|
|
AYNA
Baxışında sözlər var,
Baxışında gözlər var.
Aynanı duru saxla!...
SARI GÜL
Utancaq,
Sədasız,
Sarı gül kimi;
Bahara yox deyə gülümsədiyin,
Hər mövsüm təzədir!
Zəhmətsiz mizrabsız ürək telini
Oxşayıb oynadan bu nəğmə nədir?
HƏMİŞƏ BAHAR
Həmişə baharsan lakin uzaqda
Sənsiz könül quşu yuva bağlasın
Hansı budaqda?
BƏNÖVŞƏ
Neçə gül var sevirəm
Ən əvvəl başdasını
Baharın müjdəçisi
İncəcik bənövşəni.
DOLUNAY
On dörd yaşında ikən
On dörd gecəlik aya bənzəttim onu,
Qoy desinlər Elçin də
Köhnə beyin imiş!...
OXŞATMA
Qatı oxçuların
Qatı yaylarından başqa bir zada
Oxşadabilmədim qara qaşlarını,
Tüfəng qarovuldan düşən axşam çağı
Qaş qaralan zaman.
SƏN GÜLSƏN
Sən gülsən şəhərin tikanlığında,
Sən gülsən
Şerimlə bülbülün olacağam mən.
Məhəbbət bağına dolacağam mən,
Sən gülsən.
Təbriz
21 Fevral-20 Mart 2003
DİLİMİZ
DİLƏYİMİZ
ƏMƏYİMİZ
Vətən eşqilə alışan
Azadlıq üçün çalışan bir qoçağın qələmiylə
Maarifin dərgahına canlı bir söz yazılmışdı,
Sanki bu söz bir arzu tək
Ürəklərin lövhəsində qazılmışdı:
Azərbaycanda dərslər
Ana dildə olsun gərək!
Bizim Zunuz almasına
Bənzər narı satan oğlan,
Daşqasının üzərində
Eyləmişdi Türkçə elan:
"Sava narı altı tümən!"
Kim öyrədib ona görən?
Deyə deyə özümə mən
Elçingilin küçəsində
Bir taksinin şüşəsində:
Ata yavaş
Ana yavaş
Ört qapını!
Gördüm daha
Od tuturam gedə gedə
Arzulara baxa baxa
Soruşuram öz özümdən:
Nə üçündür Azərlinin
Əli bağlı, dili bağlı olsun gərək?
Öz dilinə gərçək eşqi
Yad törədən tikanlıqda
Bir gül kimi solsun gərək?
Konuşaram öz özümlə:
Bir millətin dilin alsan
Elə bil ki yolun aldın.
Varın aldın, yoxun aldın!
Düşünürəm öz sözümlə:
Xalqımızın dilin danan
Diləyin də dana bilir,
Əməyin də dana bilir!...
Oktyabr 1979
Şerləri təqdim etdi:
Fəthi Gədikli
Bəhram Elçin
|
|