Alatoran_header  
Jurnal > 2004/№4 > Modern görüntülü, klassik içərikli şerə ənənəvi tənqid

AMERİKADAN MƏKTUB

Sayğıdəyər şair Aqşin!
Keçənlərdə Bakıdan olan, Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı konularında çox bilgili xanıməfəndi, sizin də tanıdığınız Nərmin Kamal Sietlda qonağımız oldu. Onunla çağdaş Azəri ədəbiyyatı üzərinə söhbətlər etdik. Bizim üçün fərqli və enteresan konulardan bəhsetti, azəri şeri konusunda üfüqlərimizi genişlətdi. Mənə Rasim Qaracanın, sizin şer kitabınızı, Yaquar Yerişli Zaman antolojisini və Alatoran dərgisindən örnəklər verdi, bu arada saytınızla tanış olmaq fürsətim də oldu. Oxuduğum və duyduğum qədəriylə, sizin AYO ədəbiyatınızı çox bəyəndim.
Şair Aqşinin aforizmlərlə bağlı şerini çox sevdim, gözlərimi yaşartdınız. Sorduğum zaman Nərmin xanım soylədi ki, 25 yaşın da altındasınız. Bu yaş dönəminde, o acılar ölkəsinde siz öz maraqlı baxışlarınızla məni heyran etdiniz. Sevdiyim və hər zaman oxuyacağım şair oldunuz. Bunun üçün əvvəla sizə təşəkkür edirəm. Yazdığınız hər misrada haqlısınız. Sanki sürprizlə qarşılaşdım. İnsan sürprizlərlə qarşılaşınca bir müddət təsiri altında qalır. Qadın-kişi fəlsəfəsinin filosofusunuz! Yazmaqdan çekinmirəm, əsla. Başarılarınızın davamını diləyirəm.
Mən Vaşinqton Steyt Universitetində türk dili professoruyam. Aydaho Universiteti proqramlarına da qatılıram. Doktorluğumu Mexiko da yapmış olduğum üçün Amerikada 16 ildir yaşayır və çalışıram. Şu anda 52 yaşındayam. Türk ənənəsi və istiqaməti mənim düşüncələrimi həp yoran məsələdir. Toplumu düşündükcə də, bu toplumun təmsilçiləri olaraq ilk anda şerlər, romanlar gəlir ağlımıza. Mankenlər, şarkıcılar deyil! İnanıram ki, diriliş və dirəniş Aqşin kimi sahici, yeni şairlərin sağlığında və öz sağlığını, fəlsəfəsini topluma yaymasındadır. Siz bir diriliş şairisiniz, diriliş yıxıcı bir zəlzələdən sonra yıxıntılar altından ayağa qalxmaq, yıxılmışları sağlam bir zəmin üstünə yenidən qurmaqdır. Xalqa düşən bu zəlzələdən qorxmamaq, zirvəyə doğru yüksəlməkdir. 21 əsrə qarşı azəri-türk ədəbiyyatını təmir edərək deyil, yenidən inşa edərək yürümüş olması məni mutlu edir. Sizinlə tanışdığım üçün çox bəxtıyarai Aqşin. Önəmli bir isim olacağınıza əminəm. Məktublarınızı alarsam, mutlulukla oxuyacaq və gərəkən dəstəyi göstərəcəyəm. Hər kəsə, özəlliklə Nərmin xanıma salam və sayqılarımı söyləyin. Mənə Aqşini qazandırmış olduğu üçün ona təşəkkür göndərirəm.

Salam və sayqılarımla,
Prof.Dr. Mehmet YÜZTAŞ

Vaşinqton,
25 dekabr, 2005



Lalə Cavanşir

"Yaquar Yerişli Zaman", Azad Yazarlar Ocağının 2003-cü ildə yayımladığı, ocaq üzvlərinin əsərlər toplusudur. Kitabın müəllifləri Azərbaycan müasir şerinin öncülləri sayılırlar və öz dedikləri kimi əski zehniyyətə qarşıdırlar və yalnız irəliyə doğru yol almağı düşünürlər.
Modern şer Bodlerdən başlayan bir axımdır. O kültürlə ibtizal, gözəlliklə yox olma və modernitenin bütün mübhəm olan anlayışları üzrə bunları şerlərində əks etdirir. Ondan sonra Valter Benyamin, modern insan təcrübəsini dialektik bir məcmuədə toplayır. O şok xatirə, parçalanma, zaman darlığı, şəhər qalabalıqlığı və tıxaclar, sosial işarətlərin aşıb daşması, pul axımı, əxlaq sisteminin pozulması, ailə yapısının sorğu altına getməsi və böyük şəhərlərin fərdə psixi təsirlərindən danışır. Benyamin həqiqətin kəşfi və anlatılması üçün adi fikir cərəyanının dayandırılması və ona yenidən və bir daha şübhə, şübhə və şübhə ilə baxılması gərəkdiyini söyləyir. Təbii ki, bu düşüncə əsasında heç bir fikir öz sərtliyini saxlaya bilməyib yumuşaqlığa, açıqlığa və dərinliyə yol açacaq.
Kitabı açırıq. Ön sözdən sonrakı səhifədə ilk şair Aqşinin ilk şeri gözə çarpır: "Qadınlar Haqqında Mühazirə". Şeri oxumağa başlayırıq. Şair bir həyatı, bir kişi və bir qadın həyatını, duyğularını və ilişkilərini eləcə də təcrübə etməyə çalışan, öyrənən bir insanı vəsf etməyə başlayır. İlk sətirdə şair belə yazır:

Əvvəlcə qanunlar qadınları pozur,
sonra qadınlar qanunları
qocaldıqca çox şey öyrəndim
öyrəndim ki, dayanacaqda dayanmış qadının
tez-tez saata və güzgüyə baxması
xəyanətin ilk əlamətidir
Xəyanət ritm axtarışıdır qadının,
eləcə də kişinin
Xəyanətlər hər kəsə öz ritmini bəxş edir.
Ritmlərin ən gözəli qadınlara həsr olunub,
şerlərə yox.
Zamana insanın bədəni lazımdır,
Məncə ömür qocalıqdan
uşaqlığa doğru başlasaydı
Daha gözəl olardı
Onda bu qoca fahişə
axırda məsum bir qız uşağına çevrilər və ölərdi.


Şair ilk sətirlərdə daha ümumi anlam daşıyan qanunlardan danışır. Pozula bilən qanunlardan. Bu qanunların qadınlar tərəfindən pozulduğuna və birinci şəxs anlatıcısının da bunları qocaldıqca öyrəndiyinə baxılırsa, bunlar yazılı olan deyil, yazılı olmayan qanunlardır. Şair damğasını basdığı bu olaya, bir sonrakı sətirlərdə səbəblər və müşahidələr göstərməyə başlayır. Tez-tez güzgüyə və saata baxan qadın xəyanətə başlayan qadınmış və ya bu xəyanətin ilk addımıymış. Şair hansı xəyanətdən danışmaq istəyir? Bu olay səthi bir müşahidə deyilmidir? Saatına və güzgüyə baxan bir qadın, sevgilisiylə görüşə getmək istəyən bir qız, məktəb müdiri tərəfindən uşağının təhsil sorunları üçün çağırılmış bir ana, sinifə tələsən bir müəllimə, seminara dəvət olunmuş bir qadın da ola bilər. Şair xəyanəti qadınla birlikdə düşünür. Sanki xəyanət qadına özgü bir şeymiş. O hətta qadının nəyə və nədən xəyanət etdiyini belə açıqlamır. Başqa bir yöndən baxmaq istəsək, elə şerin ilk addımında əski zehniyyətə qarşı çıxma məsələsi pozulur. Şer qadınların xəyanəti ilə başlayır, halbuki müasir düşüncədə xəyanət anlamsız bir qavramdır. Müasir düşüncədə heç bir qanunun hörməti yoxdur və bütün tabular dağılıb aradan gedir. Şairə, özünü yaşamaq, sevmədiyi adamla yaşamaq istəməmək xəyanətmidir?- deyə sormaq lazım. Yoxsa ata-babalarımız kimi, Məşədi İbadcasına düşünüb qadını evə və uşağa qul etsəkmi yaxşıdır. Aqşin fahişəni belə tanımır. Fahişə qadın nəyə, kimə tələsir ki, hələ tez-tez saata da baxsın? Bunlar birər sevgi işarətləri deyilmidir? Xəyanətin müasir dünyada anlamı olsa da, o, Aqşinin verdiyi və görməyə çalışdığı faktlar əsasında qurulmur.
Şair bütün yolları bağlayır və ritmlərin ən gözəlini xəyanət adlandırdıqdan sonra onları şerə deyil, qadınlara aid etməyi üstün tutur. Həyatın bəlkə də duyqusal açıdan uğursuz bir anında yazılan bu şerin ikinci bölümündə, həyatı tərsinə fırladıb xəyanət edən qadınları məsum bir qızcığaza çevirib ölümə həvalə edir. Yenə də şairə bunu sormamız gərəkəcək: Bir qızın fahişəyə çevrilməsi kişi başlanğıclı bir toplumun yaratdığı sonuc deyilmidir?
Üslub açısından yeni olan bu şerdə, şair real olan hər şeyi yansıtmağa çalışarkən real olayların dərininə enə bilmir. Oxucuya heç bir olayın arxasından danışmır. Qoca bir fahişənin məsum qızcığaza çevirmək istərkən qızcığazın fahişəyə çevrilmə nədənlərinə apara bilmir.

Qocaldıqca çox şey öyrəndim
öyrəndim ki bir kişi susuzluğudur
hər qadının sonrası
ancaq su, yaxud göz yaşıyla deyil
uşaqla ölçülür kişi ilə arası...


Yuxarıdakı sətirlərdə anlatıcı yenə də qocaldıqca səthi və maddi gözlə görünə bilənləri görür. Bunu söyləmək lazım gələcək ki, qadınlar daha çox diqqətə və atifəyə susuzdurlar, amma kişilər daha çox cinsəlliyə düşgündürlər. Bu qadına susuz olma məsələsi bir kişi xüsusiyyətidir. Bunu bilə bilmək üçün şair olmaq gərəkmir. Bunu adi insanlar belə bilə bilərlər. Şair özünü çox da zəhmətə salmır. Qadın psixolojisini bilmir və özünü rahatlatmaq üçün sadə dəlillərlə sorularını cavablayır. O hətta son cümləsiylə (uşaqla ölçülür kişiylə qadının arası) öncəki cümlələrini rədd edir və bir ziddiyyət yaşayır. Çünki kişiyə susuz olan qadın onunla arasını uşaqla doldurmaz hər halda. Çünki genəldə qadını əldə etməyə çalışan kişi qadından uşaq istəyir və susuzluğunu başqalarıyla gedərməyə başlayır. Şair bir sonrakı misralarında bu düşüncəsini yenə də ziddiyyətdə olaraq təsdiqləyir. O şübhə içindədir. Kişi qadını zorlamır, amma zorlayır da. O bunu belə anladır:

Kişi sevgisi qadına uşaq doğurmaq üçün deyil
ancaq doğurmamaq üçün də deyil.
Kişi sevgisi qadınları qucaqlamaq,
zorlamaq üçün deyil
ancaq qucaqlamamaq,
zorlamamaq üçün də deyil.
Kişi sevgisi xəyanət etmiş qadını
qətlə yetirmək üçün deyil
ancaq qətlə yetirməmək üçün də deyil.
Bilmirəm nə üçündür kişi sevgisi
bir bunu bilirəm ki
acığını sevdiyi qadından çıxan kişinin
böyük oğlunun adı "ümid"dir.


Hər şeyin acısını sevdiyi qadından çıxan kişi, məsumcasına oğlunun adını ümid qoyaraq artıq onu sevə bilməyən qadınını qətlə yetirir. Bu şerdə bəlkə Aqşinin ən mühüm tapıntısı bu duyğulardır. O bir kişini yazmağa başlayır, eyni halda onun hislərindən belə heç nə başa düşə bilmir, bilmirəm nə üçündür, deyir. Amma Aqşin bir kişi cinsinə mənsub olduğu halda onu anlaya bilmirsə nə üçün içdən tanımadığı qadın cinsi haqda bu qədər qəti qərarlar verir?

Kişilər yatağa canını qoyar, qadınlar bədənini
budur məsələ
sən qadınsan, bilərsən


deyir şair. Əslinə baxılsa məsələ tam əksinədir. Kişilər qadının bədənini, qadınlarsa kişilərin ruhunu istərlər. Yuxarıdakı cümlələr Aqşinin psixoloji elmindən bir şey bilmədiyinə dəlalət edir. Nədənsə bizim yazıçılar yaşadıqları toplumun alt şüurundan gələn bir düşüncəyə taxılıb qalırlar və ondan qurtula bilmirlər. Belə bir düşüncəyə dayalı ədəbiyyat heç bir zaman dünya səviyyəsinə qalxıb dünyaya açıla bilməz. Aqşin heç nəyə etiraz etmir. Əksinə, o var olan sistemi dəstəkləyir. Məncə Aqşin fahişə ürəkli kişilərdən bəhs etsəydi daha başarılı olardı. Çünki o qadın ruhuna və dünyasına yaddır. Ədəbiyyatçı tanımadığı bir mövzudan yazarsa təbii ki, belə bir səhvə yol verəcək və bilmədiyi şeylər haqda kəskin qərarlar çıxaracaq. Amma modern adlandırılan düşüncə sistemində kəskin olan şey yoxdur. Modernlik ən başlıca öz içində tabuları sındırıb əski baxışlardan ayrılmaqdır.