Alatoran_header  
Jurnal > 2004/№4 > Poststrukturalizm

1

Hadi Qaraçayın "Əski mahnı" şerini birlikdə oxuyuruq:
"hələ il doğmamışdı
ay da doğmamışdı
biz buradan başlandıq
meşələrdə günəşin yaşıl işığındanmı
ağacla mamırın gömgöy öpüşməsindənmi
ilk sözümüz nə olmuşdu yadınızdamı
sonra sarmaşıqdan tutub endik
endik dünyanın quyusuna
uçan atların belində"
1.Strukturalizm baxımıdan, bu şerin kəlmələrini dördlü qruplaşdırmaq mümkündür. Məsələn, a) zaman anlamını ifadə edən kəlmələr: hələ - il - ay (mətnimizdə "ay" kəlməsi başqa bir anlam ifadə edir) - başlanmaq - ilk - sonra;
b) rəng anlamını ifadə edən kəlmələr: yaşıl - gömgöy;
c) təbiət materiallarını ifadə edən kəlmələr: meşə - ağac - mamır - sarmaşıq və Ay kəlməsini də bu qrupda yerləşdirmək olar;
d) məkan anlamını ifadə edən kəlmələr: hardan - meşə - quyu - dünya - atın beli;
e) insana aid ilişkilər: söz - öpüş (burda qeyd etməliyik ki, insanın yaranmaq və doğulmaq anlamı şerin bütün sətirlərində izlənir);
f) cüt, qarşılıqlı kəlmələr: enmək, uçmaq - sonra, ilk, son (və şerdə olan yer və göy anlamları);
Yuxarıdakı qruplara diqqət edərkən bu şerin bölümlərinin sıx ilişkilərini görüb şerin insanın yaradılışına aid fəlsəfi və hətta təbiət izləyicisi olduğunu anlayırıq (yorum baxımından).
Bu şerin insan yaradılışına aid olan mahiyyətində həm materialist dünyagörüşü vardır (biz hardan başladıq\ Meşələrdə günəşin yaşıl işığındanmı\ ağacla mamırın gömgöy öpüşməsindən\), həm də idealist görüş (sonra\ sarmaşıqdan tutub endik\ endik dünyanın quyusuna\ uçan atların belində). Deməli, bu şerin materialist - idealist baxışına işarələrimiz yorumdur və elə bu baxımdan demək olar ki, nəhayətdə bu şerdə idealist baxış daha artıq nəzərə çarpır. İndi strukturalizm baxışına dayanaraq, əvvəldə söylədiyim qruplar və onların ilişkilərini sadə bir şəkildə göstərmək istəyirəm.



Bu sxemdə (göstərgədə) üç şaquli (dikey) xətt vardır. Bu xətlərin şaquli olduğu şerin bir sıra kəlmələrinin bir-birilə cüt qarşılıqlı olmasından asılıdır. Bu, cüt qarşılıqdan, yəni yer və göy anlamından asılıdır. Demək, burada Günəş - sarmaşıq - uçan atlar və bunlardan işığın, insanın dünyaya (quyuya) enmələri iki üfüqi (yatay) və üç şaquli xətt yaradır. Digər tərəfdən, anlam baxımından, bu üç dikey xətt üst-üstə düşə də bilərdi. Meşə kəlməsi qısa bir yatay xətt də ola bilər. Bu qısa xətt dünya yatay xətti ilə üst-üstə düşər və yenidən ağacla mamırın öpüş ilişkisi anlam baxımından, yatay xətlərin ən qısası olub, meşə xətti ilə üst-üstə düşə bilmir. Beləliklə, aşağıda rəsm etdiyimiz yatay xətlər bizim yaddaşımızda üst-üstə düşür.



Bu şerdə yer və göy anlamı və şerin yer və göylə bağlı olan elementlərinin bir-birilə ilişkisi dediymiz yatay və dikey xətlərini, nəhayətdə bu şerin təməl anlamını yarada bilər. Demək, bu cift əkslər nəhayətdə bir tarazlıq yaradırlar.
Poststrukturalizm baxımından: zənnimcə, bu şerdə sonra kəlməsi şerin strukturalizmini pozur. Unutmayaq ki, sonra kəlməsi zamana aid bir anlamdır. Həm insanların zehnində, həm də bu şerdə zaman məkana bağlıdır. O, bu şerin birinci göstərgəsində dünya - quyu(yer) və meşə kəlmələrinə bağlı olan yatay xətlərdə görünməz halda yerləşə bilər.
İndi şerin bu sətirlərinə diqqət edin:
Sonra \ sarmaşıqdan tutub endik\ endik dünyanın quyusuna \ uçan atların belində.
Burada sonra kəlməsi şerdəki xilqətə dəlalət edən sətirlərdən öncə gəlir. Yəni mətnə görə (burda oxucuların diqqətini yoruma yox, mətnin özünə çəkməyi gərəkli bilirəm), xilqətdən öncə zaman anlamı işlənir. Və bu anlam cızdığımız birinci göstərgədə verilərsə, yatay və dikey xətlərin yeri dəyişir. Hətta onlar qarışır. İndi isə sonra kəlməsini silib, şeri oxusaq, sanki bir zamansız və məkansız duruma aid, zaman və məkan anlamlarına dəlalət edən kəlmələri oxuyacağıq. Bu, yenə birinci göstərgəmizdə tam yatay və dikey xətlərin düzümünü pozur. Və şer öz dediyi sözləri bilmədən danır. Çünki "ay" zamana və məkana bağlıdır. Burada şerin istədiyi zaman və məkan kəlmələri zamansız və məkansız durumlardan danışır. Beləliklə, sanki poststrukturalizm deyir: məntiq kəlməni yaratmır, bəlkə kəlmə məntiqi yaradır. Və mətnin mütləqliyi yoxdur.
Deməliyik ki, illər boyu insanın mifik düşüncələri bu sözlərin mənimsənilməsini çətinləşdirir.

2

Lalə Cavanşirdən "Ölkəmdə" adlı şerini oxuyuruq:
Ölkəmdə payız \ durnalar köçür \ ölkəmdə yaz \ durnalar qayıtmır \ və durnalar uzaq bir gün \ xan nənəmin nağıllarına qayıdır ancaq.
İlk başda bu şer durnaların simmetrikliyini yaradır: köçmək və qayıtmaq. Durnalar real halda köçürlər, amma real halda qayıtmırlar. Burada bu simmetrik hərəkətin ikinci hissəsi, yəni durnaların qayıtmağı subyektiv halda şerdə olan xan nənənin nağıllarında baş verir. Və buna aid durnalar artıq simvol və özü də yoruma yol verən simvola çevrilir.
Burada strukturalizm baxımından, durnaların ölkədən köçməyi və onların real halda qayıtmamağı - şerdə durnaların getmə, gəlmə ilişkilərindən biri "yerinə gəlmə" anlamını ifadə edir. Bu söz strukturalizm baxımından, duyğu qatmaq məsələsinin izahıdır. Ancaq bu şerdə ən çox gözə dəyən mövzu üç dikey duruşlu nöqtələrdir. Bu şerdə üç dikey duruşlu nöqtəyə diqqət edin. Burda demək olar ki, nöqtələr şerin strukturunu pozur. Və kəlməsiz oxucularla danışa bilir. Çünki,
1 - bu üç dikey nöqtə şerdə yerləşdiyi məkanına görə (durnalar köçür- cümləsindən sonra yer alır) köçmək, hərəkət, ucalıq və fasiləni xatırlada bilir.
2 - əlbəttə, bu üç dikey duruşlu nöqtə şerdəki düzümünə görə, simvola çevrilir. Ancaq kəlməsiz bir simvol olur.
3 - bu üç nöqtə yenə də duruşuna görə, şerin rəmziliyini dəyişir (əlifbadan işarələrə keçid). Rəmzilik ismarıcların üzə çıxmasının bir vəsiləsidir. Bu şerdə dediyim üç nöqtə kəlmələrin rolunu dəyişib pozaraq şerin anlamını başqa əlamətlərlə ifadə edir.
4 - ən önəmli mövzu budur ki, bu nöqtələrin mövcudluğu şeri həm göməli, həm də dinləməli bir şerə çevirir. Bu şeri kağız üzərindən oxumaq gərəkdir. Yoxsa şerin yeni hissəsi əldən gedər. Demək, qulaqdan əlavə, şer oxucunun göz və baxışını da tələb edir. Bu şerin poststrukturalizmi də budur. Bu isə rəmzliyin dəyişməsidir. Onu göz ilə eşidib duymaq olur. Əgər illər öncə G.Apolliner, E.Pound və digər Avropa, Amerika şairləri şerə kəlmələrdən başqa əlamətlər də gətiriblərsə, Lalə Cavanşir təşəbbüssüz və hətta özü bilmədən bu incə və gözəl yeniliyi şerdə yarada bilibdir.

3

Sosora görə, dəlalət edən və dəlalət edilmiş bir kağızın iki üzü kimi bir-birilə əlaqəlidir. Amma J.Derrida belə zənn edir: dəlalət edən və dəlalət edilmiş arasında aydın bir fərq yoxdur. İkisi də ard-arda ayrılır və bir-birinə qovuşurlar. Sadəcə demək olar ki, kəlmə və anlam, yaxud kəlmə və ona dəlalət edən şey heç zaman birləşə bilmirlər. "Hər kəlmənin yarısı orada deyil və digər yarısı o deyil". Mənalar müəyyən anlamda qaibdirlər və dil artıq dəlalət edənlərin ardıcıl hərəkətidir.
Burada iki başqa postrukturalistin bəzi düşüncələrini də gətirməliyik: 1. J. Delius və F.Qatari öz kitablarında iki cür maraq göstərməni ayırd edirlər: dəlilik və ruh pozğunluğu. Yazarların zənnincə, bu iki mövzu iki topluma dəlalət edir. Faşist toplum və inqilabçı toplum. Bu yazarların əməyi yaradıcılıq, maraq və mexanikləşməyi poststrukturalizmə qatmaqdır (K.Marks və Z.Freyddən alaraq ).
Çox az izahdan sonra "Tablo" adlı şeri oxuyuruq.
"Qondarma günəş
əyni yalın yaz
kiplənmiş dodaqda acı bir mahnı
və mehriban Əzrayıl
geniş bir tablonun perspektivi
calanır, calanır otaqda sükut
açın, qapıları açın
bu azğın ürək
sevinc sorağında
İkar qanadların arzular hərdən"
Bu şerdəki aydın və gizli paradokslara diqqət edin: qondarma günəş, yalın yaz, mehriban Əzrayıl, kiplənmiş dodaq, acı bir mahnı, sükut və canlanma. İndi diqqət edin, İkar sətrindəki duruma (yəni günəşə tərəf faydasız uçmağa və otaqda sükutun canlanmağına.) Mətnə görə, uçmaq var, amma enmək yoxdur. Canlanmaq vardır, amma bu hərəkət sükut içindədir və nəhayətdə yenə də sükutdur.
Bizim zənnimizcə, bu şerdə: açın, qapıları açın - sətirləri şerin strukturalizmini pozur. Bu sətirlər bu şerin bəlkə də ən ümidsiz sətirləridir. Çünki bundan sonrakı sətirlərdə göstərilən çabanın faydasızlığı aydınca görünür. Delius və Qatari deyirlər: gizli şüur siyasi bir gücdür. Bu şerdə zənnimizcə: açın, qapıları açın - sətri aşağı-yuxarı tərs məna verir. Mətndə olan şəxs üzdə qapıları açmaq istəyir, amma öncədən günəşə, özü də qondarma günəşə çatmağın mümkün olmadığını bilərək dəlilik və ruh pozğunluğundan canını qurtarmaq istəyir. Şəxs istər-istəməz həm faşist, həm də inqilabçı toplumlardan ümidini üzüb.
Sonda deməliyik, bizim bu yazılarımız özü bir mətn sayılır və poststrukturalizm düşüncəsinə görə, heç bir mütləqliyi yoxdur. Təkcə bu mətn deyil, oxuduğumuz heç bir mətn mütləq deyil. Bu, nihilizm, yaxud hər hansı bir çaşqınlığa yol göstərmək deyildir. Əgər biz J.Derrida və ya hər hansı digər poststrukturalistin sözünü qəbul etsək, ona mütləq mənada inansaq, poststrukturalizmin özünə qarşı çıxmış olacağıq.
Bu məqalələrdə də bizim marağımız bəlkə də sadəcə Azərbaycan və onun ədəbiyyatına aid düşüncələrin totalitarlarına qarşı durmaqdır.

Nadir Əzhəri, Nigin Nəvadi Rəzi