Alatoran_header  
Jurnal > 2004/№4 > Hekayələr

Qadınlar

Qadınlar iki qruplar. Qorunanlar və qorunmayanlar. Birinci qrupu maşınla o yan-bu yana aparırlar. Vaxtlı vaxtında gözəllik salonundan., hovuzdan, məktəbdən, iş yerindən və… götürürlər. Telefonla halını soruşurlar. Və birdən başı ağrısa, "bir az istirahət etmən gərəkmirmi?" deyən biri vardır.
İkinci qrupun qadınları yeldə, yağışda və küləkdə saatlarca avtobus növbəsində dururlar. Və dəfələrcə avtobusun gələcəyi yerə baxmayacaqlarını desələr də, boyunları istər-istəməz bir daha və bir daha o yönə çevrilir. Gecəyə qədər o yan-bu yana qaçırlar və gecə "əzizim, ağrıkəsici istəyirsənmi?" deyən biri yoxdur.
Birinci qrupun qadınlarının səsi yumşaqdır və telefonla danışırkən gerçək yaşlarını bilmək çətindir. İkinci qrupun qadınları kobud və acıdırlar. Dişləri tez çürüyür. Və hər an saç boyasının bahalığından şikayətçilər.
Qorunan qadın yerli-yersiz kilosunu ölçür. Və şişmiş qarnından narahatdır. O, idman salonlarına, saunaya gedir… Gecə yeməyi yemir və bunu böyük bir ləzzətlə hər yerdə anladır. Dostlarının arasında çeşidli arıqlama dieti üsullarını paylaşırlar və onlardan birinin bişirdiyi tortu zövqlə yeyirlər. İdman müəllimləri onlara məşqə evdə də davam etmələrini önərir. Onlar ərlərindən idman etməyincə onları cəzalandırmalarını istəyirlər.
Maqnitafona bir kasset salırlar. Dar bir paltar geyirlər və evin balkonunda ipatdı oynayırlar. Qarının içəri getməsi ancaq şanslılara üz gətirən bir möcüzədir. Şanslı qadın sirrini açıqlayır:
"Səhər yeməyindən öncə yerimək."
Onlar bir-birilə qərarlaşırlar və səhər yuxulu gözlərlə evlərinə ən yaxın parka gedirlər. Dönüşdə doyun qarına bir yemək yeyirlər. Sonra da bir-birlərinə gecələri yemək yerinə salat yeməyi önərirlər.
İkinci qrupun qadınları nə sauna tanıyırlar, nə hovuz. Yavaş-yavaş boş məmələr və asılmış qarınlarına zərərsiz bir ev pişiyi kimi alışırlar.
Saç ustası qorunan qadınları ilk baxışda tanıyır. O, əliaçıqlılıqla bağışlayır. Və gizli bir anlaşmada ondan, zamanın əsərlərini üzündən yox etməsini istəyir. Özünü acı bir ləzzətlə saç ustasının əllərinə tapşırır. Və təzə görünüşünün intizarını çəkir.
Qorunmayan qadın min bir dillə, saç ustasından onu kişisinin istədiyi şəklə salmasını istəyir. Saçlarını boyayır, amma qısaltmır. Bir az qürur və utancla, ərinin uzun saçdan xoşu gəldiyini söyləyir. Evliliklərindən bir neçə il sonra özlərinin sandıqları bir cəsarətlə saçlarını alman manikenləri kimi qısaldırlar.
Bir qadının əllərindən onun hansı qrupa aid olduğunu bilmək olar. Qorunmayan qadının əlində göy rəngli, şişmiş damarlar var və sümükləri görünür. Barmaqlarının təklikdə hərəkəti yoxdur. Əlinin hər tərəfi eyni anda beyindən əmr alır. Amma qorunan qadınların incə barmaqları var. Yumşaq və qıvraqdırlar. Və əlin hərəkətini təkmillətmək üçün sürətlə ona uyum sağlayırlar. Qorunmayan qadının əlləri itaət edərcəsinə bədəninin kənarından sallanıb və hərdən yuxarı qalxmaq istədikdə sinəsindən yuxarı qalxmır. Qorunan qadınlar ağır yerişlidirlər. Amma qorunmayan qadınlar ya çox yavaş, ya da çox sürətlə yeriyirlər. Ya belləri əyilib, ya da başları bədənlərinə uyumsuz bir yüksəklikdə yer alır. Onların yerişlərinin tamaşaçısı yoxdur. Onlar kişilərin söz atmalarından ləzzət almırlar. Və diqqətlə, mehribanlıqla, eşqlə dolu baxışların onlara baxmayacağından əminlər.
Qorunmayan qadın ya deyinir, ya bir yerə zillənir, ya da gicəllənir. Ya qarınqululuğa baxır, ya da özünü belə təngə gətirəcək qədər xəsislik edir. Qorunan qadın qonaqlıq tutur, xarici səfərlərindən danışır, orta yaşlarını keçsə də, sürətli bir rəqs də edə bilir. Dostları onu öyürlər və bu qədər cavan qaldığı üçün şaşırırlar.
Qorunmayan qadın oynamır. Dırnaqlarını uzatmaqda başarılı deyil. Dar bir köynəyi var. O, qızına baxır. Onun əyninə kəsə biləcəkmi?
Qorunan qadın kişini tanıyır. Ondan nə zaman və necə pul istəyəcəyini bilir. Bir ovçu kimi kişinin zəif yerlərinin pusqusunda yatır və ondan yararlanır. Qorunmayan qadın özünü də tanımır. Və hər zaman nədən o və kişisi heç nəyi eyni anda istəmirlər deyə, şaşırır. Qorunmayan qadın günah və vicdan əzabını doğulmamış əkizlər kimi özüylə daşıyır. O, ərindən nigarandır, o birisi isə özündən. Hər dəfə çek-ap edir. Qan analizinə gedir, sağlamdır, ancaq enerjisi azalıb. Xəstəlik və yaşlılıq onu min əjdahadan daha çox qorxudur. Amma qorunmayan qadın zamanın keçməsini bilmir. Birinci günə ikinci gün deyir, üçüncü günə dördüncü gün. Ərinin üzündəki ağ tükləri görür və sabahı düşünür.
Qorunmayan qadın ağlayır. Göz yaşları bitəcək qədər ağlayır. Qorunan qadın ağlamaq və hüznün yarı yolundan həyata qayıdır.



Məzarın dışında

Öncə ayaqlarını və altında bir neçə yırtığı olan corabını görürsən. Hələ bu zaman otağın ortasında elə-belə durmadığını anlayırsan. Ayaq iysi səni bura çəkib. Amma elə həmin anda iyi unudubsan. Divanın arxasından çıxan bir ayaq tayını görərək olduğun yerdə donub qalırsan. Masanın üstündəki bürünc güldanda, əyilən düzələn və sanki güldanın içində əriyən, dağılan heykəlini görürsən. Bütün həcmi ilə suya dalan bir üzücü kimi dərindən nəfəs alırsan. Sonra ayağa tərəf sürünürsən. Ağıllı olmalısan. Onu, qorxaq və mızı biri kimi deyil, dəcəl və yaramaz uşaq kimi tapıb gülümsəməlisən.
Divandan yapışıb əyilirsən. Dar bir məzara atılmış leşə bənzəyir. Orda dayanıb bir cəsədə baxan diri adam kimi ona baxmamalısan. Divanı bir az əyməlisən. Çox tərpətmənə gərək yoxdur. Açacağın üçbucaqda yerləşəcək qədər yer açsan, yetər.
Yavaşca yanına uzanıb özünü yuxarı çəkirsən. Başın rahatca onun sinəsinə yetişir.
Çətin işdir. İki nəfərin bu qədər dar bir yerdə uzanması olan iş deyil. Hər məzar ancaq bir nəfərə aiddir. Və ölmək də sanki özəl bir şey kimi yalnız onunkudur. Amma bəzi yerlərdə adam, məftillərin arasından keçməyə məcbur olan əsgər kimi arıq və incə ola bilər. İndi ikiniz də ordasınız. Və üzünü sənə tərəf çevirməyəcəyindən əminsən. Azacıq sonra uyuşdurulacaq biri kimi ancaq tavana baxır. Başını, bu an çox yüksək görünən sinəsi üstə qoya bilərsən. Amma yox. Onun başı sənin sinə və çiyinlərinə söykənsin deyə, bir işlər görməlisən. Bir cür sürətlə və mehribanlıqla bu işi etməlisən. Əl çəkməməlisən. O qədər ki, o, ümidsizliyin faydasız olduğunu, başını sənin sinən üstə qoyması gərəkdiyini düşünsün.
Danışmasan, hər şeyi dağıtmış olacaqsan. Adını çağırmalısan. Səsində isə bir dünya nəvaziş olmalıdır. Amma o sənin ondan bir şeylər istədiyini, ya da üzr istəyən ləhnin olduğunu sanmamalıdır. Nə çox güclü, nə də çox zəif görünməlisən. İp üstə yeriyən bənd oyunçuları kimi dəngəni qorumağa çalışmalısan. Kəlmələr yumşaq və axıcı bir şəkildə ağzından çıxıb onun könlünə qonmalıdır. Körpəsinin qulağına layla deyən bir qadın zərafəti ilə bu işi etməlisən. Əlindən gələn yuyucu tozun iyi, tozlu mebellərin iyi, oturma otağında həbs olunmuş gün işığının iyi diqqətini dağıdır. Amma sən, nə iyi düşünürsən, nə də pərdələrin arasında ilişib qalan səssizliyi. Yalnız ona baxır və danışırsan. Bunu hər bir qadın, hətta bu yekə vücudu sevməsə də, edə bilər. Amma yalnız bəzi qadınlar sonuna qədər gedərlər.
Bir əlinlə saçlarını oxşayırsan. Barmaqların onun başındakı alçaq hündürlüklərin üzərində dayanır. Tüklərin qalınlığını hiss edir. Kəpəklər toz kimi havaya sovrulur. Sınıq daş heykəl kimi heç tərpənmir. Amma görünüşünə aldanmırsan. Ruhu var və özü istəmədən sənin davranışının qarşısında çox həssas olub. Bir an qorxduğunu düşünür. Bir başqa an, onu aldatmaq üçün yaradılan bir ifritə olduğunu sanır. Vücudunun bütün ətləri bərkiyib. Özünə şübhə edib. Şübhə sənin də ürəyində cücərib. Onu elə orda, oturma otağındakı divanın arxasında görməzdən gəlmən daha yaxşı deyilmiydi?! Bəlkə də hay-küy salmaq daha çox işə yarardı. Bu nöqtədə məsələ qəlizləşir. Evinə yanğın düşən bir insan qədər tələsik iş yerindən çıxıb, xətakar bir insan kimi gizli, bu divanın dalında uzandığı üçün özünə lənət yağdırır. Heç bir kişi belə bir iş görməz deyə düşünür. Amma o, bu oyunu oynayacaq qədər axmaqdır. Divanın üstündə otura bilərdi. Ya da sənin telefon dəstəyi boynunla çiynin arasında ikən kartof doğradığın yerə, mətbəxə gələ bilərdi - deyə düşündü.
Bir siçan kimi iki uzanmış adamın tələsinə düşdüyünə əsəbləşdiyini hiss edirsən. Xəfif bağırtılarını eşidirsən Siçan indi yavaş-yavaş sənə doğru gəlib. Bunu dərin nəfəslərindən və tez-tez kiprik vurmasından, dodağının titrəməsindən və bədənlərinin hərarətindən anlayrsan.
Fikrinin nə zaman bu mərhələyə çatdığını bilməlisən. Eləcə də gündüzün bu vaxtı bu divanın arxasında nə edir sualını soruşduğu anı sezməlisən.
Elə bu an işini bilən bir əsgər kimi gülləni atmalısan. Yalnız qurşundan gülləni deyil, gülüşdən gülləni. Gülməyi bacarmalısan. Yalanı, hiyləsi olmayan bir adam kimi içdən gülməlisən. Onu da rahatlıqla güldürəcək qədər içdən. Özümüzə baxıb, yüksək səslə gülməlisiniz. Belə bir anda gülüş qaranlıq gecədə bir fışfışa parıltısı ola bilər. Və bundan sonra sənin öpüşün artıq ona verdiyin bir rüşvət, bir ürək yanması, bir yalan deyil. Ancaq bir öpücük sizi bu iki nəfərlik məzardan qurtara bilər. Sonra da o, iş yerinə qayıdar. Və bütün insanlar yolda dodaqlarında anlamsız təbəssüm olan, sinəsini təzə havayla doluymuş kimi dik tutaraq gedən pota bir kişi görərlər.

Tərcümə: Lalə Cavanşir

Fəriba Vəfi
Milliyyətcə Azərbaycan türküdür, farsca yazır