Alatoran_header  
Jurnal > 2004/№4 > Şerlər

Qonaq

göydənmi gəldi
yerdənmi çıxdı
bilmədik
qalın qırışlı alnında tanrı damğası
əlində
min dörd yüz ildən qalma
müqəddəs bir bıçaq.
boylu qadınların ciyərlərin xımırtlayaraq
gəzir sağ döşü sol çiynində
Alarvadını deyir
sol döşü sağ çiynində
bir qaravaş
elə nə sorarsan, arkadaş
ayaqlarda barmaq
barmaqlarda dırnaq qoymadı
tanrının min dörd yüz illik mərhəmət əli
güllə sözdən
bıçaq dildən kəsərli
və edam dirəkləri
ormandan sıx
daş bağlı
İt açıq
İştə biz böylə yaşadıq…

**

bir qadın tanıyıram
buralardan uzaqda
bir qadın tanıyıram
dünyanın buz bağlamış əllərində
buz parçası
baxammaz kül olmuş Günəşə
kömür buludların pozuq köynəyindən

bir ev tanıyıram
buralardan uzaqda bir ev tanıyıram
astanasında əkdik ürəklərimizi
və Günəşə uzanan yollarında qollarımızı
astanasında əkdik ürəklərimizi
və Günəşə uzanan yollarında qollarımızı
nə astanasında Günəş bitdi
nə yollarında işıq bitmədi

bir orman tanıyıram
buralardan uzaqda bir orman tanıyıram
vıyıl-vıyıl əsər qaranlıq döşlərində güz küləkləri
harayları sinəsində dustaq
mavi baxışları göz çanağında
bir qadın tanıyıram
buralardan uzaqda bir qadın
qara gözlərində həsrət günəşi

Hadi Qaraçay