Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Eşqdə modern-ötəsi bir anlayış:

Dəsmal Elə Apar Məni Yanınca

Sar canımı sən çən kimi
Sonra istərsən,
Döv, yırt, üz məni,
Əkinçi bir biçən kimi.

Deş bağrımı, sök sağrımı
Aslanların ov üstünə cuman kimi
Buruqlarda çöküverən duman kimi
Təp dərimə öz özündən saman kimi.

Ov sümüyüm, tut düyünüm
Yap təndirə çörək kimi
Rəhm eyləmə
At köpəyə
Ver köləyə
Tanrı kimi, gərək kimi.

Götür məni dəsmal kimi
Atın üçün bir nal kimi
İsit məni bir şal kimi
Ağzımda dad sən bal kimi
Eşqi söylət bir lal kimi.

Yanaş mənə sərçə
Sığırçın
Laçın kimi.
Calan mənə sona qədər
Sonsuz qədər
Sona kimi
Sən kimi.

2002-sonbahar



Kəpənək

Kəpənək güllə, çimənlə,
Günəşlə, yellə, çənlə,
Əkənlə də biçənlə
Sevişir.

Sevilir həm sevinir.
Kəpənəklər ordan bura
Burdan hara!
Daldan dala
Qabağa; birdən dala ...

Sevinirlər, sevişirlər, uçuşurlar,
Bitişirlər.

Qanadları min-bir boya
Gördünmü heç bir kəpənək
Öbürsünün gözün oya?!

Aman allah, bu
Əbədiləşmiş kəpənəklər də
Necə gəlmirlər saya!

2002-yaz



Dostumun atası dünyasını dəyişmiş, mən onunla belə dərdləşdim, Xanım hey:

Mən də

Ağlamaq ağrısına mən də alışmış biriyəm,
Göz yaşımla yuyunub mən də arınmış biriyəm.
Gecənin buzlu yanağından öpüb,
Sübhə dək göydəsinə mən də sarılmış biriyəm.
Dərimi mən də soyub, dövrəmə divar eləyib,
Qorxuban öz içimə mən də qapılmış biriyəm.

Unudub özgə dilin, özlüyümə peşman ikən,
Uydurub bir yeni dil, zəhrə də mən bal demişəm.
Ömrümün körpə çağından düşünüb dərd çəkib,
Acı hicranla qovuşmuş mən ona yar demişəm.
Dirəşib qorxulu devlərlə gecə sübhə qədər,
Bunun adın yuxu, əksinsə oyaqlıq demişəm.
Yenilib yorğanın altında qara darlığıma,
Padişahlıq eləyib mən ona dünyam demişəm.
Qorxularla qadalarla qurulubmuş
bu həyatın təməli,
Incəcik titrəyən öz göydəmə mən can demişəm.
Ovxum ovxum ovulub, qara geyib,
Yasıma mən də gedib ruhuma lay-lay demişəm.


Dərdlə, həsrətlə deşilmişsə sənin bağrın əyər,
Əkiz ikən öpüşüb onlara qardaş demişəm.

2004-yaz

Rza Məliki