Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Hey bə ziyalılar, hey

Məni bir otaqca da dözəmmədiniz
Kölgəm
azadlığı yapdı duvarlara!
qaşlarım qartallandılar özgürlük havasında
kipriklərim durnalandılar qurtuluşa
dodaqlarımdan öyrəndiniz dalğalanmağı
gözlərimə sataşıb aydınlaşdınız
aydın oldunuz!
Dilim alovlandı gecələrinizdə
ürəyim nar kimi əlinizdə partladı!
Quzu tək yalnızlığımı tikələdiniz
Hey, quduz yoldaşlarım mənim!
Tanrının qaraltısıyam bu gecə
göyü, ulduzlar qədər iynələyirəm
boylar biçilmiş torpaq əyninə
saat qayçılayır yumru taleləri
həyat tikişə gəlməyir, hayıf!

aşağımda bir budaq
şallaq çəkir boşluğa
küçə yalnızlığımı bağışlamış polislərə
şəhər bir kefli mənzərə

bir dəhşət oyağıyam
asılmış qələm ucundan
yaratdığım sətirlər qazilərim
yaratmadığım sətirlər şahidlərim
otuz ildir bu şəhərdə
mən boyda bir cinayət üz vermiş
hamı xəbərsiz.
otuz il, otuz qətl
illər cənazəsini namaza duracaq insan
illər cənazəsi, illənmiş indidən
illərimə daraşdınız
pendirə düşən qurdlar kimi.
İllərinizi sərdiniz yellər şəritinə
tarixə qurd düşdünüz yaman
gözlərimizi oğurlayıb ziyalandınız
gözəlliklərimizə bəyləndiniz…

Hey! Bəylər, ziyalılar, hey!
o qədər aydın yaşadınız ki...
kölgənizə həsrət yaşadınız
bağırtı çağında ağızlar
bir öpüşlə
yumuldu
və yumruqlar
paraya açıldı…!

Məni bir şimşəkcə də
dözəmmədiniz
qaranlığınızda…



"Azadlıq və terror" kitabından

gecədir
yaman gecədir…

Azadlığı sümsünmə xiyabanlarda

Giley yeri yoxdur
uçurum özümdən başlandı
Batını özüm qan qusdum kağıza
atamın əkdiyi röya
deyiləm ya?!

Giley yeri yoxdur
asfalt yolların sonu
bir fıt ilə düyümlənir
alovlu şəkillər bitmədə
Baqqallar gündüzü çeynəyirlər!
Qəssablar saatları şaqqalayırlar!
Çörəkçilər həyatı kündələyirlər!

partiyaçılar, kağızlarla savaşmada
qızcığazlar, telefonlarla sevişmədə
gözlər üzüm kimi dənələnmədə
sürücüləri ovuşduran yorğunluq
süzülür hamıya, hər şeyə.
Öpüşlər dənizlərdən iraq düşən balığı yamsılamaqda
məktəblərdə, beyinlər
girdəkan kimi çalınır
xəstəxanalarda qadınlar doğmayırlar
ərik kimi çərdəklənirlər!

Giley yeri yoxdur
burası Təbriz
səninləyəm, hey!
Azadlığı sümsünmə xiyabanlarda, insan oğlu!
Azadlığı tüfəng edib əkmə bağçalarda
Azadlığı öl bir axşamüstü
Öl!
Giley yeri yoxdur…

Məhəmməd Rza Ləvai