jan Pol Sartrın Nazim üzərinə yazdığı bir yazısı var "Yeni çağ" dərgisində. Ona görə, Qərbin ən böyük şairi Bodler və şərqinki isə Nazim Hikmətdir. Nazimin təsirini türk şerində öyrənmək üçün Camal Sürəyyanın "Şapkam dolu çiçəklə" adlı kitabını oxumalısan. Heç kimsə Nazimi onun kimi tənqid edib dəyərləndirə bilməmişdir, məncə. Nə isə . Nazim çağdaş bir şair olaraq, türk dilinin kəşfidir. Modern bir şair olmaya-olmaya modern türk şerinin dədəsidir eyni zamanda. Hamımız Nazim qələminn ucundan sıçramışıq. Həm Nazim, həm də birinci yeni şairlərinin şer dənəyimləri həddən artıq uğurlu və başarılı oldu türk şerində. Onlar ikinci yeni şairlərinə də yol açdılar. Türkiyə şeri də aşağı-yuxarı fransız şeri kimi addım-addım irəlilədi. İkinci yeni şeri ilə artıq modern türk şerindən danışmaq lazım idi. Bu şeri oxumaq, öyrənmək, araşdırmaq, tənqid etmək və … bu şer öz araşdırıcısını, tənqidçisini də yaratdı (Məmməd Fuad, Mehmet Doğan və …) bu şerin çox dərinlərinə uzanan soylu bir kökü vardır. Örnək üçün, qonşu fars şeri kimi qarmaqarışıq və kimliksiz deyildir. Bu şer türk şerinin keçmişini (divan şeri, xalq şeri, tənzimat şeri Əhməd Haşim və Yəhya Kamal ilə Nazim və birinci yeni şerini) araşdırıb tənqid etməklə (biz və farslar kimi keçmişi öymək və mədh etməklə deyil) gələcəyə yol açdı.
Bu şer uluslararası bir şerdir artıq. İkinci yeni şairləri eyni zamanda tərcüməyə də çox dəyər verdilər. Bu axımın şairləri çoxlu modern Qərb şerini də türkcəyə çevirdilər. Antolojilər hazırladılar. Qərb modern ədəbiyyat tənqidçilərini türkcəyə tərcümə etdilər və sonra bu şer başqa Avropa dillərinə də çevrildi. Özəlliklə Fransada böyük bir rəğbət qazandı.
Türk şairi Cəmal Sürəyya demişkən: "təqlidlərini yapdı, öyrəndi, təcrübələr etdi, bir cocuq kimi böyüdü, indi isə gənc bir dəliqanlıdır artıq və başqalarına meydan oxuyur." Cəmal Sürəyyanın bir sözünü xatırlatmaq istəyirəm burda. O, ikinci yeninin ən görkəmli şair və tənqidçisidir. Türk şerini alman şeri ilə qarşılaşdırın. Türk şerini daha diri bulacaqsınız. Türk şerini rus şeri ilə qarşılaşdırın. Daha geniş bir yolda bulacaqsınız. Türk şerini macar şerilə, amerikan şerilə qarşılaşdırın. Daha çılğın, daha incə bulacaqsınız - deyir. Doğrudan da belədir. Ən azından, səksənlərə, doxsanlara qədər belədir.
- Söylədiyin modern türk şerinin nümayəndələri kimlərdir bu gün?
- İlham Bərk, Cəmal Sürəyya, Turqut Uyar, Edip Cansevər, Ece Ayhan, Sezai Karakoç, Can Yücəl, Hilmi Yavuz (türkcənin ürəyini dərindən dinləyən bir usta şair), Ülkü Tamar, Özdəmir İncə, Asaf Halt Çələbi, Mətin Eloğlu, Cahid Kuləbəy, Salah Birsəl, Sabahəttin Aksan, Özdəmir Asif, Gültən Axın, Mətin Altun, Cəlay Silay, Nicati Cumalı və … görürsən, saymaqla bitməyir.
Bu şairlərin heç biri bir-birinə bənzəməz. Bu da türk şerinin çeşidli konulu olmasını, klişə və standartlar şeri olmadığını göstərir. Hər şair özünə görə, bir biçim və stil yaratmışdır.
- Bir tənqidçi olsaydın, şair Süleymanoğlunun şerlərini necə qiymətləndirərdin? Bir də şair Süleymanoğludan bir az artıq bilgi verə bilərsinizmi?
- Bu, çətin bir sorudur. Daha doğrusu, o, başqalarının işidir, özəlliklə tənqidçilərin. Ancaq mən yazmağa başladığım zaman modern şer və ədəbiyyatın nə olduğunu belə, bilməzdim. Zindanda şerə alışdım! Dostum, böyük qardaş və öyrətmənim, Məhəmmədəli Malik əl Riqabini (İraq türklərindən idi, böyük bir alim) asdılar. Kamerada ikən bir şer yazdım. Bu şer illər sonra Kölndə yayımlandı, ilk kitabımda. Nə isə. Mənimki belə oldu. Ana dilimi belə, düzgün yaza bilməyirdim. Bir sürə şeri buraxdım. Şerdən öncə öykü yazardım. Bir kitab da çapa hazırlamışdım. Yayımlanmadı. Yaxşı da oldu, sanıram. Daha çox divan şeri ilə uzlaşardım. Özəlliklə Mövlanə ilə. İlk yazım isə Mövlanənin məsnəvisi üzərinə yazdığım bir yazıdır. O da Parisdə yayımlandı. 1983-də Türkiyəyə qaçdığım sürədə Nazimin şerləri əlimə keçdi. Yavaş-yavaş oxumağa başladım. Nazim ilə türk dilinin nə boyda şersəl imkanlara sahib olduğunu öyrəndim. Özəlliklə "Məmləkətimdən insan mənzərələri" ilə. Bu, bambaşqa bir dil idi. Bu dil həm sevinc verirdi, həm də qəribə bir qorxu ilə həyəcan törədirdi məndə. Bambaşqa dünyalara götürürdü məni. Sevincli, qorxunc bir dünyaya. O dünyanın kiçik bir parçasını mən zindanda yaşamışdım. O, eyni zamanda bir şair kimi dünyamızın başqa parçalarını da gözümün önündə sərgiləyirdi. Nazimlə ana dilimə vuruldum. Onunla sevdim dilimi. Bir şerində dünyanın zəngin və gözəl dililə yazıram deyirdi Nazim. "Türk dilini öyrət çocuqlara, gözlərindən öpərim" - sözünə çıldırdım. Elə bilirdim, Nazim mənim də gözlərimi öpdü. O günədək heç kimsə gözlərimi öyləsinə öpməmişdi.
Sonra fransızcayı öyrənməyə başladım. Ustad Bazanın (Fransanın ən dəyərli türkoloqu) tələbəsi oldum. Paris - 3 üniversitesində dilimizi yavaş-yavaş öyrəndim. İlk kitabımı Vali Göztən Kölndə yayımladı. Bu kitab Azərbaycan türkcəsində xaricdə yayımlanan ilk şer kitabıdır. Birinci, ikinci kitabıma nə deyə bilərəm ki. Bir sıra bəlli düşüncələri şerləşdirməyə başlamışam: toplum, sürgün, yalnızlıq, sevgi, zindan və … . Ancaq bu şerlərdə belə, sadəlik və səmimiyyət var. Şəhərə təzə köçmüş bir şahsevən uşağının sadəlik, səmimiyyət və əlbəttə, heyranlığı.
Fransız şerini romantiklərdən başladım. Hüqonun şerlərini oxudum. Eyni zamanda öz dilimi də unutmadım. Bir az ərəbcəm var. Ərəb şairlərini də ara-sıra oxuyardım. Bir neçə dəyərli modern fransız şer antalojisini də düzənsiz oxudum. Bilirsən, antolojilər də tərcümə olunmuş şerlər kimidir. Örnək üçün bir şairin antalojiyə salınmış bir neçə şerini oxuyursan. O şairi tanıdığını sanırsan. Məndə belə bir hiss var idi. Mən modern türk şerini belə, antaloji ilə tanımağa başladım. Özü də fransızcaya çevrilmiş antalojilərdən. Üçüncü kitabım bu ortamda oluşdu. Daha doğrusu, özümü Paris küçələrində itirmişdim.
Simvolistlər marağımı çəkirdilər. Onlardan mifolojini öyrəndim. Türk mifolojisini aradım. Bir neçə yazım mifoloji və şer üzərinə, Parisdə yayımlandı. Ancaq mifolojinin folklor kimi şerə nə boyda ziyan vurduğunu anlamamışdım hələ. Təcrübə etmək gərəkirdi. Mən "Barmaqların etikafında" adlı kitabımda bunu etdim.
Azərbaycan divan şeri üzərinə bir neçə konfrans verdim. Və yuxarıda adını çəkdiyim üçüncü kitabım Parisdə yayımlandı. Bu kitab işarə etdiyim şəhərə köçdürülmüş o şahsevən uşağının, Paris küçələrində necə özünü itirdiyinin öyküsü sayıla bilər. "Didərgin bir şahsevən öyküsü" adlansaydı daha uyğun olardı, məncə. Evimi arayırdım. Amma küçənin adını, evin nömrəsini, hansı məhəllədə və hansı metro durağına belə yaxın olduğunu bilmirdim. Kimsədən sormağa belə, cəsarətim yox idi… Hardasa, bu özitkinlik üç il sürdü. Bu olayı "Tanış kafe" adlı qısa bir öyküdə yazmışam. "Barmaqların etikafında" kitabından danışmaq istəməm. O, qaramsar (pessimist) dünyanı anmaq, yaşadığım o fəlsəfi və siyasi ortamı xatırlamaq belə, üzür məni. Yalnız bunu deyə bilərəm ki, Süleymanoğlu şer ilə dil uğrunda çoxlu şəhid buraxmışdır arxasında. Parisin dolanbaclı küçələrinin hərəsində bir şəhid. Sonra "Bayquş" dərgisini Vali Göztənlə birlikdə yayımladıq. O da dil baxımından gözəl bir təcrübə oldu bizə və 32 qısa şer, "Mən ilə sən özü doğru" adı ilə yayımlandı. Məncə, bu qısa şerlər modern Azərbaycan şerinin başlanğıcı kimi dəyərləndirilə bilər. Dostum Tac Əhmədi ilə fransızcaya çevirdik. O da itdi-batdı. Bu, almancaya da tərcümə olunmuşdur. Bir sıra da fransızcada yazdığım şerlərim var. Ziya bəyin təşviqi ilə "Variabel"ə (Parisdə çıxan modern şer dərgisi) göndərdik. Bir neçəsi yayımlandı. 1996-cı ildə "Mən ilə mən arasında" çap olundu. Sonra "Bilimsəl şerə doğru" yazı yazdım. Və bildiyin kimi, Ocağın dəvətilə burada konfrans verdim. İndi isə beş il içərisində yazdığım "Nom kitabı" adlı şerlərimi çapa hazırlayıram.
- Hansı şair və ya şairlər sənə daha çox təsir buraxmışdır?
- Dünya şeri ilə bir az tanışlığım var. Mən sürəkli şer oxuyaram. Şersiz yaşayamam. Sürəkli bir şer kitabı yanımda var. İndi Polşalı Zebiqniud Herbert, "Sükut" şerini yazan bir şairdən oxuyuram. Məncə, dünyamızın yaxşı şairlərindəndir. Dünən Nasir Mirqatinin "Talanmış Günəş" adlı kitabını oxudum.
Hansı şairin mənə daha çox təsir buraxdığını söyləmək mənim üçün çətindir. O da gerçək tənqidçilər görəvidir, məncə. Onların da işinə qarışmam. Hər bir yaxşı şairdən bir şey öyrəndiyimi sanıram. Sevdiyim şairlər isə çoxdur. Saymaqla bitməz: Füzuli, Yunis İmrə, Rembo, Apolliner, Stejam Press, Rene Şar, Ezra Paund, Mişo, Hölderlin, Bemfova, Selan, İlhan Bərk, Cəmal Sürəyya, Edonis, Oqtavyu Paz və … . Bir də fransızcadan oxuduğum çuvaş türklərindən olan və dünyanın ən yaxşı dəyərimizi unutmamaq şərtilə: Nazim Hikmət.
Mənə şairlərdən daha çox filosoflar təsir buraxmışlar. Mən dörd il Qum şəhərində ilahiyyat və İslam fəlsəfəsi oxumuşam. Parisdə də Henri Kerbenin tələbəsinin tələbəsi olmuşam. Mühiyeddin ibn Ərəbi və Nəsimi hərəsi bir çeşid öyrətmən olmuşlar mənə. Nəsimi üzərinə yazdığım "Nəsimi divanında İnsan ilə Tanrı ilişkisi" yazısına baxa bilərsən.
1993-dən sonra isə məni ən çox etkiləyən ana dilim olub. Bu dilin hər sözcüyü bir ilham qaynağıdır. Bir də mənim bir sıra yazılarım kimi yox olmuş, İslamöncəsi türk şamanlarının "Nom" adlı kitabı var qoltuğumda. Bu kitabı Parisdə tapdım. Bu kitab Nəsimi düşüncələrinn modern bir biçimdə davamçısıdır.
- Cənubdakı şerimiz üzərinə nə deyə bilərsiniz?
- Bugünkü şerimiz on il bundan qabaqkından çox fərqlidir. Bambaşqa bir şerdir, deyə bilərəm. Məncə, yeni nəslin şerini əski nəsllə qarışdırmaq belə, düzgün deyil. Əski nəsil bizə ana dilimizdə yazmağı öyrətdi. Özəlliklə varlıq məktəbi. Mən özümü o məktəbin tələbəsi sayıram. Varlıq isə bizə şerin nə olduğunu və necə yazıldığını öyrədə bilməzdi.
Bugünkü şerimizi mən "Gənc Güney Azərbaycan şeri" adlandırıram. Bu şeri bir bəbəyə bənzətmək olar. Demək, dünyanın bir yerində bir bəbək doğulmuş. O, sağlamdır. Amma 20-ci yüzilliyin sonlarında doğulub. Bu, onun başqa bir özəllik və gözəlliyidir. İndi bu bəbək iməkləyir, gülür, ağlayır, bağırır və yaramazlıq edir. Bir şeylər anlatmağa çalışır eyni zamanda. Təbii ki, hər şeyə toxunmaq, hər şeyi yoxlamaq, qırmaq, sındırmaq və bir də bütün sağlam bəbəklər kimi öyrənmək istəyir. Doğrudur, bu bəbək hələ dil açmayıb. Amma dili var. Onu dözümlə dinləmək gərək. Artıq onun varlığını kimsə dana bilməz. Suya "şu", çörəyə "pəpə" desə belə. İki-üç hecalı sözcükləri çətin dilə gətirsə belə. Bax! Bu bəbəyin nə gözəl barmaqları, nə boyda gözəl gözləri vardır. Barmaqları ilə istədiyinə işarə edir. Yox dililə bağırır. Çağırır, danışmağa çağırır. Onun, daha doğrusu, necə və nə sayaqda iməkləməsi məni maraqlandırır. Seyjam Press: "Bəbəklik sevgilim mənim" deyirdi. Mən isə böylə yanaşıram bugünkü şerimizə. Bax! M.Səhər, Vali Göztən, Nigar Xiyavi, Lalə Cavanşir, Ətayi, Ülkər, Həbib Fərşbab, Riza Heydərzadə, Daşqın, Nadir Əzhəri, Əbbas Pur, Sadiqi, Səhhət, Dadxah, Kiyan, Türkeş, İşıq Sönməz, Əziz Səlami, Əlirza Miyanalı, Hadı Qaraçay, Nasir Mirqati və … şerlərinə. Bu şairlərin bir sırasının şer kitabları var və illər boyu şer ilə uğraşmış şairlərdirlər. Bir sırasını isə dərgilərdə yayımladıqları bir neçə şerlərilə tanıyıram. (L.Cavanşir, H.Qaraçay, H. Fərşbaf, R.Heydərzadə) bir də mənim oxumadığım şairlər var, adlarını unutduğum şairlər.
Bu şairləri mən gənc Güney Azərbaycan şairləri adlandırıram, şerləri və düşüncələri etibarilə. Əlbəttə, bunların hamısı bir səviyyədə deyildir. Örnək üçün, Vali Göztən kimi bir şair böyük bir təcrübə ilə bu karvana qoşulmuşdur. Yayımlanmamış "Mamaç" adlı romanı Azərbaycan romanınının ən yaxşı çağdaş romanıdır, məncə.
Bir də burada, daha doğrusu, mən bilimsəl və modern şer kuralları ilə şerə yanaşmıram. Qoy bir bəbək dil açsın, yerisin, qaçsın - deyirəm. Özü yolunu tapacaqdır. Bu şerə olduğu kimi yanaşmaq gərək. O, öz tənqidçisini yaratmalıdır. Əski nəsil təəssüf ki, bu şerin önündə susmuşdur. Bu gün hər zamankından daha çox şerimizin tənqidə və tənqidçiyə ehtiyacı vardır. Bir fransız tənqidçisi: "Pis bir tənqid belə, yolgöstərici ola bilər" deyir. Bizdə isə nə yazıq ki, pis bir tənqidçi belə, yoxdur.
Bir də sənin mənə verdiyin Təbrizdə çıxan "Bayquş" dərgisi var önümüzdə. Bu dərgi ilə bir sıra güneyli şairlərimizlə tanış oldum. Bu, ilk addımdır, amma gözəl bir addım. Çatışmamazlıqlar isə yoxdur, o da təbiidir. Bir sıra tərcümələr örnək üçün, yersizdir. Nə isə. Bu gün dilimizdə yazılan şer irəliləməkdədir. Buna inanıram. Yazıqlar olsun ki, bu şerin şersəl qaynağı yoxdur. Bir tərəfdən gənclik, təcrübəsizlik, o biri tərəfdən isə, arxasızlıq şerimizi dayandıra bilər. Bəzi dostlarımız öncə farsca düşünmüş və o dildə sözcükləri düzmüş. Sonra isə mənim anlamadığım azəri ləhcəsində yazmışdır. Örnək üçün, "Qapı-bacanı toz-torpağa tutub yel, şıqqıldanan, sınan sümük səslərilə". Əskidən şair, yazarlarımız türkcə düşünər, farsca yazardılar. Başqa bir şairimiz də: "Sənə gecənin intəhasını göndərəcəyəm" deyir birinə. Bu, gecənin intəhasını qonşu fars şairləri qırx-əlli ildir, göndərirlər. Bilmirəm nədən, kimsəyə hələ çatmayıbdar. Ancaq bu şairin belə bir misra yazmaq yetənəyi də var: "Yavaş-yavaş tökülürəm. Bu şəhər unudulası deyil." Bildiyin kimi, dil hər şeydir. Dilsiz heç bir yerə varmaq olmaz. Dilsiz evimizin qapısından belə, çıxa bilmərik. "Dil iflasa uğrarsa, o dili danışan insanlar da iflasa uğrar." Bu, ilk və son qaidədir. Şerdə Şair dili dinləməlidir. Dil şairdən öncə danışar şerdə. Bunu artıq bilirik. Bir də əgər dil varlığın evidirsə, biz azərbaycanlılar uçurdulmuş bir evdə yaşamaq zorunda qalmışıq. Bu ev-varlığı yenidən tikməliyik. Şair-yazarlarımızın görəvi budur. Dilimizin sentaksı Güneydə pozulmuşdur. Quzeydə isə dilimiz rəsmi bir dil ola-ola sözcük dağarcığı məhv edilmişdir. Bir alman filosof: "Hər bir dildən bir sözcük atılarsa, o dildə danışan millətin bir qarış torpağı yox olur, o millətin düşüncəsi və dünyagörüşü daralır" - deyir. Bizim Quzeydəki dilimizə bax! O boyda zəngin və dəqiq bir dildən nə qalmış! O dili nə adlandırmaq olar?
Bizim dilimiz təkcə qrammer baxımından deyil, sadə fel, zaman və şəkilçi baxımından da dünyanın ən zəngin və geniş dillərindən biridir. Dilimizdə yeni sözcük törətmə imkan çoxdur. Türkiyə dilinə bax! Şəkilçilərimizi gözəlcəsinə istifadə edib, yeni sözcük törədiblər. Bizdə isə bu şəkilçilərin hamısı aradan aparılmışdır. "Man" ilə "mən" kimi şəkilçilərimiz, örnək üçün (gözətmən, okutman). Bu gün farslar belə, yeni sözcüklər törətmək üçün bu şəkilçilərdən faydalanırlar. Biz isə tərcüməçi yerinə çevirmən dediyimizdə dili pozmuş oluruq. Və ya "sal" ilə "səl" kimi ən önəmli şəkilçilərimizi istifadə edənlərə divan tutmaq istəyirik. Quzeyli bir şair də Azərbaycan Yazıçılar Qurultayında bağıra-bağıra utanmadan Türkiyə türkcəsi dilimizə təcavüz edir - deyir. Ancaq bilməm nədən kimsə ruscanın və rusların təcavüzündən danışmır bu ölkədə.
Bertran Rassel "Faşizmin atası" adlı əsərində Fixteni tənqid edərək (Fixte "dünyada bir özgür dil var - o da almancadır" deyirdi) dünyanın dörd özgür dilindən danışır: türkcə, çincə, almanca, rusca. Örnək üçün, fransız dilinin sadə feli 4500-dür. Almancanın sadə feli fransızcadan daha çox azdır. Farscanın yalnız 360-370 sadə feli vardır. Bizim dilimizdə isə on mindən artıq sadə fel var. Yaxşı, bu on min feldən neçəsini bilirik biz şairlər. Çoxumuz bu dilin sentaksını belə, bilmirik. Fars şovinizminin törətdiyi faciə budur! Ancaq biz özümüz də sorumluyuq məncə. Bu problemlərə baxmayaraq, şerimiz irəliləyir. Bu irəliləmənin önünü məncə, iki şey ala bilər. Demək, iki təhlükə var şerimizin qarşısında: biri 30-lardan sonra günümüzə qədər yazılmış Quzey Azərbaycan şeridir, bir sıra şairlərimiz bu şeri özlərinə örnək götürmüşlər. Və ya ən azından Quzey şairləri kimi yazmağa çalışırlar. Quzey Azərbaycan şeri ən gəlişmiş şəklində belə, günümüzün şeri deyildir. Mən bunu arxayınlıqla deyirəm. Və yaxşı bilirəm, çoxları məndən inciyəcək. Amma bu, danılmaz bir gerçəkdir. Güney şerinə heç bir şey verməyəcək Quzey şeri. Tərsinə, yolundan çaşdıra bilər ancaq. Bu şeri oxumalıyıq. Oxuyub həmən də unutmalıyıq. Bir də dərs almaq üçün də yararlıdır bu şer. Çünki hələ xalq dilindən folklor və aşıq havasından, bir də çıxış, öyüd və boş-boş əxlaqi aforizmdən qurtara bilməmişdir özünü. Quzeyin yeni nəslində isə bir çaba var ancaq. Bu çaba isə nə yazıq ki, toplumsal bir qaramsallığa çökmüşdür. Bu fenomen ilə mən yaxından tanış oldum. Bakıda iki ildə yüzlərcə şer yığıncaqlarında bunu gördüm. Bir də yazıqlar olsun, Quzey şairlərimiz hər şeyi bilirlər, öyrənməyi əsla sevmirlər. Şer bir Azərbaycanda var, bir də Azərbaycanda. Açıq söyləyirəm, dünyanın bəlkə heç yerində Azərbaycan kimi şerə hörmətsizlik olmamışdır. Bu şeri nə adlandırırsan adlandır, əsrimizin şeri deyildir. Başqa bir təhlükə isə qonşu fars şeridir. Fars şerinin gənəl mövzularını, imajlarını, ifadələrini və klişələrini açıqcasına bir sıra şairlərimizdə görmək olar. Demək, bir çeşid təqlid, bənzətmə və ya ən azından təsir. Çağdaş fars şerilə yola çıxılmaz - deyirəm. Çıxılsaydı, özləri çıxardılar. Bu şerlə Tehrandan Qəzvinə belə, getmək çətin. Buna görə deyirəm, Quzey Azərbaycan və qonşu fars şeri şerimizə əngəl ola bilər.
- Dediklərinizin bir hissəsilə, xüsusilə Azərbaycan şeri üzərinə söylədiklərinizlə razılaşmaq mənim üçün olduqca çətindir. Bu haqda danışmağı bir başqa zamana həvalə edirəm. Ancaq şer və ədəbiyyatımız modernləşməlidir, indi sual burdadır ki, bu modernləşmə hansı yollarla və necə olmalıdır?
- Soru ilə problem burda iç-içədir. Məncə, ilk öncə şerimizin kökünü tanımalıyıq. Keçmişini öyrənməliyik. Sonra işarə etdiyim kimi, çağdaş və modern şeri başlanışdan günümüzə qədər tanımalıyıq. Bu çox da rahati iş deyil. Amma olasıdır. Unutmayaq ki, bizim böyük şansımız var. Bu şans isə türk şer və ədəbiyyatıdır. Önümüzdə açıq bir süfrə var. İndi dünya ondan faydalanır. Orxan Pamukun "Yeni həyat", "Qara Kitab" və "Bəyaz Qala"sını oxu! Türkiyədə 1995-lərə qədər "Qara Kitab" 45 dəfə, "Yeni Hayat" 57 kərə, "Bəyaz Qala" isə 18 kəs yayımlanmışdır. Bu da türk oxucusunun nəyi oxuduğunun fərqində olduğunu göstərir. Fransada belə, belə bir kütlə oxucusunu, (özü də modern ədəbiyyat) tapmaq çətindir. Doğrudan da, bu üç roman Avropa tənqidçiləri, yazarları və oxucularını heyran qoymuşdur. 15-dən artıq dilə çevrilmiş və bir neçə ölkədə mükafat almışdır, özəlliklə Fransada. Bu, hələ bir örnəkdir.
Məncə, indilikdə artıq bir yolumuz var. O da qardaş türk dilinə çevrilmiş qaynaqlardan faydalanmaq. Qardaş türk şer və ədəbiyyatını yaxından öyrənmək. Onların etdikləri təcrübələri göz önünə almaq. Bir də indilikdə fransız və Batı şerini çevirməyə imkanımız varmı bizim. Hansı azərbaycanlı, örnək üçün, Rembonun şerlərini İlhan Bərk kimi və Lotri Amonin şerini isə Özdəmir İncədən daha yaxşı çevirə bilər dilimizə. Bu, təkcə fransız və Batı şeri deyildir. Bütün dünya şerindən bu gün türkcəyə gözəl çevirilər vardır. Bir də ədəbiyyatımızı modernləşdirməyə çalışan bir kimsənin modern bir dilə ehtiyacı var. Bizim dilimiz nə yazıq ki, modernləşməmiş bir dildir. Bu dil yalnız Türkiyədə modernləşmişdir. Bu gerçəyi dananlar bir az gözlərini açıb təəssübsüz olaylara baxmalıdırlar. Bizim dilimiz şerimiz kimi 30-lardan etibarən dondurulmuşdur. Bunu qəbul etməliyik. Sən çoxlu azərbaycanlılar kimi bu görüşə qatılmırsan. Amma mən buna dərindən inanıram. Bax, bu dildə modern bir fəlsəfə kitabı belə, yazılıb çevrilməmişdir. Quzeydə kiçik bir fəlsəfə sözlüyü yayınlanmış. Bu sözlüyün bütün sözcükləri isə Avropa köklü, özü də rus ləhcəsilə və ərəb sözcükləridir. Fəlsəfi bir zirvəyə ərməyən bir dildə modern şer ilə ədəbiyyat yazılarmı, soruram səndən. "Bilimsəl şerə doğru" yazımda söylədiyim kimi, modernitə hər şeydən öncə bir düşüncə sistemidir. Bu düşüncəni isə modern bir dil ilə qavramalıyıq. Quzey Azərbaycanın bugünkü şeri o dilin gəlişməməsindən xəbər verir. Dil gəlişməsə, insanların düşüncə və dünyagörüşləri də gəlişməz. Dildənq başqa, heç bir şey yoxdur. Dil insanı insan edib düşündürər. Luqa İncili demişkən: "Başlanğıcda yalnız sözcük var idi və sözcük tanrı idi, tanrı isə sözcük."
Məncə, yazı dilimizi də türk dilinə yaxınlaşdırmalıyıq. Rəhmətlik doktor Nütqi demikən, ən azından oğuz ellərinin ortaq bir yazı dili olmalıdır. Ləhcələr isə qorunub saxlanılmalıdır, təbii. Dünyanın hər yerində belədir. Almanca dünyanın ən gəlişmiş fəlsəfi dillərindən biridir. Onun da çeşidli ləhcələri var. Bir almandilli isveçrəli danışırkən, onu Almaniyalı anlamaz. Bir isveçrəlinin danışması altyazı ilə tərcümə olunar. Demək, rəsmi yazı dilində bu dilin ancaq bir yazı dili vardır və hər almandilli onu anlar.
Bilirsən, mən pan-man deyiləm. Olsam-olsam, panşerist ola bilərəm. Ortaq və modern bir dilə doğru gedə bilərəm. Mənim bildiyim budur. Modern bir ədəbiyyat yaratmaq üçün öncə modern bir dil olmalıdır. Doktor Nütqi buna öz yazılarında əməl etmişdir. Onun bu vəsiyyətini gənc Güney Azərbaycan yazar və şairləri yerinə yetirməlidirlər.
- Hansı şeri və ya şer kitabını daha çox sevərsiniz?
- Sevmək başqadır, şersəllik başqa. Şerlərimin çoxunu sevərəm. Çünki onları yaşamışam. Şerə gəldikcə, ilk kitabımda iki-üç şer var. İkiinci kitabda dörd-beş şer. "Barmaqlarımın etikafında" on -on iki şer olduğunu sanıram. "Mən ilə sən özə doğru"da isə 32 şerdən 26-sı şerdir. Və mənim şerimdə də bir başlanğıcdır bu kiçik kitab. Modern şer anlayışına doğru bir başlanğıcdır - demək istədiyim. Mənim sevdiyim və bəyəndiyim şer kitabım "Nom kitabı" adlı yayımlanmamış kitabımdır. Bir də "Yazıçı və şair yazdığı hər kitabla əskidən yayımlanmış kitabını inkar edər", Mişel Fuko demişkən. Bu, bir gerçəkdir. Mən bu görüşə qatılıram. Bu söz məncə, yazı ilə yazmağın fəlsəfəsini də sadə bir dillə açıqlamışdır. Bilirsən, peyğəmbər olsaydım, mən yalnız bir kitab yazardım. Və böyləcə inkarı da aradan qaldırmış olardım bəlkə.
- Bildiyimə görə, "Nom kitabı" almanqcaya da tərcümə olunub.
- Bu kitab mənim 1993 sonrası yazdığım şerlərin seçilmiş toplusudur:
"Mən ilə sən özü doğru"dan 25 şer, "Mən ilə mən arasında"dan 10 şer və yayımlanmamış "Nom kitabı"ndan isə 80 şer. Bir sıra şerlərin də tərcümə olunmasıı istərdim. Örnək üçün, "21-ə doğru ozancasına" adlı uzun şerimi. Bu şer sandığım kimi, tərcüməolunmazdır və olunmadı. Çevirmənlər doğrudan çox əmək vermişlər. Sağ olsunlar.
- Süleymanoğlu, şer olmasaydı, neylərdiniz?
- Heç bir şey. Şeri yaratmağa çalışardım. Şersiz bir dünyada yaşamaq yaşamamaqdan daha yaxşıdır. Şer olmasaydı, mən bəlkə özümü Pol Selan kimi Sena çayına atardım.
- Son olaraq, şerin tərifinə qayıtmaq istərdim. Şer sizin üçün nədir və niyə yazırsız?
- Şer mənim üçün hər şeydir. Bir çeşid, yaşayışdır. Hər bir şey şerə bənzəyə bilər. Ancaq şer heç nəyə bənzəməz. Şer yalnız şerə bənzər. Quşun quşa, suyun suya, atəşin atəşə və mənin mənə bənzədiyi kimi. Şerin nə olduğu isə əski yunan filosoflarından günümüzə çoxlu araşdırmalar konusu olmuşdur. Bir sıra filosof, şair və yazarlar şer, tanrı, sevgi və buna bənzər şeylər kimidir - deyərlər. Ancaq mən buna inanmıram. Andrey Jit fransız şer antolojisinə yazdığı önsöz yazısında: "Şer tərif olunmaz. Şerə tərif vermək imkansız və boş işdir" yazır, ancaq Teodor Deopoloninin boş bir tərifini əklər yazısına. Və "baxın, iştə şerə gözəl bir tərif" - deyir. Bir sırada şer: ruhun musiqisidir (Volter). Şer: ürək mahnısıdır (Hüqo) kimi heç bir şeyə yaramayan təriflər vermişlər şerə. Və ya ən azından şerin bütiünlüyünü qapsamayan təriflər. Bodlerə görə şer çağırışımçı bir ovsunçuluqdur. Rembo da "şairlər ovsunçudurlar" söylərdi.
Kant isə bir şey və ya nəsnənin tərifini imkansız sayardı. Tərif bir şeyin bütünlüyünü bizə göstərə bilməz. Tanıtdırmaq üçün açıqlamalıyıq.
Şer çeşidli-çeşidli açıqlamalara baxmayaraq, gerçək bir yalandır, məncə. İnsan ilə dil arasında yaranan gerçək bir yalan. Gerçəkdir, çünki dil və bilim üzərində qurulmuşdur. Bu bilimi isə əski yunan filosofları epistemə (bilgi ilə anlamaq) və sənət ilə fənn adlandırardılar. Teşnik və texnik sözcüyünün kökü isə burdan qaynaqlanmış və poesis-poetik sözcüyünün önündədir. Bu qavramların birləşməsindən mənim aradığım bir çeşid bilimsəl şer yaranar. Şer eyni zamanda yalandır. Çünki xəyal ilə, imaj ilə biçimlənmişdir. Bundan ötrü şer sürəkli imaj və xəyal ilə danışar. Əflatun şairləri ideal və utopik şəhərindən qovurdu. Nə isə. Ən sonunda şer dildən başqa bir şey deyildir. Biz şairlər dilin ən çox sevdiyi bir oyuncağıq. Dil istədiyi zaman şairlə oynaya bilər. Bilirsən, dil acımasız, qorxunc və gözəl bir uşaq kimidir. Şairi bir anda öldürə belə, bilər. Mənim tanıdığım bir neçə şairi gözlərimin önündə öldürmüşdü. Bir neçə yol Süleymanoğlunu qələm ucundan asmağa çalışmışdı. Buna görə, mənim ən çox qorxduğum şey dildir, ölüm kimi. Dil şairi dilim-dilim kəsə bilər. Sakın, dil danışarkən Barça Akkoyun Müzləroğlu demişkən, sən şair olaraq sus, dinmə, dinlə, dili izlə!
Niyə yazırsan - sorusuna gəlincə, mən öyrənmək üçün yazıram. Bir şeyi məndə tapmaq, dəyişmək, inkar etmək və yenidən yaratmaq. Bir də bir addım ölüm tarixindən uzaqlaşıb yaşam coğrafiyasına yaxınlaşmaq. Yazmaq - əsla bir dəlilik deyil. Əksinə, ağıl ilə istək sonucudur. Sonsuzluq həsrətidir. Yazmaq aramaqdır. Macəralı bir yolçuluqdur. Görünməzlik, bilinməzlik ölkəsinə tapınan bir yolçuluq. Yazmaqdır məni o ölkəyə götürən. Mən yazıram, çünki o ölkənin dolambaclı yollarını öyrənmək istəyirəm. Yazmaq mənim plan və xəritəmdir. Yazmaq mənə o ölkənin yollarını göstərər. Yazmaq bir yoldur, mən bir yolçu. Məni oraya, oralara götürən. O - odur, mən - getməlidir, getməli. Gedirəm - varam, getməsəm - olmaram.
- Təşəkkür edirəm.
- Əslində mən sənə və Azərbaycan Kültür Ocağına təşəkkür etməliyəm.

Müsahibəni alan Dağşəhərli