Alatoran_header  
Jurnal > 2004/№4 > Dədə Qorqud, Babək, Nizami...

Azərbaycanın tanınmış ziyalılarından və böyük elm xadimlərindən biri olan yazıçı Kamal Abdulla son zamanlar daha məhsuldar işləyir. Özü də həm elm sahəsinde, həm də bir yazıçı kimi. Kamal Abdulla tarixi şəxslərə daha çox müraciət edir. Görünür bu da ondan irəli gəlir ki, torpağının 20 faizi işğal olunmuş, amma ona baxmayaraq kefindən qalmayan xalqımıza bir yazıçı kimi nə isə çatdırmaq, bəlkə də ulu Mirzə Cəlil kimi xalqın hissləri ilə oynayıb onu qıcıqlandırmaq, özünün bu hadisələrdən əsəbini xalqın beyninə yeritmək və xalqı döyüşə səsləməkdir. Əslən şuşalı olan Kamal Abdullanı Qarabağ camaatı, eləcə də Azərbaycanın bütün işğaldan ürəyi partlayan camaatı təbii qəbul edə bilər.
Düzdür, qəribə adamlar ortaya çıxıb deyə bilər ki, necə ki, Amalya Pənahova 18 yaşlı bir ağdamlı müğənniyə dedi ki, mahnı oxumaqdansa niyə gedib vuruşmursan, gülməli bir söz, daha doğrusu, ağlamalı bir söz, Kamal Abdulla niyə gedib vuruşmur öz torpağında. Amma bu torpaq təkcə Kamal Abdullanın deyil, hamımızındı. Evvela, bu sözü deyən adam niyə gedib özü vuruşmur, ikincisi də, müharibədə hər kəsin özünün görəcəyi iş var. Kamal Abdulla bir yazıçı kimi, bir alim kimi, böyük bir ali təhsil ocağının rəhbəri kimi hətta lazım olduğundan artıq vuruşur. Bu təmiz başqa bir yazının söhbətidir.
Qayıdaq mövzuya. Bəli, Kamal Abdullaya nöqsan tuturlar, özü də ciddi nöqsan tuturlar, hətta sətiraltı təhqir edirler ki, Dədə Qorquda ironiya edib.
Əslində Dədə Qorqud dastanına ən böyük ironiya "Dədə Qorqud" filmidir. Bu film başdan-ayağa Dədə Qorquda parodiyadır. Film haqqında çox danışmırıq, iki nüansı diqqətinizə çatdıraq. Birincisi, "Dədə Qorqud" dastanında bir nəfər əsas düşmən obrazı var ki, o da Şöklü Məlikdir və ermənidir. Amma filmi çəkəndə "Dədə Qorqud" dastanını atdılar bir kənara, erməni düşmən obrazından türk düşmən obrazı yaratdılar və Şöklü Məliyi Qıpçaq Məlik kimi təqdim etdilər bu millətə. Bu da bir faktdır ki, bəlkə də "Dədə Qorqud" dastanını Azərbaycan xalqının 10 faizi oxuyub, amma "Dədə Qorqud" filminə 8 milyonluq Azərbaycan xalqı ən azı bir 40 dəfə baxıb. Bundan başqa "Dədə Qorqud" eposunu biz dünya xalqlarına oxuda bilməmişik, amma filmini ən azı keçmiş Sovetlər Birliyində yaşayan bütün millətlərə təqdim eləmişik.
İkinci. Bu gün Anar müəllim Kamal Abdullaya Dədə Qorquda ironiya elədiyini nöqsan tutur. Mən də istəməzdim müqəddəs şəxslərimizə ironiya edək. Amma Dədə Qorquda bir şəxsiyyət olaraq ən böyük ironiyanı yenə "Dədə Qorqud" filmində görə bilərik. Dədə Qorqud el atasıdı, peyğəmbər kimi bir şəxsdi. Onun sözü yekdir, amma filmdə baxın, Dədə Qorqud düşür atlıların ayağı altına yalvarır ki, bir-birinizi qırmayın. Amma heç kəs onu filan yerinə almır. Bu necə el atası , ağsaqqal, necə peyğəmbərdir ki, camaat onu eşitmir. Yəni Dədə Qorqudun hörmətsiz olduğu ilk dəfə "Dədə Qorqud" filmində nümayiş etdirilib. O filmdə neçə-neçə belə nöqsan tapa bilərik. Çəkiblər də filmdi.
Eləcə də rejissor Eldar Quliyev "Babək" və "Nizami" filmlərində Babəki və Nizamini vurub divara, açığını deyək, iraq olsun adları çəkilən şəxslərdən, təzək eləyib vurub divara. "Nizami" filmində karate döyüşünü ataq bir kənara, Nizaminin əlinə bir əsa verib rus boyarına oxşadaraq çöllərə salıb Eldar Quliyev. Özü də mənasız bir rus boyarına oxşadıb ey, nuru da yoxdu. Amma tarixdən hamı yaxşı bilir ki, Nizami Gəncəvi heç kəsin ayağına da getməyib, hamı onun qəbuluna gəlib. Nizami Gəncəvini dərviş kimi təqdim edib Eldar Quliyev. Elə həmin filmdə de Şeyx Nizaminin hörməti Allahın bir Milli Meclis deputatı səviyyəsində deyil. "Babək" filmində də Babək öz torpaqları uğrunda vuruşan qəhrəmandan daha çox bir arvad hesabına ortaya çıxan Yaptıməli kimi təqdim olunur.
Bu film haqqında sözümüzü bir vaxtlar dediyimizə görə özümüzü təkrar etmək istəmirik. Yəni bu film də Babəkə parodiyadan başqa bir şey deyil.
İndi Azərbaycanın müqəddəs şəxslərinə parodiya eləyən, ironiya eləyənlərin Kamal Abdullanın əsərində nöqsan axtarması o qədər də ciddi bir şey sayıla bilməz…

Aqil Abbas