Alatoran_header  
Jurnal > 2004/№4 > KEÇİ(D) dövrünün əkrəmi

İsmayıl Şıxlının "Dəli Kür" romanına çəkilmiş eyni adlı filmdə bir səhnə var, onu indi təsvir etsəm, yəqin ki, xatırlarsınız- Qori müəllimlər seminariyasında təhsil alan tələbələr, yuxularına haram qatıb gecəni yatmayıblar; müqəddəs "Bibliya" kitabının sətirləri arasına soğan suyuyla yazılmış gizli, gözəgörünməz inqilabi mətinləri üzə çıxarmaq istəyirlər… Hər an təhlükə gözlənilir, çarizm xəfiyyələrindən qorunmaq istəyən tələbələr qorxu-həyacan içindədirlər, tez-tez, dəqiqəbaşı, bağlayıb kilidlədikləri qapıya sarı boylanırlar. Tələbələrin biri, ən diribaşı, "Bibliya"nın səhifələrini yanar şamın istisiylə qızdırdıqca, onun sətirləri arasından gizli inqilabi mətnlərin hərfləri( necə də mənalıdır… bəlkə də onlar həmişə…həmişə elə orada gizlənirmişlər) qaralıb üzə çıxır. Tələbələr inqilabi romantikanın ənginliyinə atılaraq zəif pıçıltıyla Çernışevskinin məqalələrini oxuyurlar… Çağdaş postmodern estetikasıyla silahlanıb həmin mənzərəyə başqa tərəfdən baxarıqsa, tələbələrin oxuduqları yenə də elə "Bibliya", o əsərin gizlin qatlarıdır. Bütün inqilabı mətnlərin -o cümlədən Çernışevski əsərlərinin- xəlvətcə yurd salıb qışladığı yer ordadır, məhz orada.
Gözəl qələm ustamız Əkrəm Əylislinin "Ətirşah Masan" əsərini də mən, eynən bu cür oxudum desəm, inanın ki, çoxlarını təəccübləndirər, lap çaşbaş qoyaram. Noolub, indi də mi çarizmlə mübarizə illəridir, indii də mi gecələr tələbə yataqxanalarında polislər, xəfiyyələr, AYB-nin muzdluları, muzdurları axtarış aparır, zavallı kənd balalarının yırtıq yorğandöşəyi altından Əkrəm Əylislinin "Ətirşah Masan"ını aşkarlamaq istəyirlər? Ən çox cənfəşanlıq göstərənlər AYB-nin sevimliləri Bəsdir Bəlibəyli, Vaqif Yusifsiz, Ayaz Vəfasız, Kemel ( amerikan siqaretinin adını özünə verməkdə o, necə də ağıllı tərpənib) Abdulla, Anar Rzasız, Fikrət Xırçadır. Noolub, çaşıbsız? Əkrəmin romanını öz cındır dərginizdə çap etdiyinizə peşmanmı olubsunuz? Mən onların kobud hərəkətlərini əsla eynimə-vecimə almadan, altı üstünə çevrilmiş həmin çarpayıların birinə, ən kasıbına yaxınlaşdım. Əl atıb döşəyin altından Əkrəmin "Ətirşah Masan" əsərini çıxardım. Qori seminariyasının gənc romantikləri kimi hərəkət edərək, bu romanının səhifələrini , postmodern estetikanın şam şöləsiylə qızdırdım. Çox keçmədən kitab sətirləri arasından əski folklorumuzun ( əsər boyu düz xətt boyunca keçən keçi, qoyun, dayça totemləri), "Bibliya"nın (itirilmiş cənnət) əfsanələri peyda oldu, Cəfər Cabbarlının "Od gəlini"( əsərin baş qəhrəmanı Sürəyya, Cəfərin yaratdığı od gəlini, Almaz surətlərinin növbəti reinkarnasiyasıdır) ,

Sabirin

"Keçi" şerinin, nağıllarımızdakı Ərəbzəngi surətinin (belinə kişi şalvarı geyib öz bakirəliyini saxlayan Sürəyya ) siması göründü. Romanın sonunda yazıçı əski "Şahnamə"yə, xüsüsən, onun motivləri əsasında "Zəmanəmizin Səyavuşu" manifestini yazmış Məmmədəmin Rəsulzadəyə açıq-aşkar ironiya edir. İndiki Səyavuşun atası, Moskvada alver edən kənd balası Ələddindir. O, Moskvadan doğma kəndinə 100 min dollarla qayıdır, orda ev tikmək, yurd salmaq istəyir. Bu xoş niyyəti baş tutmayınca, evini yarımçıq qoyur, sevgilisi Sürəyyanı boylu buraxıb yenidən Moskvaya dönür. Getməmişdən əvvəl, "Şahnamə"nin qəhrəmanı Rüstəm Zal kimi, sevgilisinə deyir: "Məndən uşağın olacaq.Ürəyimə damıb. Ancaq bilirəm ki, sən, Sülü, o uşağı atasız doğacaqsan, ya doğmayacaqsan. Əgər doğsan , uşaq da oğlan uşağı olsa, adın ya Aslan qoy, ya da elə mənim öz adımı oğluma qoy…Bir də, gəlib Moskvada axtarma məni. Lazım olsa, mən özüm səni axtarıb tapacağam"… Əkrəm burda Moskvaya olan inamını gizlində saxlamır. Azərbaycanın qarnında atası Moskvada olan bir uşaq var. Ümüd yalnız onadır. Moskvayadır, Moskvaya. Əski "Şahnamə"mizin coğrafi məkanları indi dəyşib, Turan-İran söhbəti müasir zaman kəsiyində başqa müstəviyə keçərək, Azərbaycan-Rusiya münasibətləri çərçivəsinədək daralıb…Əylisdəki evinin tikintisini yarımçıq qoyub Moskvaya qayıdan Ələddin surətində mən , təkcə, nağıllarımızın Rüstəm Zal qəhrəmanını deyil, həm də Əkrəmin özünü görürəm…Onun, Əylisdəki yarımçıq evinə məhz bu uşaq gəlib yiyəlik edəcək…
KİÇİK HAŞİYƏ: Tarix boyu, dövlət səviyyəsində Azərbaycan, azərbaycanlılar Rusiya ilə, ruslarla demək olar ki,(olar!) heç vaxt vuruşmayıblar…Ancaq, bir nəfər azərbaycanlı çox-çox əvvəllər onlarla vuruşub. Vuruşub…Özü də haçan…-12 ci əsrdə…Kimdir bu şəxs? Kim? Nizami Gəncəvi. O, özünün "İskəndərnamə" əsərində Makedonyalı İskəndərin cildinə girərək, ruslarla nə az nə çox düz üç dəfə döyüşə girir. Üç dəfə! Nə üçün, hansı səbəblə? Bunun sirrini biz hələki dərk etməmişik. Bəlkə…bəlkə bu bizə ünvanlanmış tarixi bir xəbardarlıqdı, hə? Ola bilər…Nəzərə alsaq ki, 1828-ci ildə Qacar şahzadəsi Abbas Mirzə, ruslara qarşı apardığı tarixi Gəncə döyüşü zamanı, öz hərbi qərargahını Nizaminin qəbri üzərində qurmuşdu, hə, onda, biz tariximizin bu sirrini az-maz dərk edərik. Nizaminin ruslarla apardığı üç virtual, xəyali döyüşün həyatımızdakı ilk gerçək inikası, sözsüz ki, həmin döyüşdür-Nizaminin qəbri üzərində baş vermiş tarixi döyüş…Nizami onu hamıdan əvvəl aparıb, hələ 12-ci yüzildə…1990-cı il hadisələrini mən həmin döyüşlərin ikincisi olduğunu vurğulayardım. İrəlidə hələ bir döyüş də var…Ələddinin Sürəyyadan olacaq uşağı, bu döyüşün hələ indidən sifariş olunmuş əsgəridir. "Şahnamə" məntiqinə görə, o, mütləq öz atasıyla…məhz öz atasıyla döyüşəcək… Tarixi dəyişən döyüş yalnız bu şəkildə-atayla oğulun toqquşması şəklində baş verir. Məsələyə fəlsəfi məfhumlar bucağından nəzər yetirsək, atayla oğulun toqquşması, SƏBƏBlə (ata) NƏTİCƏnin (oğul) davasını xatırladır ki, yalnız onların birisinin ölümü tarixi yeni məcraya yönəldə bilər…
Yazıçı əgər öz vətəninin,- Əkrəmin misalında Azərbaycanın,- taleyindən bəhs edən bir əsər yazmaq iddiasına düşübsə, o gərək mütləq tarixi, ədəbi bilgilərə müraciət etsin, yeri gələndə, yuxarıda misal gətirdiyimiz kimi, mistikaya da diqqət yetirsin. Yalnız bu halda o, epik düşüncənin ənginliyində qanad çala bilər. Əkrəm isə bu əsərində yalnız folklora arxalanır. Folklorun yaddaşı isə qoca qarıların huşsuzluğunu, korazehinliyini xatırladır, bu yaddaşın içində Nizami, Abbas Mirzə kimi yüzlərcə tarixi imzalar yoxdur. Xalqın huşunu ( bəlkə huşsuzluğunu?) özündə qoruyan folklor, qoca tarixi həmişə unudur, yaddan çıxarır. Folklorla tarix, biri digərini inkar edən qədim dümənlərdir və el, elat təfəkküründən çıxış etmək sevdası bizim yazıçıları həmişə şifahi ədəbiyyat səviyyəsinə gətirib çıxarıb. Acı nəticə göz qabağındadır, göz qabağında!-biz hələki yazılı ədəbiyyat səviyyəsinə qalxmamışıq. Qalxmamışıq! Özümüzü öldürsək də bu belədir, belə. Yalnız folklora arxalanaraq Azərbaycanın taleyini qələmə almaq iddiası, təkcə, Əkrəmin deyil, həm də Anar Rzayevin, Kamal Abdullanın, Elçin Əfəndiyevin bağışlanılmaz səhvi sayıla bilər. Əlbətdə, onların "Ağ qoç, qara qoç", "Yarıçıq əlyazması", "Bayraqdar" əsərlərini Əkrəmin bu gözəl romanıyla tutuşdurmaq ən azı insafsızlıq olardı. Bu aydındır. Ancaq, Əkrəm də gərək tarixi, ədəbi bilgilərə daha çox müraciət edəydi, folklorla yazılı ədəbiyyat arasındakı qıl körpünü adlayaraq , oradakı uçuruma yuvarlanmayaydı. Əkrəm isə bu KEÇİdi, əsərdə yaratdığı KEÇİ surətini dəf edib, heyvandan insana tərəf öz qəti addımını atmır. Tarixi, taleyüklü məsələlərin həllini həmin KEÇİnin boynuna qoyur, əsərin bütün qəhrəmanlarının- Ətirşah Masan, Yədulla, Sürəyya, Həbib, Ələddinin bu KEÇİyə, tarixin KEÇİd mərhələsinə uduzduğunu təsvir edir. Romanın özülü heç vaxt qoyun-quzu, ala-bula boz keçilərin, ağ qoç, qara qoçun üzərində qurula bilməz. O bunu yalnız canlı insan surətləri vasitəsiylə həyata keçirir. Həə, beləysə gəlin aydınlaşdıraq, görək Əkrəm nəyə görə heyvanları, ilk növbədə keçiləri, insanlarla eyni bir müstəviyə gətirib.

İnsan

təfəkkürünün təməl konusunu təşkil edən dörd səmavi müqəddəs kitaba görə, ulu əcdadlarımız Adəmlə Həvva cənnətin irəm bağından "alma əhvalatı" ilə əlaqədar olaraq qovulmuşlar. Əkrəm, özünün son romanında, çağdaş postmodern həyatın havasına uyaraq, həmin faciəni tam başqa bir tərəfdən yozmağa qərar verir; sanki, qısa şəkildə, tarixin bu əzəl mübtədasını belənçik müəyyənləşdirir: azərbaycanlılar cənnətdən zoofiliya xəstəliyinə, yəni, seksual sapıntılara düçar olduqlarından qovulublar… Axsaq Tavab qarının oğlu Yədulla, 15 yaşlı Masanı özünə arvad seçsə də, onun bütün fikri-zikri, sevgisi başqa yerdədir. Harda? Ağ dayçanın belində… Yədullanın "birinci arvadı" məhz odur. Masanın bu acı teleyi, tarixçəsi sonra onun qızı Sülüyə ötürülür-bu nakam qızın sevgilisi Həbib, boz çəpişin aşiqidir… Qadını… canlı insanı sevməyi bacarmamaq- bu səbəbdən Əylisdə min bir faciə baş verir, sevginin ünvanı qadından heyvan üzərinə KEÇİrildiyindən dünya dağılır. Qadını sevməyən kəndlilər, Həbibin simasında heç həyatın özünü də sevmirlər- həyat sevgisini şer yazmağa sərf edirlər. Yazdıqlarının dəqiq ünvanı üst qatda göründüyü tək, heç də " vətən, millət, sevgili canan, haqq-ədalət" mövzuları deyil- keçidir…ala-bula boz keçi…Bax belə, ay həzarat, ay həşərat… budur Azərbaycanın, onun poeziyasının, onun "Azadlıq" meydanının, onun nakam qadınlarının-Ətirşah Masanın, qızı Sürəyyanin (Sülünün) faciəsi. Qadını keçiyə, canlı həyatı mənasız şerə dəyişmiş həbib həsrətlər, atilla azərbəylər, aslan ağrıdağlar bu satqınlıqlarını 90-cı illərdə daha dərinləşdirərək, indi də siyasətə girişirlər. Vətənləri olan SSRİ-ni satırlar. "Keçi-şer-siyasət" üçbucağında qalıb çırpınan, kişisiz qalmış Sürəyya, əyninə CİNs şalvar KEÇİrərək insan aləmindən, sevgidən uzaqlaşır, sanki o da yeni bir keçiyə, cinə çevrilir. Milli məclisə deputat seçilir, gedib oturur Vaqif Səmədoğlu, Əhəd Abıyev, Zəlimxan Yaqubların böyründə. Onlara isnişir. Bəli, Əkrəm təmamiylə düz buyurur-indi KEÇİd dövrüdür, KEÇİ zamanasıdır, belə vaxtlarda adəm övladı, axirətə sarı gedən qıl körpüyə ayaq basmasa, həmin KEÇİddən adlamasa, onun KEÇİyə çevrilmək, insani xislətini itirərək heyvana çevrilmək qorxusu mövcuddur. "İşıqlı gələcək" dediyimiz zaman kəsiyi, həmin qıl körpüsündən keçənlərlərindir, onu KEÇməyənlər KEÇmişdə, KEÇİ dövründə qalıb heyvanlaşacaqlar- kolxozçu Yədulla, şair Həbib Həsrət, Sürəyyanın özü kimi. Həbib Həsrətə gəlincə, onun "həsrət"inin nə olduğu indi üzə çıxır-o, ömrü boyu insana, qadına, canlı həyata həsrət qalacaq. Ömrü boyu. Sürəyyanı- diri insanı, qadın gözəlliyini keçiyə, yazdığı mənasız şer nümunələrinə dəyişmiş bu məxluq, Əylisdəki torpaq payını da axırda moskvalı Ələddinə satacaq, elə bax bu səbəbdən onun Sürəyyası da əsərin sonunda Ələddinin arvadı olacaq, nəhayət ki, öz bakirəliyini itirib, qadınlığını hiss edəcək, Əkrəmin böyük sevgiylə təsvir etdiyi " təzəcə biçilmiş ot iyinin iydə, heyva çiçəyinin iyinə qarışmış o qəribə KİŞİ İYİ" ni burnuna çəkə-çəkə, xoşbəxt olacaqdır. Əsərin bu yerində Əkrəm böyük ustalıq göstərərək Əylisi didib parçalayan qədim ziddiyyətləri, ilk növbədə seksual ziddiyyətləri nəhayət ki, barışdırmaq istəyir. Necə? Yaratdığı Ələddin surətinin köməyi ilə. Onun qolları arasında iki insan öz dünyasını dəyişir: Ətirşah Masan öz canını Cənabi-Əzrayıla, Ələddinin qucağında tapşırdığı kimi, Sürəyyanin qadın taleyi də məhz orada-Ələddinin qolları arasında dəyişir. Hər iki qadın orda öz cinsi xüsusiyyətlərinə yenidən qayıdır. Hələki yalnız qadın olur. Bəs, insan olmaq …bəli, insan olmaq, insana çevrilmək nə vaxt baş verəcək?
Gəlin özümüzü aldatmayaq, əyri oturub düz danışaq: Əkrəmin bu əsərində İNSAN adında bir varlıq yoxdu. Yoxdu, vəssəlam! Bir sürü Əylis keçisi var. Buranın- yəni Azərbaycanın , kütbeyin insanları təbiətdən, heyvanlardan hələki ayrılmayıblar. Masan xala ətirşah gülləriylə sevişdiyi kimi, kişilər də keçilərlə, ağ dayçalarla yaşamaqda öz mənalarını tapıblar. Kişilərin heyvanlarla yaşamağını pisləyən, anadolu türkləri demiş "kötüləyən" Əkrəm, neyçünsə qadınların ay işığı, ətirşah gülləriylə, yəni TƏBİƏTlə yaşamağına qətiyyən gülmür, əksinə, Əylis camaatının bu panteizmini müsbət bir qütb kimi səciyyələndirir, bu debil kənd təfəkkürünə bəraət qazandırmaq, cahiliyyə dövrünü yaşayan qadınları, heyvan totemlərinə tapınan kişilərdən üstün olduğunu sübüt etməyə can atır. Qəribə bir mənzərə yaranır, Əkrəm sanki indi dəbdə olan qender fəlsəfəsinə uyaraq dünyanı iki hissəyə bölür: təbiət, nəbatət dünyası qadınlarla, heyvanlar kişilərlə sevişir…Bitkilər bu həyatın xeyir, heyvanlar şər qütbündədir-mübarizə bitki aləmiylə heyvanlar arasında, daha dəqiq desək, ətirşah gülləriylə qoşabuynuz keçilər arasında baş verir. Hörmüzlə Əhrimanın bu sonsuz savaşında Əkrəm birmənalı şəkildə qadınların, nəbatət aləminin, xeyrin tərəfindədir. Kişilərin xisləti isə, heyvanat aləmiylə, qədim şər tanrısı Əhrimanla bağlı olduğundan, Əkrəm bu əsərində lopabığ azərbaycan "kişilərinə-keçilərinə" qəti surətdə yox deyir. Ətirşah Masanın simasında Əylis kəndində son günlərini yaşayan tarixin madərşahlıq, matriarxat dövrü üçün göz yaşları tökür. "YA ƏHRİMAN -RAHİMİN ADİL ALLAH"- zülmət tanrısı Əhrimana ünvanlanmış bu şər duası, heç də təsadüfən əsərin başlığına çıxarılmayıb. Əkrəm demək istəyir ki, 90-cı illərdən Azərbaycan tarixinin Əhriman dövrü başlayıb. Dünya xalqlarının əski mifoloji dəyərlərinə görə, KEÇİ heyvanların içində ŞEYTANın zooloji qardaşı, oxşarıdır. Şər qüvvələrə inanc gətirmiş alimlər, "qara kitab"larının ilk səhifəsini həmişə uzunsaqqal, qoşabuynuz keçi rəsmi ilə bəzəyirdilər. İslam dininin, onun "ər-rəhman" kəliməsinin içindən əski şər tanrısı Əhrimanın adını çıxarmaqda çətinlik çəkməyən Əkrəm Əylisli, bu ədəbi fəndini insan üzərində də sınamaq qərarına gəlir. Yaratdığı hər bir ədəbi surətin xislətdə Əhrimanın, keçinin varlığını aşkarlayır. Vurğuladığım mövzuyla səsləşən epizodları diqqətinizə çatdırıram:
"-Pulu neynirsən?-dedi.-Həna alıb, Keçi bəyin saqqalına yaxacaqsan?
-Bax e, bir buna bax! Bu da Elçibəyi bəyənmir!- Sülü yanıqlı-yanıqlı söyləndi.-Çox görmüşük sənin kimi imperiya nökərlərini. Gəllik hakimiyyətə, onda bilərsən ki, keçi kimdi, adam kim. -Və o "KEÇİ" sözündən Sülünün canında soyuq, sazaqlı bir külək əsdi".
Yaxud, əsərin digər bir yerinə diqqət yetirək:
"Və 1990-ci ilin qanlı yanvar gecəsi- Mirzə Xəzər Münhendən zəng eləyəndə o sanballı qəzetin redaksiyasında telefonun dəstəyəni niyə məhz Sürəyya Ətirşah götürməliydi və: "Mən şairəm. Mən jurnalistəm. Ruslar millətimizi keçi kimi bəyirtdilər"- formasında qısa, alovlu, Milli ruhlu cümlələr niyə görə dünya efirinə məhz Sürəyya Ətirşahın səsiynən yayılmalıydı?... Və əgər bu bivəfa dünyada təsadüflə qanunauyğunluq bir bezin iki qırağı deyildisə, onda nəyə görə 1991- ci ilin ilk baharında Yazıçılar Birliyində, hələ lap təzəcə təsis olunmuş, "Sarı dana" mükafatını (ilk dəfə) "525-ci qəzet"də çıxan "Çəpiş olmaq istəyirəm" adlı lirik poemanın müəllifi Sürəyya Ətirşah almalıydı?".
Bax, belə-belə işlər, qırılsın keçilər, keşişlər. Əbülfəz Elçibəylər, Sürəyya Ətirşah, Mirzə Xəzərlər. Attila Azərbəylər, Həbib Həsrət, Yədullalar. Allahlar, mollalar, siyasətçilər-Əhəd Abıyevlər, Vaqif Səmədoğlular. Rəsul Rza, onun 70-ci illərdə yazdığı millətçilik ruhlu "Sarı dana" şeri. Rədd olsun keçi piyi iyi verən azərbaycan şeri! Yaşasın Ətirşah Masan, onun gül-çiçəkləri, onun madərşahlığı, matriarxatı! Yaşasın təbiət, rədd olsun heyvanlar. Kişi yoxdu Azərbaycanda, yoxdu! Kişi iyini insanlarda axtarma- onu hələki ancaq təbiətdən, onun ot-çiçəyindən almaq mümkündür. Təbiətdə mövcud olan, insanlardan isə çəkilib getmiş kişi iyini , Əkrəm bax, bu cür təsvir edir: "Təzəcə biçilmiş ot iyinin iydə, heyva çiçəyinin iyinə qarışmış o qəribə kişi iyi". Bəli, bu iy, Ələddinin Moskvaya getməyiylə Əylisdən tamam çəkilir, sonra, əsərin lap axırında elə həmin Ələddinin simasında yenidən doğma yurduna dönür, Sülünü xoşbəxt edir…Dediklərimizdən belə görünə bilər ki, Əkrəmin bu əsərinin bir mövzusu da, itkin düşmüş kişi iyi barədədir. O təbiətdə var, insanlarda isə yoxdur-kənd keçiləri isə öz növbəsində bu qoxunu verən ot-çiçəkləri tələf etməklə məşğuldurlar. Təkcə keçilərmi? Mirzə Xəzərlər, Atilla Azərbəylər, Əbülfəz Elçibəylər də məhz bu işə qoşulmuş məşum məxluqlardır… Mövzumuzu bir az da dərinləşdirib, genişləndirək: keçi toteminə olan qədim inancımızın acı nəticəsi kimi, zaman, 90-cı ilərdə onu bizə prezident şəklində hədiyyə etdi. Necə ki, əsərin 13-cü fəslində Sürəyya Ətirşah, sevgilisi Həbibə, onun zoofiliyasını nəzərə alaraq, ağ bir çəpiş hədiyyə edir…Fani zəmanənin azərbaycan türkünə hədiyyə olaraq göndərdiyi prezidentlə bu çəpişin oxşarlığını, Əkrəm sətiraltı bir eyhamla sevimli oxucularına çatdırır.
Beləliklə, gəldiyimiz qənaət qətidir: Azərbaycanda , daha doğrusu, Əkrəmin bu son əsərində insan yoxdur, heyvanlar, dəqiq desək, keçilər var. İnsan, şair-deputat Sürəyya Ətirşahın bətnindəki uşaqdır. Onun haçan, nə zaman doğulacağı isə, hələki sual altındadır.
Məsələnin başqa tərəfi: bu bədii mətndə, bəli, insan yoxdur. Bəs, Allah niyə yoxdur? Niyə? Aşağıda, biz bu sirrin, tapmacanın cavabını vermək xəyalındayıq.

ALLAH-

ı olmayan bədii mətndə bir qayda olaraq heç canlı insan surətinin özü də olmur. Dünya ədəbiyyatı, xüsusən, F. Dostayevski, L. Tolstoy yaradıcılığının təcrübəsi sübut edir ki, yazıçı, qələmə aldığı mətnin metafizikasında Allaha inanmasa, o, bu əsərin fizikasında canlı insan surətini qətiyyən yarada bilməz. Məncə, bədii mətnin bu sirri, dünyada Allahın varlığını isbatlayan ən ciddi, tutarlı, vacib amillərindən biridir. Yazıçı gəlib Allaha yetişməsə, qələmə aldığı qəhrəmanın Allahını sezməsə, o, həmin insanın canlı xüsusiyətlərini təsvir etməyi heç bacararmı? Yox. Ədəbi mətnin bu gizli cəhəti, insanın bir varlıq kimi, yalnız Allahın təsir gücüylə yarandığına da işarət edir. Bəli, bədii mətndə ateizmin mövcudluğu qətiyyən mümkün deyil. Sözün qısası, ədəbiyyat dini bir anlayışdır, o həmişə kilsəni, məscidi xatırladır. Dediklərim ilk növbədə realizm janrına, canlı insan surətləriylə bol-bol üzləşdiyimiz, adına "böyük nəsr" deyilən ədəbi mətnlərə məxsus bir həqiqətdir. Düzdür, çağdaş dünya ədəbiyyatının parlaq imzalarını əks edən L. F. Selin, E. Limonov, V. Pelevin, X. Murakami, A. Miller kimi yazarların əsərlərində Allahı axtarmaq əbəsdir- bu, həmin yazıçıların öz romanlarını müəllif eqosu üzərində qurmaqlarından qaynaqlanır. Onlar canlı insan surətlərini yaratmır, yalnız öz eqosentrik düşüncələrini oxuculara çatdırırlar. Nəticə göz qabağındadır, necə deyərlər "kor kor, gör gör"- adlarını sadaladığımız müəliflər, kiçik istisnaları nəzərə almasaq, demək olar ki, çox saylı bədii qəhrəmanlarını yaratmağı bacarmayıblar, bəlkə bu vəzifəni heç qarşılarına belə qoymayıblar. Bütün bunlar yuxarıda gəldiyimiz nəticəmizi bir daha təsdiqləyir- Allahı olmayanların, heç canlı ədəbi qəhrəmanları belə olmur. Yazıçı, ibrahimi dinlərin ( musəvilik, xristianlıq, islam) Allahını inkar edib, cahiliyyə dövrünün tanrıcıqlarına iman gətirirsə, bu onun simvolizmə yuvarlanmağıyla nəticələnir ki, çağdaş azərbaycan ədəbiyyatı bunun canlı ( düzünü desək, cansız) nümunəsidir. Söz sənətimizin bəxtinə yazılmış "bulud, şam, pərvanə, vətən, millət, mələk, şeytan" və s. simvoları burdan qidalanır-cahiliyyə dövründə ağaclara, heyvanlara, qadına, torpağa olan əski adət-ənənələrimizdən. Ədəbiyyatımız fəlsəfi-dini mənada hələ də cahiliyyə dövründə ilişib qalıb, o hələ də təkallahlığı mənimsəyə bilməyibdir. Onun realizmə keçməyinə, canlı insan surətləri yaratmağına, fəlsəfəyə səmtlənməyinə məhz bu maneçilik törədir.
Əkrəm, son əsərində bütün bunlara sadiqdir-gah realistdir, gah simvolist. Qarşısına qoyduğu əsas qayələri o, realistcəsinə deyil, simvolların ( ətirşah gülləri, keçi, kişi iyi və s.) köməyi ilə açır. Nəsr isə bunu sevmir. O realizmi sevir. Hadisələri realistcəsinə təsvir edən Əkrəm, bütün digər məsələlərdə qatı simvolistdir. İslamı inkar etsə də, əsərinin dramaturgiyasını dini süjet ətrafında qurub: Cənnət, onun itirilməyi, məşhər günü, dünyanın axırı, şər-şeytanlar…
Bütün bunlar məni yenə də bayaq söylədiklərimə qayıtmağa sövq edir: bədii mətndə ateizm mümkün deyil. Bunu etmək istəyənlər , realizmdən ayrılıb simvolizmə, eqosentrizmə yuvarlanacaqlar. Xüsüsi olaraq qeyd edirəm: Allah, bədii mətnin alt qatında, onun metafizikasındadır, onu üst qatdakı fizikaya çıxarmaq yazıçıya heç vaxt uğur vəd etmir.
Elə Əkrəmin özünə də. Bəlkə dünyada Allah yoxdu, ancaq bir yazıçı kimi, çox böyük bir məsuliyyətin altına girərək deyirəm: bədii mətndə Allah var. Var! O, Əylisdə, Əkrəmdə də mövcuddur, sadəcə o, Allahı qəbul etmir. Dünyanın rəhmani, şeytani tərəflərini eyniləşdirmək, Rəhman adının içində Əhrimanın varlığını axtarmaq, Əkrəm bəy, sizi aldadıcı istiqamətlərə aparacaq. Razıyam, biz Rəhmana deyil, Əhrimana inanırıq. Lakin bunun da müəllifi elə biz özümüzük. Özümüz…Ətirşah Masan kimi cadugərlərə isə, mən heç vaxt inanmamışam. Haqverdiyevin "pəri-cadu"sunu xatırladan bu küpəgirən qarıya qoy Azərbaycan musiqi estradasının şou-biznes ulduzları inansın. Yeri gəlmişkən onu qeyd edim ki, tənqidçi Vaqif Yusifli, ünlü Bakı cadugəri Falçı Məlahət haqda "ciddi" bir kitab qələmə alıb. Bu qadının bir oğlu polis işçisiydi, sonralar həbs edildi-nəzarətində olan Nəvahı torpaqlarından keçən dəmir su borularını kəsib doğrayıb İran tacirlərinə satırmış. Bu insanın soyadı çox maraqlıdır, desəm inanmazsınız- Abadov! Nəyi abad edirmiş bu ana-bala? Nəyi? Ac-susuz Navahı çöllərinə su verməkdənsə….Nəysə…lap əsəbləşmişəm…
Bizim yazıçıların qəribə xasiyyətləri var-öz əməllərinin səbəbini "fani zamanda" axtarmaq. Elçin Əfəndiyevin son əsəri olan "Bayraqdar" povestini götürək elə. Onun baş qəhrəmanı adına "Eysebio" ayaması yaxılmış yeniyetmə qaçqın balasıdır. O, futbolda ad çıxarıb, qohum-qardaşın ümüd çirağına çevrilib, hamı ona baxaraq xam xəyallarla yaşayır- Eysebio bizi xaricə aparacaq, pul qazanıb bizə yardım edəcək. Qəflətən bədbəxtçilik üz verir- Eysebio dəmir zubilin üzərinə yıxılaraq həlak olur…Elçin bu hadisəyə dərin məna verməyə meyillidir: Fani zaman, dəli ruzgar bizim dünyaya açılacaq qapımızı örtdü, əcəl yolumuzu kəsdi…Məncə, Eysebionu qətlə yetirən Fani zaman deyil, elə yazıçı Elçinin özüdür ki, özü. Azərbaycanın yeni düşüncəli yazarlarına sinfi nöqtədən yanaşaraq onları "lümpen" adlandıran bu "baladadaş" , Eysebionun timsalında bütün azərbaycan gəncliyini dəmir zubillə "lomlayıb" öldürmək istədiyini özü də bilmədən qələmə alıb. Bəli, Eysebionun qatili Elçindən başqa kim ola bilər ki? Müəllif hər mənada…hər mənada məhz odur…Qatil də elə odur. Povestin müəllifi.
Şükürlər olsun ki, Əkrəmdə bu cür sapıntılar yoxdur. Bütün dediklərimə rəğmən, "Ətirşah Masan" həqiqətən gözəl əsərdir. İnanın ki, mən onu sevdim. Bunun səbələrini də gəlin sizə açıqlayım.

AZƏRBAYCAN-

lıların şüuru azdı, istedadları bayağı sentimentaldı. Məsələ şüuraltıya gəldikdə isə, vəziyyət müsbətə doğru xeyli dəyişir. Yazılı ədəbiyyatımızın zəifliyi, üstəgəl ölüvaylığı, ondan qaynaqlanır ki, biz əclaflar, həmişə bədii mətni "şüur+isdedad" dialoqu üzərində quraşdırıb, onun gözünə şüuraltı dünyamızı qatmırıq. Bu ona bənzəyir ki, hər yerə, hətta məscidə belə, prezervativlə gedəsən. Əkrəm qadasınıaldığım, özünün bu əsərində, azərbaycan şüurunun, əslində şüursuzluq olduğunu qəti şəkildə isbatlayıb. Üstündən qara xətt çəkib onun, istedadımızı isə ayaqyoluna tullayıb, su da tökməyib arxasıycan. Şüuraltımızı paxlava edib qoyub bayram xonçamıza, yazdığı bədii mətnin əsasına. Romanın qəhrəmanı Sürəyyanın körpəliyindən bəhs edən Əkrəm qeyd edir ki, bu uşağın, iraq olsun, bir adəti vardı-nəcisini divara yaxmaq. Əsərin sonrakı səhifələrində biz, bu milli adətimizin tam inkişafını görürük: bu dəfə, Sürəyya, laydivarlara daha öz poxunu yaxmır, ağ vərəqələrə şerlərini yazsa da, sanki öz qədim adətini indi bir başqa cürəsinə təkrarlayır. Şair Atilla Azərbəyin evində qonaqkən də, Sürəyya bu qədim azərbaycan ayinini yenə də həyata keçirir. Sağ ol ee, Sürəyya! Payın artıq olsun! qadan bu millətin başına… poxun bu ölkənin ağzına…Qədim xəzinələrin dibində ilan yatdığı halda, bizim şerimizin şüuraltısında pox yatır, pox.…Əsərin digər epizodik qəhrəmanı Atilla Azərbəy də, vaxtilə doğma kəndindən ayrılıb Bakıya gəldiyi ilk gün, belənçik bir xəta yapıbmış. Burda gəlin sözü Əkrəmin özünə verək:
"Kəndən şəhərə gəldiyi birinci gün bir uzaq qohumunun evində gecələyən yazıq Abdulla ( unitazın təyinatını bilmədiyindən!) tualetdə kəndqaydası, yerdə oturub, öz mənfur işini görmüşdü. Və o hadisəni hər dəfə yadına salanda, lap indinin özündə də Abdulla o unitazı icad eləyənin yeddi arxa o yandakı nəsilbənəsilinə lənət oxuyardı".
Belə de…zamanın mətbəx bıçağı azərbaycanlını azca çərtən kimi, ondan qan deyil, pox çıxır! kəndlilər öz "üstüaçıq kənd"lərindən Bakıya şer deyil, nəcis gətiriblər… onları doğub əski üstə qoyanların var-yoxunu mən…
Azərbaycanlının şüuraltısında keçi totemini tapan Əkrəm, şerimizin də alt qatlarına bir qəvvas kimi baş vurub, ordan bir qəbirsanlıq yekəliyində pox-püsür tapır…Can ey, Azərbaycan poeziyası…sən nə üçün zatındakı bu sirri gizləmisən? Demisən ki, onu tapmayacaqlar? Ay-hay! Gözünə su ver, Əkrəmin son əsərini oxu! Tap-dı-lar bu sirri, tap! dı! lar! Mütəllibov yazıq boğazını boşuna yırtmırmış, ay oğraşlar-buraxmaq olmazmış bu kənd balalarını şəhərə. Olmazmış…
Azərbaycan söz sənəti, Əkrəmin bu son əsərinin qara kölgəsində özünə yep-yeni bir istiqamət tapdı. Sağ ol, Əkrəm! Səndən bunu heç gözləməzdim. Sənin "Gilanar ağacına dediklərim", "Kür qırağının meşələri" adlı dünyan bu son əsərində lap kələ-mayallağ aşıb ki… Dönüb olub "azərbaycan nəcisinə dediklərim", "Kür qırağının pox-püsürü"! Bəli, biz indi ədəbiyyata "şüursuz şüurumuzu, istedadsız istedadımızı" deyil, "şüurlu şüuraltımızı, istedadlı alt şüurumuzu" gətirməlik ki, biz AYO-çuların son üç-dörd illik fəaliyyəti elə buydu, bu. İnanmırsızsa, hələ iki il öncə "Ulus" qəzetinə verdiyim bir parçanı indi diqqətinizə çatdırım:
"Mənsub olduğum postmodern estetikanın vacib tələblərindən biri söz sənətinə yeniliklə yanaşı, həm də köhnəlik gətirməkdir. Ən yeni dövrdən danışdıqda belə ən qədimə qayıtmaq lazım gəlir. Söz sənətinin əski nümunələri olan "Dədə Qorqud", "Qilqameş" dastanlarının quruluşuna fikir vermisinizmi? Bu dastanların əldə olan hissələrinin sayı sizcə, nəyə görə məhz on ikidir?
-Nəyə görə?
-Əslində bu fəsillərin sayı 24 olmalıdır - yaşadığımız bir günü təşkil edən saatların sayı qədər. Məsələn, antik yunanların "İliada", "Odisseya" eposlarındakı fəsillərin sayı məhz 24-dür. Bu 24-ün 12-si həqiqətin batini, sakral, gizli, sirli, metafiziki, qaranlıq, 12-si isə zahiri, profan, açıq, fiziki, işıqlı tərəfidir. Son iki min ildə dünya ədəb-iyyatı, o cümlədən Azərbaycan yazılı ədəbiyyatı bu 24 hissəli ilahi mətnin ancaq ikinci - işıqlı, zahiri, profan, fiziki tərəfini əks etdirməklə məşğul olub. Başqa sözlə, ədəb-iyyat "sutkasının" ancaq gündüzü əks olunub, gecəsi isə qaranlıq qalıb. Avropa mədəniyyəti Hötenin "Faust"u, Balzakın epik romanları, Dostoyevskinin psixoloji dastanları, Selinin çılğın etirafları, Limonovun eqosentrik fırtınaları, Sorokininin öldürücü sarkazmı, qısası özünün bir çox nümunələri ilə məhz bu qaranlıq qalan 12 hissəni, yəni ədəbi mətnin gecəsini açmaqla məşğul olub. İndi isə bu xətt dünya ədəbiyyatının aparıcı yönünə çevrilib. Postmodern ədəbiyyat məhz bunun sayəsində dünyanı lərzəyə gətirib. Müasir Azərbaycan ədəbiyyatının türkmənbaşıları - azərbaycanbaşıları isə var qüvvələri ilə çalışıb bu "gecənin" işıqlanmasına mane olmaq istəyirlər. Çünki bu gecə işıqlandıqca onların ədəbi çöhrəsi özünün bütün miskinliyi ilə üzə çıxır.
- Bəlkə dediklərinizi konrket faktlarla əyaniləşdirəsiniz.
- Buyurun. Ustad şair Şəhriyarın "Heydərbabaya salam" poeması bayaq dediyim 24 hissəli o ilahi mətnin üzə çıxan yalnız 12 işıqlı hissəsidir. Şəhriyar onun qaranlığını, yəni şər tərəfini qələmə almayıb. "Nekroloq" romanındakı "Madonna. Bıçaq. Adaş. Qətl" hissəsinə daxil olan "Xeybərbabaya salam" novellasında mən onun şər hissəsini də qələmə almaqla mətnin əzəli bütövlüyünü bərpa etməyə çalışmışam. Nəticədə həmin ilahi mətn bütövləşib. Siyahını davam etdirək. Həmin hissəyə daxil olan "Baladadaşın son əclaflığı" nda isə Elçinin "Baladadaşın ilk məhəbbəti" povestinin qaranlıq hissəsi qələmə alınıb, mətn bütövləşib. Başqa misal: romanın "Tərcümə mərkəzi" adlı hissəsində Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinin qaranlıq tərəfi, yəni bədii dillə desək, beşmərtəbənin zirzəmisi işıqlandırılıb. Nəticədə beşmərtəbə bütöv görünür. Postmodern ədəbiyyatın başlıca qayəsi məhz budur. İndiyədək yarımçıq qalmış bədii mətnlərin tamamlanması.
- Maraqlıdır, davam edin. Dediklərinizdən belə çıxır ki, ustad Şəhriyarın, ağır çəkili 60-cıların bədii mətnləri yarımçıqdır?
- Bəli. Ancaq, bədii mətnlərin bütövləşməsi prosesi yalnız postmodernistlərdən qaynaqlanmır. Bunu dahi Nizami də edib. İlk dəfə o özünün "İskəndərnamə"sində işıqla zülmətin, şərəflə iqbalın vəhdəti məsələsini qoyaraq problemin bədii həllinə nail olub: əbədiyyətin, ölməzliyin ağla qaranın, xeyirlə şərin, gecə ilə gündüzün vəhdətində olduğunu təsdiqləyib. Ən maraqlısı isə budur ki, bu vəhdəti çağdaş bədii fikrimizdə ustad yazıçı Sabir Əhmədli özünün "Dünyanın arşını" romanında əks etdirir. Əsərin mövzusu bütövlüklə "İskəndərnamə" ilə səsləşir. Romanın baş qəhrəmanı filosof Arif də eynilə İskəndər kimi iki "aləmə" səfər edir: qardaşının rəhbər vəzifədə işlədiyi doğma Cəbrayıla, bir də digər qardaşının İkinci Dünya Savaşında həlak olub dəfn edildiyi Polşaya, yad məkana. Arifin qardaşının məzarı üstündən götürdüyü torpaq İskəndərin zülmət dünyasından götürdüyü daş-qaşları yada salır. İskəndərin daş-qaşları onu ölməzlik arzusuna qovuşdurmadığı kimi Arifin də götürdüyü bir ovuc torpaq doğma Cəbrayılda öz təyinatını tapmır. Hər iki halda dirilik suyu tapılmır. Çünki nə İskəndər, nə də Arifin düşüncəsində işıqla qaranlıq, xeyirlə şər, zahiri ilə batini, sakralla profan hələ birləşməmişdi. Bir sözlə onların düşüncə sutkası hələ ancaq gündüzdən ibarət idi. Dirilik suyunu tapmaq üçün isə məhz onlar vəhdətdə olmalıdır. Nəticə: belə çıxır ki, həqiqi, əbədi, diri mətn o vaxt yaranır ki, onun iki tərəfi - "Şərəfnamə" ilə "İqbalnamə", Polşa ilə Cəbrayıl, ölümlə dirim birləşsin. Bu da sizin üçün bədii mətnin əzəli sirri. Nə yazıq ki, ədəbi azərbaşılarımız - azarbaşlılarımız bunu anlamaq iqtidarında deyillər.
- Kimi nəzərdə tutursunuz? Yenə köhnə, məlum, məşhur 60-cılar haqq-hesabı?
- Yanılmırsınız. Amma bura bir təyin də əlavə edin: məşum 60-cılar. Məsələ burasındadır ki, 60-cılar söz sənətinin ölçülərini "ədəb-iyyat" deyilən bir janrın prinsipləri ilə təyin edirlər. Nəzərə almırlar ki, Şərqin "ədəb-iyyat" anlayışı ilə Avropanın "literatura" anlayışı arasında dərin bir uçurum var. Elə canında gəzdirdiyi "ədəb" sözündən göründüyü kimi Şərqdəki "ədəb-iyyat" anlayışının başlıca meyarı estetika deyil, etikadır. Avropanın "literatura" anlayışına gəldikdə isə onun məğzində etikadan çox, estetik prinsiplər durur. 60-cılar əski Şərqə məxsus ədəb-iyyat anlayışının əsirləridir. Bu səbəbdən hətta Avropa "literaturasından" da ədəb-iyyat, yəni ədəb-ərkan gözləyirlər. Nəticədə, Avropanın postmodern ədəbiyyatını, yəni Lui-Ferdinand Selini, Eduard Limonovu, Çarlz Bukovskini, Jan Jeneni, Viktor Pelevini ədəbiyyat saymırlar. Bəli, bu, "ədəb-iyyat" deyil, literaturadır, onu öz meyarları ilə anlayıb dərk etmək gərəkdir. Qısası, 60-cılar qoy bir hələ ədəb-iyyatla vidalaşsınlar ki, biz onları literatura sayaq".
Daha sözüm yoxdu- Əkrəm, son əsərində postmodern üslubun bir çox şərtlərinə əməl edərək, "ədəb+iyyat, etika" anlayışlarını ləğv edib, estetika ilə "literatura"nı isə saxlayıb. Bax belə, Bazarbaycan+Ədəbbaycanın iyvermiş qələm ustaları, gözünüzə şiş batsın sizin… Əkrəmə baxın, ondan öyrənin…Əclaf köpəkuşaqları, zatınızı kim kəsəcək sizin, kim?
Kim? Bu sualın cavabı elə onun öz içindədir- Əkrəm… üstəgəl, biz AYO-çular. "Ətirşah Masan"da fəsillərin sayı da, bizim yuxarıda dediklərimizə uyğun olaraq, 24-dür. Gəlin, bu rəqəmi sözün hərfi mənasında dərk etməyək. 24, ilk növbədə gecəylə gündüzün, şərlə xeyirin, ölümlə dirimin, Əylisdəki Əhrimanla mələyin vəhdədir ki, bütöv bədii mətn yalnız onların bir qütbdə birləşdiyi anda yarana bilər. Qayıdaq əsas məsələyə, əsərdəki fəsil sayının məhz bizim tələb etdiyimiz kimi 24 olmağına…Təsadüfdürmü bu? Həmin sualın cavabı "Ətirşah Masan"da mövcuddur- romanın "Əlahəzrət təsadüf" fəslində Əkrəm deyir: "bu cür inqilabi hərəkat dövründə bütün təsadüflər qanunauyğun, bütün qanunauyğunluqlar təsadüfüdür". Misal gətirdiyimiz "təsadüf"lərin sayını artırmaq da olar. Bu dəfə, dünya kinosunun son nümunələrindən birinə müraciət etmək məcburiyyətindəyik, ey Bəlabaycanın, Əmircanın bisavad insanları.
2000-ci də fransız rejissoru Benua Jako, Amerikanın Hollevud kinostudiyalarından birində, "Markiz de Sad" adlı filmini çəkib. Qısa da olsa, filmin məzmununu diqqətinizə çatdırım, ay Azərbaycanın bədbəxt camaatı…1794-cü il, Fransa inqilabi dövrü. Markiz de Sad adlı bir zədəgan, yazdığı seksual əsərləri ucbatından, Parisin Sen-Lazar zindanına salınıb. Həmin zindanın başqa bir dustağı, vikont de Lanprinin qızı Emilidən istifadə edərək, markiz De Sad, qələm-kağızsız qalmır. Yenə də öz seksual əsərlərini yazır, gözəl Emilinin vasitəsiylə onu Paris mətbuatına ötürür. Duyuq düşən nəzarətçilər De Sadın qələmini əlindən alırlar. O, bu dəfə də qələmsiz qalmır-əsərlərini qanıyla yazır. Bu imkan da onun ixtiyarından çıxınca, De Sad yenidən fənd işlədir- bədii əsərlərini öz ….nəcisiylə….bəli! öz nəcisiylə, zindanın soyuq divarlarına həkk edir…Sen-Lazar məhbəsində əsl inqilab baş verir, qiyam etmiş dustaqlar onu yandırıb azadlığı çıxırlar…
Əkrəm demiş, "inqilabi hərəkat dövründə büütün təsadüflər qanunauyğun, bütün qanunauyğunluqlar təsadüfüdür"… "Ətirşah Masan"a müraciət edək, onun bir sıra ilginc sətirlərini yadımıza salaq, Sürəyya Ətirşahın, azərbaycan şair-inqilabçısı Attila Azərbəyin ( Əkrəm ona İRREH MÜƏLLİM də deyir) təkotaqlı mənzilində tualetin divarlarına yazdıqlarını, bir daha xatirəmizdə canlandıraq: "Unitazın qırağında bir topa "o şey" görünürdü və elə o şeyin özündən də tualetin divarına, iri (iyli!) həriflərlə "İRREH MÜƏLLİM" sözləri həkk olunmuşdu".
Markiz de Sadın sağ əli (nəcisli əli…) Azərbaycan ədəbiyyatının başına! Əkrəm heç nədən qorxmayaq, fransız inqilabından başlayan uzun bir süjet xəttini, gətirib Bakıya çıxarır. Sağ ol,Əkrəm, bu iki inqilabı sən ancaq bu cür uzlaşdıra bilərdin. Bunu da bacardın. Azərbaycan, Fransa nəcisinin birləşdiyi bu geniş tarixi meydanda, sən Əkrəm, "ağ kitab"dan "qara kitab"a keçməkdə nə lazımdırsa etdin… "Qara kitab" mövzusuna gəlib yetişdiksə, onda, mən iki il öncə yazdığım "Alatoran -1 əməliyyatı" məqaləmə müraciət etmək istəyirəm:
"İstər Qərb, istər Şərq təfəkküründə, bizərin yaxşı-yaman əməllərini qeydə alıb, onları ayrıca kitaba yazan İnkir-Minkir mələkləri haqda əfsanələr var ki, 19-cu əsrə qədər dünya ədəbiyyatı bu iki mələkdən yalnız İnkirin-yəni, xeyir mələyinin yazdığı "ağ kitaba" söykənirdi-həmin ağ kitab insan oğlunun xeyirli, işıqlı tərəflərinə güzgü tutmaqdaydı. İlk dəfə 19-cu əsrin birinci rübündə dahi, uzaqgörən alman şairi Höte, ədəbiyyatın istinad nöqtəsini həmin "ağ kitabda" axtarmadı, söz sənətinin diqqətini, insan xislətinin qaranlıq, zülmət, şeytani tərəflərini özündə əks edən "qara kitaba" sarı səmtləndirdi. Onun ölməz "Fast" əsəri, ədəbiyyata ilk kərə gətirilmiş həmin "qara kitab"ın birinci cildi kimi qiymətləndirilməlidir. Məhz Hötenin bu əsərindən sonra Fransız yazarı Balzak, mənfi qəhrəmanları bədii mətnin həlledici surətlərinə çevirdi, adəm oğlunun bütün mənfi cəhətlərini dərindən öyrənib qələmə aldı-halbuku Höteyə, Balzaka qədər ədəbiyyat insana daha çox əxlaq dərsi verir, müsbət qəhrəmanları özünün diqqət mərkəzində saxlayırdı. Balzakdan sonra, dediyim o "qara kitab"ın növbəti cildlərini Dostayevski, Nitşe kimi filosof-yazarlar qələmə alaraq, 20-ci yüzildə həmin vəzifəni Lui Ferdinand Selin kimi ecazkar bir yazıçıya "tapşırdılar". Həmin "qara kitab"ın ilkin şərtlərindən biri, yazıçının nəinki yaşadığı ətraf mühüti, Həm də özünü, öz daxili aləmini tənqid etmək vəzifəsidir ki, Selin bu işin öhdəsindən böyük məharətlə gəlir, hətta öz ata-anası haqda yeri gələndə ən amansız həqiqətləri deməkdən belə çəkinmirdi. Necə ki, Dostoyevski də həmçinin, özdoğma atası haqda həmişə açıq-aşkar sərt, amansız münasibət bildirməkdən əsla qorxmurdu, utanmırdı. Bu, onun Höte, Balzak , Nitşe kimi, öz yaradıcılığında həmişə Minkirin yazdığı "qara kitab"a söykənməyindən irəli gəlirdi. Bizim "anarlar" isə, hər cəhətdən, İnkirin yazdığı "ağ kitab"a söykənir, bu görə də Anarın ilk qələm məhsulu " Ağ liman" adlanır-bu limana həmişə romantik şair Lermontovun sevib vəsf etdiyi ağ gəmilər daxil olur. Bizim üçün Anarın tutduğu yol çox köhnədir, onun "ağ limanı" neft, rüşvət, xəyanət tullantılarıyla başdanbaşa çirklənib. Anar Rzayevin həm bizim, həm Selinin ünvanına dediyi nəlayiq ifadələrin kökünü məhz yuxarıda dediklərimdə, "ağ kitab"la "qara kitab"ın bir-biri ilə əbədi mübarizəsində axtarmaq gərəkdir. Əgər, eynəkli, qəlyanlı Anar, bir yazıçı kimi, Dostoyevski, Höte yolunda sarvanlıq etsəydi, o öz ata-anası haqda hətta ən acı həqiqətləri belə boynuna alardı, məsələn, etiraf edərdi ki, Rəsul Rza 1958-ci idə Pasternak əleyhinə keçirilən iclasların fəal iştirakçısı olub, ona qarşı ucuz çıxışlar da edib…Bakı göylərində Rəsul Rza təyyarəsi çoxdan qəzay uğrayıb, onun "qara qutusunu-qara kitabını" oxumaq bizim üçün indi daha əhəmiyyətlidir".
90-cı illərdə Bakı üzərində uçan "Əkrəm Əylisli" təyyarəsi də qəzaya uğradı. Ancaq onun yiyəsi-Əkrəm Əylisli, öz təyyarəsinin "qara qutusunu-qara kitabını" öz oxucularına çatdırmaq işindən əsla çəkinmədi. "Ətirşah Masan" romanı Əkrəmin, onun Əylis kəndinin ilk "qara kitabıdır". Əkrəm yaradıcılığının "ağ kitab" dövrü keçmişdə qaldı. Anar Rəsul oğlu bu qeyrətin sahibi olmadı, Elçin Əfəndiyev ilk növbədə özünü, sonra oxucularını aldadmaqla başını qatdı, Kamal Abulla "Yarımçıq əlyazması" əsərində "qara kitab"ın yalnız mövzusunu, formasını dərk etdi-onu bədii düşüncənin süzgəcindən keçirəmmədi. Ancaq hər halda onu ədəbiyyatımıza gətirmək istəyində bulundu…
"Qara kitab"ın təməl əsaslarından biri, ən vacibi, şüurumuzda bərkimiş anlayışların, altşüur dilinə tərcümə olunması məsələsidir. Əkrəm bir "tərcüməçi" bu vacib şərtə gücü çatdığı qədər əməl etmişdir- şüur qatımızdakı "insan, şer, inqilab, kişi, qadın" kimi rəmzlərin altşüurumuzdakı qarşılıqlarını o, bu cür görür: 1. İnsan=keçi. 2. Şer=nəcis. 3. İnqilab=keçinin hoppanmağı. 4. Kişi=itməkdə olan ot qoxusu. 5. Qadın=ətirşah gülləri, Ərəbzəngi. 6. Mirzə Xəzər=Əhriman. 7. Prezident= saqqalına həna qoyulan keçi totemi. Bu siyahını çox da uzatmağa mən indi lüzum görmürəm . Öyrəndiyimiz mövzuya bir başqa bucaqdan baxmaq istəyirəm.
"Altşüur+şüur" mövzusu ətrafında tanınmış alimlər olan Z. Freyd, Q. Yunq , Rene Qenonun 20=ci illərdə açdığı mübahisə, indinin özündə belə öz əhəmiyyətini saxayır. Rene Qenon birincilərdən fərqli olaraq, "altşüur+şüur" modelini tam hesab etmir, ona "üstşüur" kimi bir anlayış da əlavə edirdi. Qenona görə, üstşüurun qaynağı insanla deyil, Allahla bağlıdır, cəmiyyət tənəzzül etdikcə, o da öz müqəddəs mənasını itirərək, altşüura enir. Orda tam əks mənasında yaşayır, şərləşib şeytanlaşır. Mən, bu konunu özümçün aydınlaşdırmaq üçün, hərtərəfli araşdırmalar aparmışam, gəlin onların biriylə siz əclafları, binamusları tanış edim. Əski türkcə, prototürk dilində "işıq, nur" sözü, təxminən "yıld, yuld" şəklindəymiş-onun qalıqları "yıld+ırım, yıld+ız" sözlərində indiyədək yaşayır ( çıld+aq sözü də həmin kökdəndir). Hindavropa dillərində qızıl mənasını verən "gold", "zoloto" kəlmələrinin də həmin əski türk sözüynən yaxın qohumluğu var. Var! Başqa bir sözümüzün də ondan törədiyini deyə bilərik-bu, çöküntü mənasını verən "xılt" sözüdür. Necə olur ki, göydən gələn işıq mənasını verən "yıld" sözü, tam öz əksinə çevrilərək "xılt" kəliməsini yaradır? Əvvəla ona görə ki, qızılın ( gold-un ) özü çöküntüdür, xıltdır. İkincisi, Rene Qenona görə, üstşüur, onun bütün vasitələri tənəzzül etdikcə xılta çevrilib altşüura enir… "Yıld" sözünün türk dillərindəki sonrakı sərgüzəştləri, onun "xılt"a çevrilməyi, biz türklərin həmin tənəzzülü necə də tam şəkildə yaşadığımızı hamıya lap aydın göstərir…Əkrəm də bax bu enişi, düşüklüyü, düşkünlüyü öz yaradıcılıq güzgüsündə əks etdirib, onu qınamağa dəyməz. Dəyməz! Yaxşısı budu, həmin güzgüyə baxın, orda öz keçinizi, öz qədim totemlərinizi, öz qızılınızı, öz nəcisinizi axtarın. Axtarın, ay atası, anası əclaflar!... Qızılın son dövr insan tarixində oynadığı sakral-mistik mahiyyəti də bax burdan qaynaqlanır- Adəm oğlu, ən uca yüksəkliklərdən (üstşüurdan ) yerin dibinə enmiş qızılı, xıltdan ayırmalı, onu yenidən göylərə, üstşüura qaytarmalıdır. Qaytarmalıdır! Bu səbəbdən insanlar qızılı axtarıb tapır, onu öz boyunlarına, qulaqlarına, barmaqlarına taxırlar-yəni, torpağın ən dərinliklərinə enmiş ilahi nurun, xılta çevrilməyi ilə qətiyyən barışmırlar. Əkrəm, məhz bunu etmək istəyir-biz, yerin təkinə, lap dibinə enmiş keçimizi, nəcisimizi, kişiliyimizi ordan çıxarmalı,onları bir müddət öz üzərimizdə "qızıl" kimi daşımalı ( yəni həmin mövzuları ədəbiyata gətirməli), sonra, lap axırda, axirət savaşı gələn vaxt, bu "qızıl"ı təmizlənmiş şəkildə üstşüura qaytarmalıyıq.
Azərbaycan postmodernin əsas məqsədi budur. Bu, həm də mənim əsas müddəamdır.
QARA KİTAB
haqda öz fikirlərimə tam aydınlıq gətirmək məqsədiylə, mən hələ iki il öncə qələmə aldığım "Məşədi İbad toyu" məqaləmdən kiçik bir çıxarışı diqqətizə çatdırıram:
"Yaşadığımız fani həyatın qəribə, bəlkə də çox məntiqi, əsas bir qanunu var: o hamıya, bir-biriylə amansız döyüşdə, ziddiyyətdə olan hər iki tərəfə özünəməxsus bir qələbə bəxş edir. O şeytana da mələyə də, Azad Yazarlar Ocağına da, AYB-yə də, siyasi iqtidara, müxalifətə də, yəni Heydər Əliyevə, Əli Kərimova da, İrana da, Turana da, Rasim Qaracaya, onun əleyhdarı Azərturan Əbilova da xudmani, balaca bir qələbə gətirir, hədiyyə edir. Yalnız o biri dünyada, haqq divanından sonra qələbə yalnız bir tərəfə veriləcək. Bu fani dünyada isə hərə öz qələbəsiylə məsti -xumardır.
"Haqq divanı" ifadəsini işlədərkən yadıma klassik ədəbiyyatımızda olan "divan" anlayışı-yəni kitab, yazarın küllüyyatı anlamını verən bir söz düşür. Bəli, kitab mənasında işlədilən "divan"la, mübarizəni, haqq divanını bildirən anlayışlar arasında fəlsəfi bir əlaqə var-yazıçı öz divanında həm özünə, həm dünyaya divan tutur, ziddiyyətləri söz, ədəbiyyat məhkəməsində bir-biriylə toqquşdurur. Özü isə, əlahiddə bir hakim, hökm-fitva verən bir şəxs kimi divan kürsüsündə oturur. Divan, yəni yazıçının kitabı, onun bütün daxili, xarici ziddiyyətlərini özündə birləşdirir. Yazıçı bu janrdakı fəaliyyətində hələ ki, ziddiyyətlərdən yuxarı qalxmayıb, bunu bacarmayıb. Məhz həmin səbəbdən Həmid Herisçi, Rasim Qaraca, Vaqif Yusifli, Azad Yaşar, Anar Rzayev, Azərturan Əbilov ziddiyyətlərdən yuxarı qalxa bilmir, bir-birilərinə divan tutmaqda davam edirlər. Yalnız Nizami Gəncəvi öz divanını yazdıqdan sonra belə ziddiyyətlərdən yuxarı qalxa bilmiş, ziddiyyətlərin mübahisəsini həll etmiş, "Divan"dan sonra öz "Xəmsə"sini yaza bilmişdir. Möhtərəm Vaqif Yusifli, Tehran Əlişanoğlu, Anar Rzayev, Rafiq Tağı, Ramiz Rövşən , Kamil Nərimanoğlu, Həmid Herisçi- siz "divan" anlayışından keçib, "xəmsə" anlamına yetişməyibsənizsə, heç vaxt ziddiyyətlərdən yuxarı qalxıb haqq sözünü deyə bilməyəcəksiniz. Sizinki divan yazmaqdır. Onu da edin. Dahi Nizaminin "Divan"ının indii əldə olmamağı da təsadüfü deyil-ziddiyyətlərinihəll etmiş yazarın "divan"ı itir, "xəmsə"si yaranır, buna isə bizim gücümüz çatmaz…
"Divan" mövzusundan söz açarkən, mən oxucuların diqqətini, həmin mövzunun daha bir cəlbedici, gizli cəhətinə yönəltmək istərdim: haq-ədalət "divan"ında əyləşib həyat ziddiyyətlərini həll etmək istəyən yazıçı, əgər bu işin öhdəsindən gəlmirsə, bunu bonundan atırsa, orda yuxulayırsa, onun əyləşdiyi "divan" başqa bir divana- çarpayıyaya çevrilir ki, çağdaş azərbaycan yazçılarının böyük bir qismi indii məhz həmin çarpayıda uzanıb dərin yuxuya gediblər-div yuxusuna. Nəticədə ədəbiyyatımızın ən aparıcı janrlarından sayılan "divan" üslubu, "divan-çarpayı" ədəbiyyatına çevrilmiş, ədəbiyyatşünaslarımız isə, Tehran Əlişanoğlu, Nizami Cəfərov, Vaqif Yusifli simasında məhz bu div yuxusunu uzatmaq istəyən saray xidmətçiləridirlər. Əllərindəki qələmləriynən yuxulu divləri yelpikləyib-yelləyən həmin şəxslər son zamanlar AYO əleyhinə yazdıqlarıynan bunu bir daha isbatlamış, yeni ədəbi nəslin salamını sol əlləriylə alaraq, sağ əllərinin tam ixtiyarını 60-cılar ədəbi nəslinə tapşırmışlar. Yaxşı, necə olur ki, ədəbiyyatımızın qədim "divan" janrı "çarpayı-divan" üslubuna çevrilir? Cavab sadədir-ziddiyyətlərin bir-birinə keçməsi, yəni fəlsəfənin baş qanunu. Rus, Avropa ədəbiyyatşünasları buna "travestiya" qanunu deyirlər-vaxtilə Dostoyevski yaradıcılığını bu qanuna söykənərək tədqiq edən M.M. Baxtin, ədəbiyyaşünaslıq elmində əsl inqilab etmiş, onun nəinki ədəbiyyatın, həm də çağdaş həyatın baş qanunu olduğunu göstərmişdi: indiki həyatda ağla qaranın,bəylə gədənin, şahla nökərin, xeyirlə şərin yeri tərs düşüb. Nəticədə, ziddiyyətlərin mübarizəsi qanunu əslində özünün cahanşümül əhəmiyyətini itirərək, müasir dünyanı tərk etmişdir. Dediklərimizi karnaval estetikası müstəvisində öyrənən Baxtinin qənaətləri, eyni hadisəni dini-psixoloji sahədə tədqiq edən Mirçe Eliadanın, Rene Qenonun fikirləriylə tam uyğun idi. Çağdaş Azərbaycanın istər ədəbi, istər ictimai həyatı, həmin qanunun təhkimli kəndlisidir: bizdə ədəbiyyat antiədəbiyyata, Yazarlar Birliyi yazmayanlar birliyinə, yazıçı antiyazıçıya çevrildiyindən, sənət aləmi qorxunc bir karnavalı xatırladır ki, AYO-nun başlıca məqsədi onu ləğv edib, haqq divanını bərpa etmək, müqəddəs kitabı, yəni divanı divlərin çarpayısı olmaqdan qurtarmaqdır".
Əkrəmin son əsərində biz DİVan janrının bütün DİVanəliyini görürük-burda şüurla altşüur bir-biriylə amansız savaşdadır. Əsəri diqqətlə oxuduqdan sonra mən iki il öncə DİVan janrı barədə dediklərimə bəzə əlavələr edərdim. Bəlkə də bu janrın gizli məqsədi oxucunu DİVlər, DİVanələr aləminə-yəni şüuraltı dünyaya səyahətə aparmaqdır. Yazıçının DİVanı ilk növbədə onun "şüur+şüuraltı" münasibətlərini özündə əks etməlidir. DİVan janrında öz əsərlərini qələmə alan yazıçılar, onun səhifələrində ilk olaraq öz daxili aləmlərinin DİVləri, öz DİVanələriylə görüşməli, səbirsiz oxucularını bu görüşün şahidinə çevirməlidirlər. NƏTİCƏ: Adına "divan" dediyimiz janrın əsl adı məncə, DİVNAMƏ-dir. Demək bu növ kitabların heç biri (! ) "ağ kitab" adlana bilməz, onları yalnız "qara kitab" adlandıra bilərik. Hətta, Nəsiminin "DİVan"ını belə. Əkrəmin "Ətirşrh Masan"ını da qara kitabların bu uzun siyahısına əlavə edək. "Ağ kitab"ı isə yalnız bir yazıçımız qələmə alıb-bu, dahi NİZAMİnin "nizam"ını özündə parıltıyla əks etdirən "Xəmsə" əsəridir.
Yerdə qalan kitablarmızın hamısı…. Hamısı istisnasız olaraq "qara kitab" janrının məhsuludur. Çağdaş Türk dünyasında ilk olaraq Orxan Pamuk, sonra biz AYO-çular, Əkrəm Əylisli bu janrın həqiqi sirrini, mahiyyətini dərk edərək, onun adına layiq təzə əsərlər yaratdılar. Mən, "Ətirşah masan"da bu estetikanın bir çox şərtlərinə əməl olunduğunu təsdiqləyirəm. Çağdaş türk ədəbiyyatı dedikdə mən onun sıralarına ünlü rus yazıçısı Viktor Pelevini də qatardım. Öz yaradıcılığını əski türk şaman ayinləri üzərində qurduğundan, o, indiki dövrün ən böyük türk yazıçılarından biri sayılmalıdır. Yazdıqlarının hamısı əski türklərin "qara şamanizminə-qara kitabına" tam uyğun gəldiyindən, V. Pelevin, rus beyniylə düşünən Çingiz Aytmatovla müqayisədə daha çox türkdür. Məncə o, müasir türk postmodern ədəbiyyatını yaradan böyük şəxsiyyətlərdən biridir.

Əkrəm

bu son əsərində əgər Nizami sehrinin nuruna boyanaraq hərəkət etsəydi, o, bəlkə də… bəlkə də öz "ağ kitab"ını qələmə ala bilərdi. Belə ki, Nizami, Əkrəmin işlədiyi bu mövzunu çoxdan işləyib, həmin mövzunu folklorun-"Məlik Məmməd" nağılının əlindən qopararaq, onu yazılı ədəbiyyatın, idrakın süzgəcindən keçirib. Nizami, bu mövzunun DİVlərini özünün "İskəndərnamə" əsərində məhv edədərək, hamıya, o cümlədən Əkrəm Əylisliyə işıqlı bir yol açıb. Əkrəm isə bütün yazıçılarımız kimi Nizamini sevmir. Klassika dedikdə Əkrəm daha çox C. Məmmədquluzadəni gözləri önünə gətirir, nəinki Nizamini. Bu səbəbdən onun son əsərinin qəhrəmanı Ətirşah Masan, Cəlilin "Anamın kitabı"ndakı ana surətini xatırladır. Əkrəmin bu əsərindəki mövzuya bir başqa tərəfdən yaxınlaşan Anar Rzayev də, özünün "Ağ qoç qara qoç" romanında yenə də Cəlilin həmin kitabından təsirlənib. Tənqidçi Əsəd Cahangir bunu çox düzgün olaraq hiss edib. O, Anarın bu son romanı haqda yazdığı dəyərli məqaləsində qeyd edir ki, millətimizin yaddaşında "anamın kitabı" anlayışından əvvəl "atamın kitabı" fikri olub. Kişilik, mərdanəlik süquta yetdikcə o "anamın kitabı"yla əvəzlənib. Nəticədə, azərbaycanlıların xislətində qadın təsəvvürləri güclənib.
Əkrəmin romanı da həmin "anamın kitabı" seriyasındadır. Ətirşah Masan bu kitabda millətimizə dərs vermək istəyir. Anar Rzayev "Ağ qoç qara qoç" əsərində gülünc bir fənd işlədərək "Anamın kitabı"ı söz birləşməsinin "m" hərifini "r" hərifiylə dəyişib. Nəticədə "Anamın kitabı" dönüb olub "Anarın kitabı"…
Şükürlər olsun ki, Əkrəm son əsərində bu qədər bəsit deyil. O, canlı, real bir əsər yazıb. Cəlilin yolunu bir az da uzadıb.
Çox sağ ol, Əkrəm. Mən sənin bu əsərini ürəkdən sevdim.

Həmid Herisçi