Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Küllük

Bura küllük
adın sorsan,
milyon-milyon
könüllərin küllüyüdür
və pillənən qol-qıçların kömürlüyü
adın sorma
yollar boyu
iliklərin küllüyüdür
sənələrdir
şənələrin dişlərindən kül savrular
xırman üstü
burda hər yan kül tayası
burda hər yer kül qalağı
və burda sən
öyrənginən
öz içində sakit-sakit közərməyi
vicdan boyda kül olmağı
savrulmağı
savrulmağı



Ağ bulud

Nisgil olsun
döşlərinə
bu bağrımın ilan mələr çöllərinə
sığmadığım ağ buludlar!
nisgil olsun
güz axşamı
xəstə çağım
ürəyimdə nar suları axan zaman
gur çayların güzgüsündə
sevdalaşan dodaqlara
öpmədiyim al yanaqlar.

Nisgil olsun
döşlərinə
çatlam-çatlam
quraqlığım!
ağ buludlar
ağ buludlar.



Adres

çiynimdə cəsədim
ovcumda külüm
savrular gedirəm
al qürublara
acar bir şam idin
yaxın bir axşam
əlvan kəpənəklər söndü başımda
əsir torpağımda cansız şölələr
çiynimdə cəsədim
ovcumda külüm
savrular gedirəm üzü sonsuza
qarşımda qıvrılır
quru bir kəvir
ay…
qız ormanların yaşıl elçisi
əpridi ovcumda
gülün adresi



Boylu sükut

mənim qəribliyimi
başımdakı buluddan
bir ağ sapla asılan
yarı nisgil
yarı kül
lal siqaramdan soruş
və boylu sükutların, qırmızı nar həsrətin
ağzı dadsız gəlinin
titrək əllərində gör
və bikr əllərimin yaşıl tumar duyğusun
hulqumlu yastığımın
soyuq üzündən soruş



**

bu şəhərin acısına yudum əllərimi
və divarların çatına sıxdım gözlərimi
çayların uzun qoluna axıtdım
saralan yarpağımı

bu şəhərin acısına yudum əllərimi
və sapı qırılmış bir uçurtma tək
uçurdum özümü damarlarından
dəlisov yellərə salan
yırğalanır budaqlarda badam gülləri
mən isə gedirəm bu şəhərdən
ağzımda turş alçaların dadı…



**

mən
budaqsız bir kötük
qınama gövdəmi
payızdan
iki cüt, bir tək yarpaq qalanda
süzdün
mavi bir muncuq kimi
arxanca baxdım
yolların sonunda bitdi gözlərim…

qınama gövdəmi
yollar ayrıcında
sənə əl tərpədəndə
əllərim havada qaldı
dizlərim torpaqda…



**

tüstünü düz çəkir
əyri borular
və sərvilər
düzlüyündən baltasını yeyir
topuqlarından



**

bənövşələr didərgin
ağlar sürgün
burda qaralar taxta qapı
və qarğalar
qaralığından
qışqırar
qar
qar…

Əli Səttari