|
|
Sükuta ithaf
Natiq Məmmədliyə
S u s q u n l u q uzansa bir ki, hər şey yaxşıdı, ən azı
bir neçə yalandan qurtulmaq imkan qazandın,
kim bilir, bəlkə də artıq qurtuldun, amma
söz ilə doldunsa - səs ilə, deməli alın yazında
zamanı gələndə zəngli saattək çalınmaq var imiş, çalındın;
eləysə sən yazan yazıya nə hacət, eləcə qalx! dur!
və duyur hamıya onu ki, hər kəs yalnız sonra öz ardı -
- öz adı-kölgəsi-övladı deməkmiş; və duyur
onu ki, hər bir kəs ən əvvəl qırışmış döşəkağında
ətrini, şəklini unutmuş ütüsüz bədəndi, içində - ruh! ruh!
Çölündə əşyalar. S u s q u n l u q uzansa sakit ol, darılma,
eləcə toxun sən əlinin altında ən adi əşyaya, saata -
(tıq!tıq!), yəni özünə anlat və duyur ki, hələ də sağsan, dirisən;
sonra da biləyin saatın gümüşü qolluğu boyunca soyuğu hiss etsin;
diksin;qandalsız yaşanan hər günçün ömrü verənə "sağ ol" de;
şalvarı, köynəyi əyninə keçirdib boşluğu özünlə doldur -
- addım at: özündən özünə, özündən özünə, bir-iki, bir-iki.
Hər kəs daha çox əynidir - əşya... Güzgüdə yalnız gözlərin həminki
eynəyin dalında ; eynəyi çıxartsan fırlanar ətrafın, fırlanar aləm,
fırlanar əşyalar, fırlanar, qaralar. Əşyalar adından özgə söz tanımaz,
dedirtməz adama və susar həmişə. Uzansa s u s q u n l u q
dərd etmə özünə, suyu aç və dinlə səsini sən suyun...
Belə
Dolu və sallaq baldıra zillənmiş erkək nəzəri.
Gilavar.
Mədain.
Şəhərin mərkəzi.
Xəqani küçəsi.
Maşınlar
və təzək qoxusu.
***
Şəhvətli baxışlar küləkli gündə
zərif və istəkli sifətə sancılır,
sarışın saçları dağıdır ilıq meh,
ətri də, səmti də çəkir, çağırır.
Sapsarı xəzəllər yengətək oynayır.
Giləvar dənizə qovur "ah-ofu".
Bulvarda "Vulgaris" səhnəyə qoyulur,
ətrafa yayılır təzək qoxusu.
Ölçü*
Köhnə binaların fasadı qara,
arxası eybəcər, içi sökükdü.
Tək adam yoxluğa ən yaxın ölçü,
ən yaxın ülgüdü təklik çoxluğa...
Günah*
Uşaq daş tullayır atası kimi,
daşsa özü kimi dəyir hədəfə.
Uşaq özü kimi göz yaşı tökür,
yerə daş tək dəyir yaralı sərçə
U.X.Odenə*
Köhnə dəyirmanın sən
səyyah kimi yanından
hər gün ötüb gülürsən,
"nə gözəldi" deyirsən.
Çirkli üz, köhnə bina
göydələnlər içindən
sənə anladır ki, sən,
o özü və bu çəmən
nə vaxtsa olmayacaq.
Hələlik o ağ maya
cüt hörküclə, qürurla
yenə təkdi səhrada.
Ərəbi və xanımı
yola salıbdı çoxdan,
səhraların ilğımı
ona tanışdı çoxdan...
(*Ulduzlanmış şerlər rusca yazılıb
və müəllifin özü tərəfindən tərcümə edilib)
Rafiq Həşimova
Arabir heç baxma getdiyin yollara, yəni ki diqqətsiz yürü sən;
yəni ki görmə-görməz ol - yəni ki elə bil ölüsən;
yəni ki ruhunla bax bir az; özünə fərqli şey təklif et, gözünə;
yəni ki bağrın çatlayar bənzəsə gün günə,
yollar yollara bənzəsə, həminki tanışlar gülərsə üzünə;
unut sən hər şeyi, yadlaşsın, yad olsun qoy hər şey yəni ki;
nə övlad, nə vətən, nə bu ev, nə də bu kəlmələr səninki əslində;
düzünə qalsa, yeni və yad olan hər kəsçün yalnız ilk dəfə yenidi,
bir dəfə; arabir, yəni ki bir dəfə özünə göz də vur güzgüdə kədərlə, dil çıxart;
söylə ki bunları bilirsən, isterik ədayla axırda çıx get;
yəni ki körpə tək addımla; yalnız ilk addım yerişdi,
sevgili yürüşdü həyata; yəni ki qalanı vərdişdi;
olsun ki elə bu küçə də qonşu küçəyə yalnız bir dəfə kəsişib,
bir dəfə - qalanı dönməyin işidi; elə bu şəhər də şəhərmiş nə vaxtsa, -
indiki yalnız qaçhaqaç, tünlük, eləcə görnüşdü,
yəni ki təsvir. Təsvir edərlər yad yeri ancaq,
tanış yerlərdə yaşamaq lazımdı.
***
Çıxışın şüşəli qapısı birbaşa küçəyə açılır, səkiyə.
Arxada şəhərin od tutub yanan, saralmış bənizi - reklamlar. Selsiylə
ölçülmür burda hərarət, sanki cəhənnəm öncədən qoyulur səhnəyə.
Qarşısına ilk çıxan və səni ötürən yenə də şüşədə əksindi,
özünsən: Sağ ol... hələlik... əlvida... kim bilir...
Özünü görməmək adamın ilkin, həm də daimi nəsibi,
onun da bir adı sonda yenə də özünü görməmək - gözdən itməkdi...
Nə qədər gözdən itməyib siz onu dinləyin, o çox şey söyləyə bilərdi,
tutalım onu ki, irəli gedənlər daraldar üfiqi;
ya da ki - gündoğan günboğan deməkdi, qürubda nə fərqi...
O tini burulur, az qalıb, bax! bax! itəcək gözdən,
sonrası dalandı.Dalandı üfüqi gizlədən göydələn,
şaquli dalandı. Yalandı desələr səhər var, tələsmə;
əksinə tələs sən,qaç onun ardınca ,səslən,səslən!...
Əlisəmid Kürə
"Слезу из будущего принесу
вставлю её в колечко..."
Иосиф Бродский
Üzüyünün qaşına göz yaşı qoy,
gildir-gildir ağlamazmı girdələr?
Yer girdədi, gəzərgidi, bəzirgan
sübhə yetən yolçu şehdə dincələr...
***
Süngü olmaz dağın beli dik olar,
yüngül olmaz karvan belə yük olar,
biri yoğun, biri şahid - bir əl beş,
dördü əlbir, beli üzük tək olar.
Səlim Babullaoğlu
|
|