Alatoran_header  
Jurnal > 2004/№4 > Qorxu (hekayə)

Yaqub hava limanında yerə enəndə ürəyi tir-tir əsirdi. Bir anlıq özünü çətin bir işi müvəfəqiyyətlə başa vurmuş kimi hiss etdi. Ömründə birinci dəfə samalyotla uçduğundan, çox həyəcanlı idi. Bayaqdan bəri, ağ buludların arasından keçdikcə, bu dəqiqə yerə düşəcəyindən elə qorxurdu ki, 2 saatlıq yol ona 2 gün qədər gəldi. Bir zamanlar onun üçün ən çətin şeyin İnstituta girmək idisə, indi bu samalyotla getməklə əvəz olunmuşdu. O, yol boyu öz-özünə qərar verdi ki, bir daha samalyota minməyəcək: "Bakıya vaqonla qayıdaram, eybi yox, qoy bir neçə gün əziyyət çəkim, amma bir daha samalyota minmərəm".
Bir anlıq öz xəyalından ayrılıb, qardaşını axtarmağa başladı. Vüqarın boyu çox hündür olduğundan, onu insanlar arasından seçmək ona çətin gəlmirdi. Ancaq, xeyli axtarsa da, qardaşını tapa bilmədi. Tez yadına qardaşının ona verdiyi telefon nömrəsi düşdü: "Qoy bir ona zəng edim, yəqin buralardadır". Yaqub sumkasındakı kağızları ələk-vələk edərkən birdən kimsə onu arxadan bərk-bərk qucaqladı. Bu, ortancıl qardaşı Taleh idi.
- Hə, kişi bala, nəhayət ki, gəlib çıxdın.
Onlar bir-birini bərk-bərk qucaqladılar.
- Bəs, Vüqar hanı? Axı o mənə söz vermişdi ki, məni qarşılayacaq?
- Mən qarşılayanda nə olar ki? Hə, sən həmişə onu məndən çox sevmisən. Bax, inciyərəm ha.
- Yox... prosto onu gözləyirdim.
- Hə, bilirəm o sənin üçün idealdır. Sən həmişə ona bənzəmək istəmisən. Çünki, o ağıllıdır, təmkinlidir, atamı əvəz edir... Vüqarın qaynanası rəhmətə gedib, ona görə də gələ bilmədi.
- Qaynanası?- deyə Yaqub təəccübünü gizlədə bilmədi. - Axı o, evlənməmişdi?!
- Hə, qaqaş bu bir az uzun məsələdir. Hələlik sənin beynin bunu həzm etməz. Sonra hər şeyi sənə başa salaram. Amma hələlik bu barədə heç kəsə, xüsusilə də, anama heç nə demə. Birdə ki, özün artıq böyümüsən, bilirsən ki, ursetdə bele şeylər normaldır. Burda yaşadıqca hər şeyi görəcəksən. İndisə gedək bir az yemək yeyək, şəhəri gəzək, sonra da bizim evə gedərik.
- Bəyəm, siz Vüqarla ayrı-ayrı evlərdə yaşayırsız?
- Hə, oğlum, indi bizim hərəmizin öz "ailəmiz" var.
Taleh həmişə özündən yaşca kiçiklərə "oğlum" deyə müraciət edərdi. Düzdür, bu Yaqubun heç xoşuna gəlməzdi, amma necə illik həsrətdən sonra qardaşından bunu eşitmək ona çox xoş idi.
Onlar birlikdə hava limanından endilər. Gecə olmasına baxmayaraq, şəhər alışıb yanırdı. Şəhərdə o qədər işıq var idi ki, heç gecə olduğu bilinmirdi.
Talehin yadına Bakı düşdü. Orta məktəbini bitirəndən sonra, anası üçüncü oğlunu - sonbeşiyini də götürüb Bakıya - qardaşı evinə gətirdi. Bir neçə gündən sonra qəbul imtahanları olduğundan, Yaqub gecə-gündüz oxuyurdu. Onun sənədlərini Moskvadakı ali məktəblərə verdiyini bilən dayısı istehza ilə:
- Ə, heç mənim litseyi bitirmiş, iki il fərdi instuta hazırlaşmış oğlum bu barədə düşünmür, sənə nə olub kəndin ortasında Moskva eşqi alışıb yanırsan?! Hə, əgər Moskva səni belə özünə çəkirsə, qardaşların ki, ordadır, get, sənə də imkan yaratsınlar, işlə, pul qazan. Guya, hər oxuyan instituta girir?!
- Dayı, sən ki Moskvaya oxumağa elə bizim kənddən getmisən. Mən niyə getməyim? Həm eşitməmisən: "oğul dayıya oxşayar".
Bu yarı ciddi, yarı zarafat söhbət kişini pərt etdi. Anası da, gözaltı oğluna tərs-tərs baxdı. Yaqub düz etmədiyini bilirdi, amma dayısının ona yuxarıdan aşağı baxmasına göz yuma bilmirdi.
Həmin gecə Yaqub dayısıgilin balkonuna çıxıb, işıqlı Bakıya baxırdı. Havanın gözəlliyi, mənzərənin onu özünə cəlb etdiyindən vaxtın necə keçdiyini bilməmişdi. Blokun qarşısındakı maşın səsindən öz xəyallarından ayrıldı. Gələn dayısının sabah qəbul imtahanı verən yeganə oğlu İlkin idi. O, maşından güc-bəla ilə düşüb, bloka girməyə çalışdı.
- Sənə və atana sabahkı imtahanda uğurlar.
- İnanıram ki, bugün ki, "imtahan" kimi onu da uğurla verərsən.
- Hə, imtahandan sonra yığışıb, sualları "müzakirə" edərik. Gülüş səsləri bütün həyəti götürmüşdü. Bir neçə saniyədən sonra İlkinin dostlarının maşını sürətlə həyətdən uzaqlaşdı. Qapının zəngi basılmadı. İlkin öz açarı ilə qapını açıb içəri girdi. Yaqub bu səhnəyə məətəl qalmışdı. Anası İlkinin gəlişini eşidib öz otağından çıxdı.
- Hə, yenə Vüsalgillə bir yerdə idin? Ay bala, bugün bir az tez gələrdin də. Axı sabah imtahandır.
- Ay ana, ay ana, dostum evlənir.... Eh, mənim yaşıdlarım toy edir, siz də imtahan-imtahan deyib tutmusunuz. Əsl imtahan o deyil e... Əsl imtahan həyat imtahanıdır. Ay ana, ay ana dostum evlənir....
Anası İlkini güclə oz otağına keçirə bildi. Bir azdan otaqdan çıxıb, məxbəxə keçdi. Əlində bir stəkan su qayıdan ana:
- İmtahan qabağı uşaq həyəcanlanır. Görəsən, sabah necə olacaq? Yazıq balam, heç gün görmür ki...
Yaqub öz anasını xatırlayıb, bir anlıq ona minnətdar oldu.
Bir dəfə dərsdən sonra futbol oynamağa başı qarışan Yaqub evə gec gəldi. Qapının qarşısında onu qaşqabaqla qarşılayan anasını görəndə çox xəcalət çəkdi.
- Harda idin? Bəs sən gələn il instituta sənəd verəcəkdin? Belə verəssən? Mən də sənə güvənirdim. Sən də mənim dilimi qohum-əqraba yanında gödək eləsən ..... gərək mən ondan sonra yaşamayam.
Bu sözlər Yaqubun qulağında, beynində dolaşıb, ürəyinə keçdi və bu bu günə kimi ona rahatlıq vermirdi. "Necə yəni yaşamayım? Həyatını, ömrünü bizi əzab-əziyyətlə böyütməyə sərf edən ana bunamı layiqdir? Yox, mən anamı yaşamağa peşman edə bilmərəm. Buna heç haqqım da çatmır. Mən ancaq oxumalıyam".
Səhər imtahana getmək üçün İlkini güclə yuxudan oyatdılar. Axşam ki, içkidən hələ də başı ağrıyan İlkin özünü elə aparırdı, elə bil imtahana deyil, görüşə gedir.
- Ana, sarı qastukumu ver. İndi o moddadır. Özü də qızlar qalstuklu oğlanları çox sevirlər. Baxma, həyatımızın ilk müstəqil addımıdır. Gərək, özümüzü yaxşı tanıdaq.
Bayaqdan bəri yanında dayanan Yaqubu sanki birinci dəfə görür kimi onu başdan-ayağa süzdü.
- Bu cins şalvarlamı gedəcəksən imtahana? Ə, xaricdə bunu fəhlələr geyinir e, bilirsən? İstəsən, sənə bir neçə şalvar "adaljit" edə bilərəm?
- Dayı, gecdir, biz çıxaq. Həm bizim məktəb bir az uzaqdır, ancaq gedib çatarıq. Dünən məktəbə getmişdim, burdan ora 45 dəqiqəyə ancaq çatmaq olur.
- Ə dünən məşq eləyirdin? Məktəbə-zada da gedib. Mama, mənim kağızımı gətir görək, biz hansı məktəbdəyik.
Yaqub İlkinin bu laqeydliyinə dözə bilməyib otaqdan çıxdı. Bildi ki, qalsa onunla dilləşməli olacaq. Bu isə onun əhvalını poza bilərdi.
Yol boyu anası ona ürək-dirək verirdi.
- Bax, oğlum heç kəsə kömək etmə. Başını sal aşağı, bildiklərini yaz. Hamının yiyəsi var, amma sən özün girməsən, qalassan ortalıqda. Allah qardaşlarına dəyməsin, amma sənin onlara möhtac olmanı istəmirəm.
- Ana narahat olma, hər şey yaxşı olacaq. Sən də orda çox qalma. Mən içəri keçən kimi get evə. Mən heç sənin bura gəlməyini istəmirdim. Uşaq deyiləm ki, məndən narahat olma.
Məktəbə çatanda anasıYaqubu bərk-bərk qucaqlayıb üzündən öpdü.
- Sən mənim körpə balamsan. Neçə yaşın olsa da, sən mənim üçün uşaqsan.
Yaqub anasından ayrılıb məktəbə sarı getdi. Arada dönüb anasına baxırdı: anası gözləri yaşara-yaşara Allaha dua edirdi.
İmtahanın səhəri günü onlar kəndə qayıtdılar. Bir neçə gündən sonra imtahanların cavabı çıxanda hər kəs sevinc içində idi: Yaqub Moskva Dövlət Universitetinə daxil olmuşdu. Bu xəbəri eşidən anası sevincini bölmək üçün tez oğlanlarına zəng etdi. Qardaşları Yaqubun instituta girməsinə, özü də Moskvaya düşməsinnə çox sevindilər.
- Ana, artıq sən də bura gələrsən. Hamımız bir yerdə yaşayarıq.
Yaqub bunun ağız ucu olduğunu sezdi, amma bu hisslərinə inanmadı, inanmaq istəmədi.
- Ana, deyəsən, İlkin instituta daxil ola bilməyib. Adı siyahıda yox idi. Dayıma zəng etməyə utanıram. Yazığın indi heç kefi olmaz.
- Günah özündədir. Bir oğlu var deyə, uşağı tamam ərköyün böyütdülər. Heç o qızlarına elə qayğı göstərmirdi. Hər ikisi ağıllı, savadlı qızlar idi. Amma məktəbi qurtaran kimi ərə verdi ki, "onsuz da qızın oxumağının heç bir əhəmiyyəti yoxdur".
Ana dəstəyi qaldırıb Bakıya - qardaşına zəng etdi.
- Musa, nətərsən, qadan alım, bildin də, Yaqub Moskvaya girdi. Sənin oğlundan nə xəbər var?
- Hə, nə bilim bir-iki balı çatmadı. Görək bəlkə bir yerə ilişdirə bildik.
- Nə qədər pul lazımdır? Bəlkə, uşaqlara deyim bir az kömək etsinlər?
- Yox, əşi, məndə pul hardandır, onu instituta qoyum?! Bəlkə elə-belə girə.
- Yenə də nəsə lazım olsa, de, çəkinmə. Evdə salam de.
- Sağ ol.
Musa dəstəyi elə tez asdı ki, elə bil harasa tələsirdi. Ana özünü bilməməzliyə vursa da, Yaqub bunu sezdi. Dayısının onu təbrik belə etməməsi Yaqubu çox pərt etdi.
- Hə, oğlum, nə yaman fikrə getdin? Deyəsən, artıq Moskva həyatının xəyallarını qurursan? - qardaşının bu sözləri onu xəyaldan ayırdı.
- Vüqarın uşağı da var?
- Uşağı deyəndə ki, özünün deyil, arvadının əvvəlki ərindən 2 uşağı var. Hə, onun qızı da pis deyil. Bəlkə, onu da sənə düzəldək?
Yaqubun qardaşına baxışı o qədər sərt oldu ki, Taleh dediyi sözdən pərt oldu.
- Yaxşı, zarafat edirəm. Özün bilərsən, kimə istəyərsən, seçərsən.
"Yəni, burda mütləq hansısa rusu seçməkmi lazımdır?" Bu Yaqubun bir anlıq fikrindən keçən sual oldu.
Onlar hündür bir binanın qarşısında taksidən düşdülər. Yaqub qardaşının ona nəsə demək istədiyini anladı.
- Yaqub, bizim rus bir az əsəbidi. Yəni, onun sözləri xətrinə dəyməsin. Əslində, qəlbi təmizdir.
- Əgər problem varsa, məni elə bir başa Vüqar gilə apar. İstəmirəm sənə problem yaradam. Özü də mən burda müvvəqəti qalacam. Sonra özümə ev tutacam, anamı da yanıma gətirəcəm.
- Hələlik anamın gəlməsi ilə bağlı fikirləri saxlayaq, sonra bir yerdə oturub məsləhətləşərik.
Yaqub ürəyində qardaşını qınadı. "Axı onlar anamın bura gəlməsinə niyə mane olmaq istəyirlər?"
Taleh qapının zəngini basdı. Bir neçə dəqiqədən sonra qapının açıldığını eşitdi. Amma heç kəs qapını açmadı. O, qapını əli ilə itələyib, açdı. Onlar içəri keçdilər. Yaqub onları heç kəsin qarşılamadığın görüb, pərt oldu. Otaqdan spirt iyi gəlirdi. Bundan əlavə, otaqda ayaq qoymağa yer yox idi: çirkli paltarlar, ütü, saç feni, ayaqqabılar yerə sərilmişdi. Onlar geniş qonaq otağına girəndə Yaqubun gözü kəlləsinə çıxdı. Bir qadın yarı çılpaq divanda uzanmışdı, yanında külqabı, əlində isə butulka. O sanki, otağa adamların gəldiyini eşitmirdi.
- Privet, Sveta. Eta moy mladşıy brat Yaqub. Ya tebe o nem qovaril. Tı pomniş? Yaqub, bu mfnim arvadımdır.
Qadın başını çevirib: "Privet" dedi.
Yaqub qardaşına stolu göstərdi.
- Rahat ol, öz evin kimi hiss et. Burdakı gördüyün hər şeyi mən almışam. Bu rusların bircə pis cəhəti var ki, içkiyə çox meyllidirlər. Bizim ki də, hərdən çox içir. Amma bunun mənə heç bir ziyanı yoxdur. Əksinə, içəndə kefi əla olur. Bir azdan özün görəcəksən.
Yaqub hələ də, təəccüb içində idi. O, öz qardaşının belə bir həyat yaşamasına inana bilmirdi. O biri otaqdan gələn əcnəbi musiqinin səsi Yaqubu lap əsəbləşdirirdi. Birdən otağın qapısı açıldı. Əynində yalnız bircə dizdən xeyli yuxarı kofta, ağzında siqaret olan uzun bir qız otaqdan çıxdı. Qızın üz-gözündən ancaq 18-20 yaşı olduğu görünürdü. Otağın qapısı açıq qaldığından Yaqub otağa baxdı - içəridə bir oğlan da vardı. Qız Yaqubu görmürmüş kimi,
- Tolya, mne nujno denqi - dedi. O düz Talehin qarşısında dayanıb, onun əllərinin hərəkətini izləyirdi. Taleh cibindən pul çıxarıb qıza uzadanda, qız ona "Ne zabıvay, ya ne odna" deyərək, otaqdakı dostuna işarə etdi. Qız pulu alıb, "Spasibo" deyib, öz otağına keçdi.
- Tolya, qde naşi odejdı? Tı ix eşe ne vızyal iz ximçiskiy?- Sveta soruşdu.
- Zavtra, doroqoya, zavtra ya vse zdelayu. Hə, bratik, bu da Moskva. Bilirsən, buranın da öz əziyyətləri var. Pul qazanmaq asan iş deyil.
Yaqub gördüklərini yuxu kimi qarşılayırdı. İndi onun öz qardaşına çox yazığı gəlirdi. Taleh onun üçün çox aciz, zəif, yazıq görünürdü. O, bir anlıq otağı tərk edib, burdan uzaqlaşmaq istədi. Amma qardaşına yazığı gəldi. Onu burada tək qoyub getmək istəmədi. Elə bildi ki, o getsə, onlar Talehi tamamilə məhv edə bilərlər. Yaqub bir anlıq öz beynində qərar verdi: "Bunu Vüqara danışmalıyam və biz birlikdə Talehi burdan xilas etməliyik. Mütləq!"
- Taleh, mən anama zəng etməliyəm. O, məndən çox nigarandır.
- Hə, əlbəttə. Amma sən anama de ki, biz üçümüzdə bir yerdəyik. Yoxsa, Vüqarın səni qarşılamadığın bilər, başqa şey fikirləşər. Qoy, elə özüm danışım.
Taleh dəstəyi qaldırıb, anasına zəng etdi.
- Ana, salam. Necəsən? Hə, oğlun gəldi çatdı, narahat olma. Hər şey yaxşıdır. Oğlun əməlli-başlı böyüyüb, lap kişi olub. İndi üçümüzdə evdə oturub yemək yeyirik. Onlar da sənə salam deyir. Sağ ol, ana. Biz də səni öpürük.
Taleh dəstəyi yerinə asıb bir anlıq fikrə getdi. Sonra dərindən ah çəkib, Yaqubun yanına qayıtdı.
- Gəl, çıxaq gəzək. Orda bizim uşaqlar var. Gedək tanış ol. İndi onlar səni o qədər sorğu-suala tutacaqlar ki. Hamısı neçə ildir Azərbaycandan çıxıblar, bura bir gələn olanda onun başına yığışıb, sorğu-sual edirlər.
Sonra o, bayaqdan bəri divanda uzanan, onların danışığına heç məhəl də qoymayan arvadına yaxınlaşıb, onun alnından öpdü:
- Sveta, doroqoya, ya yedu bazar. Tebe şto nibud nujno? Ya moqu kupit.
- Kalbasa, xleb, i 2 paçka siqareta. A, eşye şto nibud napitku.
- Xoroşo.
Onlar otaqdan çıxanda, içəri hündür boy, sarışın, saçları dağınıq bir oğlan girdi.
- Privet, Niko. Otkuda tı kak rano?
- Privet, mne nujno denqi, sroçno. A eto kto? - o, Yaquba tərəf çöndü.
- Eto moy mladşıy brat - Yaqub. A eto moy pasınok - Nikolay.
O, əlini uzatdı: - Oçen priyatno. A tı qde jivyeş?
- Poka ne znayu - Yaqub sakit cavab verdi.
- Nu., Ya doljna yexat. Do vstreçu.
Onlar binadan çıxıb xeyli yol getdilər. Yolboyu onlar bir kəlmə də olsun, danışmadılar. Yaqub olanları özü üçün aydınlaşdırmaq istəyirdi. "Görəsən, Vüqar bunları bilirmi?Bəlkə... bəlkə o da belə həyat yaşayır?... Allah, anam bunları görsə, ürəyi partlayar. O, necə də öz oğlanları barədə qürurla danışırdı..."
Bazara çatan kimi onlar bir mağazaya girdilər.
- Uşaqlar, bizim uşaq gəlib. Yığışın bura! - Taleh bunu elə sevinclə dedi ki, Yaqub bir anlıq bayaqkı hadisələri unutdu. Amma azərbaycanlı gənclər bir-bğir ona əl verib görüşdükcə, o, "görəsən, bunlar da Taleh kimi yaşayırlar?"
Yaqub hər kəsin suallarına kefsiz cavab verirdi. Arada öz atamacalarını da atırdı:
- Belə maraqlanırsınızsa, niyə 10 ildə bir dəfə gəlməmisiniz?
- Qazandıqlarınızı burda rus qızlarına xərcləməsəniz, birləşib Azərbaycanda bir iş qursanız, hamınız öz vətəninizdə rahat yaşayardınız, işləyərdiniz, ailəniz də olardı.
Bazardan çıxanda Yaqub Talehi altdan-altdan süzdü. Bayaqdan bəri qardaşının üzünə baxa bilməyən Yaqub, yalnız indi onun üzündə bir narahatlıq, qəm-kədər gördü. Taleh doğrudanda əzab çəkirdi. O da qardaşı ilə tək qalanda onun üzünə baxmır, danışmağa söz tapmırdı.
- Bəs, Vüqarı nə vaxt görəcəyik? Bəlkə gedək onlara?
- Bilirsən, Yaqub, onun arvadı bir az qaraqabaqdır. Bizim ora getməyimizi istəməz. Əslində, Vüqarla çox yaxşı yola gedir eee, amma... rusdur də... Əslində Vüqarın səni qarşılamamağının səbəbi də budur. Arvadı ilə bir az sözləşdilər, amma, o yenə də razılaşmadı ki, sən onlarda qalasan. İndi bunlar sənə çətin gəlir, amma vaxt gələcək, sən də bizi başa düşəcəksən.
Yaqub eşitdiklərinə inana bilmirdi. Onun üçün həmişə kişilik nümunəsi olan Vüqar indi bir rusun qarşısında niyə bu qədər acizdir? Yəni, Vüqarın həyatı daha da acınacıqlı idimi? Yox, bunu belə qoymaq olmaz. Biz mütləq bir yerdə bu məsələni həll etməliyik. Mütləq!
- Mütləq, Vüqarı tap, başqa bir yerdə görüşək. Biz bu məsələni həll etməliyik. Belə yaşamaq olmaz. Siz tək özünüzün deyil, bütün millətin adını batırırsınız. Belə olmaz. Anam bunları görsə, dəli olar. Təcili Vüqarı tap.
- Bunlar sən fikirləşdiyin qədər də asan məsələ deyil. Burda ev tapmaq çox çətindir. Rusa kəbinin olmasa, səni kirayəyə də götürmürlər. Özü də azərbaycanlıların adı pis çıxıb, indi bizə ev vermirlər.
- Axı, sizin burda yaşamağınızın sizə hey bir xeyri yoxdur. Həm öz adınız gedir, həm mənliyiniz gedir, ortada da heç nə yoxdur. 10 ildir nə qazanmısınız? Hanı sizin pulunuz? Qazandıqlarınızı da bu ruslara yedirtmisiniz. Belə çıxır ki, onları saxlamaq üçün gecə-gündüz işləyirsiniz?
- ....
- Yox Taleh, mən burda bir gün də qalmayacam. Gedək mənə bilet alaq, təcili Bakıya qayıdıram. Orda ərizə yazıb, Bakıdakı universitetlərdən birində oxuyaram.
Taleh ondan 9 yaş kiçik qardaşı ilə özü arasında müqayisə apardı: o məndən daha cəsarətli, daha iradəlidir. Bu xaraba Moskva bizi necə məhv edir...

Səhər saat 6-da Yaqub bir daha Moskvaya qayıtmamaq arzusu ilə aeroporta gəldi. İnda Moskva həyatı ona həyatında ən çox qorxduğu samalyotdan daha təhlükəli, qorxulu gəlirdi. Buna görə də təcili bu "qorxulu" şəhəri tərk etmək istəyirdi.

Avqust, 2004
Xanım