Alatoran_header  
Jurnal > 2004/№4 > Hekayələr

Gülşən Cəbi - 1983-cü il may ayında Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Sumqayıt şəhərində yaşayır.



Davam edən müharibə

Bir zamanlar atamın hədə-qorxuları, anamın yalvarışları sayəsində oxumuşdum. Elə o dövrlərdə də eşitmişdim ki, müharibə vaxtı- xarici dövlətlərlə müharibə vəziyyətində olmadır. Döyüş şəraiti isə- hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması, faktiki olaraq döyüş əməliyyatı aparmasıdır.

* * *

Bugün səhər etibarlı mənbələrdən idarəyə xəbər yayıldı ki, yoxlama olacaq.Yəni döyüş sursatları və taktikaları daha mükəmməl olan yuxarı orqandan nümayəndə heyəti idarənin ərazisinə təşrif buyurur. Bu, döyüş şəraitinin yaxınlaşması demək idi.
Həyati əhəmiyyətli məlumatı alar-almaz idarədə "SOS" siqnalı verildi. Bütün işçi heyət toplanıldı, idarə komandanlığından lazımi tapşırıqlar alındı və bütün sənədlər döyüşə tam hazır vəziyyətə gətirildi.
Ön cəbhənin hazırlıq işləri görülmüşdü. Qalırdı arxa cəbhənin dəstəyi.
Yüksək rütbəli komandanlar arxa cəbhələrə təcili çaparlar, bəzilərinə "qızıl" nömrələrdən siqnallar göndərib əlavə qüvvələrə və dəstəyə duyulan ehtiyacın ödənilməsini rica etdilər.
-Deyəsən, heç kimi unutmadıq...-İdarənin Ali Baş Komandanı düşünürdü.
Bir həftə keçdi. İdarədə bütün müdafiə tədbirləri dəfələrlə nəzərdən keçirilmiş, arxa cəbhə öz işini görmüşdü.
Səhər saat 9 idi. İdarənin qapısında iki nəfər göründü.
Bu vaxtlar idarədə yalnız 10-11 saatlıq faktiki iş günündən sonra istirahət edə bilmədən, yuxulu vəziyyətdə vəzifələrinin icrasına davam edən işçi heyət olardı. Bugün də belə idi. Evlərindən yenicə gəlmişdilər, bəzilərisə səhər yeməyini də burda edirdi. Odur ki, sərhəddə dayanan bu iki nəfər hər kəsin diqqətini özünə cəlb etdi.
Şəxslərdən biri hündürboy, qarayanız, qaş-qabaqlı idi. Gözlərində eynək, əlində qara portfel vardı.
O biri isə ortaboylu, seyrək saçlı, ciddi simalı idi. Əlində portfel vardı.
Hər ikisinin geyimində düşmən qüvvələrdən olmalarını təsdiq edən elementlər- kostyum, qalstuk və portfel işçi heyəti duyuq saldı.
-Onlardı?!...Gəldilər…Revizorlar!....-İşçi heyətin gözlərində dəhşət qığılcımları parıldadı. Arzuolunmaz məqam idi.
İdarənin sərhəd qapılarını mühafizə xidmətinin əməkdaşları çeviklik göstərərək, zəruri məlumatı dərhal İdarənin Baş Komandanlığına ötürdülər…
Revizorları idarənin Ali Baş Komandanı şəxsən qarşılayıb, onları yuxarı mərtəbədəki Qərargahına dəvət etdi.
Qərargahda bağlı qapılar arxasında aparılan bir neçə saatlıq danışıqların sonunda məlum oldu ki, revizorlar yoxlamanı bir həftə ərzində başa çatdıracaqlar. Bu, o demək idi ki, idarənin müharibədən yan keçməsi üçün yalnız bir həftəsi vardı. Bir həftəlik döyüş şəraiti.
Revizorlar onlara ayrılmış otaqda fəaliyyətlərinə başladılar. İdarədən müxtəlif hesabatlar tələb edir, qeyd dəftərlərində nələrisə yazırdılar. Revizorlarla birbaşa əlaqə quran idarənin bölmə rəisləri hər hansı addımı atmazdan əvvəl Ali Baş Komandanla əlaqə saxlayır, addımın müdafiə tədbirlərinə və taktikasına uyğunluğunu yoxlayırdılar. Hazırlıq zamanı çağrılmış bölmə rəislərinin ayrıca növbədənkənar iclasında belə qərara alınmışdı. Əmrə tabe olmaq gərəkirdi.
Bir həftə keçdi. Həlledici məqam idi. Revizorlarla Ali Baş Komandanın bağlı qapılar arxasında yeni danışıqları baş tutdu...
Gedirdilər. Arzuolunan məqam idi.
Biri hündürboy, qarayanız, gülərüz; gözlərində eynək, əlində qara portfel vardı. Digəri ortaboylu, seyrək saçlı, həmçinin gülərüz; əlində də portfel vardı.
Yoxlama qurtarmışdı. Atəşkəslə!

* * *

Sonra öyrəndik ki, revizorlar (yuxarı orqanın nümayəndə heyəti) döyüş bölgəsində göstərdikləri şücaətlərə, qətiyyətə görə mükafatlandırılıblar: Bir tərəfdən rütbədə böyüdülüb, digər tərəfdən əldə edilmiş qənimətin bir hissəsinə layiq görülüblər.



Qorxulu təsəvvür və ya ağac içindən ovulur?!

Təsəvvürlə aranız necədir?
Mənimki əla. Xüsusilə də reallıq təsvir olunanda.

*

Bizim həyətdə bir palıd ağacı var. Yaşlıdır, çox yaşlı…
Eşitmişəm ki, ağac içindən ovulur.

*

Gəlin, təsəvvür edək!
Möhkəm və yaşlı palıd ağacı. İçində qurtlar. Bəli, bəli, qurtlar-sürünən canlılar. Biri irəli sürünür, biri geriyə, o biri yeyib-yatır. Yaşayırlar!…
Bir dəstə qurt ağacın içində hegemonluq etməyə çalışır, irəli sürünür, onlara çatmaq istəyən zəifləri yüngül təkanla aşağı-öz yerlərinə göndərir. Amma aşağıdakılar geri çəkilmir, yenidən dəstə tapıb yuxarıya can atırlar. Bəziləri yuxarıdakılara çatıb onların dəstələrinə qoşulur; bəziləri onlardan azacıq aralıda, amma yanaşı gedir; bəziləri də tab gətirməyib yenidən aşağı yuvarlanırlar.
Birincilik uğrunda mübarizə gedir. Çətindir, çox çətin… Dözmək lazımdır! Axı, həyat mübarizədir!...
Təsəvvür edə bilirsiz?...
Qurtlar sürünürlər, irəliyə can ataraq. İki dəstənin fəallığı nəzərə çarpır.Yuxarıdakılar və aşağıdakılar. Bəzənsə irəliyə can atmayanlar da, sürünənlər axımında üzməli olurlar.
Həyati mənzərədir: yuxarıda bir dəstə qurt, aşağıda bir dəstə qurt, ətrafda zəhmətkeş qarışqalar və sakitcə sürünən qurtlar. İki dəstə mübarizə aparır, bitərəflər güdaza gedir, ağac içindən ovulur…
Bu an külək qalxır. Gah xəzri, gah da gilavar ağacı ram etmək istəyir. Mübarizə gedir; palıd içində qurtlar və xaricində küləklər…
Bu nədir?! Külək azmış kimi, indi də yağış başladı???.....
Sinoptiklər də yaxınlaşan siklonlardan danışırlar!...
Qurtlarınsa mübarizəsi davam edir; nəfəs dərmədən, əvvəlki istəklə, daha mütəşəkkil qaydada. Sakitcə sürünənlər arabir başlarını qaldırıb yuxarı baxsalar da, bir zad görməyib öz sürünməklərinə davam edirlər.
Qarışqalarsa hələ də işləyirlər…
Palıd iradə göstərir. Torpaq üstə dayanmağa, varlığını sübut etməyə çalışır. Lakin, deyəsən, torpaq içi qurtla dolu palıdla birliyə davam etməkdə maraqlı deyil. Köklərdən əllərini çəkir. Budaqları havadan asılı vəziyyətdə olan palıd köklərini torpaqdan ayırmamağa çalışır, dəstək gözləyir…
Sizə asan gəlməsin! Çətindir, çox çətin! Bir tərəfdən külək, yağış, bir tərəfdən qurtlar, bir tərəfdən də torpaq…
Müqavimətlə üzləşən külək hiddətlənir, yağışla əməkdaşlıq niyyəti açıq-aşkar görünür. Palıd təklənib…
Təsəvvür edə bilirsiz?....

*

İndi də təsəvvür edin ki, o ağac Azərbaycandı…
Təsəvvür edə bilirsiz?...
Bilirəm, çətindi. Amma həqiqətdi!

Gülşən Cəbi

<