Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

budağından qopan,
küləklə sovrulan,
bir yarpaq kimi
düşdün könlümə.
səssizcə durdun…

sonra
yenə küləklə sovruldun.

*

Dostlarımı
siyasət bazarında itirdim,
sevgilərimi yollarda
qürurumu
sırtıq və də satqın gecələrin qaranlığında
Daha , nəyisə tapmağa heç ümidim yox.
Daha, itirməyə heç bir şeyim yox.

*

Geriyə qayıda bilsəm,
bir addım olsa belə
ancaq yox
geriyə baxmaq olar,
irəliyə isə addımlamaq.

*

Səni sevmək o qədər gözəl ki,
anlatamam ki.
göy üzündən də gözəl
yaz çölündən də gözəl

səni sevmək
anlaşılmaz yuxu kimi
gözlənilməz bahar kimi
heç ölməyən xəyal kimi
bir an kimi…
bir an kimi.

…səni sevmək
ölümün üzünə tüpürmək kimi.

səni sevmək o qədər gözəl ki…
anlatamam ki.

*

Hava kədər rəngində
tutqun boz, buludlar da qap - qara,
bu yaz səhərində.
bu havada bir ədalı gözələ
tutulmaq belə mümkün deyil

bu havada
sərxoş olmaq keçir içimdən,
unudulmaq
buludlarla ağlamamaq üçün
içimdən qəhr olmamaq üçün
unudulmaq keçir içimdən
hava, bu yazı öldürür-deyə

hava
gözlənilməyən dərd kimi
üzücü,
çatışmayan nəfəs kimi
boğucu,
bu havada bir ədalı gözəli
sevmək belə mümkün deyil.

hava ölüm rəngində.

*

Biri yoxdu, biri vardı
bir mən vardım,bir də sən
bir də…nağılımız
…və göydən üç alma düşdü.
Nağılımız bitdi.
Hərə öz yoluna getdi
mən, öz yoluma, sən, öz yoluna.

Biri varmış, biri yoxmuş
bir mən vardım, bir də sən yoxdun.

Azər Qaramanlı
Neftçala