Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Qadınlığın gir dadı

doğum sancısıyla bələşir duyğularım
sınıq var-yoxum, torba çiynimdə
udub-uduzduqlarımı
salıb çıxmağa beş barmağım var
və altıncısı: keyimiş əlim
qadınlığımın gir dadı ağzımda
sərtlik ovcumda
ətir iyi burnumda
fit səsi qulağımda
göz bəbəyimdə amma
göy qurşağının birləşmiş boyaları
günəş və yer kürəsi
ətdaş eləyirəm isti-soyuqluğumu
günəş doğur
mən yubanmışam.



Şirin şəhd

Sonunda pillə-pillə yol saldım
və dağların sürüşkən ətəklərindən
qüllələrə qaldırdım kəndimi
üstəlik ayağımdan çəkənlərin də
ağzından çaldım
məni dananların və həm danlayanların.
Və qolunu daldan bağladım
məni tabaq üstə satanların
bu şirin dadı damağımda saxlaycağam
damcı-damcı damsın ağzıma ömür boyu
axı acı-acı şirinliyə çatmışam mən
susuz yerlərin bitkisinin balıdı bu
səssizcə bitişdirdim
ətri qollarınızı boğur indi
gül çələngin boynuma salın artıq
daha al yanağımdan
bal dodağımdan
qələm qaşımdan
şux baxışımdan az deyin
barmaq-barmaq bacardıqlarımdan
kəlmə-kəlmə becərdiklərimdən
şipşirin yetişdirdiklərimdən
cığırlardan yol açdığımdan
və alnıaçıq çıxdığımdan deyin
və gül çələngini boynuma salın.

Fəranək Fərid (1962)