Alatoran_header  
Jurnal > 2004/№4 > Postmodernizm haqda bir-iki kəlmə

Azərbaycan ədəbi mətbuatında postmodernizm haqda ən yaxşı halda olduqca qəribə və anlaşılmaz, ən pis halda isə gülməli və uğunub getməli fikirlər ara vermir. Məsəlçün, tənqidçi Esəd Cahangir 525-ci qəzetdə hansısa əsərin postmodern olduğunu 3 müddəayla "əsaslandırır" ki, bunlardan biri tamamilə anlashılmaz və mənasız, o birisi dibindən yanlışdır; 3-cü müddəa isə budur: "əsər çap olunmamışdan əvvəl onun müxtəlif kanallarla reklamı aparılır". Yaxud, dünyanın ən məşhur postmodern müəlliflərindən çoxunun öz əsərlərinin postmodern olub-olmadığı haqda "bu barədə nəsə demək mənə çətindir" kimi yazıçıya yaraşan təvazökarlıqla (və əslində əsl həqiqəti əks etdirən) cavablar verdiyi bir zamanda Azərbaycanda hansısa müəllif daha o yer qalmayıb car çəkməsin ki, bunun əsəri postmoderndir, və bu hansısa bir coğrafi məkanda guya postmodernizmin bansidir. Iş o yerə gəlib çatıb ki, mən - riyaziyyatçı baba və həvəskar yazıçı - nəzəri hazırlığımın çox aşağı olmasına baxmayaraq indi də durub tənqidçilik eləmək fikrinə düşmüşəm və bu yaxın vaxtlarda, inşallah, "Ədəbiyyatda postmodernizmə dair" məqaləni diqqətinizə çatdırmağı ciddi düşünürəm.
525-ci qəzetdə və "Nar"da qarşılıqlı sayğısızlıqla müşaiyət olunan konfliktin təcililiyini nəzərə alıb öncədən, qısaca da olsa, aşağıdakıları demək istərdim:
Elm tarixində ən böyük şəxsiyyətlərdən olan (riyaziyyatda topologiyanın, fizikada nisbilik nəzəriyyəsinin banisi) fransız alimi-filosofu Anri Puankare yazırdı:" bəzən elə olur ki, bir söz, tək bircə söz ixtira edirsən və sonra həmin söz özü bir ixtiraçıya çevrilir…" Puankare buna misal olaraq fizikada "enerji", riyaziyyatda "qrup" sözlərini diqqətə çatdırırdı. Zənnimcə "postmodernizm" belə sözlərdəndir! "Post" + "modern" kimi ilk baxışda aydın bir mənası olan bu söz hər bir təhsilli adamın diqqətini bir maqnit kimi çəkir, düşüncələrini sonsuzluğa qədər məşğul etmək gücündəymiş kimi görünməkdədir.
Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox başqa sahələrin öz postmodernizm anlayışları mövcuddur, və intellektual əməyin ən müxtəlif sahələrində postmodernizm barədə ciddidən tutmuş anekdot səviyyəsinə qədər söz-söhbətlər, mübahisələr aparılmaqdadır. Hətta, mən özüm, bir riyaziyyatçı kimi, riyaziyyatda postmodernizm nə deməkdir mövzusunda mənasız spekulyasilyalar edə bilərəm. Bir şeyi demək yerinə düşür ki, riyaziyyatda modernizm hərəkatı 20-ci əsrin əvvəllərində başlayıb, bu hərəkatın nəticəsində çoxlu sayda çox böyük, uzun, o vaxt üçün vərdiş edilməmiş bir dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək ki, günün bu günündə də bizim Bakı universitetlərində həmin bu qrandioz nəzəriyyələrin elementləri belə tədris olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci əsrin sonlarından başlayaraq riyaziyyatçılar uzun nəzəriyyələri yox, daha çox konkret nümunələri öyrənməyə meylləndilər. Və təsəvvür edin, Azərbaycanda da həmin o qrandioz nəzəriyyələrdən heç bir anlayış olmadan, onların üstündən adlayıb ayrı-ayrı nümunələrin öyrənilməsinə başlansa, bu, Qərbdəkindən fərqli bir mənzərə yaradacaq! Bu təxminən ona bənzəyəcək ki, Iran hökumətindən kimsə deyirmiş ki, Qərb bizi modern olmamaqda suçlaya bilməz, çünki biz postmodernik!
Ədəbiyyatda postmodernizm fəlsəfi mənada postmodernizmlə və daha geniş sosial mənada işlənən "postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern insanlarıq", "biz postmodern dövrdə yaşayırıq" kimi cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq.
Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş bir ədəbi hərəkatdır. Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya postmodernizmin ÇOXLU SAYDA xarakterisitkalarından bir neçəsidir, amma postmodernizm həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də sehrli realizmdir (magical realism). Terminin tarixi qədimdir, amma daha çox Markesin əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən dövr Latın Amerikası ədəbiyyatına aid edilisə də, əlbəttə, bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, hər hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe Borhes, Toni Morrison, Salman Rüşdü kimi məşhur sehrli realist yazıçılar həm də məşhur postmodern yazıçılardır. Cənubi Amerika ədəbiyyatında duyulan ruhca bizə yaxınlıq ona görə deyil ki, bu əsərlər sehrli realist janrdadır, bu sadəcə latın mentaliteti, latın ruhu ilə azərbaycanlı menatliteti arasındakı yaxınlığa görədir. Eynilə, postmodernizm Qərbin janrıdır demək ona bənzər ki, durub deyək, sərbəst şer Qərb şeridir, gəlin biz qoşma, gəraylı və məsnəvi yazaq. Bundan əlavə ( və daha vacibi!), postmodernizm məhz universal dəyərləri (və universal səviyyədə təqdim olunan Qərb dəyərlərini) rədd edir, lokal dəyərlərə, subyektiv dəyərlərə ayrıca tək bir şəxsin dəyərlərinə inanır. "Postmodernizm" termininin (ədəbiyyat çərçivəsində) hələ öz məna yatağına tam yerləşib oturmadığı, mübahisələrin, müzakirlərin belə qızğın bir çağında "xaricdə postmodern ədəbiyyat olur" demək ("xaric" deyiləndə hara nəzərdə tutulur?!) qəzet səhiflərində Mark Tveni vaxtından əvvəl öldürməyə bənzəyir. Yalnız sənətdə postmodernizmin indi az populyar oldughunu eşitmişəm, amma anlayışım olmadığı üçün (bəli, mənim ədəbi postmodernism haqda yalnız anlayışım var!) bu barədə nəsə deyə bilmərəm.
Və son olaraq, əgər Azərbaycanda yazıçının kimliyini müəyyən etmək küçədəki adamın umuduna qalıbsa (bir "xalq yazıçı"sı fəxrlə deyirdi ki, rayonlara gedəndə onun ayağının altında qoyun kəsirlər), onda demək lazımdır ki, küçədəki adam modernist ədəbiyyat tərbiyəsi görməyib əsla, və onun postmodern ədəbiyyat haqda fikir yürütməsi yuxarıda riyaziyyatdan və Irandan gətirdiyim misallara bənzəyir. Bəlkə bu küçədəki adamların təsirindəndir ki, məndə olan təəssürata görə, elə nə yenidirsə postmodern hesab olunur, o cümlədən "kitabın çap olunmasından əvvəl müxtəlif kanallarla reklamının aparılması".

Azər Əhmədov (ABŞ)