Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Qarqış Tökülür

Qarqış tökülür qara gecədən
ürəyim boğulur
könlüm boğulur.

Darıxmaq demirəm
darıxmaq deyil -
asıblar ruhumu
ölə bilmirəm…



Köçürəm

köçürəm bu şəhərdən
evimdə dar ağacı bitib
boğazımda nisgil
qəhərlənirəm
və hönkür-hönkür ağlayıram
mən sadəliyimlə uşaqlarımı əmizdirəcəm
sən hər şeyi sata bilərsən
məni, uşaqlarımı və şairi
və ya zaman bucağında
öldürə bilərsən səssiz-səmirsiz
bəlkə də bir gün Səmədi* Araza itələyib
mənə boyunbağı alacaqsan
sırğaların illərdir balışımın altında itib
deyəsən burdadı elə
qan damır qulaqlarımdan
qan damır qulaqlarımdan

indi sən məni, uşaqlarımı və şairi
daşıyırsan
deyirəm bu şəhərdə tilsim olmuşam
indi tilsimlə məni aparırsan
məni, bu şəhəri və yağışlı günləri
indi qan damır qulaqlarımdan
və zaman boyu şair ağlayıram


*Səməd Behrəngi - Milli azadlıq hərəkatı apardığına görə Arazda boğularaq öldürülmüş Azərbayjan türkü, yazıçı.

Məryəm Pənahşahi