Alatoran_header  
Jurnal > 2004/№4 > Dialoq

Rəvayətə güvən, rəvayət edənə əsla!

- Mən kiməm?
- Rəvayətini de, deyim kimsən.
- Falçısan?
- Duayamı möhtacsan?
- Dua da yazırsanmı?
- İstəyə qalıb.
- Məni çaşdırırsan.
- Çaş-baş olan əgər daha da çaş-başlaşsa, özünü tapar.
- Deməli, böhran pis bir şey deyil.
- Doğrudur. Kələfi açıb içini görməyə çalışırsan.
- Baş… Baş…
- Başınızmı ağrıdı?
- Yox çaş-baş oldum, demək istəyirdim.
- Mən kiməm soruşduğunda, çaş-baş olmamışdınmı?
- İndi daha da çaş-başlaşıram.
- Mübarək olsun.
- Güldürməkmi istəyirsən?
- Bir eybimi var?
- Yox, amma gülüş ciddi işlərlə tutmaz.
- Əksinə, çox da yaxşı tutar.
- O zaman işin ciddiyyəti unudular.
- Sözdə o ciddi olan işlər güldürücü olsalar, o zaman nə etməmiz gərəkəcək?
- O zaman vəziyyət qarışmış olacaq.
- Daha da qarışmış olsa, nə olacaq?
- Başa düşmürəm, gerçəkdən daha da çaş-baş düşürəm.
- Bir neçə aydır, qəzetlərdə heç bir karikatura olmadığı diqqətini çəkibmi?
- Aşağı-yuxarı. Yəqin daha heç kim karikakatura çəkmir.
- Karikaturistlər işlərinin ən zirvəsində sənətlərinimi dəyişiblər?
- Bilmirəm, bəlkə də qəzetçilər sevmirlər. Bəlkə də…
- Bəlkələrin arasından birini seçə bilməzmisiniz?
- Eləyə bilmərəm. Düşünməmişəm. Qafilgir oldum.
- Seçməyi sevmirsinizmi?
- Niyə, amma bu sözlərin bizim söhbətimizə nə dəxli var?
- Siz dünyəviləşməyi bəyənirsiz, ya dünyəviləşdirməyi?
- Bu ikisinin bir-birindən fərqi varmı?
- Sizin bir başqa adınız Ben Ladən deyilmi?
- Nə demək? Ben Ladən və mən? Bu necə zarafat? Adam az qala buynuz çıxardır.
- Bağışlayın, başqa bir yoldan girməyə məcbur oldum. Amma dünyəviləşmə və dünyəviləşdirmənin fərqləri bizim bu müqayisəmizdən az deyil.
- Kaş ki heç əvvəldən soruşmasaydım.
- Yəni kaş həyatda olmasaydımmı deyirsiz?
- Haqqım yoxdurmu?
- Niyə, yaşamağa və hər an - mən indi kiməm - deməyə haqqınız var.
- Pasportumu alınca iş bitdi. Pasportum mənim kim olduğumu deyir.
- Pasport seriyasınıdamı özünüz seçdiniz? Öz adınızıdamı özünüz seçdiniz və daha başqa şeyləri soruşmuram. Ancaq bu məsələlərdə seçim haqqından nə qədər yararlandığınızı bilmək istəyirəm.
- Hər şeyi seçmək mənim ixtiyarımdadırmı?
- Yox, bunlara ehtiyac yoxdur. Onlar sizin zəhmətinizə razı deyillər. Amma siz - mən kiməm - soruşduğunuzda pasportunuz cavabınızı verirmi?
- Bəli.
- Yaxşı, indi sualınız nədir.
- Artıq şitini çıxardınız.
- Sizi daha çoxmu çaş-baş edirəm?
- Daha pis, daha pis. Artıq nə deyəcəyimi bilmirəm.
- Sizi pasport nömrənizlə, milli kodunuzla nömrələndiriblər.
- Mən maşınmıyam?
- Heç fərqi yoxdur. Bunlar onların sizi həmən tanıması üçün lazımdır. Sizin bu işə heç qarışacağınız yoxldur.
- Yəni mənim maşınla heç bir fərqim yoxdur - deyirsiz.
- Təəssüf ki, belədir. Dünyəviləşdirmək də bunun kimi bir şeydir. Qərara gəlirlər, iş görürlər və onların qərarlarını ən yaxşı şəkildə yerinə yetirməyi siz və məndən istəyirlər.
- Kimlər? Kimlər məni vəkilim və qəyyumum olublar?
- Bir kəlmədə çox sadə, kapitalist dünyası.
- Mən onlara bu qədər önəmliyəmmi?
- Hər bazar adamı, hər istehlakçı fikirləşməmək, danışmamaq və başını məsrəfə qatışdırmaq şərtilə onlar üçün önəmlidir. Bu, məsələnin ancaq bir tərəfidir. Daha irəli getsəniz, olayın pis iyini daha çox eşidəcəksiniz.
- Başqa tərəfi dahamı pisdir?
- Əksinə, əl-ayağa dolaşandı. Fikirdə istehlak, bazar və digər belə sözlər anlamsızdır. Dərinin rənginə, irqə, dinə, millətə, dilə və hər şeyə sayğı ilə yanaşır.
- Səssiz bir məntəqədir, desənə. İndi rahat bir nəfəs ala bilərəmmi?
- Bəs sualınız necə oldu?
- Qoyun nəfəs alım, düşünüm, sonra deyim. Tələsmirsiz ki?
- Tələsmək şeytan işidir. İnsanın fikirləşməsinə və seçməsinə izn verməz. Gülürsüz?
- Gülməlidi axı.
- Hansı növ?
- O gülmək ki fikir və düşüncədən gəlir. Stressi uzaqlaşdırır. Dinclik gətirir.
- Fikir və seçimin bir az gülüşə, ya da ümumi anlamda desək, bir az yumora ehtiyacı var. Düzdürmü?
- Kələfin bir tərəfi açıldı. Sualımın yersiz olmadığını anladım. İndi cavabını istəyirəm.
- Cavabınızın iki üzü var.
- Dünyəviləşmək və dünyəviləşdirmək kimimi?
- Dəqiq, elədir. Sizin sualınız ilk qruplaşdırmada iki üzü olan kimlik və mənlik məsələsidir. Təhkim olunan və seçilən. Biz bunun hər iki üzüylə qarşı-qarşıyayıq.
- Seçmək yetərli deyilmi?
- Yox. Kimliyi təhkim etmək bizdə müqavimət yaradır və seçimə anlam qazandırır.
- Mənim rəvayətim hansından olur? Təhkim olunan, yoxsa seçilən bir şey?
- Onu başqaları deyə bilərlər. Amma siz öz kimliyinizə öz vəziyyətinizi və halınızı rəvayət etməklə şəkil verirsiz. Kimliyin növü bu işi tanımaqla təyin olunur. Bax, elə burda İngiltərə yazıçısı D.H.Lorensin sözü durumu açıqlayır: rəvayətə güvən, rəvayət edənə əsla!

Qulamhüseyn Fərnud
"Adinə" həftəlik ədəbiyyat dərgisinin redaktoru