Alatoran_header  
Jurnal > 2004/№4 > Şəhər şerləri

adam-madam iysi gəlir

bütün günü küçədə veyillənirəm
biri salam vermir
biri öl demir
biri qal demir
sağ ol demir biri
elə bil diri-diri
torpağa mismarlanmış meyidəm
amma bu
yalnız gündüzlər belədir
gecələr isə dirçəlirəm əməllicə
ova çıxıram
parklarda tənha gəzişən
dərdli adamların başına ağacla zərbə endirib
çiynimə atıb evə gətirirəm
birinci işim onların çirkli corablarını soyundurmaq
və ayaqlarını yumaq olur
zəhləm gedir iylənmiş ayaqlardan
hə... sonra qalan paltarları çıxardıram
vannaya salıb yaxşıca çimizdirirəm meyidi
səliqəylə doğrayıb soyuducuya yığıram
10-15 gün kefə baxıram
o qədər acgöz deyiləm ki
gündə birini bişirib yeyəm
əslində mən pis iş görmürəm
çıxılmaza düşən
suallarına cavab tapmayan insanları
bir cəhdlə xilas edirəmsə
burda pis nə var ki...
mənim varlı
və hər şeydən razı adamlardan xoşum gəlməz
mənimki kasıblar və problemli adamlardı
üstəlik kasıbların varlılardan
qat-qat çox olduğu bir ölkədə-
deməli hələ min il də firavan yaşaya bilərəm
bu da telefon nömrəm: 610-50-34
həyatından bezənlər müraciət edə bilər


vay! vay!

sərmişdim evimi sonuncu mərtəbəyə
yağış sonrası
ev qurutmağın kefi zordu

amma sürüşdü əlimdən evim
(bu da kefim!..)
dağıldı səkiyə ev əşyaları
parçalanmış televizorun içindən
balaca adamlar səpələndi şəhərə
hoppanaraq alminiüm qaşıqların üzərindən

evimdə raxit doğulan
aclıqdan xərçəngə yoluxan bu qaşıqların
sir-sifəti tanış görkəmdə idi
yekə idi başları bədənlərindən
ölmüşdülər üzü qibləyə

aclığın qəlpələri
dəlmə-deşik eləmişdi səkini
aman!
mədəmin bu realist şəkilləri
yaman zibillədi yerin təkini

vay! vay!
kiməsə
bu səkiləri sökmək lazım gələcək


qəribə gün

bu gün şəhərdə
şerimi gördüm
su içirdi
siqaret çəkirdi
ağac sulayırdı
körpə bir qızın ürəyində yellənirdi şerim

işə tələsirdi şerim
kafedə əlində nikelli çəngəl
fikrə getmişdi şerim
soyuyurdu qarşısında ucuz kotlet

yolun o üzündə
heca şerimin üçüncü bəndində
paltar sərirdi qadın
ağ şerimin misrasına

yolun bu üzündə…
aha bu isə mənim deyil
"saçları uzun və qara-
bir yoxsul ömrü…"
söykənib a.kuşun şeri alabəzək su köşkünə
yanından adamlar ötür
yol kimi gedərək şerimi

yol şütüyürdü şerim
ağlayırdı yol kənarında
- allahın kor bəndəsinə kömək edin- yalvarışıyla
- o göz yaşlarında işıq varmı- deyə düşündüm

dayandı yanımda avtobus
sonuncu oturacağında
başını qoymuşdu şerim
cibini eşələyən oğlanın çiyninə

qəribə gün idi yaman
şerimə oxşayırdı həyat
azıb sonuncu misrasında
çəpinə getdim
günə nöqtə qoydum 500 manatla
minib qabilin şerinə
evimə getdim
taqqa taraq…


ət şorbası

ağacları dibindən ağaran şəhər
qocalıb demək
adamları mırıq dişlərə oxşayır
üzümə hər gün irişən şəhəri xoşlamıram
sevmirəm canım

divarları üzümə yeriyir
kənar səslərin bolluğuna
çürüyür qulağım
ayağım qopub düşür
qırılıb düşür əllərim
qəssab dükanına oxşayan şəhəri xoşlamıram
sevmirəm canım

hərraca qoyulmuş ürəyimin
nəbzini unudub zaman unudub
buz dolablı vitrinlərdən
boylanan böyrəklərim məyusdur
kasıb şəhərləri xoşlamıram sevmirəm canım

özümü tanımıram güzgülərdə
şəkillərdə yoxam
uşaqlıqda anam deyərdi ki
böyüyüb adam olacaqsan
çoxlu pulun olacaq
böyüdüm və bölündüm hissələrə
pula getmədim
zənginlərin kasıb zövqü ilə
yola getmədim
indi qocalıram
hansısa ucuz şorbanın içinə düşmək
bişmək ümidiylə
büzüşmüş bağırsaqlarım
həsrətlə baxır duza istiota
özüylə doymuş şəhəri xoşlamıram
sevmirəm canım


həyat əleyhimə işləyir

taleyin əliylə qara cildlənmiş
şəkil albomudur
bakı gecələri

qaranlığın bağrına sancılan
bütün şəkillərdə
qıllı kişilər şellənir
yekəqarın arvadların yanında

yenə səhər
köks ötürəcəklər
matan xanımların ardınca

qadınsız şəkillərdə
sifəti əyiş üyüş kişilər var-
adam sərxoş olanda unudur təkliyini
boşalanda…

yenə səhər
bütün axşamı içməkdən
əncirə dönmüş birisi
metroya yaxın səkilərin birində
ötənləri fitdəyəcək
qoca balıqçı həvəsiylə

hansısa fınış xanım
səsə düşər
geri boylanar
qımışar qotur əncir
- eyy… gəl səni
əllərimlə tanış edim
saçların darıxmaz yəni

yolunu dönmədən
əllərini saman saçlarına
uzadar qadın
bəyaz ayaqlarında
gözəlliyin davamlılığı
daha bir qarış artar
qəzaya uğrayar kişi baxışları
ipək donun ətəklərində

gülümsəyər fınış xanım
yanından ötən kişiyə
qalstukundan bir qarış yuxarıda bitən
sahmanı içində itən kişiyə

büzüşüb
yuvarlaq aha dönər qotur əncir
- həyat əleyhimə işləyir…


elə rahatam ki

üç ay olar
pəncərələrdə civildəşən
sərçələrlə məşğulam
şən və davakardılar
yenə həyatı nişan verib
günəşi dadızdırırlar

üç ay olar televizorum yoxdu
üç ay olar vaşinqtonum moskvam
bağdadım
qarabağım yoxdu
ürəyim qaydasında
sinirim yerində
küçəyə çıxıb
nəsə zümzümə etməyin keyfini
dada bilərəm...
kimə istəsəm ata bilərəm
üç ay olar
harda istəsəm yata bilərəm...

üç ay olar işim yoxdu
üç ay olar dostum yoxdu
üç ay olar vətənim yoxdu
üç ay olar qadınım yoxdu
üç ay olar heç nəyim yoxdu...

elə rahatam ki
hətta kimisə öldürə bilərəm


dəqiq kafe

bu adamı hardasa görmüşəm
dayan...
yadıma düşür
məni yuxuda boğan...
hə...

indi həmin əlləriylə çörək doğrayır

yox...
yandan heç oxşamır
burnu da qarmaq
o deyil...

amma bu adamı hardasa görmüşəm
ay sağ ol
oğlumu əsgərlikdən saxlayan...
göy kağızlar
bir göz qırpımında
yox olmuşdu ovcunda
əlləri dəqiq yadımda

indi həmin əlləriylə çörək doğrayır...

amma deyəsən
belə pəzəvəng deyildi axı
yaşı da çox olardı
bəs harda görmüşəm bu adamı
harda görmüşəm...
bəlkə mitinqdə
bəlkə həbsxanada
gör dubinka tutsa necə yaraşar

indi həmin əlləriylə çörək doğrayır...

- qaqaş, para çörək ver mənə

Zahir Əzəmət