Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Telefon kartları

onlar atamız
analarımız da ola bilirlər
sevgi dizdiriciləriyiz bizlər
bir zəngdən
geri qalmış döyüntü
belə dedim ha…
hər milis makinasında da
bir sayıqlama sürür yalnız
nə gətirir, nə aparır.
o zəng, o kart
gəlin donu ətəyindən geri gecikmiş yoxsa
yoxsa sevgi ət payıdır
pişiklər də açıq zənglərə yürüyəndə
sevgisiz makinalara yazıq
oh
çeçniyli bizlər.

*
fikrim ürəyimə calanıb, yazıq!
nəfəsim yaralı üzür
düz yazamayıram
məni gəzdir şamdan biləyində
qoy bərkiyim yaddaşın dalğaları titrəyişində
barmaqlarımı tapşır yelkənlərinə
cizgi dənizində əlaçı dostum
hələlik
kiçik bir dalğa da mənə dağ gəlir
çıxacağım dağlar
qələmin yaddaşında ölçülür
haradan qarışırsan
fikir makinamın döyüntülərinə..?
düz gedəmmirəm
bəlkə də buruşuq gəzirəm
qısa dalğa üçün əsəcəyim
uzadı barmaqlarımın buludunda…

*
ürəyim əlimdə deyil
yenə cümə günüdür
ütünü ayaqlarıma öyrədin doslar
dağlı hava sevirəm axı
budur bu gün donduğum mənim
şoksandalı mənə neyləsin?
hər an nəsimiləşən
qollarım ərir-ərir
ayaqlarım əllərim donunu deyir
mən çoxdanın vaqifiyəm
dondursanız gümanımı
iştə gecikən yaddaşım, beşləmələr
tələsin!
məni heç cür sandalda oturtmayın dostlar
indii bildiniz başımda nəyin istisidi?
cənublu yarımkürəsi
ürəyimin hansısa dəhlizinə qonaqdır -
burada elektrisite tapılmayıb hələ
mən ayaq axtarıram
əllərim yanır…



Bir şer

Sənə verdiyim o dəstəgülün
bağı qırıq-qırıq
sağalt bütün qaynar yaralarımı
sənə mən bütün ağladım
səni mən bütün arıtdım
sığmayır daha damlaya arzum
güllərim artıq böyüyüb
qəmin qucağında boğuldum
səadətimmi parça-parçadır?
səndə özümü eşitməyə
səndə özümü oxumağa
bəstələnirəm.
Məni gizlət əsəblərində
hardasa milyonlar məni arayırlar
əllərini qaynar qoy damarlarında səslənim
qoy ovuclarında su səpilən tut ağaclarına
çalmağa gəldiyim saatda səni
tanısaydın,
milyon əllər məndən doğulmuşdu
və açar məni tapa bilmirdi
əllərimizdə bağlanan arzunu
sən də toy-düyünə aparmırsansa
qoy nağıllarda yaşasın barı.

Nigin Nəvadi Rəzi