Alatoran_header  
Jurnal > 2004/№4 > Uzun kölgə

O tərəfdə it zingildədi. Uzun-Uzadı. Dedin bəs, itin içindən nazik bir sim dartıb çıxartdılar. Səs qaranlığın bağrına iynə kimi sancıldı. Gecənin hövllü qaranlığı ayağına tikan batmış adam kimi inildədi. Hüseyn kişi çömbəldiyi yerdən dikəldi və xofla işıqgələnə baxdı. Elə bu dəm bir dəstə qızmış it didişə- didişə qocaların daldalandığı kolluğa soxuldu. Aləm dəydi bir-Birinə, qocalar harda olduqlarını unutdular və can şirinliyi hər şeyi üstələdi. Hərəsi əlinə keçəndən -Daşdan, kəsəkdən, yarmaçadan alıb " ay it, ay it"-Deyə səslərini boğa-Boğa kolluğun itkeçməzliyinə çəkildilər. Hədə dolu səslər nə qədər qart və zəhmli olsa da, itlərə çatmırdı. İtlər özgə haldaydı, özgə həşirdəydi: itlərin bu saat dünyadan xəbəri yoxdu. Nə o ikimərtəbəli, işıqlı və topdağıtmaz evdəki Daməd kişinin xəstə, ölgün canından xəbərdardılar, nə bu kolluqda diz-Dizə oturub həmin o işıqlı və topdağıtmaz evdən tüstülənəsi ilk şivən səsinə susayan üç qocadan, nə süzülüb gedən gecədən, fır-Fır fırlanan, bulud kimsəsizliyində vurnuxan aydan...
-Yiyəz ölsün, gör bizi hara qısnadılar e… Bu xaraba da elə bil dəyirman boğazıdı.
Bu, Əli kişinin pıçıltılarıydı, gecənin səssizliyinə su şırnağı kimi axırdı. Bir az da dənsiz dəyirman daşının xırçıltısını andırırdı.
-Bah, bah kələyim kəsildi Əli, gəl bir mənim gözümə bax…- Hüseynin səsi araba cırıltısı kimi aləmi aldı başına.-Deyəsən partdadı axı, Əli? vay, övün yıxılmasın kişi, deyəsən qan aparır axı məni. Gözümün bulağından deyirsən bəs, yalov çıxır. Əli, ayağını bir irəli qoy. Əli, bir bekara mənə sarı gəl.-Hüseyn qorxudanmı, ağrıdanmı, nədənmi səsini içinə qısdı. Gecənin kimsəsizliyindən səs gizləmək də hünər işdi. Hüseyn kişi elə bil oğurluq eləmiş uşaq kimi özü öz hənirindən üşənirdi.
Hüseyn kişi canının hayındaydı ki, qulağının dibində qəfil şaqqıltı eşitdi. Şaqqıltı qara qızdırma kimi, üşütmə kimi hopdu canına. Kirpikləri bərabərində dayanmış uzun qara kölgə əlindəki bir cam şərbəti ona uzatmışdı. Hüseyn kişinin matı-Qutu qurumuşdu; çətinliklə nəfəs alırdı, burun pərələri yorğun at burnu kimi titrəyirdi. Kölgə get-Gedə onun gözlərinə yeriyirdi. Və bu təmas, bu ərkli yerişlər, bu hürküsüz addımlar onu şərbətə tamahsılandırırdı. Hüseyn kişi şirin-Şirin udqundu və az qalmışdı ki, təşnələnmiş dodaqlarıyla şərbəti başına çəksin…
-Ədə, Hüseyn, bir tikə əppək olub itdin ki?… hardasan, ədə?… bu Qasım özün hara təpdi bə?…
Özündən xəbərsiz dedikləri Qasımın bir az o tərəfdən : "mən burdayam, Əli" - zarıltısına qarışdı. Hüseyn diksindi:
-Allahu əkbər, Allahu əkbər… Allah, sən saxla…Allah, sən saxla…gəlmə, gəlmə…istəmirəm, istəmirəm, istəmirəm, gəlmə…içmirəm, içmirəm…yox…yoox…inanmıram, inanmıram…alladırsan… bilirəm, bilirəm…şərbət döör…zəhərdi…içmirəm, içmirəm…
Əli kişi gördü ki, Hüseyn ayrı haldadı, özünü-Sözünü bilmir, qılıncladığı da onun kölgəsidir, bir az tələsdi. Yeriyib Hüseynin dirsəyindən yapışdı. Hüseyn dartındı, covğuna düşmüş quzu kimi titrədi.
-Ədə, Hüseyn mənəm e, sənə noolub?-bir az da yaxınlaşdı, nəfəs-Nəfəsə durdular. Əlini Hüseynin alnına qoydu.-ədə, sən uçunubsan ki… Ay yurdu itənin oğlu, sənə nooldu bir saatda?…Qasım, Qasım, ədə, sən nə eşələnirsən orda?-səs gəlmədi. -Ədə, sənnən döörəm, nə əlləşirsən orda?
-Qarnımdan bir ağrı tutub, Əli, canuyçun sancı doğrayır içimi,-Qasım sınıq saz kimi sızıldadı.
-Ədə, özüy ələ salma, gəl köməkləşib bu kişini çıxaraq havaya. Uçunub ayaq üstə…
-Əli, and olsun bir olan Allahın cəlalına,tərpənəmmirəm, amanım qırılıb, sancı kələyimi kəsib.
-Ədə, yekə kişisən, camaatı özünə güldürmə, dur gəl belə. Ədə, sənnən döörəm, nə it kimi şönküyübsən orada? ədə, dur ayağa, təbdən çıxartma məni…
-Əli, qanı görürsən?.. Qan…qan…Əli, görürsən, zamaska kimidi əli, yapışıb əlimə qopmur. Yəqin partdamış gözümdən tökülür…
-Allah sənin sənətini kəssin, yanınnan yel ötəcək, aləmi qırğına verir. Hanı, ay övün tikilsin, qandı bu, yoxsa tərdi? tər götürüb e, səni… çay gedir e, bədənindən. Gəl, gəl, gəl bəri, gəl çıxaq açıqlığa, bir görək başımıza nə gəlir… -Hüseynin qolundan tutub əl havasına qaranlığı yara-Yara kol novdan çıxmağa başladı. -ədə, Qasım, qaramızca gəl, yoxsa azıb qalarsan burda.
kol novun ağzına çatanda gördülər ki, it sürüsü halay vurub kəsdirib yolu. Əli kişi əyilib daş götürdü və qolaylandı ki, itlərin cığına tullasın, özünü yetirən Qasım onun qollarından sallaşdı:
-Ay kal oğlu kal, bizi qırğına vermək istəyirsən? bu saat onların gözü elə qızıb ki, ayaqları altda dəvə də qala, görməzdər. Deyirsən təpilsinlər bura, cırıq-Cırıq eləsinlər bizi ? bir az səbrini bas də…
-Gələn var…-Hüseyn ürkək-Ürkək döyükdü.
-Hanı ?…-Əli kişi də diksindi.
-Odeee…-Hüseyn kişi əlini qaranlığa uzatdı. Elə bil kiminsə xirtdəyindən yapışdı. Əli kişi bunu Hüseynin onun qolunu sıxdıqca sıxan o biri əlinin həyəcanından hiss elədi.
-Hanı axı ? -Əli kişi əlini alnına günlük eləyib qıyıq gözləriylə bir xeyli aradı. Amma bir şey kəsdirəmmədi və təlaşla Hüseynin nuru soğulmuş soyuq gözlərinə baxdı. Hüseynin
gözləri iriydi, qırmızıydı və ölü bir nigarançılıqla qaranlığı sökürdü. -Övümüz yıxıldı, Əli, deyəsən, günüqaranın başına hava gəlib.-Qasım zarıdı, çox pis zarıdı. Və Əli kişi bu dəm qəribə üşənti keçirdi.
-Dəngüşün biri dəngüş. Başına hava gəlib… başına hava gəlib, -Deyə Qasımın ağzını əydi və elə baxdı ki, Qasım kağız kimi əzildi, özündən bixəbər kolluğun zülmətinə qısıldı. Kol- kos şaqqıldayıb şivən çəkdi. Amma bu şaqqıltı daha çox Qasımın nə vaxtsa atdan yıxılarkən xıncım-Xıncım olan sür-Sümüyünün, ən çox da qolunun ağrılı harayına bənzəyirdi.
-Əli, gəlir. Əli, gəlir… odee… Əli, qoyma, uzun kölgədi. Damədin kölgəsi, qoyma, Əli, qoyma…-Hüseyn kişi başını çəkdi, elə bil hədəfdən yayındı və uşaq şillədən qorunan kimi əllərini başına qalxalandı. Qasım sığındığı kolu şaqqıldada-Şaqqıldada vaysındı. Əli kişi yenə bir xeyli diqqətlə baxıb heç nə anışdırammadı. Sonra nimdaş sətin pencəyinin qoluyla Hüseynin alnında puçurlanmış soyuq təri sildi və dodaqaltı pıçıldadı:
-Balam, bunu əcəl təri basıb ki…-Xof içində döyünən ürəyini çöldən xışmaladı. Ürəyi zoqquldadı. Ürəyindən ağrı kimi keçib gedən elə bil gəcənin qulaqbatırıcı qara sakitliyiydi.
Qabaqdan işıq düşdü, sonra mühərrik səsi gəldi. Və bəlkə də bu işığı, bu insan hənirini Əli kişiyçün Allah özü yetirmişdi. Bu işıq qəfil ümid kimi bu an peyda olmasaydı, bu mühərrik səsi qorxunc fəhmləri perikdirməsəydi, yəqin Əli kişinin də canına soyuq tər gələcəkdi. Və ondan sonra Allah bilir nolacaqdı. İşığın qımışan sarılığı bir ovuc sərin su kimi Əli kişinin üzünə dəyib onu ayıltdı. Silkələndi, diksindi və cana gəldi. İşıq və mühərrik səsi it sürüsünü hürkütdü və çöllüyə qovdu. Üzücü bir həşirlə gecənin yaxasında ilişib qalan qancıq itin zingiltisi kol kahada diz-Dizə çömbəlmiş üç qocanın hər birinin ürəyində gecənin xofu və vahiməsi kimi xeyli çalındı.
Daş yolda ceyran kimi səkən "qaz-om" dəmir darvazanın önündə titrədi, baş əyib dayandı. Mühərrik səsi bir bekara səngidi, sakit nəfəs dərə-Dərə dəmir qapının açılmasını gözlədi. İşıqlı və topdağıtmaz evin həyəti bir anda qarışqa yuvasına döndü. Hamı hay-küylə həyətə endi. Dəmir qapı laybalay açıldı və "volqa" min ilin həsrətlisi kimi özünü həyətə təpdi. Qabaq qapıdan abırlı bir kişi düşdü. Görüşmək-Öpüşmək, xoş-beş, on beş qarışdı bir-birinə. Bir göz qırpımında başı bədənindən üzülmüş qara qoç qənarədən asıldı. Manqalda parlaq köz təpəsi işıqlı ulduz kimi qaranlıqda sayrışdı.elə bil manqal da uzun müddətdi kabab həsrətindəydi. Maşının yük yerində iki-Üç yeşik boşaltdılar. Araq və pivə yeşikləri eyvana daşındı. Maşından düşən abırlı adamlar hələ həyətdəydilər. Yazın bu sərin gecəsinin ömrünü dirigözlü uzatmaq istəyirdilər. Ayaq üstə hərəsi bir stəkan pivə çəkdi başına. Birini də doldurub elə həyətdəcə söhbət eləməyə, deyib-Gülməyə, zarafatlaşmağa başladılar. Pivə stəkanlı sağ əllərini tez-Tez qocaların daldalandığı xamuşluğa uzadıb nəsə deyir və qəşş edirdilər. Və hər dəfə xəyali əl havası Əli kişini diksindirirdi. Ona elə gəlirdi ki, bu işıqlı həyətdəkilər bu saat onları görür və onlara gülürdülər.
-Qasım, yanı deyirsən, məsködan gələn doxtur budu?-Əli kişi gözünü həyətdən yayındırmadan soruşdu. - balam, bu elə deyəsən qarnın otarmağa gəlib ki…
Dönüb Qasıma baxdı. Sir-Sifətini qəribə bir təbəssüm qıdıqlayırdı. Ha istəyirdi ki, bu ərköyün sevinci gizləsin, bacarmırdı. Həkimin yeyib-İçməyə girişməsi Əli kişinin açıqdan-Açığa ürəyincəydi. Bu heyndə hənirti gəldi, haradasa, lap yaxında ürəksiz və inamsız addımlar dəryaz ağzı kimi xırçıldadı. Əli kişi şəhadət barmağını dodağına yaxınlaşdırıb susmaq işarəsi verdi. Qasım toxtadı. Amma Hüseyn özgə halətdəydi, təpimək bilmirdi. Elə hey titrəyir və qırıq-qırıq zarıyırdı. Əli tələm-Tələsik Hüseyni kolluğun dərin küncünə ötürdü. Gördü bunnan da iş bitməyəcək, əliylə ağzını qapadı. Hüseyn qımıldanmadı, elə bil bir anlıq istirahət elədi. Heyi qalmamışdı. Qalan quru canı və quru nəfəsiydi. Əli kişi bunu hiss eləsə də, başqa çarəsi yoxudu. Özünü toxtadıb kolluğun işıqgələnindən yola diqqət kəsildi. Yolda iki nəfər bir-Birinə ilişə-İlişə başıyuxarı yeriyirdi. Göz-gözü seçmirdi. Gecəni pis-Yaxşı yola verən ay da getmişdi dincəlməyə. Dünya elə bil qara keçə altına mıxlanmışdı. Əli kişi bu gecə müsafirlərini səsindən tanıdı. Biri heydərdi, biri səfər. Səfər asta-asta deyirdi:
-Allah balakişini bu kəndə çox görməsin. Gərək hər el-obanın böyük qulluqda adamı olsun, ağacvuranı olsun. Yoxsa el-Oba yetim-Yesir ocağına dönər, vallah…görürsən Allah saxlamış, gedib dədəsiyçün məsködən doxdur gətirib. Əli uzundu, eləyir də…
-Yox əşi, Damədinki keçib. -Heydər pıçıltısını bir az da zəifləşdirdi.-Onunku oyyannıqdı. İstəyirsən lap loğman gəti, xeyri yoxdu. Onun halvası çalınıb.
-Mən də bilirəm, ay rəhmətliyin oğlu, guya mən bilmirəm? mənim dediyim başqa şeydi. Elə balakişi özü də yaxşı bilir ki, Daməd oyyannıqdı. İntəhası dost var, düşmən var hamı boy-Boya durub. Adama nə deyərlər? yəni o boyda vəzifənin yiyəsi bir doxdura da dəymədi? deyərlər, deməzlər? çox yaxşı deyərlər. Balakişi də elə onu mülahizə eləyir də… o da yaxşı bilir ki, Damədinki keçib, dərdi dərmansızdı. Amma özünün bir el-Obalıq ad-Sanı var axı… kənddə də ki, dostdan çox düşmən var. Elə bilirsən göz-Qulaqda olan azdı bu saat? elə biri Əli…
bu yerdə Əli kişi diksindi, ora-Bura döyükdü və ixtiyarsız özünü kolluğun qalın yerinə verdi. Elə bil heydər bu sözləri üzünü ona tutub deyirdi. Dişlərini qıcırtdı, ac qurd kimi şaqqıldatdı və heydərlə səfərin yeddi arxdan dönəninə ürəyində yeddimərtəbə bir söyüş göndərib tüpürdü.
-Vallah, bu saat Damədin ölümünə qurban kəsənlər var. Elə bilirsən bizim özümüzə az eləyib? …intəhası olmur də. Getməyəcəksən, deyəcəklər belə. Gərək ömürlük qanlı-bıçaq olasan. Əlləri də uzundu. İndi bu tayfaynan düşünüşmək heç kimə sərf eləməz. Neyçün oturduğumğz yerdə doğramacımıza toz ataq ki…
-Elə qədimi-Qiyamətdən belə olub də… bunnarnan düşmənçilikdən heç kim fayda götürməyib.
Heydərlə səfərin son sözləri ayaqları altında çoyuyan daşların cingiltisi kimi sozalıb-Sozalıb qaranlıqda əridi.ayaq səsləri də eşidilməz oldu. Əli kişi Qasıma baxdı. Baxışları qıyıq kimiydi. Dəlib keçirdi. Amma Qasım özgə haldaydı. Əli kişinin nə səsini eşidirdi, nə də qıyıq baxışlarını görürdü. Kirimişcə büzüşmüşdü bir tərəfədə, nəfəsini çəkmişdi içinə, elə bil yağ udmuşdu.
-Noolub ? …qarınağrın keçmədi ?…
-Yox eee… hələ harasıdı, qaldıqca şiddət eləyir. Deyirsən bəs, qarnımı kərkimişar doğrayır.
-Gördün heydərnən səfəri?…-Qasım başını yelləyib təsdiq elədi. -Bunnarın dədəsini it qəbirdən çıxartsın, belə, səkkiz üzü var e, adamların. Dünən mənə dediklərinə bax, bu gün basa-Basa Damədin xarabasına yortmaqlarına bax. Kişi qalmayıb e, dünyada. Vallah… Əli kişinin sifəti dartıldı, elə bil gicitkən daladı onu.
Gecə getdikcə qatılaşırdı və qaranlıq tündləşdikcə qocaların canına dolaşan soyuq xof da əprişirdi. Qaranlığı qəfil bir quş çığırtısı doğradı. Əli kişi şəkləndi:
-Deyəsən bayquşdu, Qasım. Noolaydı, bu binamusun damına qonaydı. Kümfəkün eləyəydi bu ailəni, bu nəsli, bu tayfanı.
Qasım heysiz-Heysiz köks ötürüb kolun işıqgələnindən qan kimi laxtalanmış göyə baxdı və elə bil qorxusunu boğmaq üçün zor bir sakitliklə :
-Yoox… bayquşa oxşamır axı…-Dedi.-Deyəsən durna qatarıdı. Hə…çox yəqin ki, durnadı.-Gözünü qıyıb təlaşla səmanı aradı. Amma orada durna-Murna yoxudu. Bir dəstə bulud leyi vardı, laxta-Laxta ora-Bura axırdı.-Elədi ki, var, durnadı…pah atonnan durna da gəldi, yaza çıxdıq. Yaza çıxdı ha, çətin ölə bu köpəyoğlu,-Qasım büzüşdü.
-Ağzını xeyirliyə aç. Xeyirsöyləməzə dedilər, xeyir söylə, dedi gedəsən, gəlməyəsən. Odu də… ölmür. İnanmırıq ölümünə, odu ki, ölmür. Bizim inamımız qoymur onu ölməyə.
Əli kişi bığlarını gəmirdi, gecəni deşən iti nəzərlərlə göyə baxdı. Orada nə bayquş vardı, nə durna. Və qəribə burasıydı ki, bu saat Əli kişi də özü demişkən, bayquşdan daha çox durnaya inanırdı, qara-Qatır səmada da inadla durna qatarı gəzirdi. Ha istəyirdi, bayquş axtarsın, gözlərindən durna diləyi getmirdi ki, getmirdi. Sonra yadına gülsənəm düşdü… və tüpürüb: "Allahu əkbər, ha"…-Deyə içini çəkdi. Əllərini nəm torpağa dayaqlayıb inildədi. Sükut bir xeyli sürdü. Sakitliyi Hüseyn kişinin kəsik-Kəsik zarıltısı və işiqlı həyətdən süzülən qırıq- qırıq hay-küy pozurdu. Çox keçmədən Əli kişinin qırışığı açıldı, təzədən cana gəldi, təzədən üzünü məchulluğa tutub pıçıldadı:
-Görüm, kökü kəsilsin bunnarın. Deyirlər Allah haqqı nahaqqa verməyən Allahdı…ta demə Allah elə nahaqqın, elə ona bəndəlik eləməyənlərin Allahıymış, ona ağ olannarın Allahıymış. Görünür, Allah da zərb-Dəstdən qorxur də… bilir ki, Damədin əli uzundu, göyə də çatar, yaxasını əlinə keçirib o üzə-Bu üzə sürüyər, onu da yerindən oynadar. Odu ki, tökdü bir ucdan Damədçin. Elə bil günahlarının əvəzini verdi. Neçə il bu kolxozu alt-Üst elədi, bu kəndi taladı, yağlısını yedi, yavanına təpik atdı. Keyfiycə meydan suladı, başıyaylıqlılara sataşdı… bu yerdə Əli kişi susdu, boğazında qaynayan qəhər dolu qəzəbini lombayla tüpürdü. Elə bil tüpürmədi, hıçqırdı, aciz, kimsəsiz, köməksiz kimi hıçqırdı.-Dedik, nə eybi, qoy olsun. Axırı bir gün də bizə düşər bu fürsənd. Ta demə, sən saydığını say, görək fələk nə sayır. Fələk də vurub oğlunu elədi prokuror. Oldu üzrü günahından betər. Bizə də elə oturub fürsənd gözləmək qaldı.
-Fələk eləmədi eee, pul elədi.-Qasım kişi eyməndi və küncdə yanpörtü uzanıb sayıqlayan Hüseynə baxıb bir az da büzüşdü.
… Davanın ilk günləriydi. Bir qara köhləndə gəlmişdi dava. Və bu qara köhləni Daməd minmişdi. Bir qara köhləndi, bir uzun qırmancdı, bir Daməd, bir də bu kənd. Kənd cuna kimi süzülürdü. Davaya gedən hər başıpapaqlı özüylə bu cunanın bir ilməsini çəkib aparırdı. Bir ucu da Damədin qamçısında süzülüb gedirdi. Və kişilər seyrəldikcə Damədin qamçısı lap bərkdən şaqqıldayırdı, atının nalları lap bərkdən cingildəyirdi. Və elə bil hər dəfə bu kəndin donuq və əlacsız qəzəbi də bu qamçıyla, bu at nalıyla bir əks-Səda verirdi.
-İtin- pişiyin olum, dadaş, qovma məni qapıdan.-Gülsənəmin səsi sanki gecənin bu qara çağında qara ilan olub dolaşmışdı Əli kişinin boğazına. Ha əlləşirdi, nicat tapammırdı.
…Onda Əli kişinin dava yaşı yoxudu və çox güman ki, elə buna görə də onu dindirib-Danışdırmırdılar. Kolxozun mal-Qarasına baxırdı və öz uşaq dəliqanlılığıyla, uşaq ədasıyla içində özgə aləm yaşadır, başında ayrı hava gəzdirirdi. Böyük qardaşı isə məzlum adamıdı, pambıq kimi yumşaq, su kimi üzü yolaydı. Elliklə, ailəliklə kolxozun mal-Qarasına baxırdılar. Böyük qardaşının arvadı su sonası kimi gözəl-Göyçək gülsənəm də burda sağıcıydı. Yenə gülsənəmin səsi gəldi:
-İtin-Pişiyin olum, dadaş, qovma məni qapıdan…
Əli kişi xəyali səsin altında xışmalandı və yumaq kimi büküldü. Qıyqacı Qasıma baxdı. Qasım qırpımsız baxışlarıyla gecənin bağrını sökürdü.sanki eyni vaqiəni yaşayırdı. Hüseyn də heylə. Hər biri onları bu qara gecənin qoynuna, kol dibinə səsləyən, sürükləyən acı hisslər çeşməsini gözucu çözələyib təmizləməklə məşğuldu.
…Qasımla Əli uşaqlıq dostuydular. Bir pərdədə köklənmişdilər, iynə ulduzundan bir keçib bığ çırtdatmışdılar, ərgən igid olmuşdular. Bir gəzər, bir oturar, bir durar, dərd-Sərlərinə bir yerdə çarə arayar, şadlıqlarını, sevinclərini bir həzm eləyər, bir-Birinin harayına öncə qaçardılar. Onda Qasım da Əliylə çiyin-Çiyinəydi, onun yükünə cinah vermişdi, onun vurduğu ağacdan yapışmışdı. Odur ki… Qasım kişi duruxdu və hayxırıb tüpürdü. Əli kişiyə zənd elədi. Əli kişinin tükü də tərpənmirdi. Qasım kişi yüz faiz bildi ki, Əli də o günlərdədir. O qara və məşum günlərdə.
…Daməd kolxoza sədirlik eləyirdi və elə bil müharibə onu xeyli cavanlaşdırmışdı. Dava başlanandan yaman qıvraq görünürdü, gözləri gülür, atı kimi özü də oynaqlayırdı və hökmüylə, zəhmiylə elə bil camaatla əylənirdi. Qolu uzanmışdı, qamçısı uzanmışdı, dili uzanmışdı. Hətta, deyəsən boyu da uzanmışdı. (Allah, sən saxla!…) çölün işi-gücü tökülüb qalmışdı-buğda yanıb yapışmışdı yerə, çəltik saralıb-Solmuşdu. Amma Damədin yolu oralara düşmürdü. Daməd fermadan üzükmürdü. Özü də suçlu gəlirdi, oğru pişik kimi, pəncələri üstə. Əli hiss eləmişdi ki, bu qabıqqoyma gülsənəmdən yanadır. Damədin gülsənəmə baxıb-Baxıb xəyallanmasını çox görmüşdü. Hətta "ağ mayadır, ağca mayadır"- sözlərinin ilan fışıltısını da eşitmiş, ilan zəhərini duymuşdu. O gündən gülsənəmin yolu fermaya kəsilmişdi, üz almışdı çəltikliyə. Və elə o gündən qara atın qara ləpirləri çəltikliyə sarı sıçramışdı. Gülsənəmin əl-Ayağı çəltiklikdən də kəsildi. Bütün bunlar böyük qardaşın gözü qabağında kiçik qardaşın hökmüylə olur və böyük qardaşın sükutuyla qarşılanırdı. Bilirdi ki, Əli kiçik olsa da bildiyini bilir, elədiyini də yaxşı eləyir. Bu minvalla doqquz gün keçdi. Onuncu gün isə Əlinin böyük qardaşına çağırış vərəqəsi gəldi. Böyük qardaş çox biganəliklə qarşıladı bunu. Elə bil özünü könüllü taleyin ümidinə tapşırmışdı. Onda Əli özünü yeyib tökmüşdü ki, mən gedəcəm sənin yerinə. Söz-Sov hərbi komissarlığacan gedib çıxmışdı. Buna nə böyük qardaş razı oldu, nə hərbi komissar, nə də Daməd. Ona böyük qardaşın getməyi lazımıdı. Gülsənəmin ərinin- Əli kişini yenə ölüm duyğusu bürüdü, əcəl təri basdı, daş kimi soyudu…
…İtin-pişiyin olum, dadaş, qovma məni qapıdan…
bu da o səsdi. Sanki min illərin arxasından, dağdan, daşdan süzülüb gəlirdi. Necə də saf idi, necə də cingiltiyliydi. Elə bil şüşə-Şüşəyə dəyirdi. Əli kişi inildədi, qəhərini kişi qeyrətində boğdu, başını əlləri arasına alıb bərk-Bərk sıxdı.
…O vaxt qəfil səs yayıldı ki, bəs, nə durmusuz. Daməd bizdə ar-namus qoymadı, indi də gülsənəmi çöldən basıb qara ayğırın tərkinə, çapıb gedib. Qasımnan Əli fermadaydılar. Əlinin böyük qardaşı qara bəxtinə sarı yollanandan sonra, yerini Qasım tutmuşdu. İkisi də nə vaxt kəndə çatdıqlarını bilməmişdilər. Hərəsi bir tərəfdən gülləyə tutmuşdu evi. "dəyyus, çıx irəli, arvadının tumanı altda gizlənmə, çıx köpək. Papaq yerinə başına yaylıq bağlayaq gərək sənin, çıx…" sözləri tüfəngdən bərk səslənmişdi. O vaxt alaqapı açılmışdı və nə qədər təəccüblü olsa da, Damədin yerinə iki milis nəfəri çıxmışdı və Əliylə Qasımı qamarlamaq istəmişdilər. Qaçmasaydılar, ikisinin də qolunu çatma sarıyıb göndərəcəkdilər ora. Ordan da Allah bilsin hara. Amma qaçdılar. "mənəm- mənəm" lik yeri deyildi. Oğru tülkü işini ehtiyatlı tutmuşdu.
-Bu binamusun həyətindən deyib-Gülmək kəsilmir eee…elə bil, heç can verən adamları yoxdu. Elə bil toya-Bayrama yığışıblar…
-Ölən köpəyoğlu da deyəsən heç ölən köpəyoğluna oxşamır.-Qasım yanıqlı-yanıqlı dilləndi.- ara yerdə bütün gecəni it kimi kol dibində sinsidik.
-Yava-Yava danışma, Qasım. Allaha bəndəlik eləmərəm, bu gecə onun ölüm xəbərini eşitməsəm, elə bilirsən neçə müddətdi gecəni gündüzə qatıb elə belə oturmuşam burda? -Əli kişi hikkəylə bığlarını gəmirdi.
Bu heyndə Hüseyn kişi dartılmış yay kimi yerindən sıçradı. Çəyirtikə kimi hoppanıb Əli kişini qucaqladı:
-Qoyma, Əli, sən atovun goru, qoyma. Gəlir…gəlir…odee… uzun kölgədi, gəlir.boy-Boy qara atı mindi. Çapır, Əli, çapır, Əli qoyma. Məni dizbata göndərəcək, Əli, qoyma…
Əliylə Qasım Hüseynin qollarından yapışıb zorla saxlayırdılar. Hüseyn canhövlü vurnuxur, hara gəldi əl-Qol atırdı. Əli kişi dil qəfəsə qoymurdu, onu sakitləşdirməyə çalışırdı:
-Hüseyn, Hüseyn, ədə uşaq olma, sakit ol, sakit ol. Hara gələ bilər axı… bu saat yorğan-Döşək möhtacıdır, canıynan əlləşir, əzrayıl da ki, oturub başının üstündə, hara gələcək, sakit ol, sakit ol…
Hüseyn qaçıb küncə qısıldı, əlləriylə başına çətir saldı, titrəməyə başladı. Bir xeyli titrədi, elə bil qaraqızdırmaya tutulmuşdu. Əliylə Qasım bir xeyli dayanıb matdım-Matdım onun titrəməsinə tamaşa etdilər. Sonra yenə hərəsi bir tərəfdə çömbəltmə oturdu. Qasım sınıq saz kimi sızıldadı:
-Əli, sən dədəvün goru, gəl gedək xarabamıza. Vallahi bu öləcək, babalı qalacaq boynumuzda.
-Qorxma, ölməz. Bir bekara üşənib. İkiniz də çoxdanın ağciyərisiz. Döz bir az, döz. İnşAllah, bu saat vay-Şivən aləmi bürüyər.
Əli kişi bu sözləri dedikcə xoşallanırdı, canı rahatlanırdı. Elə bil qan alırdın ondan, damarları genəlirdi, köpdən düşürdü. Sonra da bu rahatlıq əsəbi bir çılğınlığa çevrilirdi və yenə də ötənləri xəlbirlədikcə üzünə daş soyuqluğu gəlirdi.
-İtin-Pişiyin olum, dadaş, qovma məni qapıdan…
Dünyada Əli kişiyçün gülsənəmin qayıtmasından dəhşətli şey yoxudu. Gülsənəm qayıtmamışdı, ruhu uçub gəlmişdi, quru nəfəsi, qov kimi xəyalı qayıtmışdı. Gülsənəm Damədin evində ikicə gün qalmışdı. Kimisi deyirdi ki, əşşi, neynir e, çox saxlasın, özününkülərin dərd-Səri bəsdi elə… kimisi də deyirdi ki, Daməd yox, fələk də saxlayammazdı onu o evdə. O iki günü də qapını qıfıllayıb saxlayıb, özü də yaxın düşəmməyib, barmağıynan da toxunmayıb.-Əli kişi get-Gedə oturduğu qara torpaq kimi soyuduğunu hiss eləyirdi. -O vaxt Əli qəddarlıq eləmişdi. Özü istəməsə də, eləmişdi. Gülsənəmi qapıdan qovmuşdu, haraylarına, yalvarışlarına daş soyuqluğuyla, məzar sükutuyla cavab vermişdi. Gülsənəmin yaxacırması, yalvarışları, həyəcanları indiki vaxtda Əli kişini şəksiz yumşaldardı. Amma o vaxt yumşalmamışdı. O vaxtkı Əli hara, indiki hara. O vaxt o yalvarışlar Əlinin əlində tutduğu qoşalülənin soyuq qundağına dəyib ovulurdu.
- İtin-Pişiyin olum, dadaş, qovma məni qapıdan…
Elə bil bu sözlər Əli kişiyə indi deyilirdi. Və söz kimi deyilmir, ölüm kimi, son nəfəsin işartısı kimi deyilirdi… sonra da kəndin ortasında bir metr yetmiş santimetrlik yanar şam. Gülsənəm o yalvarışlarıyla sanki əcəldən qaçmaq istəyirmiş. Lakin Əli daş soyuqluğuyla onu inadla bir şüşə nöyütlə, bir kibrit qutusuna sarı itələmişdi. Həmin gün dünya gözəli gülsənəmdən kəndin ortasında canlı bir tonqal qalandı və o gün camaat inana bilmədi ki, insanla odun bu qədər doğmalığı ola bilərmiş, insan canı alova bu qədər həris ola bilərmiş… xəbər Əlini sarsıtdı, bərk sarsıtdı. Amma nə xeyri… Əli kişi soymuş ocaq yeri kimi bir şey olmuşdu. Əli həmin gündən əlitüfəngli kəndin qırağındakı balaca meşəyə çəkilib fürsət axtardı. Damədə də elə bu lazımdı. Rayona xəbər göndərdi ki, qardaşı arvadını nöyüt töküb yandırıb, özü də qaçaqlıq edir. Günlərin bir günü Əlini yatdığı yerdə yaxalayıb apardılar. Bir də on beş ildən sonra qayıtdı.
Əli kişi fikir-Xəyaldan bezibmiş kimi kal-Kal gah Qasıma, gah da Hüseynə baxdı. Hüseyn zarıyır, qırıq-Qırıq sayıqlayır, arabir də dərindən hıçqırırdı. Qara at deyirdi, dizbat deyirdi, uzun kölgə deyirdi. Qasım xəyallanmışdı. Üzündə bir qətrə qan qalmamışdı. Sanki Əli bütün dünyadan üzülmüşdü.
… Əli gedəndən sonra Daməd Qasımı çağırıb mehribanlıq göstərdi, köhnə ədavəti unutmağı məsləhət gördü. -Mənim davam onnandı,-Əlini deyirdi, onu da haqqına çatdırdım. Dedi, ürəyim də sənə qurbandı. Səni həmişə kişi görmüşəm. Kişi kişiyə gərək, canını versin, "uf" deməsin. Və canını yox, anbarın açarını verdi. İnsan unutqan olur. Qasım da unutdu. Bir tikə çörəyə susadı. Günlərin bir günü bu açarların soyuğu üzünə vuranda isə gec idi. Qasım da belə getdi. Bir pud taxılın badına. Növbə Hüseynə çatdı. Axı o da bu dəstədəndi. Əlinin, Qasımın dostuydu. Və bu səbəbdən günlərin bir günü Hüseyn də əsgərlikdən yayınan "vətən xaini" kimi "dizbata" göndərildi.
… Burnuna dolan xoş iyin şeytan təması başına vurdu. Ağzı sulandı və tez də tüpürdü. Elə bil dilinə duz basdın.
-Sizi görüm mərgümüş yiyəsiz, siçan kimi partdım-Partdım olasız. Ədə, Qasım, bu köpəyuşağı hələ indi başdeyiblər dombulakababa. Görüm burnuzun deşiyindən gəlsin, harınnıq budu də…
Qasım kolluğun seyrəkliyindən bir xeyli işıqlı həyəti seyr etdi. Əli kişi deyinməyindəydi:
-Kül başuva, ay dünya, bu da məsködən gələn. Ədə, bu da qarnın otarmağa gəlib e…
-Görünür dəyyusun halı yaxşıdı də…-Qasım laqeyd-Laqeyd mızıldandı.
-Kəs səsini, Qasım, kəs, yava-Yava danışma. O köpəyoğlu bu gecədən çıxsa ha, demək, ədalət deyilən şey yoxdur. Ölməsə, mən o kişiynən varam.-Əli kişi qəzəbindən boğula-Boğula Əlini başından yuxarı uzatdı və xırıltılı sinəsinə bir-İki yumruq çırpdı. -Dinmə Qasım, bu da Allahdandı, - dedi. Bu da Allahdandı ki, doxdur köpəyoğlu şulumun biridi. Tıxacaq avar-Əncərdən, gödəninə olduracaq araqdan-Çaxırdan, bu gecə vaxtı başı dönəcək qıcqırmış xamır tabağına. Onnan sonra qoy min Daməd orda gəbərsin it kimi, nə vecinədi?… yoox, Qasım, uşaq olma, Allah baş üstədi. Bizim ah-Naləmizi yığıb-Yığışdıra bilməz.-Əli kişi susdu, öləzimiş şam kimi, titrəyib söndü.
İşıqlı həyətdəki qonaqlıq uzun sürdü. Bu müddətdə qocalar gedib o dünyanı görüb gəldilər. Səhərə yaxın işıqlı həyətin işıqları tamam söndü, əl-Ayaq yığışdı. Yığışan qonum-Qonşu, qohum-Əqrabanın da daş yoldan sonuncu ayaq taqqıltıları kəsildi. Qəfil çökən ölü sükutun içində Əliylə Qasım xoflu-Xoflu baxışdılar. Ümid adlı şeydən məhrum olan bu baxışlar soyuq və mənasız idi. Əli kişi uşaq kimi qızışdı və ikiəlli hikkəylə başına döyüb gər səslə qışqırmağa başladı. Harda olduğunu da unutmuşdu. Daha göy üzü də bəyazlanırdı.
-Səni görüm qələmin sınsın, belə də qələm çalmaq olar? belə də böyüklük, belə də adillik olar?…hanı sənin ədlin? hanı?-Əli kişi qulun kimi kişnəyir, ovunmaq bilmirdi.
-Əli, Əli bəsdi, ədə, ağıllı ol, bəsdi. Camaat bu saat sənin səsinə yığışacaq. Bəsdi, bizi biyabır,biismət eləmə.-Qasım onu qolları arasına sıxıb köpünü almaq istəyirdi.
-Qoy yığışsın, qoy gəlsin. Qoy bütün kənd bilsin. Onun eləyə bilmədiyini bu saat mən eləyəcəyəm. Burax məni, burax deyirəm,-Bərk-Bərk dartındı.-burax deyirəm, Qasım, canunçün sənnən də yava danışıram, burax. Bu saat qoşalüləni götürüb hamısını qıracam. Qırmasam kişi döyüləm. Nəsillərin kəsəcəm yer üzünnən. O doxduru da qatacam bu köpəyuşağına. Bir candı, qurban verəcəm. Onsuz da qazanca yaşayıram. Burax…
-Əli, bəsdi, Əli, ağıllı ol, uşaqsan, nəsən?…
Bu heyndə Hüseyn kişi hövlnak qalxıb özünü ora-Bura təpdi:
-Ədə, qaçın, ay övü yıxılmamışdar, qaçın. Deyirəm gəlir, sözümü qəribçiliyə salırsız. Budeee… axır ki, gəlib çatdı, vayyy…qoymayın. Əli, Qasım, qoymayın, apardı məni, qoymayın…
Əli kişi Hüseynin halını görüb duruxdu. Bir an Qasımla key-Key baxışdılar. Sonra ikisi də kolluğun qalınlığına girən Hüseynə tərəf sıçradılar. Hərəsi bir qolundan yapışıb işığa tərəf çəkdilər. Hüseynin üzündə qan deyilən şey qalmamışdı. Ağappaq idi. Ayaq üstdə uçunurdu, bircə quru nəfəsi gedib-Gəlirdi. Əliynən Qasım yenə xofnan baxışdılar. Qasım ağlamsındı:
-Axırına çıxdıq bu bədbəxtin, Əli.
-Bədniyabatdıq eləmə, tut qolundan dart bəri, havaya, görünür nəfəsi təngişib,-Deyə Əli kişi Hüseynin qolundan bir az da qayım yapışdı. Qasım da o biri qolundan tutub yenə də zarıdı:
-Yooox, yoox, nəfəs təngişmək belə olmaz, dirigözlü uçunur bu…canı qalmayıb eee, a kişinin oğlu, quruca nəfəsdi. Qasımın dişlərinin şaqqıltısı Əlinin qulaqlarını dəlib ürəyini eşdi.
-Ay yurdu itənin oğlu, sən neyçün titrəyirsən?…sənə nooldu bir saatda? gəl-Gəl, yavaş-Yavaş…bircə bu gilbitdikdən çıxsaydıq…gəl, görək başımıza nə gəlir…Əli kişi Hüseynin qolundan bərk-Bərk yapışıb sabahın işıqlaşan ümid dolu azadlığına yeridi.
-Hara gedirsən, ay kal oğlu kal, görmürsən dərya var orda, sudu? nətəhər keçəcəyik o sudan? görmürsən ulumdu? bu yana yeri, bu yana, sola sola, körpüyə sarı. Qasımın səsi Əlini diksindirdi və ürəyini xışmalayıb əzdi. Əlləri sustaldı və bir xeyli dayanıb gah əsməcə tutmuş hüseylə Qasıma, gah da süd kimi süzülən aydın səmaya, duru səhərə boylandı.
Qasımın nişan verdiyi sol tərəfdə divar vardı. Nəinki açıq körpü, quru kol-Kos da, bekara bir işıqgələn baca da yoxudu ki, pənah aparaydın. Eləcə quru lay divar idi. Demək, bütün olub-Ötənlərin xofu, qızdırması Qasımın da canını didməyə başlamışdı. Bu heyndə bir topa yumşaq şey şappıltıyla Əli kişinin üstünə düşdü. Əli kişinin canından soyuq bir gizilti keçdi, barmaqlarının ucunadək bütün əzaları gərildi.
Şappıltıyla Qasımnan Hüseyn qaçıb küncə təpildilər. Lap qulaqlarının dibində it zingildədi, boğuq və kəsik-Kəsik mırıltı eşidildi. Və hannan-Hana Əli kişi başa düşdü ki, gecə boyu bir-Birini üzüb-Yorub əldən salmış itlər bu kol-Kahaya daldalanmağa yığışır. İtlər sığınacaqlarında yad nəfəs duyduqda mırıldaşıb bir-Birinin üstünə düşmüşdülər. Bir sürü it balaca bir komada bir boğanaq qaldırmışdı ki, gəl görəsən. Elə bil yad nəfəsçün bir-Birlərini günahkar sayırdılar. Əli kişi əl havasına ağac axtardı, yarmaça, selbə gəzdi. Qəfil üstünə düşən o yumşaq şeyin canına saldığı gizilti heç kəsənə oxşamırdı. Qorxu çoxdan göyərirdi canında. Amma üstünə düşən o yumşaq şey bunu lap şiddətləndirmişdi. Əli kişi əllərini ora-Bura çox sürtdü, bir şey tapammadı. Axır ki, ovcunda yekə bir daş hiss etdi. Seçib-Sonalayıb qancığı nişanladı. Yoox, deyəsən hələ ağlı yerindəydi, gözləri də yaxşı seçirdi, deyəsən əsməsi də xeyli sovuşmuşdu. Bilirdi ki, bu köpək sürüsü qancığın havasına yığışıb. Onları burdan didərgin salsa, yenə bu qancıq salacaq. Daş yaxşı tutdu. Qancıq yay kimi dartınıb qoparağlandı və ulaya-Ulaya kəndin yuxarı başına götürüldü. Əli kişi tələm-Tələsik Hüseynlə Qasımı qaldırdı. Qollarına girib dişarı çıxartdı. Sübhün təmiz havası təzə nehrə yağı kimi dadlı və təravətliydi. Amma qocaların canında başqa hava çalınırdı.
Bu uğursuz gecənin səhərə qovuşan o nigaran çağında kənd yolunun cınqıllı-Daşlı üzü yeknəsəq-Yeknəsəq caqqıldayırdı. İnamsız və naqolay addım səsləri gahdan qəfil kəsilir, at büdrəməsini andıran tükürpədici xırçıltılar eşidilirdi. Havadan tüstü iyi gəlirdi. Uzaq üfüqdə elə bil tonqal çatmışdılar. Buludlar yenə də xal-Xal laxtalanmışdı. Göy yenə də ağrı çəkir və elə bil səhərdən əlləşib-Vuruşub günəşi doğa bilmirdi. Bu ağrı bayaqdan bəri kəndin daş yolunda bir-Birinə sarmaşıb büdrəyə-Büdrəyə üzüqaranlığa yön alan üç qaraltının üz-Gözündə, yerişində-Duruşunda, canında daha çox hiss olunurdu.
… Hüseyn kişi evə çatan kimi canını tapşırdı. Dili tutulmuşdu. Heç nə deyəmmədi, vəsiyyət eləyəmmədi. Elə hey qırıq-Qırıq "uzun kölgə"… "uzun kölgə"… deyib gözlərini həmişəlik yumdu.
Cənazə günortaya yaxın qaldırıldı. Bütün qohum-Qardaş, tanış-Biliş yığışmışdı. İki nəfərdən savayı. Bu dəstədə tabuta çiyin verməyə ən çox haqqı olan iki nəfər yoxudu. Qasımla Əli evdə yorğan-Döşəkdə qara-Qızdırma içində yatır, özünü-Sözünü bilmədən sayıqlayırdılar…

Loğman Rəşidzadə