Alatoran_header  
Jurnal > 2004/№4 > Siyasi liderlər ədəbiyyat haqqında

Sabir Rüstəmxanlı

Qısa bioqrafik məlumat
Azərbaycanın ucqar dağ rayonunun, quzeyindən Qaraçay, güneyindən Ağçay axan ucqar bir kəndində, sonralar yazdığım kimi, "Dünyanın ən balaca evi"ndə doğulmuşam. İndi də yuxularımda ancaq o evi: yazağzı sağından-solundan çağlayan sularını, düz eyvana dirənən biçənəyin quzu qırpımı otlağını, evin altındakı köhnə bağları, iri göyrüş ağaclarından asılan yelləncəklərimizi, çəpərlər arasıyla əli baltalı, əli dəryazlı, sanki tarixin o üzündən gəlirmişcəsinə gələn gənc, uca boylu atamı, meşə qaranlığından qorxuyla keçən yaylaq yollarını görürəm. Sonrakı illərin bütün rənglərindən daha parlaq bir şəkildə yaddaşımda qalan bunlardır. Yeddiillik məktəbi kəndimizdə bitirəndən sonra dörd il də Yardımlı qəsəbə internat məktəbində oxudum. Bu dağ qəsəbəsinin həyatı 60-cı illərin müvəqqəti intibah havasıyla çağlayırdı. Əsl ziyalı, alim mühiti vardı. Bu barədə "Xətai yurdu" kitabımda yazmışam. Sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə girdim. 4-cü kursda oxuyarkən "Ədəbiyyat və İncəsənət" qəzetində kiçik ədəbi işçi vəzivəsinə qəbul edildim və beləliklə, peşəkar ədəbi həyatım başlandı. Amma ilk şerimi çox-çox əvvəllər, 11 yaşımda yazmışdım. İlk şer kitabım 1970-ci ildə işıq üzü gördü. Uşaqlıq və gənclik illərim çox ağır və ağlasığmaz sıxıntılar içində keçib. Amma indi onların hamısı gözümdə başdan-başa bir xoşbəxtlik xatirəsidir; Ömrümün ən ağır sınaqlarından keçdiyim illərdi. Bəlkə buna görə də sonralar həyatın sərt imtahanlarından heç biri məni qorxutmadı.



1. Sizcə Azərbaycan dövlətinin mədəni siyasəti necə olmalıdır, dövlət olaraq hansı xətalarımız var bu sahədə, yanlış mədəni siyasətin nəticələri necə ola bilər?

- Bu sual mənə ədəbiyyat sözü ilə siyasət sözünün, belə demək mümkünsə, tale oxşarlığını xatırladır. İlkin dövrlərdə insanı mənəvi, fiziki cəhətdən gözəlləşdirən, kamillik zirvəsinə aparan və bu keyfiyyətləri cəmiyyətə aşılayan bütün vasitələr ədəb sayılırdı. Sözü, şeri, tarixi bilmək əsas şərt olsa da, gözəl yazı və gözəl danışıq, məntiq, at minmək, ox atmaq, qılınc çalmaq, şahmat oynamaq, idmanla məşğul olmaq da ədəbin şərtlərindəndi. Buna görə də sonralar belə çeşidli sahələri əhatə edən bədii ədəbiyyat, siyasi ədəbiyyat, elmi ədəbiyyat, sorğu ədəbiyyatı, riyazi ədəbiyyat və s. istilahlar yaranmışdı.
Ədəbi siyasət, mədəni siyasət, torpaq siyasəti, gənclər siyasəti və s. anlayışlar da bu cür yaranıb.
Siyasət - ərəb dilində hiylə anlamı daşıyır. Avropanın «politika»sı «polis» – yəni «şəhər» sözündəndir, şəhərin idarə edilməsi kökündən gəlir. Görünür, Şərqdə idarəetmənin ən başlıca keyfiyyəti hiylə olubmuş…
Bu baxımdan mədəniyyət, ədəbiyyat sözlərini heç vaxt siyasət sözüylə yanaşı qoymaq istəməzdim. Ancaq istədim-istəmədim, bu istilahlar yaranıb.
Niyə belə deyirik? Ümumiyyətlə, dövlətin mədəni siyasəti nə deməkdir?
Siyasətin – əsas obyekti dövlətdir; bir fəaliyyət sahəsi kimi siyasət dövlət qurmaq, hakimiyyəti ələ almaq, çaxlamaq, genişləndirmək, ondan istifadə etmək niyyəti daşıyır.
Dövlətin mədəniyyət və ya ədəbiyyat siyasəti deyiləndə, ilk növbədə müstəqil ədəbiyyat və ya mədəniyyət deyil – daha çox dövlət qulluğunda olan, dövlətə bağlı və ya dövlətin qorunması, varlığı və ya inkişafı baxımından gərəkən mədəniyyəti və ədəbiyyatı düşünülür.
Dövlətin mədəniyyət siyasəti – ümumi mədəniyyətdən bu dövlətin başında dayanan adamların idarəetmə və ya hakimiyyəti qoruyub saxlama işinə lazım olanını seçib ayırmaq və ondan dövlət və ya dövlət başında dayananların mənafeyi üçün istifadə etmək deməkdir. Bu işin ümumxalq dəyərlərini – milli mədəniyyəti nə dərəcədə əhatə eləməsi – dövlətin nə dərəcədə xalq dövləti və ya Milli dövlət olmasından asılıdır. Buna görə ötən əsrin 20-30-cu illərində proletariat diktaturası öz proletar mədəniyyətini yaratmağa çalışırdı.
Bu baxımdan indiki hakimiyyətin mədəni siyasəti – hakimiyyətin öz mahiyyətini açan, bu sahədəki həqiqəti üzə çıxaran bir siyasətdir.
Xalq – mədəni siyasətdən razı deyilsə, mədəniyyət ocaqlarının, təhsilin, elmin vəziyyəti bütün cəmiyyəti incidən bir vəziyyətdədirsə – deməli bu hakimiyyət xalqın hakimiyyəti deyil.
İnformasiya sistemlərindən, təhsil müəssisələrindən başlamış Milli məclisə qədər – həyatımızın az qala bütün sahələrində Milli maraqlar qorunmursa və ya milli problemlərimizə diqqət azdırsa – deməli hakimiyyət milli hakimiyyət deyil.
Məntiqin gəldiyi nəticə budur.
Həyatın obrazını yaratmaq, təhlil etmək, müqayisə aparmaq, nəticə çıxartmaq, göstərmək, təsir və təlqin etmək, ümumiləşdirmək qabiliyyəti ilə ədəbiyyat – ideologiyaya bütün başqa sənət sahələrindən daha yaxındır. Lakin mən ədəbiyyatın dövlət ideologiyası alətinə çevrilməsini düzgün yol saymıram, bu, nəticə etibarilə, həmişə ədəbiyyatı adiləşdirir, onu sonsuz ruh aləminin ifadəçisindən, tarixin və zamanın hakimliyindən ayırıb siyasət və hakimiyyət alətinə, əl quzusuna çevirir. Ədəbiyyat öz daxili qanunları ilə, cəmiyyət atmosferində yaşanmalıdır. Xüsusən dövlət xalqdan və milli maraqlardan uzaq olanda ədəbiyyatın dövlət ideologiyasına bağlanması onu öz əbədi yolundan çıxarıb azdırır. Tarixdə bunun örnəkləri çoxdur.
Ədəbiyyat rəsmi dövlət ideologiyasından kənarda yaşaya bilər, ancaq idealsız yaşaya bilməz.
Dediyim kimi, dövlətin mədəni siyasəti daha çox öz maraqlarına xidmət edir.
Bu siyasətin ən böyük bəlası öz prioritetlərini, ən üstün və vacib işlərini müəyyənləşdirə bilməməsidir. Bu baxımdan biz irəli getməkdənsə geri gedirik. Məsələn televiziyalarımızda, konsert salonlarında Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Səid Rüstəmovun müsiqisindən çox, bəstəkarlıqdan xəbəri olmayan, ara qoşquçularının bayağı mahnıları, zövqsüz, əttökən meyxanalar səslənir və təbliğ olunur.
Mahnı sözlərinin çoxu bədii söz adına parodiyadır.
Kitablar, elmi əsərlər pula yazdırılır.
Ölkə başçısı səviyyəsində mədhiyyəni başa düşmək olar, çünki bunun müəyyən ənənələri var; ancaq indi mədhiyyəçilik nazirlər, idarə müdirləri, icra başçıları, xeyriyyəçilər, işverənlər səviyyəsinə enib.
Boyaxana küpündən çıxmış müğənniləri görəndə adam televizoru söndürməkdən başqa çarə tapmır.
Ədəbiyyatın və mədəniyyətin təbliğində də yerlilik, hakimiyyətə yaxınlıq prinsipləri önə keçib.
Uşaq bağçasından başlamış akademik seçkilərinə qədər – hər şey rüşvət çirkabı, ibtidai yerlibazlıq şüursuzluğunun təsiri altındadır.
Kim hansı sahəyə başçılıq edirsə o sahəni dədə malı kimi mənimsəyib.
Balıqçını gətirib teatr direktoru və ya ideoloji sahədə bir vəzifə başına qoysan sabah dramaturq olacaq. Burda Cavidlə Cabbarlının goru çatlamasın neyləsin?
Xaricdə yaşayan soydaşlarımızın arasından yetişmiş mədəniyyət işçilərini qapı dalında qoyurlar, Bakıda çıxışlarına yer tapılmır, amma yenə də Moskvadan kim gəlir-gəlsin ən böyük salonlarımız üzünə açıqdır.
Mədəniyyətimizin sifəti itib. Belə görünür ki, aparılan siyasət xalqı öz mədəniyyətindən çiyrəndirmək siyasətidir. Özündən, öz mədəniyyətsiz mədəniyyətindən bezikmiş millətin – başqasının təsiri altına düşməsi daha asandır.
Biz özümüzü itirmək, mənəvi aşınma qorxusu altındayıq.
Kürəsəlləşmə sürəci mədəniyyət üçün də böyük sorunlar yaradır. Dünyanın əxlaqlı-əxlaqsız səsi, sözü, musiqisi, filmi – sel kimi üstümüzə gəlir. Biz bundan qorunmaq üçün hasar çəkə və ya İçəri Şəhərə qapana bilmərik. Onsunz da İçəri Şəhər də xaç nişanlı bayraqların kölgəsi altındadır.
Qorunmağın tək bircə yolu var: Daha üstün sənət yaratmaq!..
Nəhayət, mədəni siyasətin bir xarakterik cəhətini də deyim: dağıdıcılıq. Təəssüf ki, hər gün bizi keçmişimizə bağlayan iplərin hansı birisə qırılıb gedir. Xalqın gücü çatmır. Məsələn, İçəri Şəhərin işğalının qarşısını almağa, Şeyx Cüneyid türbəsini bərpa etdirməyə, Biləsuvarda Allah bilir, hansı minilliyin yadigarı olan kəhrizin üzə çıxarılmasına, abidələrimizi dağıdanların qolunu qırmağa… Gizli bir əl milli mədəniyyətimizlə, tariximizlə bağlı dəyərlərimizi gecə-gündüz dağıdır. Hətta qoç, at heykəlləri, təbiət abidələri də dağıdılır ki, Azərbaycandan bizim izlərimizi itirib kökü bəlli olmayan vəhşi qəbilələrin izlərini həkk eləsindər. Dövlətin siyasəti uzaq hədəflərə tuşlanmalıdır. Təəssüf ki, bizdə bu siyasətin yerini hakimiyyətin məhdud maraqları tutub.
Dediyim bəlaların aradan qaldırılması tək bir Mədəniyyət Nazirliyinin işi deyil. Şəxsən, mən Mədəniyyət Nazirinin işindən razıyam. Öz məhdud imkanları daxilində xeyli iş görüb və görür.
Öz mədəniyyətini qoruyub inkişaf etdirmək hər bir vətəndaşın işidir.
Kəndlərdə hərə əlinə bir motorlu mişar alıb meşələrin canına düşürsə, bunun qarşısını tək bir nazirlik ala bilməz.
Yardımlıda, Lerikdə goreşən dəstələri peyda olub. İrandan gələn və ya yerli goreşənlər bu gün Oğlanqalanın qədim hörgülərini uçurur, sabah Sarıbulağın nadir daş heykəllərini partladıb altını qazır. Qızılaxtaranlar mədəniyyətimizin və təbiətimizin qızıl səhifələrini məhv edir. Bu vəhşiliyə kim «dur» deməlidir? O yerlərdə yaşayan vətəndaşlarımız bunu görmürlərmi? Bəlkə gözləri tutulub, bəlkə ürəkləri donub?

2. Siz siyasi iqtidara gələcəyiniz təqdirdə mədəniyyət sahəsində ilk olaraq hansı islahatları həyata keçirməyi düşünürsünüz?

- Məni narahat edən məsələlərin bir qismini sadalamaqla mən bu suala da cavab verdim. Kitablarım və parlament fəaliyyətim də bu sualın cavabıdır.
Məncə, ruh işğalçısı olan bir imperiyadan qopan ölkənin gələcək yolu milliyyətçi təfəkkürdən keçir. Müstəqil dövlətdə bütün mədəniyyət, informasiya və təhsil siyasəti milli xarakterin, milli bilinc və təfəkkürün, milli elm və texnologiyanın inkişafına yönəldilməlidir. Təəssüf ki, sovet məktəbi bu baxımdan indiki məktəblərimizdən daha bəhrəliydi. Bir daha deyirəm, ilk növbədə mədəniyyətimizin prioritetini, üstün sahələrini müəyyənləşdirərdim və diqqəti o sahələrə yönəldərdim. Hansı sahədə hamıdan üstünüksə o sahəni önə çəkərdim. Məsələn, bütün keçmiş taleyi atla bağlı olan bir millətin bu gün bir dənə normal at zavodu və ya at yarışlarının qalibi olan idmançısı yoxdursa buna nə ad vermək olar? Səkkiz ildir Azərbaycan Dövlət Tarix Muzeyi təmir edilir və işin nə vaxt bitəcəyi bəlli deyil. Adama elə gəlir, hansı güclü bir əlsə bu işi qəsdən ləngidir ki, gənc dövlətə yeni-yeni ayaq açan xarici qurumlarda onun zəngin tarixi və keçmiş mədəniyyəti haqqında heç bir təsəvvür olmasın. Elə bilsinlər ki, biz də 19-cu, 20-ci yüz ilin «məhsulu» olan dövlətlərdən biriyik.
Azərbaycanda çağdaş tələblərə cavab verən yeni bir muzey kompleksi tikilməlidir. Əlyazmalar institutu da daha etibarlı şəraitdə qorunmalıdır.
Dünya muzeyləri Azərbaycan mədəniyyət inciləri ilə doludur. Onların ölkəyə qaytarılması barədə düşünməliyik. Amma qorxuram ki, onlar gələnədək əlimizdə olanlar da talanıb qurtara. Əhalinin çox hissəsinin yaşadığı kənd yerlərini mədəni mühitimizin fəal coğrafi məkanlarından birinə çevirməliyik. İndiki halda kəndlər yalnız fasilələrlə işləyən və bayağı verlişləriylə ürək üzən televiziyaların ümidinə qalıb. Kəndlərin çoxunda camaat bir yerə toplaşmağa məscidlərdən başqa bir yer tapa bilmirlər. Yenidən orta əsrlərə qayıdırıq.
Mədəniyyət geniş anlayışdır və bütün yaşam tərzini əhatə edir. Buraya dövlətçilik mədəniyyətindən başlamış məişət mədəniyyətinə qədər, həyatımızın müxtəlif qatları daxildir. İlk növbədə dövlətçilik, idarəetmə, seçim mədəniyyəti yüksəldilməlidir ki, xalqla dövlət bir-birinə yaxınlaşsın, arasındakı münasibətlər normallaşsın. Dövlət öz xalqını sevsin və onun mədəni-mənəvi havasının saflığı qayğısına qalsın.

3. Sizcə yazıçı və ya sənət adamı siyasətlə məşğül olmalıdırmı?

- Dövlət və söz, dövlət və yazıçı münasibəti barədə onlarla yaxşı və ya pis örnək göstərmək olar. Siyasətçilər söz adamlarını nə dərəcədə qoruyub, deyə bilmərəm. Ancaq dövlətləri öz çağları üçün silahları və gücləri qoruyubsa, gələcək üçün söz, ədəbiyyat, tarix qoruyur.
Yuxarıda dediyim kimi, əsl ədəbiyyat və onun yaradıcıları ilə dövlət və siyasət arasında böyük bir məsafə var. Yazıçının vəzifəsi insan ruhunun və mənəviyyatının quruculuğu və qorunmasıdır. Bu məqamda ədəbiyyat və siyasət çox fərqlidir. Dövlət insanları qılınc, zor, qanun gücüylə özünə bağlayır, eyni qanun çatılarının altına yığır, yazıçı isə onu azadlığa, dövlətdən asılı olmamağa səsləyir. Siyasətçi adamları özününkü-özgələrinki deyə bölür. Ədəbiyyat isə adamları ayırmır. Siyasətçi sərhəd çəkir, ədəbiyyat sərhəd və məhdudiyyət tanımır, sərhədləri dağıdır. Siyasətçi məqsədinə çatmaq üçün insanları qurban verməyə hazırdır, ədəbiyyatçı isə özü qurbanlıq doğulmuşdur. Bu baxımdan ədəbiyyatla siyasəti uzlaşdırmaq çətindir. Amma hər xalqın taleyinin elə ölüm-dirim anları var ki, orada hansı sənətlə məşğul olduğun yadından çıxır. Səngərə atılmaqdan və ya milli mübarizəyə qatılmaqdan başqa yolun qalmır. Peşə marağından başqa heç bir şey düşünməyən yazıçı və ya sənət adamı siyasətlə məşğul olmasının mənası yoxdur. Amma əsl ziyalılar siyasətlə məşğul olmalıdır. Onların bu sahədəki fəaliyyətləri siyasətin ümumi mədəni səviyyəsini yüksəldir.